Homoseksuallığını gizlətmək üçün faşizmi seçənlər

Homoseksuallığını gizlətmək üçün faşizmi seçənlər
30 noyabr 2013
# 08:45

Kulis.Az “Baxılası 50 film” layihəsində Bernardo Bertoluççinin “Konformist” filmini təqdim edir.

Dünya kinosunun canlı klassiki, italyan rejissoru Bernardo Bertoluççi (1941) bir qayda olaraq filmlərində tabu mövzulara toxunur, təhtəlşüuru, sosial motivləri araşdırır.

Bu gün rejissorun yaradıcılığında dönüş nöqtələrindən sayılan “Konformist” (1970) filmindən söhbət açacağıq.

Süjet: Hadisələr 1938-cil ildə cərəyan edir. Gənc aristokrat Marçello Kleriçi “normal” həyat qurmaq arzusundadır. Buna görə o, faşistlərlə əməkdaşlığa gedir, orta təbəqədən yaraşıqlı qadınla ailə qurur. Hadisələrin gedişatında bəlli olur ki, Marçellonun uşaqlıq travmaları var: anası morfindən istifadə edir, atası psixi xəstəxanada yatır, özü isə uşaqlıqda sürücü tərəfindən cinsi zorakılığa məruz qalıb.

Faşistlər Marçelloya onun müəllimi olmuş, antifaşist olduğuna görə Fransaya mühacirət edən professor Kvadrini təqib etməyi tapşırır. Marçello professorun və arvadının qətlini təşkil edir.

5 il sonra Mussolini rejimi süquta uğrayır. Marçello ailəsi ilə birlikdə kasıblıq içində yaşayır. O, diktaturanın çökməsinə baxmaq üçün küçəyə çıxır. Küçədə bədəniylə alver edən yeniyetmənin müştəri kişiylə söhbətini eşidir. Marçello bu müştərini, vaxtilə ona təcavüz edən sürücünü tanıyır. Əsəb sarsıntısı keçirən qəhrəman onu homoseksuallıqda və professorun ölümündə suçlayır.

Bertoluççi bu filmdə müharibədən sonrakı İtaliyada qadağan olunmuş mövzuya toxunub. Yəni, italyanların Mussolininin partiyasına qoşulma səbəblərini araşdırır.

Filmin çox maraqlı epizodlarından biri professorun arvadı Annanın meşədə qətl səhnəsidir. Anna ümidsizlik içində Marçellonun oturduğu maşının şüşəsini döyür, cırmaqlayır. O, isə laqeyd, donuq gözləri ilə qadına baxır.

Bertoluççi bununla da italyanların ölkədə baş verən cinayətləri laqeydliklə müşahidə edərək bilavasitə hadisələrin iştirakçısına çevrildiyini göstərir.

Ümumiyyətlə, “Konformist” -freydizmdən tutmuş Platonun “Mağara haqda mif” pritçasının motivlərinə qədər çox qatlarda işlənib. Marçello professorla görüşdə ona Platonun ideyasını şərh edən mühazirəsini xatırladır. Professor cavabında ona italyan faşistlərinin mağaranın əsirləri ilə eyni vəziyyətdə olduğunu deyir. Sonra Marçello bu pritçanı əyani göstərəndə nasist salamlaşmasına oxşar təsvir alınır.

Totalitarizmi freydist nəzər-nöqtəsindən analiz etmək rejissorun ağlına, özünün də qatıldığı 1968-ci il tələbə hərəkatından sonra gəlir. Bunun üçün o, italyan yazıçısı Alberto Moravianın eyni adlı romanına müraciət edir.

Romanın motivləri əsasında yazdığı ssenaridə o, qəhrəmanın faşist partiyasına daxil olmasının individual psixoloji səbəblərini açır. Bununla da filmi Freydin nəzəriyyəsinə uyğun işləyir: “Moraviada hər şey taleyin qisməti kimi müəyyənləşdirilir. Və bizə aydın olmur ki, Marçello niyə faşist partiyasını seçir. Kitabın sonunda Marçello arvadı ilə kəndə yola düşür. Təyyarə onların olduğu ərazini bombalayır və hadisə “ilahi cəza” kimi təqdim edilir. Bu ideya mənə yaddır. Mənə “tale” əvəzinə “şüuraltı güc” motivi daha yaxındır”.

Filmin finalında Marçello mağaranı xatırladan qaranlıq otaqda çılpaq yeniyetmə ilə yataqda görünür. O, baxışlarını qaldıraraq birbaşa kameraya baxır. Və ilk dəfə olaraq onun baxışı tamaşaçıyla toqquşur.

Beləliklə, rejissor finalı açıq saxlayır. Marçellonun baxışına hərə bir cür izah verir. Bəziləri Bertoluççini homofobiyada ittiham edirlər. Çünki o, bu filmdə faşistlərin cinayətlərini onların boğulmuş homoseksual impulslarına bağlayır. Rejissorun fikrincə, filmin sonunda qəhrəman hansı səbəbdən faşist olduğunu anlayır, o, şüurunun ən dərin qatlarındakı homoseksual istəyin köklərini gizləmək və yaddan çıxarmaq istəyirdi. Kameraya birbaşa baxışla Bertoluççi eyni zamanda seyrçinin illüziyasını dağıdır. Xatırladaq ki, bu fəndi kinoya Jan Lyuk Qodar gətirib.

Bertoluççi yaradıcılığının ilk illərində Qodarın estetikasından təsirlənsə də, “Konformist”in çəkilişi zamanı mümkün qədər ondan uzaqlaşmağa çalışıb: “Elə vaxt gəldi ki, mən Qodarı təqlid etməkdən uzaqlaşmağın qayğısına qalmalıydım.

“Konformist” mənimlə Qodar haqdadır. Marçello mənəm- faşist filmlərinin yaradıcısı və mən Qodarı öldürmək istəyirəm- inqilabçını və öz müəllimimi”.

Maraqlı faktlar

***

Çəkiliş vaxtı Marçello rolunun ifaçısı, Jan Lui Trentinyanın qızı qəfildən nəfəs tutulmasından ölür. Bertoluççi aktyorun sarsıntısından obrazın psixikasını dəqiq açması üçün istifadə edir.

***

Kvadrinin filmdəki ünvanı Qodarın keçmiş arvadı Anna Karina ilə Parisdə yaşadığı ünvandır.

Professor Qodarın personajının dili ilə danışır. “Düşünmək zamanı keçmişdə qalıb. İndi hərəkət vaxtıdır” sözləri fransız rejissorun “Kiçik əsgər” filmindən sitatdır.

***

“Konformist”in premyerası Berlin kinofestivalında olub. A.Moravia əsərini ekran versiyasını bəyənib. Qodar isə Bertoluççinin yanından sükutla keçərək ona Maonun portreti olan, individualizm və kapitalizmlə mübarizəyə çağırış edən kağız verir. Bertoluççi belə reaksiya gözləmədiyinə görə məyus olur və kağızı əzib döşəməyə tullayır. Sonradan rejissor peşmançılığını gizləmir: “Təəssüf edirəm, kaş ki, onu suvenir kimi saxlayaydım”.

***

Bu film Bertoluççiyə dünya şöhrəti gətirib.

***

Frensis Ford Koppola, Martin Skorseze, Stiven Spilberq “Konformist”in onlara təsir edən ilk müasir film adlandırıblar.

***

Filmin uğuru nəticəsində əfsanəvi aktyorlardan biri Marlon Brando “Parisdə son tanqo” filmində oynamağa razılıq verib.

***

“Xaç atası” filminin ikinci hissəsində uçuşan payız yarpaqları “Konformist”dən birbaşa sitat və filmin operatoru Vittorio Storaronun ustalığına ehtiramdır.

***

Bernardo Bertoluççi filmi 29 yaşında çəkib.

***

“Konformist”in təhkiyə strukturunun mürəkkəbliyi və novatorluğu dünya kinosuna əhəmiyyətli təsir göstərdi, bu, yeni psixoloji “Xaç atası”, “Apokalipsis bu gün” dramlarının yaranmasına yol açdı.

Filmə burdan baxa bilərsiz.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 6214 dəfə oxunub

Müəllifin son yazıları

# # #