Gərək o sirrin üstünü açmayaydım - Bircənin romanı

Gərək o sirrin üstünü açmayaydım - Bircənin romanı
23 oktyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Oktyabrın birində öz evimizi Ədilin ixtiyarına verib qonduq qonşunun evinə. Əşyalarımdan bir qismini də (Cavidin qutudan çıxmamış işıqlı musiqi şəbəkəsini, təzə maqnitofonlarını, ütümü, çayniklərimi, dəbdən düşmüş qab dəstlərimi) iş yoldaşlarım Farizlə Elşənə verdim. Farizin gözü qalın dəmirdən olan çöl qapımıza düşmüşdü. Onu arxayın salıb:

- Yeni qapımız bağlanıb gələn kimi bunu göndərəcəm sənə, - dedim.

Evimizin halından Doneşin xəbəri yoxuydu. Otaqların içini sıyırıb bloka yığmışdılar. Təzə qapı yerinə asılandan sonra köhnəni Ədil qaldığımız evin divarına söykəyib getmişdi. Dağılıb-sökülmüş otaqları gəzə-gəzə ustaların gün ərzində gördükləri işə baxdığım zaman Həmid özünü yetirdi:

- Aaaa, ev niyə bu gündədi?

Barmaqlarının ucunda çoçalaya-çoçalaya otaqlara baş vurdu, işin nə yerdə olduğunu anlayanda qırx arşın quyunun dibinə düşdü:

- Bəs indi harda olursuz, - soruşdu, - evin əşyaları hanı?

- Kirədə qalırıq, - dedim, - əşyaların hamısını ona-buna bağışladım.

Dəmbələk gözləri alnına çıxdı:

- Kimə verdin?

- Kim gəldi ona.

- Pərdələri, xalçaları, çilçıraqları da?

- Bəli, hamısını.

- Bəs divan, kreslolar? Onlar ki qəttəzəydi.

- Hamısını verdim getdi.

- Niyə bizə vermədin?

- Kəndçilərin əşyası sizin evə yaraşmaz. Bir də niyə sizə verməliydim?

- Həmişə ağlayırsan ki, pulum yoxdu, bəs bu qədər işi nəylə gördürürsən?

- Varlının torpağından qızıl çıxar, çay keçər, kasıbınkında yel vurar yengələr oynar, ortasından yol keçər. Mən sənin kimi ağzı sulu pişik, qarnı şişik, boğazı deşik sümsük-sülöysün deyiləm. Qazancımı yığıb işimi görürəm.

Nənəm demiş, kişiyə qəməlti soxsan qanı çıxmazdı.

- Bəs hara yığılmısız?

- Bir yer axtarıb tapmışıq. Gəl çıx bayıra, gedirəm, işim var.

Özüm onu genitmək istəyirdim ki, qonşuda qaldığımızı bilməsin. Sullancıq evdən çıxanda divara söykəli köhnə qapını gördü:

- Bunu neyləyəcəksən?

- Onu satmışam.

- Sən mama qəbri bunu mənə ver.

- Verə bilmərəm, pulunu alıb xərcləmişəm. Bir də nəyinə gərəkdi axı?

- Qarajın divarına bitişik təndirxana tikdirəcəm, onun qapısından asaram.

- Sən öl verə bilmərəm, bir azdan yiyəsi gəlib aparacaq.

Əllərini içəriyə uzadıb vaysına-vaysına dedi:

- İndi sən bu boyda evdən bizə heç nə verməyəcəksən?

- Gecdi, kəsilən başın saçına ağlama. Ölməsən qalsan növbəti təmirdə kör-köhnəmizi sənə verərəm.

- Gəl səni aparım qaldığınız yerə.

- Zəhmət çəkmə, hələ burda görüləsi işim var, çıx get.

- Eybi yox, çox keçməz sənin fırıldaqlarının üstü açılar. Bu tezliklə bu qədər işi sən təkbaşına görə bilməzdin. Hansısa oynaşın gəlib səni köçürdü, sən də nəyin var ona verdin, hə?

- İşimin üstünə ulama, itil get, - deyib uçuq evimin təzə qapısını onun üzünə bağladım.

Səhər işə gedəndə köhnə qapını yerində görmədim. Doneş gecəylə gəlib qapını da, üstəlik, döşəmədən sökülmüş köhnə, amma yararlı taxtaları da yığıb aparmışdı. Şəfanın xəbərçiliyi ilə oğurluğu onun boynuna qoysam da qapını geri ala bilmədim, Farizin yanında gözükölgəli qaldım.

***

Qışın ilk ayı sərt gəldi.

Evimdə işləyən bir dəstə fəhlənin günorta yeməyi mənlik idi – gündüzlər işə gedir, gecələr Aqilin göndərdiyi cəmdəklərdən yarar yeməklər bişirib qazanları evimin mətbəxinə qoyurdum. Oğlumun da yeri yaxşıydı deyə kefim lap göylə gedirdi.

Şənbə-bazar Taylanla mağazaları gəzib evimizə təzə mebel gözaltılayırdıq. Mətbəx mebelini artıq sifariş verib behini də ödəmişdik.

- Ya annəm, ceviz ağacından mobilya yığdırırsan, sən bir oliqarx olmayasan?

- Oliqarxdan nəyim əksikdi, bir oğlum əsgərdə, bir oğlum yanımda.

- Maləsəf, yanındakı oğluna o mobilyanı görmək qismət olmayacaq.

- Niyə, bala?

- Yeni il gələndə getməliyəm.

- Qoymayacam gedəsən, yazda yola salacam səni.

- Annəm, deportmu etdirəcəksən məni? Mənim də yolumu gözləyənlər var.

- Cavid gəlməyincə səni buraxmayacam.

- Sən kilsəyə getməsən qalaram.

- Hanı, heç gedə bilirəmmi?

Dükcə başlım bic-bic üzümə güldü:

- Demək mənim bu qədər çabalarım, politikam, böyük Tolstoy belə işə yaramadı.

- Ay bala, getmirəm, - dedim, - bundan sonra da getməyəcəm, arxayın ol.

Yolun ortasında boynuma sarılıb kövrəldi:

- Annəm, mən olmayanda gedərsən, - dedi, - ordakı dev çilçırağa baxanda məni yadına salıb gülərsən.

- Sən hardan bilirsən orda iri çilçırağın olduğunu?

- Annəmin getdiyi yerə mən getməzmiyəm? Bir dəfə gedib, Firəngiz demiş, sülənib qayıtmışam.

***

Dekabr yarı olmamış evimizin işləri yarıya çatmışdı. Di gəl, divarların suvağı soyuqdan qurumurdu.

Doneş iyləyib-çüyləyib yerimizi-yurdumuzu öyrənmişdi. Üstəlik, bir təsadüf nəticəsində qaynıgilə verdiyim əşyaların da başını tutmuşdu. Təsadüf deyəndə ki...

Şəfanın qardaşı arvadı – iki oğul anası ərinin dostuna qoşulub qaçmışdı. Dediyinə görə onların da evini Həmid dağıtmışdı – qaynının arvadını bir neçə dəfə həmin adamla görən Doneş onları güdüb harda görüşdüklərini öyrənmişdi, gəlini tutub hədə-qorxu gəlmişdi. Gəlin də o görüşdən evə qayıtmamışdı, oynaşına qoşulub o gedən getmişdi.

Bundan sonra Şəfanın qardaşı ezamiyyətə göndərildiyi rayonların birində hicablı bir qızla tanış olub evlənmişdi. İndi o gəlindən olan uşağın qolu qırılmışdı. Xəstəyə dəyməyə gedən Həmid qaynatasının evində mənim cer-cehizimi, mətbəx mebelimi görüb havalanmışdı.

Axşam arvadı yanında başılovlu üstümə gəldi:

- Sən Tereza anasan? Mənim qohumlarıma o şeyləri verməklə məni öz yanında diligödək eləmək istəyirsən?

- Sənə versəydim dilin uzun olacaqdı?

- Aman Allah, o cür pərdələri, divanı, çarpayıları örtükləriylə bir yerdə necə əlin gəldi onlara verdin? Görəndə elə bildim sənin evini ora köçürüblər.

Məni buraxıb arvadına cocudu:

- Ay qoyun, heç olmasa o süfrələri özünə götürəydin. Mətbəx mebelini bağa aparardıq. Niyə mənim başımın üstündən iş görmüsən?

Şəfa həmişəki şakərini işə saldı:

- Neyləyim ey, Bircə dedi ki, Həmidə görə sənə heç nə verməyəcəm, mən də dedim heç olmasa anamgilə görüm-baxım elə.

Doneş məni qanlı-qanlı süzüb qaynatasıgilləri söydü:

- Onlar da kor yolçudular, gəlin evi söküb apardı, səslərini də çıxarmadılar. Bu qədər çörək kəsmişdik, heç olmasa xalçaları bizə verəydin.

- Qapını apardın bəsindi.

Bunu eşitcək keçdi məni şərləməyə:

- Yüz faiz bilirəm ki, bu evin yiyəsiylə gəzirsən. İlin-günün bu vaxtında kim kimə müftə ev verər?

- Müftə niyə olur, kirayə haqqı ödəyirəm.

Şəfaya sarı çönüb çəmkirdi:

- Bəs deyirdin evi havayı veriblər?

- Bircə mənə elə demişdi.

Qalxıb qapını açdım:

- Durun çıxın. Sənə nə var mən harda qalıram, neçəyə qalıram, qarnın niyə cırılır? Ev yiyəsiylə çoxdan tanışıq.

Şəfa üzümün döndüyünü görüb paltosunu geyindi, başına çatı saldığı ərini qabağına qatdı:

- Bəsdi də, mal yiyəsi özü bilər neylər.

Qapıdan çıxanda soyuqdan büzüşmüş Tapdığımla qarşılaşdılar. Elə bilərdin gürzə Doneşi gözündən vurdu:

- Alə, bicbala, sən də burda qalırsan?

Taylan loru deyimlərimizin də mənasını öyrənmişdi, Həmidin atmacası onu pərt elədi. İkisinin arasından sivişib içəri girdi, boynundakı şərfi qucağıma atdı, qapı ağzında dıbır kimi təkəbbürlü dayanmış Doneşə qayıtdı:

- Bicbala kəndinsən, sənin çocuğundu.

- Alə, mənə deyirsən?

Həmid içəri soxulmaq istəyəndə sinəsindən basıb bayıra itələdim:

- Bəli, sənə deyir! Ayrı sözün var?

Qonşunun amanat evinin qapısını qolum gəldikcə onun üzünə çırpdım.

***

Ustalar, Ədil, mən – hamılıqla əlbir olub nə qədər çalışdıqsa yeni il girənə qədər təmiri bitirə bilmədik.

Gülü xala məni də, yedəyimdəki qızları da gözündən qoymurdu, ustaların günorta fasiləsinə özünü bizə, daha doğrusu, evinə çatdırırdı:

- Ərgən qız uşaqları var evdə, onları tək qoymaq olmaz, - deyib fəhlələri yedizdirirdi, qab-qacağı da yuyub gedirdi.

Qışın ortasında Cavidi ad günü münasibətilə evə buraxdılar. Bir həftə yanımızda qaldı.

Xəyalımdakı ev yavaş-yavaş gerçək olurdu. Di gəl, təmir başa çatmamış pulum qurtardı – qoz ağacından parket olanımı süpürüb apardı. Əlimi qoynumda görən Taylan həm məni yüngülcə tənbehləyir, həm də könlümü almağa çalışırdı:

- Ya annəm, döşəmə ceviz olmasa nə yazar? Qaldıqmı qonşu şamının kölgəsində? Bir yolunu bulmamız lazım, Avroviziya yarışmasına qozlu döşəməylə getməmiz gərək.

- Eşşəyə minmişəm artıq, o boyda Avropanın gözü baxa-baxa ordan düşə bilmərəm.

- Düşsən oğlun vətən xaini olacaq. Qaytar cevizləri, başqa bir şeylə həll edəlim.

Mühəndisimiz Aqilin sözünü unutmamışıdı, vəziyyəti açıb ona söyləyən kimi qardaşım harayıma çatdı.

Yanvar bitənə evimin divarları arasında bir saray qurulmuşdu. Di gəl, mətbəx mebelimiz hələ başa gətirilməmişdi deyə fevralı da qonşunun evində qalası olduq.

Hər ayın sonu Gülü xalanın gəlini uşaqlarıyla, əriylə gəlirdi. Kirəpulunu gizlicə onun ovcuna basırdım. Elə öz evlərində açdığımız süfrənin başında oturub bizlə birgə yemək yeyirdilər. Bişirdiyim mürəbbədən, tutduğum şorabadan, Telli mamanın göndərdiyi qovrulmuş əriştədən, qovutdan paylarını qoyub yola salırdım.

Gülü xalanın oğlu qardaşım Rüfət yaşdaydı, mənə ana-bacısı kimi hörmət bəsləyirdi. Hansı işə buyursaydım doğmaca qardaşım kimi uf demədən gedirdi də, yarıdırdı da. Ticarətiylə bağlı maliyyə problemlərinin çoxunu Hakim həll eləyirdi deyə qardaşım da qonşumu yaxşı tanıyırdı. Hakim gəlinin əl altından məndən pul aldığını bilirdi, hər gələndə məni amanatlayırdı:

- Ola bilməz ərinin bu işdən xəbəri olmasın, bəlkə utanıblar sənə deməyə, gəlini araya salıblar.

- Yox, pul söhbətini heç kim bilmir. Qonşum iş adamıdı, özün yaxşı bilirsən ki, onun iki yüz manata ehtiyacı yoxdu.

Qardaşım üzünü turşudub:

- Allah bu arvadların tamahını kəssin, - deyirdi, - kişinin başını beləcə sarı yağla yağlayırlar, sarımsaqla da dağlayırlar. Amma məndən olsa oğlana desən yaxşıdı.

- Qoy görək başımıza nə gəlir, məqamı gələndə deyərik...

***

Martın biri günü evimizə yığışdıq. Qonşunun beş otağına sirkə darağı saldıq, yuduq, sildik, pərdələrini ütülədik, açarlarının üstünə neçə banka mürəbbə qoyub böyük minnətdarlıqla təhvil verdik.

Təmir başlanandan Minə qohumugilə köçmüşdü. Evin bütün yükü bacım qızlarının çiyinlərinə düşmüşdü. Zəhlətökən köçhaköç prosesinin öhdəsindən onlarsız gələ bilməzdim. Hər kəs öz otağında yerə döşək sərib üstündə yatırdı. Mətbəx mebelindən, qonaq otağındakı stol-stuldan başqa evimizdə hələ heç nə yoxuydu.

Bununla belə kefim saz, damağım çağıydı. Cavid Lalə xalasının rəfiqəsinin qızıyla zəngləşirdi. Bu tanışlığın sevgiyə çevrilməsi üçün əlimizdən gələni eləyirdik. Rüfət hər gün onun yasaq telefonuna on manatlıq kontur yükləyirdi. Oğlumla əlaqəm kəsiləndə bacımın rəfiqəsindən xəbər tuturdum, o da gülə-gülə məni sinisaf eləyirdi:

- Narahat olma, bayaqdan Mehribanla danışırlar, yaxşılıqdı.

Çöpəgülən arada özünü yanımıza verirdi, parıldayan boş evimizə baxıb köks ötürürdü:

- Sən pəhləvansan vallah, bu qədər işi necə görə bildin? Köçmək, yük yığmaq dərdindən biz zibilin içində yaşayırıq.

Firəngiz onun qanmadığı dillə Şəfanı sancırdı:

- Elə yaxşısını siz eləyirsiz, ay Şəfa xala, - deyirdi. - Xalam beş ay qonşunun da evini yudu, bir qoşun kişiyə yemək bişirdi, qarda-buzda dükan-bazarı ələk-vələk elədi, şabalıd ağacından qapı bağlatdı, palıddan mebel yığdırdı, qozdan parket döşətdi, kişi paltarlarını arvad paltarı kimi büzüyüb geyindi. Axırı nolacaq?

Şəfa qıyıq gözləriylə qımışıb soruşurdu:

- Hə, nolacaq?

- Heç nə. Lenin deyil ki, mavzoleyə qoyalar, onu da sizi basdırdıqları qumlu torpağa quylayacaqlar. Odu ki, özünüzə zəhmət verməyin, yeyin, için, gəzin.

Doneş boş otaqları, pərdə yerinə asılmıış mələfələri, çılpaq masanı, çilçıraqsız tavanı görəndə qəşş elədi:

- Nə vaxta qədər belə it günündə yaşayacaqsız? Bu cür təmirdən mən də eləyərdim. Sabah-birigün oğlun gələcək, lüt divarlarla lovğalanacaqsan? Məni o propabla bircə dəfə söhbət eləməyə qoymadız, görərdim hansı yuvanın quşudu. Allah bilir nə qədər pulunuzu basıb yeyib.

Firəngiz dıqqılı bir qayçını açıb əlindəki bankaya qoydu, bankanın içinə bir diş sarımsaq, bir ovuc da üzərlik atıb ağzını bağladı, gəlib Doneşin dimdiyinin dibini kəsdi:

- Hə ey, ay Həmid dayı, fəhlələr xalamın pulunu sərçələr nənəmin camışının belindəki bitləri dənləyən kimi dənlədilər. Haram xoşları olsun! Sınamışam, xalamın pulunu çırpışdıran mütləq bir zavala gəlir, artmır, o pul ya həkimə, ya hakimə qismət olur.

Doneşin üzündəki ifadədən güllənin düz yarasına dəydiyi görünürdü. Bacım qızı əlindəki bankanı az qalırdı Həmidin gözünə soxsun:

- Bax bu, hər evə lazımdı. Gərək bir az da Xədicənin sidiyindən bloka çiləyəm.

Kişi bankaya baxıb çimçəşdi:

- O nədi elə? Xədicənin sidiyini də kəndçilər dərman bilirmiş.

- Xeyir-bərəkət rəmzidi. Bu banka qoyulan evə zaval gəlməz, pis gözlər dağlanar, azar-bezar qaçar. Çox keçməz bizim pəncərələrimizdən gözəl pərdələr sallanar, xalamın cibi pulla, otaqlarımız mebellə dolar.

- Onun birini də bizə düzəldin.

- Ləvazimatım yoxdu.

- Orda nə ləvazimat var, dolayırsan məni?

- Bankaya saldığım üzərliyi beş aydı qurd yağına qoymuşam, üzərlik qəbiristanlıqdan eşşək dişiylə qopardılıb, içinə səpdiyim duzu sağsağan lələyiylə qarışdırmışam.

Firəngiz danışa-danışa bankanı onun gözünün qabağında fırladıqca Doneş dalın-dalın çəkilirdi.

- Bundan balaca biri varımdı, hər imtahana girəndə özümlə aparıram. Onun hesabına hələ bir dəfə də iki almamışam.

Həmid dəmbəlmiş gözləriylə bankanın ətrafında çevrə cızıb arvadına qolaylandı:

- Şəfa, yadındadı mən deyirdim caduyla adam öldürmək olar? Vallah bu evə hər girəndə mənə nəsə olur, başım ağrıyır, üstümə ağırlıq çökür.

Qızlarım gülüşdükcə adamın gözünün ağı qarasına qarışırdı:

- Şəfa, sən mama qəbri həmişə demirəm ki, bu evdə nəsə ağırlıq var? Bəlkə də evinizdə ziyankar ruh var.

Firəngiz öz uydurmasıyla Doneşin kıtılını vurdu:

- Hə, Həmid dayı, bu evdə ruslar yaşayıb (ev həqiqətən rus qadından alınmışdı), gedəndə nəsə eləyiblər. Kimin ki sümüyü, qanı, ürəyi təmizdi ağırlıq o adamın çiyinlərinə daha tez çökür. Siz çox həssassız deyə bunu hamıdan artıq hiss eləyirsiz. Nənəm bu şeyləri daha yaxşı bilir, dərinə getsək bəlkə hələ üstünüzə həmzat da tökülüb.

- Mənə demişdilər üstümdə ağırlıq var.

- Onu təmizləmək iki vur ikidi.

- Necə yəni?

- Nənəmdən öyrənib deyərəm, - başını o biri otaqda gizlənib pıqqıldayan bacısına sarı uzatdı. - Aydan, deyəsən nənəm təzə doğulmuş küçüyün qulağını burub çıxarıb sıpa sidiyində pörtlədib ağırlığı olana yedirdirdi, hə?

Doneş ikrahla tamsındı, qalxıb güllə kimi qapıdan çıxdı. Aydan bacısına yavaşca bir dürtmə vurdu:

- Həkimliyi yarıtdın, indi də cadugərliyə başlamısan? Aaz, bu qədər resepti beş dəqiqənin içində necə uydura bildin?

- Uydurma-zad deyil, nənəm Qaytı xalayla bu barədə o qədər danışıb ki. Belə-belə onun ayağını kəsəcəm bu evdən.

***

Evdə ustaya ehtiyac olanda Gülü xalanın oğlundan yardım istəyirdim, o da çolaq dayısı vardı, onu göndərirdi. Bir axşam işdən gəlib yenicə qurulan mebellərin tozunu aldığım vaxt qonşu gəlin zəng vurdu:

- Salam.

- Salam, ay qızım, necəsiz, - dedim, - uşaqları da götür axşam adlayın bizə.

Uzun pauzadan sonra gəlin qulağıma elə bir söz dedi, bəzəkli evim çiliklənib başıma uçdu:

- Ay Bircə xanım, yığdım deyəm ki, bir də mənim ərimə zəng eləmə.

Qulağımdan dilimin ucuna kimi pörtdüm:

- Niyə, qadan alım, sənin ərinə zəng vuranda nolur ki?

- Nə olur, nə olmur özüm bilərəm, deyirəm eləməyin, eləməyin.

Firəngiz ayaq üstə öldüyümü sezib soruşdu:

- Xala, bacım (gəlin hamıya “bacım, bacım” deyib müraciət elədiyindən qızlarım ona öz aramızda belə ləqəb qoymuşdular) nə dedi qulağına?

- Bala, hələ anışdıra bilmirəm nə dedi.

- Deyirdimmi bu kilkəbaş ərini sənə qısqanır?

Ürəyim bulandı, ağzımın odunu bacım qızının üstünə tökdüm:

- Səy-səy danışma, elə də şey olar?!

- Ay xala, hər gələndə sən onların qulluğunda dururdun, bişirdiklərindən pay qoyurdun, oğlan səni təriflədikcə gəlinin gözündən qurbağalar sıçrayırdı.

Hakimin dedikləri yadıma düşdü – telefona cumub qonşumu yığdım, salam-sağoldan sonra mən də utanmadım, üzümə qırmızı niqab taxdım:

- Oğlum, qardaşım, atam, mən sənin evində kirədə qaldım, hər ay arvadına iki yüz manat ödədim. Amma sənin hörmətini pulla ölçsəm borcum qat-qat çox olar. Arvadın mənə tapşırdı sənə zəng vurmayım, ona görə dedim biləsən.

Bilirdim düz eləmirəm, bilirdim tutduğum iş yaşıma-başıma yaraşan deyil, amma yenə elədim.

Firəngiz şerlokholmssayağı fərziyyələrini işə saldı:

- Hə, Aydan xanım, Emil getdi arvadını doğramağa. Bir azdan gəlib xalamı qandallayıb aparacaqlar, biz də hal şahidi kimi gecəni orda qalacağıq. Hayıf təzə çarpayılardan!

Taylan dolaşıq dükcə başını ağzımıza soxdu:

- Annəm doğru yapdı, evlərində qaldıq deyə onları dalımızamı almalıyıq? Siz gedin, təzə çarpayılarda mən yataram.

Bacım qızının proqnozu canıma vicvicə saldı. Nənəm tez-tez deyərdi: “Allah, şəri-şeytandan, quru böhtandan, zənən fitnəsindən, arvad məkrindən sən özün saxla!” İndi belə çıxırdı həmin o fitnə çömçəsi mənim əlimdədi. Bir cavanca gəlinin sözüylə ortalığa qan əkdim. Gərək o sirrin üstünü açmayaydım.

Özümü didib yediyim o dəkədə Gülü xala oğlu da yanında pürfələk içəri girdi. Üçümüz də göz-gözə gəlməkdən qorxurduq; yox, qorxmurduq, utanırdıq, ölüb yerə girirdik.

Arvad boynuma sarıldı:

- Bircə, sən Allah bizi bağışla. Gəlin nadandı, beyni qandı, qanmayıb.

- Ay Gülü xala, gəlin düz eləyib, nadan niyə olur, qadın yığımcıl yaxşıdı. Siz evi pay verdiniz, o da xeyrini görmək istədi, halal xoşu olsun. Bəs axırda elədiyi yaxşılığa niyə pıtraq caladı?

Emil başını yerdən qaldırmadan dedi:

- Mən də həyətdə kişi kimi yeriyirəm, kişi-kişi yanınıza gəlirəm, qardaşlarınızla ikiəlli görüşürəm. Guya mən də bir kişiyəm, kiminsə işinə yarayıram. Mən kişi yox ey, heç eşşəyə çul da deyilmişəm.

Gülü xala aldı dəhrəni, doğradı pöhrəni:

- Başındakı papaq yox, təvərəymiş. Arvadın salona gedəndə çağanı da Bircənin qucağına verirdi. Sənə deyirdimmi qudurtma bunu? Gördün neylədi, beş ay gəlindən pul alıb, üstəlik də xalxı şərləmək istəyir.

Uzun mübahisədən, məşvərətdən sonra ana-balanın könlünü ala bildim. Gətirdikləri min manat pulu qaytarıb Emilin cibinə qoydum, boynunu qucaqlayıb üzündən öpdüm:

- Bu pul o gəlinin halal xoşu olsun. Əslində ən yaxşısını o elədi, qoy gedib özünə bir şey alsın, - deyib ana-balanı barışıqla yola saldım.

İki gün sonra gəlinin son dərəcə mədəni, tərbiyəli, danışanda uşaq kimi qızaran atası qapımızı tıqqıldadıb qızı əvəzdən məndən üzr istədi. Tifağı dağılmış, Şuşadakı yurdu-yuvası erməniyə qalmış, dərddən əriyib sümüyə çıxmış atanın ayağıma gəlməsi mənə ölümdən betər oldu.

# 10044 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #