Ermənilər tərəfdən döyüşən muzdlu rus snayperin anası: O, Bakıda kimi axtarırdı?

Ermənilər tərəfdən döyüşən muzdlu rus snayperin anası: O, Bakıda kimi axtarırdı?
31 oktyabr 2020
# 09:00

Kulis.az 1995-ci ildə lentə alınan “Ümid” bədii filminin təhlilini təqdim edir.

Hadisələr 1990-cı illərdə, Birinci Qarabağ savaşı dönəmində baş verir. Bakıya vertolyotla xeyli yaralı gətirilir. Yaralılar arasında üzü tanınmaz hala düşmüş, ağır yaralanmış naməlum əsgər də var. Onun kimliyi bilinmir. Qardaşını, oğlunu, ərini axtaran insanlar bu naməlum əsgərə ümid kimi baxırlar. Yəni onların hər biri ümid edir ki, naməlum əsgər onların doğması ola bilər...

“Ümid” 1995-ci ildə Gülbəniz Əzimzadə tərəfindən çəkilib. Filmin lentə alındığı il ölkədə həddən artıq çətin vəziyyət yaşanırdı. Bir tərəfdən itirilmiş torpaqlar və canlı itkilərimiz, digər tərəfdən iqtisadi böhran, siyasi hakimiyyətdə təmsil olunanlara inamsızlıq, mənəvi sarsıntı insanlarda indiyə və gələcəyə ümidsizlik yaratmışdı. Yəqin ona görə baş verənlərin kontekstində G. Əzimzadənin “Ümid” adlı film çəkməsi təsadüfi deyildi.

Filmdə ilk epizodlar 1990-cı il yanvar hadisələrinin sənədli xronikası ilə başlayır. Ümumiyyətlə, film boyu sənədli xronikalar əhvalata daxil edilib. Və bu kadrlar siyasi-fəlsəfi-poetik mətnlərin səsləndirilməsi ilə göstərilir.
Hadisələr bir gün ərzində hospitalda baş verir. Bu müddətdə tamaşaçı həm o dövrün xaotik vəziyyəti, həm cəmiyyətin pessimist əhval-ruhiyyəsi ilə tanış olur. Əsas motivlərindən biri müharibənin fəsadlarından birini vurğulamaqdır: insanların ölməsi, şikəst olması, itkin düşməsi.

Burda demək olar ki, hər personaj özü-özünü sorğulayır. Məmməd Səfanın qəhrəmanı müharibəyə könüllü gedən qardaşından xəbər gözləyir və o, naməlum yaralının qardaşı olduğunu güman eləyir. Həkimlə söhbətindən bəlli olur ki, o, qardaşının müharibəyə getməsini istəmirmiş. Bununla belə iç monoloqunda özünü sorğulayır ki, mövcud davranışı doğrudurmu?!

Sensasiya axtaran televiziya işçiləri üçün isə insan faciəsi əhəmiyyət daşımır. Əsas odur ki, çəkilən süjetlər yüksək reytinq yığsın. Hər halda acı gerçəklik jurnalistin (Mehriban Zəki) duyğularına toxuna bilir, xüsusən də, müharibədə gözlərini itirmiş əsgərlə (Aqil M.Quliyev) qarşılaşanda o, öz sinizmini anlayır.

Yaralı əsgərin oğlu olacağını ümid edənlərdən biri də orta yaşlı şlyapalı kişidir (Muxtar İbadov). Hələ ilk epizodda onun obrazı bivec, fürsətcil kimi təqdim olunur. Lakin rejissor hadisələrin gedişatında personajın bu cəhətlərinə bəraət qazandırır. O, vəzifədə işləmiş, karyerist biridir və oğlunu ərköyün böyüdüb, onu kənar təsirlərindən qorumaq üçün hər şeyə əl atıb. Cinayət törədən oğlunun cəbhədə vuruşması isə mənəvi təmizlənmədir. Ata oğlunun ona yazdığı, atasının həyatında oynadığı mənfi rolu anladan etiraf məktubunu digərləri üçün ucadan oxuyur ki, özü-özünü cəzalandırsın. Çünki özünün dediyi kimi o, ikili sima ilə yaşamaqdan yorulub.

Maraqlı epizodlardan biri Rusiyadan gəlmiş, oğlunu axtaran rus anadır (Qalina Quseva). Onun oğlu pul müqabilində Ermənistan tərəfindən snayper kimi vuruşub. Qarşı tərəfin cəbhə bölgəsində onu tapmayan ana ümid edir ki, oğlu bəlkə Bakıdadır.

Ssenarinin ideyası, motivləri bədii film üçün əla materialdır. Ssenarini Rövşən Almuradlı və Elman Şeydayevin "Doğma" povestinin motivləri əsasında Orxan Fikrətoğlu yazıb.

Ən əsası isə üzü yarasız hala düşmüş naməlum əsgərə insanların son ümid kimi baxması universal hekayədir. Düzdür, G.Əzimzadə özünün rejissor ssenarisi versiyasında ədəbi materialı çox dəyişib. Lakin bütün hallarda fabula, əhvalatın ideya problematikası dəyişməz qalır.

Qısası, bu vacib əhvalatın dramaturji və təsvir həllində, emosional vurğuların, mizanların və montajın işlənməsində ciddi qüsurlar var. Filmdəki texniki keyfiyyətdən də duyulur ki, (dövrün iqtisadi çətinliklərini də nəzərə alsaq) “Ümid” çətin şərtlərdə çəkilib. Maddi çatışmazlıq üzündən pavilyonda dekorasiyalar qurmaq, aktyorların kostyumlarla təmin etmək mümkün olmayıb, lent çatışmazlığı varmış. Buna görə də çəkilişlər Semaşko xəstəxanasında aparılıb, aktyorlar isə öz geyimlərində çəkilməli olublar. Amma nəzərə alaq ki, italyan neorealizmi də mümkünsüz şərtlərdə yaranmışdı...
Birinci problem ondadır ki, sənədli xronikalar əhvalatda oturuşmadığından onun ritmini qırır və qəfil daxil olunmuş kənar kadr kimi görünür. Rejissorun xronikadan istifadəni filmi dolğunlaşdırmaq məqsədilə etdiyini desə, niyyəti baş tutmayıb.

Dövrün siyasi-ictimai mənzərəsini göstərmək məqsədilə müəllif ara-sıra pafoslu danışan, vəd verən məmur obrazları yaradıb. Ölkədəki xaosun yaranmasında siyasi hakimiyyətin günahkar olduğunu göstərmək üçün birbaşa, bədii həll təklif olunmayan təsvir-dialoqlara ehtiyac yoxuydu. Onsuz da personajların ovqatında, replikalarında, hərbi hospitaldakı vəziyyətdən durum aydınlaşırdı.

Film çoxpersonajlıdır. Bu isə müəllifdən kadrdan kadra, səhnədən səhnəyə onların hadisədə düzgün, dəqiq təyinatını, hər birinin özəl hekayəsi arasında emosional və dramaturji bağın qurulmasını, şərtləndirilməsini tələb edir. Ümumən filmin sxemi doğrudur: mərkəzi fiqur naməlum əsgərdir və müxtəlif personajların hekayələri onları bu fiqur ətraflnda birləşdirir. Lakin rejissor zəruri incəlikləri gözardı edərək tələskənliyə yol verib. Misalçün, naməlum yaralıda öz doğmasını axtaran adamlar öz hekayələrini, cəbhədə vuruşan doğmalarının bioqrafiyalarını telepublisistik şərh və təsvirlərlə çatdırır. Nəticədə bu, xüsusən əhvalatın emosional fonuna daha çox təsir edir, sıradan, ifadəsiz mizanlar, statik baxış nöqtələri hekayələri sxematikləşdirir.

Oğlunu axtaran, dərddən oynayan və sonda başına hava gələn obrazı Şükufə Yusupova kimi peşəkar aktrisının ifasında təsirsiz alınır. Başqa cür desəm, o sadəcə göstərir, yaşamır.

Vacib səhnələrdən biri baş həkimlə (Əminə Yusifqızı) snayper oğlunu axtaran rus qadının epizodu da uğursuzdur. Həkimin oğlunun ön cəbhədə həkim kimi çalışdığını, vətənini qoruduğunu və rus qadının oğlu kimi muzdlu snayperlərin gülləsinə tuş gəldiyini deyir. Siyasi məna daşıyan bu konflikt epizodun dramatik, pauza və emosional yükü ağır olmalıydı. Əvəzində biz sözlərlə yüklənmiş, sanki Solovyovun tok-şousunda bir rus və azərbaycanlının polemikasına baxırıq.

Həkimlərdən biri (Məfkurə Məhərrəmova) müharibədə kişiliyini itirmiş əsgərin intihar etdiyi ağacı, cəbhədən xəbər ala bilmədiyi ərini hospitalda axtarmağa gəlmiş gənc qadına (Ulduz Kazımova) danışır. Və qadın ağaca elə laqeydliklə, etinasız baxır ki, sanki sıradan bir hadisəyə reaksiya verir.

Əhvalatda dərin faciə olsa da, bu, ekranda yaşanmır.

Film “Ümid” adlansa da, burda daha çox motivasiya və ümiddən, düşüncələri qıcıqlandıran məqamlardan çox, milli əzikliyimiz və gücsüzlüyümüzdən qaynaqlanan komplekslərimizi görürürük.
Final epizodlardan birində naməlum əsgər ölür və onda öz doğmalarını tapacaqlarına ümid bəsləyən adamların hamısı ondan imtina edir. Çünki ümidlərini itirmək istəmirlər.

Filmin quruluşçu operatorları Rafiq Quliyev, Mixail Xarçenko, bəstəkarı Aydın Əzim Kərimoğludur.

# 7827 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #