Sənsiz ölü kimiyəm - Bircənin romanı

Sənsiz ölü kimiyəm - Bircənin romanı
16 oktyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Tahir əminin zabit oğlu Cavidin vəziyyəti haqda mənə hər gün məlumat verirdi. Oğlumu Qobustandan aran rayonlarının birindəki sərhəd zastavasına aparmışdılar, avqustun səkkizində andiçməsi olacaqdı.

Həftənin tamamında əsgərimin səsini eşidə bildim:

- Anaaaaa!..

- Hay can, anan qurban, necəsən? Mən sənsiz ölü kimiyəm, bütün duyğularım ölüb, oğlum, təkcə darıxmağım diri qalıb.

- Ana, uşaq deyiləm ki mən, özüm də yaxşıyam. Hava çox istidi, buranın suyunu içə bilmirəm.

- Alışacaqsan, darıxma.

- Mənim harda olduğumu heç kimə, dostlarıma da demə. Taylana tapşır məni soruşanlara xaricdədi desin.

- Axtarırlarmı səni?

- Ana, dediyimi eləyin.

Əmim oğlu bizim əsgəri generala kompüter işləri üzrə köməkçi verdi. Aqilə qurban olum, payıza qədər oğlumu “Sirab”la sirab elədi, həftədə iki dəfə onun iş otağına şəhərdən su göndərdi.

Nuriyyəgil düz üç ay hər yerdə Cavidi axtardılar. Xala-bala oğlumun bir zamanlar xaricdə oxuduğu məktəbləri, qaldığı otelləri ələk-vələk eləyəndə mənim əsgərim onların qulağının dibində Vətən keşiyində dayanmışdı.

Hakim məni, öz ailəsini, Lalənin balalarını başına yığıb oğlumun andiçməsinə apardı. Cavidin ən yaxın dostları, universitetdəki abiləri hərbi hissəyə bizdən qabaq çatmışdılar. Mənim əsgərim hərbi formada çox qəşəng, güclü, sağlam görsənirdi.

Günorta yeməyini birlikdə yedik, Cavid him-cimlə məni süfrədən durğuzub yeməkxanadan aralı apardı. Qolunu boynuma saldı, kənddə qardaşlarımın, atamın gözündən oğurlanıb daldada qucaqlaşdığımız kimi sarmaş-dolaş olduq. Göz-gözə baxışıb yenidən qucaqlaşdıq. Əl-ələ tutuşduq, danışmağa söz tapmadıq. Anarın sımıda-sımıda bizə yaxınlaşdığını görəndə oğlum tezcə qulağıma pıçıldadı:

- Ana, məni bağışla, səndən üzr istəyirəm.

- Nəyə görə, qadan alım?

- Bura gələnə qədər səni çox incitdim, bezdirdim, yordum. Evdəkiləri zəhərlədim.

- Demək elə lazımmış.

- Yox, ana, elə lazım deyilmiş. Bilirəm məndən ürəyin qırılıb.

- Elə demə, oğlum, sən mənim bəzəkli dünyamsan. Evimizdə olanların hamısını çoxdan unutmuşam.

Anar özünü aramıza təpdi:

- Nədi, xalama yaltaqlanırsan pul qopardasan?

Oğlum onun yupyumru ağ kələmə bənzər keçəlindən öpdü:

- Yox, anamı aparacam məni generala tapşırsın.

Anar əllərini arxasında çataqlayıb qənşərimizdə dayandı, iri qara gözlərini bərəldib əsgərimizə çəmkirdi:

- Ə, peysər, Rüfət dayım demirdimi hansı əsgərin anası komandirlə görüşürsə ona pis baxırlar? Xala, getsən dayıma deyəcəm.

Cavid onu cırnatmaqdan həzz alırdı:

- Ayə, kəltənbaş, xalana razı deyilsənsə öz xalamı aparacam.

Anar əlimdən bərk-bərk yapışıb dedi:

- Get Sevil xalanı apar, ona razıyam.

Oğlum onu qamarlayıb boynuna atdı:

- Sənin amanatını xıncımlayacam, orta qılçanı əzəcəm orduya yararlı olmayasan.

- Ə, mən sənə Tapdıq deyiləm, qoy yerə, yoxsa başını yararam.

Onların didişməsinə baxa-baxa doyunca güldüm.

- Ana, Taylanı niyə gətirmədiz?

- Taylanın yerində Anar oturdu.

- Barı sözünə baxır, səni incitmir ki?

Mənim yerimə Anar dilləndi:

- Taylan da qudurub, o da qız sevir, evdən pul oğurlayır, xalamın üzüklərini aparıb qızın anasına verir. Xalam onu tezdən oyadıb küçəyə atdı, qapını bağlayıb gəldik bura.

Oğlumun gözləri bərəldi:

- Ana, bu nə danışır?

Anar qıçımıza dolaşa-dolaşa dil boğaza qoymurdu:

- Qızın adı bilirsən nədi?

- Nədi?

- Xəccə.

Əsgərimiz daşın hara atıldığını bilib təbərrükümüzü bir də qamarladı:

- Fındıqlarını əzib buracam səni, bunun özünə bax...

Hərbi hissənin rəhbərliyi bir xeyirxah iş görmüşdü: yanına gələni olmayan əsgərləri kim istəsəydi özüylə aparıb qonaqlaya bilərdi. Cavid arıq, qayışbaldır bir əsgəri yalvara-yalvara özüylə gətirmişdi. Əsgər hər iki valideynini itirmişdi, bacı-qardaş nənə ümidinə qalmışdılar. Oğlum irəlicədən bizi təlimatlandırıb:

- Ondan ailəsi barədə heç nə soruşmayın, - demişdi, - üzünə yazıq kimi baxmayın.

Oğlanı lap başda oturtduq; utanıb yemək istəmədikcə Hakim onu o qədər öpüb yalvardı ki, bəlkə də qardaşıma yazığı gəldiyindən əlini süfrəyə uzatdı. Çox keçmədi Anar utancaq oğlanın cibindən lal daşını çıxara bildi, gün batınca onu bizə qaynadıb-qarışdırdı. Ayrılanda qardaşım, yeznəm Cavidlə bərabər onun da cibinə xırda xərclik qoydular.

Beləcə, bacı-qardaş yığıldıq bir araya, məlhəm qoyduq yaraya. Uzun bir günü Aqilin xahişiylə ayrılmış sərin otaqda apardıqlarımızdan yedik-içdik, əsgərimizi gördük, şad-şalayın geri qayıtdıq.

***

İyulun axırları bacım qızları tətilə çıxıb kəndə getdilər, az sonra Taylan da Türkiyəyə yollandı. Qaldıq Xədicəylə mən, bir də qonşumuz Gülü xala. Xeyli kitab oxumuş bu mehriban qadın Aygün ərə gedəndən sonra mənim sirr yerim, saxlanc sandığım olmuşdu. Bacım Lalənin evi soyulandan bəri qorxuya düşmüşdüm, olan-qalanımı qonşuma verib evdən ürəkli çıxırdım.

Gülü xalayla Tolstoydan Yeseninə, Bayrondan Napoleona qədər çox mövzuda danışa bilirdik. Qorkiyə nifrəti vardı, bu da səbəbsiz deyildi: gəncliyində Tibb İnstitutuna imtahan verib bütün fənlərdən “beş” alsa da ədəbiyyat yazılıdan kəsilmişdi. Mövzu Qorkinin “Ana” romanıymış. Qonşum bütün inşa boyu əsərin qəhrəmanı Pelageyanın adını “Palegeya” şəklində yazdığından qolu qurumuş müəllimdən “iki” alır, arzularını Xəzərin yellərinə verib Bakı küçələrinə səpələyir. Kəsildiyini öyrənəndə necə sarsılırsa əl atıb saçının bir çəngəsini kökündən qoparır. Ondan sonra başındakı o talada tük bitməmişdi.

Həkimlik diləyinə çata bilməyən Gülü xala tibb bacısı işləməklə yetinmişdi. Qismətini vurub əlindən salan həyata acıqlı olsa da arzusu nifrətə çevrilməmişdi, könlündə beş həkimə yetdik şəfqəti vardı.

Elgün təmirlə bağlı bizə gəlib evə baxış keçirəndə də Gülü xala böyrümü kəsdirib məndən ötrü ağır olan sınaq qarşısında titrəyən canımı közərmiş gözləriylə isidirdi.

- Bircə xanım, əla təmir istəyirsizsə, evi tamam boşaltmalısız, - Elgün dedi.

- Necə boşaldım, hara gedim? Hələ üstəlik sentyabrda tələbələrim də gələcəklər.

- Bu evdə nə əşya qalsa puça çıxacaq, adam yaşayan yerdə əsaslı təmirdən söhbət gedə bilməz.

Yenə quluzuma düşdüm:

- Onda təmirin başını buraxım.

- Niyə axı, çıxın bir neçə ay kirədə qalın.

- Bu qədər əşyanı hara daşıyım, iki qız uşağı yedəyimdə gedim kimin evində qalım?

Köçhaköç gözümə oturmuşdu, qorxumdan bir müddət təmir sözünü dilimə almadım.

***

Sentyabrda Aqil öz bağında atamla anamın evlənməsinin 60 ili münasibətilə onlara qızıl toy elədi. Bacılı-qardaşlı hamımızı başına yığdı. Qardaşlarıma gözəl kostyumlar, köynəklər, ayaqqabılar alıb bağışladı. Biz bacıların cibinə pul basıb hamımızı toysayağı bəzətdi. Bol süfrə açıb Ehtiramın qaltanlı səsini dəniz boyunca sıralanmış bağ evlərinin üstündən Xəzərə caladı. Elə bil qardaşımın ürəyinə nəsə dammışdı – bizi başına toplayıb çoxlu şəkil çəkdirdi, o gecəni qarabaqara lentə aldırdı, nağıllardakı kimi üç gün-üç gecə bizi dağılışmağa qoymadı, axşamdan səhərəcən Səməndərlə Kamili tarixdən, musiqidən, ədəbiyyatdan danışdırıb qulaq asdı, onlara klassik poeziyamızdan gözəl parçalar söylədib ipə-sapa yatmayan, içimizə təzəcə düşdüyündən ailə qanunlarımıza hələ uyuşmayan gəlinini bir gecədə muma döndərib qardaşlarının vurğununa, nəslimizin pərəstişkarına çevirdi.

Kamil süfrə başından qalxıb qolunu Aqilin ərköyün gəlininin boynuna salıb deyirdi:

Ağıl bir yerdə ki, xəzinə tapar,
Allahın adını eyləyər açar.
Allah ağıllıya nəvazişkardır,
Ağılsızlara da əlacı vardır.

Elə bu dəm Səməndər özünü onlara yetirib gəlinin alnından öpürdü:

Nə gözəl günəşsən, ta uzaqlardan
Edirsən bizimçün hər şeyi əyan.
Əsil tacidarlıq, düşün, yaxşı bil,
Yüzlərcə tac yığıb saxlamaq deyil.

Sonra ürəyində əmi-dayı sevgisi közərtməyən, ailə-nəsil bağları möhkəm olmayan gəlini qucaqlayıb saçlarından öpürdü:

- Sən bizim qardaşımızın baş tacısan, onun həm qızı, həm gəlinisən, bizim də zər-zibamızsan. Bu gecə yatdı yoxdu.

Az keçmiş gəlin qol çırmayıb samovar qaynatdı, qardaşlarıma çay dəmləyib onların çənəsinin altını kəsdirdi. Oxuduğu kitablardan, uzaq tarixlərdən suallar verib cavablar aldı. Səhərə yekəxana, ədabaz, böyük-kiçik yeri bilməyən gəlindən əsər-əlamət qalmamışdı – onu yoran, ər evinə yovuşmağa qoymayan təkəbbür yükünü tullayıb adlamışdı kənddən gəlmə bir dəstə adamın tərəfinə.

Qardaşlarım yuxudan durmamış gəlin qaynatasının maşınıyla şəhərə gedib əlidolu qayıtdı, “Xəmsə”nin miniatürlərlə bəzədilmiş nəfis tərtibatlı nəşrlərini alıb Səməndərlə Kamilin qarşısına qoydu. Bir sözlə, o üç sehirli gecə gəlini bizim əzizimizə, dostumuza, sirdaşımıza çevirdi, sonralar onun bir cüt oğlunun milli ruhda yetişdirilməsinə vəsilə oldu...

Məclisdə Aqil məni yanlayıb təmir dərdimi təzələdi:

- Nəyi gözləyirsən, - dedi, - Cavid gəlincə evini təmizə çıxar, nəyin çatmır mən eləyim. Oğlun qayıdan kimi bizdən arvad istəyəcək.

- Təmir məsələsi mənim qol-qanadımı sındırıb.

- Niyə, ay bacı, nədən qorxursan?

- Evi boşaltmaqdan.

- Onu bir günə boşaltdıracam, qızları da götürüb yığışarsan bizə.

Qardaşım bağını tikən ustaya zəng vurub yanımıza çağırdı. Onu illərdi tanıyırdıq, hamımızın yuvasında əl izi vardı.

- Ədil, Bircənin evini sənə tapşırıram, - Aqil dedi. - Elə indi onunla gedirsən, ölçüb-biçib nə lazımdı eləyirsən. Oğlu əsgərlikdən gələnə kimi evi təmizə çıxarırsan.

Ədil evimizə baxandan sonra Elgün deyəni dedi. Bu səfər Gülü xala harayıma çatdı:

- Özümü vuracam xəstəliyə, oğluma deyəcəm burda otura bilmirəm, gedək həyət evimizdə qalaq. Sən yığış bizə, rahat işini gör.

- Yox, ay Gülü xala, - dedim, - buna razı ola bilmərəm.

- Cəhrə əyirənin donu təzə olar. Əlindəkini-ovcundakını oğlun gəlincə dağıdıb oturacaqsan köhnə dəyirmanda. Nə deyirəm ona qulaq as.

***

Üstündən həftə keçməmiş arvad dediyini elədi, oğlunu, gəlinini yığıb köçdü həyət evinə. Ordan başladı məni idarə eləməyə:

- Axşam oğlumla gələcəm evə baxmağa, keçəcəyik sizə. Sən təmir söhbətini sal, gerisi mənlikdi.

Vədə verdiyi vaxtda hayla-küylə qapını döydü:

- Keçi öldü, qoturu da kəsildimi? Getdim qulağın dincələr mənim əlimdən, gecə-gündüz iynələrimi döşəyirdin.

- Elə deməyin, ay Gülü xala, sizsiz buraların dadı-duzu yoxdu.

Arvad mənim balaca işlərimi böyüdüb oğluna öyməyə başladı:

- Bircə tilicə-tilicə qızıldı. Sənin bacıların gərək yüz il qanqal otlayalar ki, gəlib dəvəyə çatalar. Bu qızın bircə aylıq usta işi var, bizim evimiz də boşdu. Açarı ver gəlinə bir aylıq yığışsın bura, işini gördürsün. Dünyanın gedişatını nə bilmək olar – Cavid qanı təmiz nəsildəndi, gələcəkdə elə bir vəzifə tutar, sənin də ona işin düşər.

Həyəcanlandım:

- Yox, ay Gülü xala, bizim azı dörd aylıq işimiz var.

Arvad mənə göz ağartdı:

- Hər şey pulun başındadı, bircə aya evi hala gətirəcəklər.

Ananın özü kimi ürəkli oğlu açarları masaya qoyub ayağa qalxdı:

- Mənim anam hər adama bel bağlamaz, götürün açarları, ev oldu sizin, - deyib qapıdan çıxdı.

Gülü xalaya sarılıb kövrəldim:

- Sənə qurban olum, mən bu xəcalətdən necə çıxacam?

- Xəcaləti-zadı yoxdu. Mənim gəlinlərim dədə gözü çıxarandılar, sabah göndərəcəm gəlib iki otağı boşaltsın.

Ertəsi gün gəlin bir az əsəbi qapıdan girdi:

- Elə bir şeyimiz qalmayıb burda. Beş otağın üçünü verirəm sənə. Amma bir şərtim olacaq.

Sevincimdən oynağa gedirdim:

- Nə şərtin olsa razıyam.

- Hər ay mənə 200 manat verəcəksən, yandırdığın işığın, qazın pulunu özün ödəyəcəksən. Bu söhbət aramızda qalacaq, qaynanam, baldızlarım, ərim bilməyəcək.

- Razıyam, - dedim.

Gəlini yola salıb yükümü qabğarmağa başladım.

Lalə məni xeyli yükdən azad elədi:

- Sən Avrostil təmirdən dəm vurursan, bu köhnə şeyləri özünlə xalxın evinə niyə sürüyürsən?

- Bəs neyləyim?

- Sat, ya da kiməsə bağışla. Təmirdən sonra təzələrini alarsan.

Bu söhbəti eşidəndə Şəfa döşəndi əl-ayağıma:

- Bircə, qurbanın olum, nəyi atacaqsansa ver mənim qardaşıma, atam-anam quru yerdə yatırlar.

- Gəl istədiyini apar.

- Qardaşımla anamı gətirəcəm baxsınlar, amma Həmid bilməsin.

- Mal mənimdi, kimə istəsəm verərəm, Həmid kimdi?

O günün axşamı qızlarla köməkləşib özümüzə saxlayası olduğumuz ayın-oyunu yığıb daşıdıq qonşuya. Sabah ertə Şəfa özü, qardaşı, anası daraşdılar otaqlarımıza. Cehiz mebelimi xalçalar da üstündə Nuşu xalanın evində kirayə qalan qadının qaçqın bacısına bağışladım. Çöpəgülənin anası üstü yorğan-döşəkli, mələfəli, adyallı çarpayılara baxdıqca sevindiyindən uğunurdu:

- Oyy, Şəfa, axır ki, atana çarpayıda yatmaq qismət oldu.

Onlar rusca danışa-danışa əllərinə keçəni bayıra daşıdıqca Firəngiz özünü saxlaya bilmirdi:

- Axmağın varı qarnında olar. Bəzənib-bərtinib bütün günü avara-avara gəzirlər, Bakı kimi şəhərdə stol-stulsuz, çarpayısız evdə yaşayırlar, bizə də kəndçi deyirlər.

Aydan yumru dodaqlarını kömbələyib bacısını sakitləşdirirdi:

- Za to rusca danışırlar.

- Demə, demə, rus dilində danışıb zadəgan olublar. Bayaqdan babamın rayondan aldığı torşerə baxıb ağızlarının suyunu axıdırlar.

Şəfanın qardaşı mətbəx mebelini söküb qabğardı, əl atıb divardan çox sevdiyim tablonu endirəndə Firəngiz bağırdı:

- Onu yox, ay dayı, o mənim cehizimdi.

Çöpəgülən bir ağız qaqqıldadı:

- Hanı e, sən də gedirsən ki ərə?

- Ərə getdi tayım-tuşum, evdə qaldı yassar başım. Biz hələ oxuyuruq, yol Solmazındı. Onu ərə verməmiş heç yerə gedən deyiləm...

# 9574 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
# # #