YUĞ-un direktoru: “O aktyorlar teatrdan getməyiblər”MÜSAHİBƏ

<span style="color:red;">YUĞ-un direktoru:  <b>“O aktyorlar teatrdan getməyiblər”</b> – <span style="color:red;">MÜSAHİBƏ
22 dekabr 2017
# 15:00

Kulıs.azın müsahibi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktoru və YUĞ Teatrının direktoru vəzifəsini müvəqqəti icra edən Rəşad Əhmədzadədir.

- Rəşad müəllim, digər teatrlardan fərqli olaraq Kukla teatrında adətən zal dolu olur. Teatr tamaşaçısını itirməmək üçün nə etməlidir?

- Deməzdim ki, tamaşaçıya həsrətdir teatrlarımız. Çox vaxt teatrdan xəbəri olmayan adamlar deyir ki, teatra tamaşaçı gəlmir. İndi də teatra tamaşaçı gəlir. Sadəcə texnologiyalar həyatımızda daha çox yer tutur. Hər kəs evində oturub texnikanın vasitəsilə istənilən ölkənin istənilən teatrının tamaşasına baxa bilər. Bunun da təsiri var. Amma yenə də mən özüm tamaşaçı olaraq başqa teatrlara gedəndə onu tamaşaçısız görmürəm: istər Opera-Balet olsun, istər “Azdrama” olsun, istər Gənc Tamaşaçılar olsun, istərsə də Kukla teatrı.

- Anşlaqın olmasını nəzərdə tuturdum...

- Repertuar dəyişikliyi dinamik olmalıdır. Bu, əsas şərtdir. Repertuar siyasəti düzgün qurulmalıdır. Bizim repertuarda istər Azərbaycan klassikası, istər xarici klassika yer alır. Bütün bunlarla yanaşı müasir tamaşalar olmalıdır. Yəni ilk növbədə çalışırıq ki, repertuar zəngin olsun. Ümumiyyətlə peşəkarlıq vacibdir. İstənilən idarənin işçisi öz işini bilməli və yerinə yetirməlidir. Əvvəl bilet satışı üzrə müvəkkillər vardı. Artıq yeddi ildi ki, bizim teatrda bilet satışı üzrə müvəkkil vəzifəsində çalışan yoxdur. Teatrımızın bileti ancaq kassadan satılır. Vaxt olur ki, eyni kontingent gəldiyi üçün biz hər iki aydan, ay yarımdan bir yeni tamaşalar veririk. Yeni tamaşalar da olduqca teatr tamaşaçı itirmir, əksinə qazanır.

- Tamaşaçının nəbzini necə tutursunuz? Yəni ona hansı tamaşa maraqlı ola bilər sualı baxımından deyirəm.

- Mən düşünmürəm ki, tamaşaçının nəbzini tutmaq üçün gərək səhnəmizdə mütləq “Maşa və ayı” olsun. “Pinokkionun macəraları”, “Balaca və damda yaşayan Karlson” və başqa əsərlərə müraciət edirik. Ancaq bir məqam da var, tamaşa hazırlana, bütün kollektiv səy göstərə bilər, amma nəticədə tamaşaçının xoşuna gəlməz. Yəni biz tamaşaçının xoşuna gəlməyən tamaşanı repertuarda saxlamırıq. Beş-altı tamaşadan sonra artıq bu özünü göstərir: anşlaqdırsa bəyənilib, azdırsa tamaşaçı repertuardan çıxarırıq.

- İldə təxmini necə tamaşa hazırlayırsınız?

- Təxminən altı, ya yeddi. Dövlət planına uyğun olaraq minimum hər rübdə bir tamaşa hazırlamalıyıq. Yeni il və Novruz şənliyini də əlavə etsək yeddi, ya səkkiz tamaşa olur. Bilirsiniz, kənardan baxanda Kukla Teatrı adama asan gəlir. Amma onun özünün qəliz cəhətləri var. Əsər hazırlayanda birinci onun masa arxasında oxunuşu başlanır. Rolu əzbərləyəndən sonra keçirsən səhnəyə. Bizdə isə birinci gərək kukla hazır olsun ki, aktyor səhnədə məşqə başlasın. Tamaşanı elə hazırlamalıyıq ki, həm böyüklərin, həm uşaqların xoşuna gəlsin. Böyüyün xoşuna gəlməyəndə uşağı gətirmir. Uşağın da xoşuna gəlməyəndə onu zalda məcburən oturtmaq olmur, çıxır tamaşadan.

Və ya hansısa kukladan uşaq qorxursa qısa müddətdə kuklanı dəyişirik, dəyişməsək də hansısa elementlər artırırıq ki, uşaq kukladan qorxmasın. Amma misalçün, Moskvada Obratsov teatrına beş yaşınadək uşaq gətirmirlər. Bizdə isə 2 yaşdan yuxarı uşaqları teatra gətirirlər. Biz də çalışırıq ki, azyaşlı uşaqları nəzərə alaq. Tamaşalar yaş kateqoriyasına bölünür; Beş yaşa qədər, beşdən-yeddi yaşa qədər və s. Valideyn bilet alanda ona xəbərdarlıq olunur ki, bu tamaşa beş yaşa qədərdi və s.

- Bakı şəhər Uşaq Teatrı kimi alternativin olması rəqabət yaradırmı?

- Kukla Teatrının Bakı şəhərində alternativi yoxdur. Yəni Uşaq teatrı, Gənc Tamaşaçılar Teatrı, hətta Kukla Teatrına yaxın olan Marionet Teatrı var. Bu teatrların hər birinin özünün tamaşaçısı var. Kukla Teatrına 4-cü sinfə qədər gəlirlər, ondan sonra Gənc Tamaşaçılara gedirlər.

- Festivallara vaxtaşırı gedirsiniz. Ən böyük qazancınız nə olur?

- Festivallar yaradıcılıq mübadiləsidir, teatrın inkişafına kömək edir. Onlar da bizdən nələrsə götürürlər. Biz də təbii ki, nələrisə öyrənirik. Elə tamaşalar var ki, kuklalar xaricdə hazırlanır, elələri də var ki, rejissor xaricdən dəvət olunur. Bəzi tamaşalar var ki, həm kuklalar orda hazırlanır, həm də bəstəkar kimi ordan dəvət olunur. Bu da teatrın inkişafında son illərdə böyük təkan oldu. 2011-ci ildən bu yana hansı festivala getmişiksə ya Qran-prisini qazanmışıq, ya birinci yer, ya da ən yaxşı aktyor mükafatını. Bizim üçün bu balaca məsələ deyil ki, Bartoşeviç (Aleksey Bartoşeviç- Rusiyanın tanınmış teatrşünaslarından biri) kimi adam “Rusiya teatrları Kukla teatrının aktyorlarından sənəti öyrənsin” demişdi. Tatarıstanda festivalda jürinin sədri idi. Ümumiyyətlə, hara getmişik, peşəkarlıq baxımından yaxşı qarşılanıb. İstər aktyor oyunu, istər səhnə tərtibatı, istər rejissor işi. Artıq son illər rejissorlarımızı da dəvət edirlər tamaşa hazırlamağa. Sonuncu dəfə Qazaxıstanda olanda Rəhim Rəhimov ən yaxşı kişi aktyoru nominasiyasını qazandı. Baş rejissor Qurban Məsimov isə iki ölkədən tamaşa hazırlamaq üçün dəvət aldı. Teatr müsabiqədən kənar bir neçə festivala dəvət aldı. Bir teatr festivalından nə qazanmaq mümkündüsə biz qazanırıq. Amma əvvəllər hansısa festivala getmək problem olurdu. Teatrımız tanınmırdı, festivala getmək üçün bir neçə dəfə videomaterial göndərməli idik. İndi festivalların əksəriyyətinə müsabiqəsiz dəvət edirlər.

- Böyüklər üçün də tamaşalar hazırlayırsınız?

- 1976-cı ildən böyüklər üçün tamaşalar hazırlanır. İstənilən teatrda kassa üçün başqa, festival üçün başqa tamaşalar qurulur. Bəzən festival təşkilatçısı festival iştirakçıları, jüri üçün başqa bir tamaşa, uşaqlar üçün başqa tamaşa istəyir. Uşaqlar üçün olan tamaşa festivalda göstərilmir. Onlar həmin tamaşaya biletləri satıb gəlir əldə edirlər. Qurban Məsimovun böyüklər üçün hazırladığı “Zəng”, Kamran Şahmərdanın “Ağ və qara” tamaşaları həm kassa üçündür, həm də festivallarda maraqla baxılır.

- İncəsənət Universitetində kukla teatr sənətini öyrədən fakültə varmı?

- Azərbaycanda beş kukla teatrı fəaliyyət göstərir. Bakıda, Naxçıvanda, Gəncədə, Salyanda və Qaxda. İncəsənət Universitetinin nə kukla teatr aktyoru, nə kukla teatr rejissoru fakültəsi var. Hətta fakültə də demirəm. Aktyorluq fakültəsinin nəzdində kurs açılsaydı yaxşı olardı. Həvəsi olanlar ora gedərdi, kukla sənətindən dərs demək üçün teatrdan ora mütəxəssislər dəvət olunardı.

- Siz uzun müddət Musiqili Komediya Teatrında işləmisiniz. Teatrın idarə edilməsi spesifik sahədir, bu təcrübəni kimdən öyrənmisiniz?

- Musiqili Komediya Teatrında 15 il çalışmışam, radio-texnik vəzifəsindən başlamışam. Sonra butafor, baş səhnə maşinisti, inzibatçı, bədii quruluş hissə müdiri, direktor müavini. 1996-cı ildən Kukla Teatrına direktor müavini vəzifəsinə gəlmişəm. Söhbət idarəetmədən gedirsə, bir teatrın hansı profildə, hansı poetikada, estetikada olmasının əhəmiyyəti yoxdur. Yəni idarəetmə sistemi bütün teatrlarda eynidir. Öyrəndiklərimə görə Qəzənfər Topçiyevə borcluyam. O, uzun müddət Rus Dram Teatrında direktor olub, sonra bir müddət Musiqili Komediya Teatrında işlədi. Orda çalışdıq bir yerdə. Onun əməyi nəticəsində baş səhnə maşinistindən o vaxtkı nazirin əmri ilə oldum direktor müavini. Çox gənc yaşlarında. Topçiyev idarəetməni gözəl bilən insan idi. İdarətemədə bilmədiyi detal yox idi. Əsl müəllim idi. Adam diktə eləmirdi ki, burda filan şeyi elə. Səni məcbur edirdi ki, elə şərait yaradırdı ki, sən özün öyrənirdin. Özü də onun çox ağır öyrətmək vasitəsi vardı. Məsələn, bir sənədi, hətta həcmi çox olan sənədi sən yeddi, ya səkkiz dəfə yaza bilərdin, o da cıra bilərdi. Öyrənəndə deyirdi ki, birinci gündən göstərsəydim özün öyrənməyəcəkdin. Yavaş-yavaş öyrədərdi. İdarəetməni bilmək üçün teatrı gərək içəridən öyrənəsən.

- İki aydan çoxdur, YUĞ Dövlət Teatrında direktor vəzifəsini icra edirsiniz. Hansı dəyişiklikləri elədiniz?

- Əvvəla bir söz deyim. 1996-cı ildə Musiqili Komediya Teatrından Kukla teatrına gəldim. Bəzi adamlar dedi ki, Kukla Teatrı hara, Musiqili Komediya hara, ayrı-ayrı profillərdi. Amma idarəetmə sistemi eynidir. YUĞ teatrının direktorunun icrası mənə tapşırılanda işlə tanış olmaq üçün qısa müddət lazım oldu. İki ay ərzində baş rejissor Mehriban xanımın və bütün kollektivin birgə əməyi nəticəsində Gümrah Ömərin quruluş verdiyi iki tamaşanı, Sahib Ağayevin quruluş verdiyi və bir neçə il oynanılmayan bir tamaşanı əsaslı bərpa etdik. Əbdülqəni Əliyevin quruluşunda yeni, “Quş dili” tamaşasını təhvil verdik. İki ayda bir teatrda 3 köhnə tamaşanın bərpası, 1 yeni tamaşanın təhvili, bununla yanaşı eyni vaxtda digər yeni tamaşa üzərində teatrın baş rejissoru Mehriban xanımın məşqlərinin başlanması balaca məsələ deyil. Burda YUĞ Dövlət Teatrının bütün kollektivinin böyük əməyi var.

- YUĞ-da rəhbərlik dəyişəndən sonra sosial şəbəkələrdə teatrın poetikasının məhv ediləcəyi haqda fikirlər yazıldı...

- Nə Mehriban xanımın, nə mənim YUĞ Teatrının poetikasını dəyişdirmək fikrimiz olub. YUĞ-da fəaliyyət göstərən rejissorlar istər Günay Səttar, istər Sahib Ağayev, istər Gümrah Ömər yenə fəaliyyətdədirlər. Yenə öz poetikaları ilə tamaşa quracaqlar. Mehriban xanım da yeni tamaşa hazırlayır. Rejissorun hansı poetikada tamaşa hazırlamasına direktor müdaxilə etmir. Etməməlidir də. Olur elə söhbətlər ki, YUĞ-un poetikasını dağıdacaqlar, ya da münasibət dəyişəcək. Hər şey öz yerində qalır. Vaqif İbrahimoğlu böyük rejissor, pedaqoq və teatr bilicisi idi. YUĞ Teatrını Vaqif müəllim kiminlə yaratmışdısa, onların hamısı indi də teatrda çalışırlar. Bundan sonra da direktorun kimliyindən asılı olmayaraq fəaliyyət göstərəcəklər.

- YUĞ-un estetikasından fərqlənən tamaşalar qurulacaqmı?

- Əlbəttə. YUĞ-dan bir çox aktyor və aktrisalar filmlərə çəkilir, digər teatrlarda tamaşalarda oynayırlar. Onlar orada həmin poetika ilə işləmirlər axı. YUĞ böyük yaradıcı potensiala malikdir, istər aktyorlar, istər rejissorlar. İstənilən janrda, estetikada hazırlaya da, oynaya da bilirlər. Əlimizdən gələni edirik ki, yaradıcı heyət potensialını daha aydın göstərə bilsin. Mehriban xanımla bir yerdə Cahangir Novruzovla söhbətimiz olub. O yaxında tamaşa hazırlayacaq. Ərşad Ələkbərovla söhbətimiz olub, o da tamaşa hazırlayacaq. Bu teatrın qapısı istənilən yaradıcı ideyalara, yaradıcı adamlara açıqdır. Bir neçə gündən sonra YUĞ-un yeni saytı açılır. Bu günədək saytı yox idi. Video-arxivini yaradırıq. Bunun üçün “Aranfilm”in rəhbəri Tahir müəllimə təşəkkür edirik. Artıq 4 -5 tamaşa çəkilib. Yəni yeni direktor təyin edilənədək əlimizdəki imkanlardan istifadə etməyə çalışırıq.

- “Naməlum Axundzadə” tamaşasında Elxan Yunisi görmək təəccüblü oldu.

- Artıq onunla müqavilə bağlamışıq. Gedən aktyorlarla bağlı da sual verəcəksiz yəqin. Ümumiyyətlə biz heç bir aktyorun və aktrisanın teatrdan uzaqlaşmasının tərəfdarı deyilik. Ancaq teatrların daxili nizam-intizam qaydaları var. Bu qaydalara əməl olunmalıdır. Hikmət Rəhimova və Rasim Cəfərə gəlincə, onlar teatrdan getməyiblər. Müqavilə sisteminə keçiblər. Tamaşaçılar bu ayın 16-da Hikmətin, 30-da isə Rasimin iştirakıyla tamaşaya baxa bilərlər. Onların hər ikisi seriallarda çəkilir. İstənilən teatrda maddi vəziyyətini yüksəltmək üçün aktyorlara şərait yaradılır. Bundan sonra da yaradıcılıq əməkdaşlığı davam edir. Vaxtları olsa onlarla məmnuniyyətlə yeni tamaşalarda işləyəcəyik.

- “Naməlum Axundzadə” YUĞ-un kiçik səhnəsindən böyük səhnəyə gətirildi. Yenə böyük səhnədə tamaşalar oynanılacaq?

- Əlbəttə. Rejissorun baxışından asılıdır. Əgər quruluş imkan verirsə həm kiçik, həm böyük səhnədə oynanılacaq vaxtaşırı.

- YUĞ-da adətən biletlər satılmırdı. İndi necədir?

- Bilet satışı artıq var. İstənilən teatrda bilet satışı olmalıdır. Bilet satışı olmadan teatr fəaliyyət göstərə bilməz. Xərclər var, tamaşaların hazırlanması var.

# 3092 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #