Saat işi, iş saatı

Saat  işi, iş saatı
5 aprel 2011
# 15:21
LAYİHƏ: KAMERA ARXASI

Ramilə Qurbanlının “Kamera arxası” layihəsində geniş ictimaiyyətdən uzaq olan sadə peşə adamları haqqında söhbət açılır. Pirotexnik, küyçü, tarbənd, kaskadyorlar bu layihənin qonağı olacaq.

İlk qonaq saatsaz Ədalət Cavadovdur.


Onun iş yerinə yaxınlaşanda ətrafı toz götürmüşdü, şəhərin mərkəzi küçələrindən birində binanın üstünü qaşıyıb təzələyirdilər. Tozdan qurtulmaq üçün özümü arkadan içəri atdım.

Bir yaşlı kişi əlində süpürgə qapının ağzına dağılmış daş qırıntılarını, tozu süpürürdü. Mənim ona doğru gəldiyimi görüb süpürgəni divara söykəyib içəri keçdi.

Mən də onun arxasınca, yəqin usta müştəri olduğumu zənn edib, yerinə əyləşib, əvvəlcə əlimə, sonra da üzümə baxdı.

Peşəmə uyğun işə başlayıb əvvəlcə özümü təqdim edib, məramımı izah etdim, sonra müsahibimin ismi-şərifini soruşdum.

- Cavadov Ədalət - deyə səmimiyyətlə gülümsəyərək cavab verdi.

Mən də bu təbəssüm razılıq əlaməti deyə-düşünüb davam etdim. Həmsöhbətim kinorejissor Vaqif Mustafayevlə də qohum deyil, hərçənd ona çox bənzəyir, təbəssümü belə. Əlqərəz, keçək söhbətə

- Sizə müəllim deyə bilərəm?

- Sənətkar üçün ən yaxşısı odur

- Neçə ildir bu sənətlə məşğulsunuz?

- 43 ildir

- 43 ildə bu sənətlə nələr əldə etmisiniz?

- Öz dükanımı yaratməşam, evim-eşiyim, dolanışığım, uşaqları yerbəyer etmişəm, indi də xırda-xırda işləyirəm.

- Sovetin vaxtında özəlləşdirdiniz, yoxsa müstəqillikdən sonra?

- Müstəqillikdən sonra, ara qarışanda gördüm kimin nəyi var özəlləşdirir, mənim də dədə babadan olanım bu dükan idi, bunu özəlləşdirdim. Sağ olsun müştərilərdən kömək etdilər özəlləşdirdim.

- Dükan niyə?

- Xudmani dükandı də...xırda-xuruş saat bağı, cürbəcür saatların, növbənöv daşları, elə saatların özlərindən də satırıq.

- Dediniz dədə-babadan qalma yerdir?

- Atam işlədib, ondan da mənə qalıb. Atam da öz dövrünün tanınmış saatsazı idi. Mən də ondan öyrənmişəm.

- Saatsazlığın xüsusi məktəbi yoxdur də?

- Sovet vaxtı peşə məktəblərinin nəzdində var idi, indi yoxdur.

- Atanızdan öyrəndiniz, (bayaqdan sakitcə oturub bizi dinləyən və saatsaz Ədalətə bənzəməsi də diqqətimdən qaçmayan cavan oğlanı göstərib soruşuram) indi də oğlunuzu dədə-baba sənətinə öyrədirsiniz?

- Bəli, iki diplomu var, gətirmişəm saatsazlığa da yiyələnsin, məndən sonra bu yerə, bu işə özgəsi sahib çıxmalıdır...

- İndiyə qədər neçə saata yeni həyat vermiş olarsınız?

- Onu saysam da indiyə qədər hesabı itirərdim.

- Məşhurlardan kiminsə saatını düzəltmisiniz?

- Onu deməyəcəm, kiminsə adı ilə özümə şöhrət qazandırmaq istəmirəm, mənim də öz adım var. Bir saatsaz var, özünü reklam etdirməyi yaman sevir, özü də başqalarının adı ilə Müsahibə verməyin də dəlisidir. Bir dəfə də müsahibəsində deyib ki, aktyor Muxtar Maniyev mənim dostumdur. Bunu da Muxtar Manıyev oxuyubmu, eşidibmi bilmirəm gedib o saatsazın üstünə ki, mən nə vaxtdan sənin dostun oldum. Sonra da özü gəlib mənimçün danışır ki, “afirist”in biridir, özünü mənə dost sırıyır. O qədər adamların saatını düzəltmişəm ki, heç birinin adını çəkməyi lazım bilmərəm.

Diqqətimi mizin üstündə balaca yumru saat çəkdi. O saatdan nə vaxtsa bizim evimizdə də vardı. Səhər dərsə getmək üçün o saatın zənginə oyanardıq. Bir dəfə balaca qardaşım söküb yığmışdı yerə, niyə belə etdiyini soruşanda cavab vermişdi ki, dedim görüm içində nə var...Yığdıq yenə əvvəlki qaydada işlədi, bir saniyə o yan, bu yana getməzdi. “Vremya” ilə eyni işləyərdi. O vaxt saatlarımızı “Vremya” proqramı ilə düzəldərdik.

- Mizin üstündəki saatın neçə yaşı olar?

- Çox, onun həmyaşıdları indi çətin tapıla, amma o saatların misli yoxdur. Sovetin saatıdır, “Slava”

- Bəs, sonra çıxan elektron saatlar necədir?

- Hərəsinin öz mexanizmi var.

- Hansını düzəltmək daha rahatdır?

- Düzəltmək baxımından hamısı eynidir, eyni işi görürsən.

- İndiki İsveç saatları yaxşıdır, yoxsa Sovet saatları yaxşı idi?

- Hər şey o vaxt daha yaxşı idi.

- Yeni çıxan saatların düzəltmə mexanizmini hardan öyrənirsiniz?

- Əvvəl hər şey əllə idarə olunurdu, indi pultladır, onu idarə etmək üçün də insan şüuru rol oynayır.

- Yəqin qızıl saat da düzəltmisiniz?

- Təbii

- Deyirlər saatsazlar qızıl saatların içini dəyişirlər, ümumiyyətlə qızıl saatın hissələri də qızıldan olur?

- O yalan söhbətdir, çünki qızıl saatın içi qızıl olmur ki, onu da saatsaz mənimsəsin, möhkəm materialdan olur vəssalam

- Saatın işi nədir?

- Sahibinə zamanı göstərmək.

- Zamanı bəyəm saat müəyyən edir?

- Bəli.

Bu yerdə bayaqdan yığışıb gözləyən və bizi maraqla dinləyən müştərilərin hamısından sonra gələn səbirsiz adam dilxor halda, tərzindən bizim boş işlə məşğul olmağımızı bizə çatdırmaq istəyi oxunan vəziyyətdə “Buna baxa bilərsiniz”-deyə bir saat uzatdı. Usta söhbətinə ara vermədən alıb onun saatının daşını dəyişdi.

- İndi o qədər də saat taxan yoxdur...

- Telefonda da saat olur ona görə, amma ən rahatı saatın özüdür.

Bayaqkı müştəri onu alıb daha bir saat çıxartdı. Saatsaz ona da baxdı, nə etdi bilmirəm saat işə düşdü. “1 manat 50 qəpik”-deyib müştərini o saatını da qaytardı.

- Nə ucuz, həmişə belə xidmət gostərirsiniz?

- Qiymət nə edirsə onu alıram, artıq mənə lazım deyil.

Bu arada usta daha bir müştərinin saatının daşını dəyişdi, bu dəfə 5 manat aldı. Deyir bu “Svaç” saatıdır, onlara başqa daş getmir, o saatların daşı Bakıya baha gəlib çıxır.

- Maşallah, işiniz pis olmur, ya da mənim ayağım yüngül oldu...Mexaniki saatlar indi az olur?

- Olur, amma keyfiyyəti əvvəlki deyil. Bir də ki, işləyən hər şeyin bir gün xarab olmaq günü də var. (Əlində düzəltdiyi saatı göstərib deyir) Bunlar “Odnarazovı” saatlardı, düzəldirəm amma çox çəkməz, dəyişmək lazımdır. Əvvəllər belələri olmazdı. Rəhmətlik Əliağa Ağayev deyir bir gün İranda qastrol vaxtı bir saat gözümü yaman tutdu, aldım onu. Gəldim deyir mehmanxanaya Siyavuş Aslan dedi ki, kimin çantasında saat olsa “tamojnı”dan keçirə bilməyəcək. İstədim deyir saatı bağlayam qoluma, balaca gəldi. Aparıb bir saatsazın yanına ki, bunun bağlanan yerini bir az böyüt mənimçin. Deyir böyütdü, amma məndən 25 tümən aldı. Əliağa rəhmətlik yanıb-tökülürdü ki, 25 tümənə iki kisə xına alıb gətirib satdırardım 50 manata. Bir dəfə də Siyavuş Aslan Naxçıvanda bir saat alıb, çıxıb bayıra görüb saat işləmir. Qaytarıb ki, saat işləmir, deyiblər Bakıda Ədalətə apararsan düzəldər. Gəldi düzəltdim, deyir alə, gör səni hardan mənə nişan vəriblər...

- Pulsuz saat düzəltmisiniz?

- Olub, pensiyaçı adam olub, ondan pul almamışam, Bakı böyük deyil, əvvəllər hamı bir-birini tanıyırdı, bilirdim kimin imkanı nədir. İndi sonradan gələnlər çoxdur, əvvəlkilər də köçüb gediblər hamını tanımaq olmur.

- Köhnə Bakılılar qəzəlpərəst olurlar?

- Əliağanın qəzəllərini çox sevirəm, əksəriyyətini də əzbər bilirəm

- Birini deyin gəlsin.

- Onun üçün gərək təb gələ, Əliağadan hər dəqiqə qəzəl deməzlər, təblə deyərlər. Mənim toyumda Akif İslamzadə oxuyub

- Neçə ilin söhbətidir?

- 40 ilə yaxındır. Dostumun toyunda oxumuşdu, çox xoşuma gəldi, dəvət elədim ki, mənim də toyumu oxusun, yaxşı oxumadı. Qardaşı da dostumuz idi, dedim Akif toyumu yaxşı oxumadı. Dedi bəyəm, təb həmişə gəlir, yox, təb gəlməyi müsibətdir, qalan vaxtları oxuyub yola verməkdir.

Bu qədər, bu da Bakının köhnə kişilərindən biri Ədalət kişinin, saatsaz Ədalətin həyat səhifəsindən bir vərəq idi, birlikdə çevirdik ömürdən bir gün getdi...

Ramilə Qurbanlı
# 2479 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #