Nicat Manafov: “Pulla səmimiyyəti satın almaq olmur” – Müsahibə

Nicat Manafov, prodüser

Nicat Manafov, prodüser

30 iyun 2022
# 15:00

Müsahibimiz NME şirkətinin direktoru, “Balta” animasiyasının layihə rəhbəri və prodüseri Nicat Manafovdur.

- Nicat, niyə animasiya sahəsində fəaliyyətə qərar verdiz? Çünki bizdə animasiya populyar sahə deyil, bazarı da yoxdur. Düzdür, kinoda da vəziyyət yaxşı deyil. Amma hər halda animasiya bədii və sənədli kinodan daha az baxılır. Sizi bu fəaliyyətə nə sövq elədi?

- Animasiya ilə məşğul olmadan öncə, biz marketinq və biznesin inkişafı sahəsində fəaliyyət göstərirdik. Mövcud bazardakı vəziyyəti bilirdik. Reklamları bayağı şəkildə seriallarda yerləşdirirdilər. Serialın ortasında birdən birə reklam başlayırdı. Manqalı çıxarıb kabab çəkirdilər, sonra hansısa kolbasanı reklam edirdilər. Düşündük ki, bu dəyişikliyi elə edək ki, bir növ Azərbaycan mədəniyyətində, ümumiyyətlə, film sektorunda fərqli nəsə olsun. İnsanlara göstərək ki, o şirkətlər əslində reklamı yox, məhsulu filmə yerləşdirmək istəyirlər. Yəni məhsulu kobud formada yerləşdirməklə süjet xəttini pozurdular, biz daha çox beynəlxalq standartlara uyğun "Product Placement" (filmlərdə, televiziya proqramlarında, kompüter oyunlarında, musiqi kliplərində gizli reklam xarakteri daşıyan məhsulun yerləşdirilməsi) etmişik. Animasiyaya gəlincə, əhatəmizdəki gənclər bu işə həvəsli idilər. Bu sahədə müəyyən həvəskar işləri də vardı. Onları dəvət elədim ki, gəlin, bir animasiya çəkək. Bunun maliyyə tərəfinin və layihənin idarə olunması məsuliyyətini üzərimə götürürəm. Həm də ona görə animasiya seçdik ki, onun imkanları genişdir. Məsələn, bir anda Marsda və ya dünyanın istənilən yerində ola bilərsən. Bunu başlanğıcda 3-4 nəfərlə, az resursla edə bilirdik. İnnovativ layihələrin idarə edilməsində 10 ildən artıq təcrübəm vardı. Başqa markaları da bu işə cəlb edib böyük kütləyə çıxardacağımdan çox əmin idim.

- “Balta”nın bir neçə bölümünə baxdım. Baxış sayı çox deyildi. Sizə ümumiyyətlə maddi cəhətdən layihə nəsə qazandırdımı?

- Hələ o görünən baxış sayının ən az 50%-i alınma, yəni reklam baxış sayıdır. “Balta” bizim hər birimizə, 50 nəfərlik komandaya böyük maddi zərər vurdu. Mənim kimi təcrübəsi olan adamın bu sektorda gördüyü işin ortalama aylıq maaşı 4-5 min manatdır. “Balta”dan isə bir manatlıq belə maaş almamışam. Bəzi komanda yoldaşlarımız isə minimal ianələr alırdılar. Amma çoxu könüllü şəkildə fədakarca işləyib. İnancımız ondan ibarət idi ki, bizə dəstək verməsələr də, öz imkanlarımızla kino sənayesində nələrisə dəyişə bilək. Düşünürəm ki, “Balta” onu edə bildi.

- Nə dəyişdi?

- “Balta”dan sonra bir çox sosial media videolarında markaların sadəcə, məhsulu 1-2 saniyədə ssenarinin içində göstərdiyinə daha çox şahid olmağa başladıq. Artıq marketinq ekosistemi bunun daha effektiv olduğuna inanmışdı.

- Hazırda layihəniz bitibmi?

- Hal-hazırda animasiya layihəmiz yoxdur, çünki maliyyəsi yuxarıdır. Eyni istəyimiz də qalmayıb ki, əvvəlki kimi fədakarca işləyək. Yəni yaxşı bir şeyi bitirmişik və istəmirik ondan daha pis bir iş edək.

- “Balta” media layihəsidir. Nə qədər peşəkar demək olar? Ümumiyyətlə, peşəkar animatorlardan dəstək alırdız?

- “Balta”nın haqqında deyə bilmərik ki, o, beynəlxalq səviyyədə peşəkar animasiya işdir. Bunu deyənin bu sahədən anlayışı yoxdur. Amma Azərbaycan reallığında bu bazar boş olduğu üçün ən peşəkar işlərdən sayılır təəssüf ki. Limitli resursların imkanı çərçivəsində iş görməyə çalışmışıq. Ordakı uşaqların çoxu bu işi “Balta”da işləyə-işləyə təcrübə qazanıb və öyrənib. Qısaca desək özünü inkişaf etdirib. Peşəkar animatorlar bizim istifadə etdiyimiz “Moho” kimi proqramları demək olar ki, artıq istifadə etmirlər. Onlar daha təkmil proqramlardan istifadə edirlər ki, onların da maaşına uyğun saat qiymətləri çox bahadır. Maliyyə resurslarımız olmadığından peşəkarları cəlb edə bilmədik. Başdan maliyyəni hesablayanda anlaşdıq ki, birinci bölüm pul olmaycaq. İkinci bölümdə sponsorlar gəlməyə başladı. 40-a yaxın sponsordan söhbət gedir. Burda həm sponsor, həm ictimaiyyət bizə dəstək olub. Azərbaycanda bu mənada, bu qədər dəstək görmüş ikinci bir layihə yoxdur.

- Bir halda ki, yüksək gəlirlilik yoxuydu, sponsorları sizə dəstək olmağa nə vadar edirdi?

- Onların çoxu mənim dostum idi. Görürdülər ki, bir şeyləri dəyişmək üçün əziyyət çəkirik. Açıq deyim ki, “Balta”dan bir manatlıq xeyirləri olmayıb. Sırf entuziazmla ediblər, səmimiyyətimizə inanıb, dəstək verirdilər.

- Bu sahədə qabiliyyətiniz və təcrübəniz varsa, kino sahəsində özünüzü sınamaq istəmirsiz prodüser kimi? Məsələn, kommersiya kinosunda.

- Bizim şirkət əslində 2019-cu ildən musiqi sənayesində fəaliyyət göstərib. 40-a yaxın sənətçi ilə işləmişik, onların musiqilərinin beynəlxalq platformalara çıxarmışıq, prodüserlik fəaliyyətimiz olub. Amma bizdəki ümumi problem odur ki, biznesin ekosistemi yoxdur. Kommersiya kinosu üçün tələb-təklif formalaşmalı, ekosistem olmalıdır. Hansısa dostumdan 50-60 min istəyə bilmərəm ki, film çəkirəm. Deyəcək ki, mənə faydası nədir? Elə insanlar var ki, gedib sponsordan 50-60 min alıblar. Əmin edirəm ki, sponsorlar bundan bir manat da qazanmayıblar. Bu industriya olmadığından özümü narahat hiss edirəm ki, sponsor heç nə qazanmayacaq. Ona görə özümü yormuram. Əgər mən görsəm ki, ekosistem formalaşıb, tələb-təklif var, rəqabət var, tamaşaçı sayı çoxalıb, kinoteatrlar çoxalıb, onda olar.

- Amma hər halda qoyduğu xərci artıqlaması ilə çıxaran prodüserlər var: Orxan Mərdan, İlkin Həsəni.

- Gəlin belə danışaq. Əgər hər 100 filmdən bir neçəsi uğurlu olub, digərləri batırsa normal biznes təfəkkürü olan adam bu işə getməz. Yaxşı əlaqələrin yoxdursa, hər 100 filmdən biri uğurlu alınırsa və o da yalnız xərcini çıxarırsa, bu işə girməyin mənası nədir? Gedib daha gəlirli işlə məşğul olaram. Dediyiniz adamlar lokomotivdir, böyük riskə gediblər. Məsələn İlkin Həsəninin son filmində böyük zərər oldu. Orxanın da zərər görən filmləri var. Amma hamı onların böyük pullar qazandığından danışır, itirdiyindən, risklərindən heç kim danışmır.

- Təbii ki var, “Qaragöz”, “İkinci pərdə” kassa yığmadı. Xarici təcrübədə belədir ki, film istehsal edəndə bazarı öyrənirlər, tamaşaçını hansı janr, mövzu maraqlandırır. Bizdə bu sahə inkişaf etməyib. Siz, misalçün, animasiya çəkəndə bazarın tələblərini nəzərə almışdızmı, araşdırma aparmışdızmı?

- Biz araşdırma apardıq, “Balta”ya başlamadan öncə. Reklam verəndə internet platformalarında görmək olar ki, insanlar nəyi izləyir və nəyə maraqları var. Animasiya izləyicilərinin sayı cəmi 18 mindir ölkəmiz üzrə. Ən riskli sahədir. Datallarla işləyirəm, bu, mənim işimdir. Bilirəm ki, sən hansı aralıqda filmə baxırsan, necə filmlərə baxırsan. Azərbaycanda daha çox serial izləyirlər, serial izləyən tamaşaçının sayı 1 milyondur. Bədii film izləyən tamaşaçı sayı isə 300 mindir, söhbət internet resurslarında izləmədən gedir.

Amma digər tərəfdən bizim rəqibimiz özəl şirkətlər yox, hansısa rəsmi qurumun tabeliyində olan şirkətlərdir. Onların kommersiya maraqları yoxdur, amma mənimlə eyni işi görür, sadəcə əziyyət çəkmədən büdcədən maliyyə alır. Onların pul qazanmaq, sponsor axtarmaq dərdi yoxdur. “Azanfilm”, “Salnamə” kimi. Burada dövlətin mədəniyyətini təbliğ edən filmlərdən söhbət getmir. Çox istedadlı rejissorlar var ki, onlara dəstək olmaq istəyirəm. Amma hansısa istedadsız rejissora niyə kommersiya layihəsi üçün rəsmi qurumdan birbaşa maliyyə dəstəyi verilir? Bu kimi sualların cavabı verilsə, kino sektoruna sponsorların, xarici maliyyə mənbələrinin cəlb olunmasında iştirak edərəm. Amma gördüyümüz odur ki, kiməsə 50-100 min verəndə, digər dostlar həvəsdən düşür.

- “Qarın qulu” layihəsi ilə tarixçəniz necə başladı?

- Bizim “Balta”da işləyən bir neçə dostumuz dedi ki, belə layihə var. Amma maliyyəsi çoxdur. Dedim, ona kim büdcə ayıracaq? Dedilər ki, ssenarini yazıb, şansımızı yoxlayaq. Ssenari yazdılar, “Azanfilm”ə göstərdilər. Ümidim yox idi ki, ona çox böyük büdcə ayırsınlar. Layihəyə ayrılacaq investisyanın heç 50% geri qaytarmaq şansları da yoxdur. Ya sən ictimaiyyət üçün mədəniyyəti təbliğ eləməlisən, ya da kommersiya maraqları ilə edirsənsə bunun pulunu qaytarmalısan. Buna tələb-təklif olaraq baxan ciddi kütlə olmayacaq. Dostlar dedilər ki, büdcə aldıq. Və ilik mərhələdə mənim prodüser olmağıma çalışırdılar. Dedilər ki, studiya dövlətin olduğu üçün orda prodüser ola bilmərəm. Mən də öz beynimdə büdcəni 100-120 min düşünürəm. Çünki 2019-cu ildə nazirliyə 190 minlik büdcəlik layihə təklif etmişdik. Rüfət Həsənova dedim ki, bizim şirkətin 60 minlik dəstək paketi var, qarşılıqsız. Prodüserliyi bərabər edək. Rüfətlə görüşdük, danışdıq, müsbət qarşıladı. Büdcəsini o vaxtadək bilmirdim. Sonra internetdə bir məqaləyə rast gəldim ki, layihənin büdcəsi 400 min və daha çoxdur. Rüfətə dedim ki, büdcə gözlədiyimdən iki dəfə çoxdur və ona ehtiyac yoxdur. “Balta” səviyyəsində işdən söhbət gedirsə, əsas işi bizim kadrlar idarə edərsə, bu büdcəyə ehtiyac yoxdu. Bunu verin bizə, daha az büdcəylə həll edək, qalanı da marketinqə xərcləyərsiz. O, dedi ki, bunun üçün tender açılmalıdır, bir çox sənəd işləri və sairə. Orda mən artıq söhbətdən qopdum.

- Əgər siz o layihəyə prodüser təyin olunsaydınız, necə olacaqdı? Onda tender tələbi ilə çıxış etməyəcəkdiniz?

- Əlbəttə, ən birinci tələbimiz müsabiqə və tender keçirilməsidir. Rüfət Həsənovla görüşən kimi ilk sualım elə bu idi ki, niyə olmayıb? Cavabladı bu sualı, amma cavabını bölüşməyim etik olmaz. Sonra kadrların cəlbi prosesi əl altından dost-tanış prinsipi ilə yox, şəffaf şəkildə publik vakansiya ilə edəcəkdim. Digər tərəfdən də layihəni büdcəsini ən az 2 dəfə azaldacaqdım, ehtiyac yoxdur o qədər pulun büdcədən çıxmasına. Maaşları da mütləq şəkildə azaldacaqdım. Düşünürəm büdcəni azaltmaq haqqında fikirlərim, kimlərisə qıcıqlandırdı və etiraz dalğasına səbəb oldu.

- Bayaq dediz ki, 2019-cu ildə nazirliyə tammetrajlı animasiya layihəsi vermişdiz.

- Bəli, Azərbaycanda ilk tammetrajlı animasiya layihəsindən söhbət gedirsə, onun adı “Qarın qulu” olmayıb. “Balta”nı yekunlaşdırıb tammetrajlı animasiya layihəsi çəkmək istəyirdik. 2019-cu ildə qərara gəldik ki, bunu rəsmi formada hazırlayaq və nazirliyə göndərək. O vaxt təəssüf ki, məktubumuza heç kim cavab vermədi. 2019-cu ildə tammetrajlı animasiya layihəsini göndərəndə 190 minlik büdcə çıxarmışdıq. Ssenarini “Dədə Qorqud”un motivləri əsasında hazırlamağı qərara almışdıq ki, ədəbi mədəni irsimizi təbliğ edək, həm də türk coğrafiyasını birləşdirən dəyərimiz olsun. Hər yaş kateqoriyası üçün nəzərdə tutulsun. 3 il sonra bu mövzuya qayıdıldı. “Balta”dan bir neçə uşaqların da çağırıldığını gördüm, bir tərəfdən sevindim, haqqında çıxan xəbərləri görəndə də çox üzüldüm. Bizim hesabladığımız büdcənin ikiqatıdır. Şikayət etdik ki, nə ehtiyac var bu büdcəyə. Əgər “Balta” səviyyəsində işdən gedirsə.

Keyfiyyətli animasiya filmi üçün 500 min, 1 milyon da yetərli deyil, ən az 3 milyon lazımdır. “Balta” səviyyəsindən gedirsə ona 190 min də yetərlidir. Əlbəttə ki, əsas işçiləri eynidirsə “Qarın Qulu” elə “Balta” səviyyəsində iş olacaq, hətta düşünürəm ondan daha da aşağı olacaq. Pul ilə heç vaxt səmimiyyəti satin almaq olmur.

- “Qarın qulu” layihəsinin ssenarisinin ideyası sizin 2019 cu ildəki ssenarinizdənmi götürülüb?

- Bizim təqdim etdiyimiz layihə formasında idi. Bənzər motivlər var, amma “Qarın Qulu”nun ssenarisini 4 nəfər müstəqil şəkildə yazıb. İçlərində hörmət etdiyim İlkin Yusif, Pərviz Məmmədov kimi peşəkarlar var.

- Yeri gəlmişkən, “Balta”nın bir bölümü necəyə başa gəlirdi?

- Biz nəzərdə tutmuşduq ki, 15 gündə 1 bölüm yayımlayaq, amma idarə edə bilmədik. Ortalama götürsək təqribi olaraq 3500-5000 manata.

- Necə düşünürsüz, Azərbaycanda animasiyanın inkişafı üçün nədən başlamaq lazımdı. Hansı inkişaf mərhələləri olmalıdır?

- Birinci təhsildən başlamaq lazımdır, qısametrajlı animasiyalar çəkilməli, xırda qrant layihələri ayrılmalıdır. Ekosistem bundan başlayır. Hər şey şərəf, dürüst və şəffaflıqdan başlayır. “Balta” animasiya sistemində böyük dəyişiklik yaratmadı. Ekosistemi aidiyyəti qurumlar təhsillə başlatmalıdır. Təhsil, tender, müsabiqə formasında. Əgər tammetrajlı layihə uğursuz olsa, ona baxılmasa, gələcək nəslin qarşısı on il də bağlanar. Birinci inkişaf mərhələsi üçün gəlirlilik gözləməməliyik. Azərbaycanda təcrübəli animatorlar var. Etiraf edirəm ki, “Balta”-nın ssenarisinin və məğzinin ədəbi yönümü olduqca aşağıdır. Bu zəifliyin qarşılığında üçün marketinq və piar olaraq çox şey qatmışıq. Hamı deyir ki, bu qədər sponsoru necə cəmləşdirə bilmisiz? Amma 400 minlik layihə mənə də verilsəydi, eyni şəkildə deyərdim ki, müsabiqə olsun, özümüz haqqımızla qazanaq. Orada işləyən 2-3 nəfər bizdən olan uşaqlara ona görə etiraz edirəm ki, vaxtilə mədəniyyət nazirliyindən, “Azanfilm”dən şikayət edirdilər ki, niyə tendersiz büdcə ayrılır. Amma indi özləri tendersiz büdcə ilə işləyirlər. Burda “Balta”nın adı hallandığı üçün mən etiraz etdim ki, “Balta”nın buna aidiyyatı yoxdur. Bizi belə şeylərə qarışdırmasınlar.

- Maraqlıdır, nədən animasiya filminə tendersiz bu qədər böyük büdcəni səxavətlə ayırdılar?

- “Balta” faktorunun vacib olduğunu düşünürəm. Tanınan, nüfuzlu layihədir və yəqin buna görə müsbət rəy alıblar ki, çəkilsin. Amma biz hər yerdə demişik və deyəcəyik, “Balta” 50 nəfərlik fədakar adam nəticəsində ərsəyə gəlib, bu layihənin “Balta” ilə əlaqəsi ola bilməz. Əgər kimsə gedib “Balta” adından istifadə edərək layihəni danışıbsa, bu, yolverilməzdir. Xatırlayıram ki, “Balta”nın qala gecəsinə Rüfət Həsənov şəxsən mənə özü yaxınlaşıb uğurlu işə görə təbrik etmişdi, xoş təriflər demişdi.

- Nazirlik layihə ilə bağlı açıqlama verdi ki, burda qeyri qanuni nəsə yoxdur və “Dövlət satınalmaları haqqında” qanuna istinad etdi ki, layihənin dövlət studiyalarına müsabiqəsiz verilməsinə qanun imkan verir.

- Ondan başlayım ki, “Salnamə”yə etiraz eləmişdim ki, bizim şirkət bunu daha uyğun qiymətə edə bilər. Orada animasiya layihəsini icra edəcək kadrlar yoxdur. Nazirliyə yazdım, dedilər ki, qanun pozuntusu yoxdur. İki aya yaxın yazışma aparmışam. Hesablama Palatasına, Maliyyə nazirliyinə, Antiinhisar dövlət qurumuna yazmışam. Cavablarını gözləyirəm. Əgər 400 minlik büdcəyə qarşılıq olaraq filmi 190 minə çəkə bildiyimi deyirəmsə, deməli, tender elan olunmalıdır. Yoxsa, dövlət studiyası olduğuna görə ona verilib və sairə, bu, bəhanədir. Tendersiz o vaxt verilə bilər ki, sənin rəqiblərin yoxdur, bizdə isə animasiya ilə məşğul olan azı 10 şirkət var. Burda birmənalı olaraq rəqabət pozulub.

Bizdə ən böyük alıcı dövlətdir. Dövlət büdcəsinin tendersiz və ya müsabiqəsiz xərclənməsi, məmurların şəxsi maraqlarına istifadəsinə imkan yaradır. Ümumi eksosistemi geriyə aparır. Əslində Mədəniyyət nazirliyi rəqabətli sistemin inkişafına dəstək verməlidir ki, ortaya yaxşı işlər qoyulsun. Amma hələ ki, film layihələrin icrasında özəl sektorumuz qurumun tabeliyində olan MMC-lərə uduzur. Nəticə də ortadadır.

# 5779 dəfə oxunub

Müəllifin son yazıları

# # #