Kulis.az “Yeni filmlərimiz” layihəsində bu ilin oktyabrın 2-dən 6-dək Bakıda baş tutacaq “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında nümayiş olunacaq “Bir zamanlar Şanxayda” filmini təqdim edir.
Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” filmi alman rejissoru Vayt Helmerin Bakının Şanxay adlanan ərazisində çəkdiyi filminin kameraraxası prosesi haqdadır. Amma bu, ilk baxışda belə görünür. Rejissorun əsas məqsədi çəkiliş prosesi vasitəsilə sökülməkdə olan Şanxayı, onun ayrı-ayrı sakinlərinin düşüncəsini, yaşayışını ekrana gətirməkdir. Leyli Qafarovanın kamerasında Şanxay həm adına, həm həyat ritminə, həm burdakı evlərin nizamına görə paytaxtdan qopmuş, öz qaydaları olan məkan təsiri bağışlayır. Hətta darvazada kiril əlifbası ilə yazılmış “Şanxay” sözünün altında, Qobustan qayaüstü rəsmlərə bənzər çəkilmiş rəsmlə məhəllə sanki öz tarixinə iddia edir. Təsadüfi deyil ki, müəllif sakinlərdən məhəlləyə nədən Şanxay adının verilməsinin səbəbini soruşur. Ümumi fikir belədir ki, Şanxayda qanunsuzluq hökm sürdüyündən, lotu imicli məhəllə olduğundan bura məlum ad verilib. Yaşlı bir sakin şəstlə bildirir ki, sovet dönəmində burda siqaret alveri olurdu, pullu məhəllə idi və mental qanunlarına görə qızla oğlan əl ələ gəzə bilməzmiş.
Leyli Qafarovanın 35 dəqiqəlik filminin süjetində qatar əsas xətlərdən biridir. Müxtəlif kadrlarda o kontekstdən asılı olaraq başqa mənalarla yüklənir. Misalçün, Helmerin çəkdiyi filmdə o, sadəcə funksiyasını yerinə yetirən nəqliyyat deyil. Qatar eyni zamanda qəhrəmanın öz ömür gün yoldaşı tapmasına səbəb verir. (Helmerin “Bra” filminin süjetinə görə, qatarın hər dəfə sakinlərin dəmiryolunun ortasında asdığı camaşırların iplərini qırır. Növbəti dəfə camaşır ipini qıranda qatara büstqalter ilişir və maşinist büstqalteri saxlayır. Təqaüdə çıxandan sonra o, Şanxayda yaşayır və büstqalterin kimin olduğunu tapmaq üçün evləri gəzərək müxtəlif xarakterli qadınlarla rastlaşır). Digər kadrda o, sakinlərin gündəlik həyatına, məişətinə daxil olmuş canlı əşyadır. Qısası, qatar Şanxayda hər yerdədir və rejissor onu obrazlaşdırmağa çalışır.
Leyli Qafarova gah hərəkətli, gah statik kameradan istifadə edir. İlk epizodlarda sakinlər birbaşa kameraya baxır. Bu kadrlar Avstriya kinosunun əhəmiyyətli nümayəndələrindən biri Ulrix Zaydlın adı ilə bağlı olan “Zaydl təsvirləri”dir. Onun filmlərində bədii səhnələrdən əlavə, birbaşa kameraya baxan adamlar göstərilir. Bu gun həmin fənd bir çox sənədli və bədii film rejissorları tərəfindən istifadə olunur.
Maraqlı epizodlarından biri alman rejissorunun məmurlara nədən Şanxayada film çəkməsini izah etməsidir. Məmurlar söküntü gedən ərazidə çəkiliş aparılmasına icazənin rəsmi qurumdan alınmasının zəruri olduğunu deyirlər. Helmer artistik şəkildə, coşğu ilə çəkəcəyi filmin mahiyyətini anladır. Qalstuklu- kostyumlu məmurlar rejissoru səbrlə dinləyirmiş kimi görünür, əsində isə duruşlarından, üz-göz ifadələrindən hövsələsizlikləri bəllidir, hətta biri aşağıdan yuxarı, istehzayla rejissoru süzür. Rejissor məqsədini izah etdikdən sonra, onlardan biri məmursayağı tonda qonaqlara xoş gəldin edib, film çəkməyinin dəstəklədiyini və onların təhlükəsizliklərinin qorunmasının vacibliyini vurğulayır. Bu epizodun daha çox görünən tərəfidir. Altqatında isə başqa mənalar təzahür edir, həmin səhnəni - dar qəlibə sıxışmış, bəlli məmur leksikonundan çıxmağa cəsarəti çatmayan vəzifəli şəxsin kimliyi ilə azad, sənətkar kimliyinin korrekt qarşıdurması kimi də izah etmək mümkündür.
Başqa bir epziodda Helmer bu filmdə çəkiləcək aktyor Miki Manoyloviçi hava limanında qarşılayır (Miki Manoyloviç serb aktyorudur, Emir Kusturitsa, Danis Tanoviç kimi məşhur rejissorların filmlərində baş rolları oynaylb). Və ona Bakını tanıdır. Onların olduğu avtomobil şəhərin iri, nəhəng, parıltılı bunalarını keçərək geniş küçələrlə şütüyür. Və bu parıltının içindən keçən abtomobil kasıb Şanxaya gəlməlidir. Beləcə Leyli Qafarova filmində növbəti vizual kontrast yaradır.
Şanxay sakinlərinin sovet dönəmindən bəri hökm sürən qaydalarından biri sərt şəkildə üzə çıxır. Bəzi sakinlər çəkilişi xoşgörülü qarşılasalar da, digərləri, film üçün qurulan- dəmiryol xəttinin ortasına çəkilmiş paltar sərilən ipi əsəbiliklə qırır. Onlardan biri ipdən asılmış büstqalteri göstərərək, yaradıcı heyətin üzvlərinə əsəbiliklə çəmkirir: “Bu nədir, bizi biabır edirsiz”. Başqa sakin də onun səsinə səs verir: “Kim belə paltar asır, dəmiryolunun ortasında paltar asmırlar”. Kadrdan kənarda kimlərinsə kinayəli deyintisi eşidilir: ”Nazirlikdən icazə verilibmiş. Nazirlik icazə vermişdi də, pornoqrafik film çəkiblər...”.
Sonluğa doğru Emin Sabitoğlunun “Bəlkə, bəlkə, bəlkə də” bəstəsinin müşayiəti ilə sökülmüş evlər, köhnə tikililərin fonunda görünən hündür, dəbdəbəli binalar ekrana gəlir.
Doğrusu, filmdə ən çox təsir buraxan, iki kinematoqrafik kadr oldu: Mahnı qəfil kəsilir və balaca oğlan kameraya doğru yüyürərək həyəcanla qarşı tərəfi göstərir: “O vaqon var ha, onun altında uşaq qalmışdı”. Bununla da qatar qatil obrazı ilə yüklənir. Və nəhayət, titrlərinin fonunda mükəmməl bir kadr. Kameraya baxan yaşlı sakinlərdən biri yaşlı qadına müraciətlə: “Bizi kinoya çəkirlər. Sən buna baxa bilməzsən, bu, dunya üçün çəkilir”.
Qeyd edim ki, Helmerin Azərbaycandan çəkdiyi ilk film, “Absurdustan” (2008) adlanır. “Bra” isə Şanxayda çəkilən sonuncu filmdir. Şanxayı kino əhvalatında əbədiləşdirən rejissor filmi haqda deyir: “Bir neçə il əvvəl internetdə gəzişəndə Şanxay adlı məhəllədə qonşuluq münasibətlərindən bəhs eləyən məqalə tapdım. Bakıya gələndə orda xeyli material topladım və o münasibətlər haqqında film çəkmək istədim. Mən həmişə yeni məkanlar axtarıram və belə gözəl, nəfəskəsici məkanlar tapanda film çəkmək üçün hər yerə gedə bilərəm”.
Qeyd edim ki, Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” sənədli lenti Çin və Honkonq istehsalı olan, rejissor Von Çin-Ponun eyniadlı bədii filminə göndərmədir.
Sevda Sultanova