Operatorla müsahibə: “Dedi ki, çobanam, təkəm, darıxıram“

Operatorla müsahibə: “Dedi ki, çobanam, təkəm, darıxıram“
16 oktyabr 2012
# 11:17
Mobil nömrəmizdə bir problem olan kimi dərhal həmin şirkətin operatorlarına zəng vururuq. Nömrəylə bağlı hirsimizi, elə digər problemlərimizi də həmin adamın üstünə tökürük. Amma fikirləşmirik ki, o da bizim kimi adamdı, onun da əsəbi var və o, öz işini itirməmək üçün bizimlə səbirlə danışır. Siz həmin operatorun bizim qaba-kobud danışmağımızdan, əsəbimizi onun üstünə tökməyimizdən sonra onun ağladığını bilirdinizmi? Ümumiyyətlə, bir qadını ağlatmaqdan böyük günah yoxdur.

Kulis.az mobil şirkətlərdən birinin müştəri xidmətlərində operator işləyən Leyla xanımın müsahibəsini təqdim edir.


- Neçə ildir bu vəzifədə işləyirsiniz?

- 1 il yarımdı.

- Niyə görə bu işi seçdiniz? Sizə maraqlı idi, yoxsa?

- Bu iş mənə maraqlı gəlirdi. İşim düşəndə operatorlara zəng edib kömək istəyirdim. Səsini eşidib üzünü görmədiyim bu xanımların səsinə təyyarələrdə həmişə maraqla qulaq asırdım. Mənə maraqlı idi, onlar necədir, nə geyinirlər, necə yaşayırlar.

- Ora gedəndən sonra nə ilə qarşılaşdınız?

- Onlardan biri oldum. Mənə də zənglər gəlirdi və mən də kimin üçünsə maraqlı idim. Gördüm ki, qıraqdakı insanlara da üzünü görmədiyi, səsini eşitdiyi qadınlar maraqlıdır.

- Telefonlarda , Youtube-da yayılan bəzi videolardan belə görünür ki, operatorlara zəng edib məzələnirlər.

- Belə şeylər olanda hiss edirsən. Bilirsən ki, sənin səsin yazılır. Buna görə də bir az diqqətli olub, şirkətin nizamnaməsinə uyğun olaraq abunəçinin suallarına cavab verirsən. Amma belə söhbətlərlə gənc operatorları “tutmaq” olar. Peşəkarlarla belə şeylər alınmır.

- Sizin də səsinizi Youtube-da yerləşdiriblər?

- Bəli, olub, amma mən vəzifəmi yerinə yetirib, onun suallarına cavab vermişəm.

- Zəng vurub nə soruşurdular?

- Bir vaxtlar “aşt” sözü çıxmışdı. Adama başa düşə bilməyəcəyi söz deyirdin, o da başa düşmürdü, “necə?” deyirdi, “aşt” söyləyirdin, bununla da məsələ bitirdi. Bir dəfə bir abunəçi zəng vurub dalbadal suallar verirdi. Mən gördüm ki, danışıq uzanır, xətdə digər abunəçilər var. Ona görə “necə” dedim və abunəçi də “aşt” deyib, öz arzusuna çatdı.

- Belə zənglər sizi əsəbiləşdirmir?

- Əvvəllər çox əsəbiləşirdim. Amma müəyyən vaxt keçəndən sonra anladım ki, bu insanlar işi-gücü olmayan, yalnız bununla öyünən insanlardır. Amma bekarların da növləri var. Bir də baxırsan ki, bekarçılıqdan zəng vurub normal suallar verirlər, bəziləri də gic–gic suallar verir.

- Zəng vurub tanış olmaq istəyən olub?

- Əlbəttə olur. Sən xidmət göstərirsən, sonda da sənə deyir ki, tanış olmaq olar? Bu, həqiqətən adamı incidir. Fikirləşirsən ki, sən abunəçiyə bu qədər kömək edirsən və o da sənə qarşı belə hərəkət edir.

- Heç elə adam tanıyırsınız ki, iş yoldaşlarınızdan, ya da digər şirkətlərdə olan operatorlardan, bu yolla kiminləsə tanış olub?

- Ümumiyyətlə, belə hal operator etikasına ziddir. Mən elə bir adam tanımıram. Bu hal biz tərəfdən qəbuledilməzdir.

- Zəng vuranlar arasında tanıdıqlarınız olur?

- Əlbəttə olur. Amma o bir abunəçidir, sən də bir operator və onun suallarına cavab verirsən. O zəng vurur və halını soruşur. Ümumiyyətlə, bizdə elə qadağa yoxdur ki, atan, əmioğlu, xalaoğlu sənə zəng edə bilməz. Amma zəng vurub desə ki, evə gələndə çörək al, bu, artıq yolverilməzdir.

- Elə olurmu ki, hansısa operator çox əsəbiləşir və işi tərk edir?

- İşdən çıxma olmur. Amma qızlar bəzən əsəbdən ağlayır.

- Niyə ağlayırlar ki, dözə bilmirlər?

- Bir də görürsən ki, bir abunəçi zəng edib, söyüş söyür. Məsələn, kart yüklənmir və buna da səbəb sistemdə müəyyən işlərinin aparılması olur. Amma abunəçi bunu heç cürə başa düşmür. Anlamır ki, burda operatorun heç bir günahı yoxdur. Gecə saat üçdür və kart yüklənmir, amma abunəçi ona kömək etmək istəyən xanımı söyür. Əlbəttə ki, bu ona pis təsir edir və qulaqcığı çıxardıb ağlayır.

- Söyüş söysələr belə dözüb cavab verməlisiniz, ya necə?

- Xeyr, bizim də özümüzə hörmətimiz var. Söyüş söyən abunəçinin zəngi avtomatik kəsilir.

- Sizi də nə vaxtsa ağladıblar?

- Bəli, məni də bir dəfə abunəçi söymüşdü və mən də ağlamışdım.

- Sizin şirkətdə də səslər yazılır?

- Əlbəttə. Göstərdiyimiz xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə bizim şirkətdə də səslər yazılır.

- Səs yazılması nə üçündür? Operator kobud danışsa, onu cəzalandırmaq üçün?

- Ümumiyyətlə, operator kobud danışmır. Sadəcə operator izah məqsədilə bir sözü sənə dəfələrlə təkrarlayır və abunəçi də bunu kobud başa düşür. Şikayət olanda, şirkətdəki xüsusi qrup həmin zəngi dinləyir və lazımi tədbirlər görür. Səslər də belə hallara görə yazılır. Amma bəzi şirkətlər var ki, onlar həmin səsləri yazmır , bu da onların xidmət səviyyəsinə təsir göstərir.

- Sizin şirkətdə işləyənlər ancaq həmin şirkətə məxsus nömrələr işlətməlidir, yoxsa yox?

- Xeyr, bizdə elə bir qadağa yoxdur. Kim hansı operatorun nömrəsini işlətmək istəyirsə, işlədir.

- Bir il yarımdı bu işlə məşğulusunuz. Maraqlı hadisələr olub?

- Maraqlı hadisələr ən çox gecə növbəsində olur. Gecə saat birdən, ikidən sonra ölkə yatır. Bu vaxt ya çox ciddi zənglər olur, ya da çox mənasız. Telefonunda mobil operatorların nömrəsindən başqa nömrə olmayan adamlar, 5-10 qəpiyindən keçib, sadəcə bir xanım səsi eşitmək istəyirlər və həddindən çox sual verirlər. Yadımda qalan bir hadisə olub. Gecə növbəsindəydim. Möhkəm yağış yağırdı. Mən pəncərənin qabağında oturub çölə baxırdım. Zəng yox idi. Birdən bir abunəçi zəng vurub tarif haqında məlumat istədi. Mən də ona cani-dildən kömək elədim. Dəstəyin o tayından yağış səsi gəlirdi və abunəçi ardıcıl suallar verdi. Sonda dedi ki, xanım mən çobanam. Haramı düzündəyəm, darıxıram. Mənimlə bir az danışın da. Mən ona dedim ki, başqa sualınız yoxdusa , mən əlaqəni kəsməliyəm.

Çox vaxtlar cütlüklər zəng edib, bir-birinin nömrəsini yoxlatdırırlar. Təbii ki, biz də bu məlumatları vermirik, amma heç cür başa düşmək istəmirlər. Oğlanlar bəzən zəng vurur ki, bu qız kiminlə danışıb? Bəzən zəng vururlar ki, qıza gələn zəng birinci mənə gəlsin. Bəzən qadınlar deyir ki, ərimə gələn zəng birinci mənə gəlsin və mən razıyamsa, o zəngi ərimə yönləndirim. Bir də görürsən ki, bir əsgər zəng vurur ki, internetə girə bilmirəm. Mənə kömək edin. Bəzən də əsgərlər telefonun menyusunu bilmir, onlara kömək eləmək olmur. Sonda əsgər deyir ki, siz bir əsgərə kömək etmədiz.

- Elə olubmu ki, siz özünüz də gecə zəng gəlməyəndə darıxasınız?

- Xeyr, belə şey olmayıb

- Gün ərzində neçə nəfərlə danışırsınız?

- Təxminən 100-200. Bir statistikanı deyim ki, əgər bir operator 7- 8 ay işə gəlirsə, o qoyulan hədəfi vurursa, deməli o 1000000 abunəçi ilə danışır.

- Bu işə qəbul olunmağınız ailənizdə necə qarşılandı?

- Bizim işdə çətinlik yalnız gecə növbəsindədir. Atam, anam həkimdir, ona görə də bunu normal qarşıladılar. Amma gecə növbəsindən çıxanda bizi şirkətimizin servisi aparır. Buna görə də qonşular arasında bir az söz-söhbət olur.

- Bu iş sizi yorurmu?

- Ümumiyyətlə, operator işləyən adam əvvəl-axır yorulur. Heç kimin əsəbi daşdan deyil. Mən hələ yorulmamışam. Yorulan gedir.

- Elə zənglər olubmu ki, öz-özünüzə deyəsiniz: yəni bunu da bilmirlər?

- Mən bu işə gələnə qədər bilmirdim ki, Azərbaycanda hərf tanımayan adam var. Mən bu işdə hərf tanımayan , mesaj yaza bilməyən adamlar gördüm. Necə ola bilər ki, bir adam “m” hərfni tanımasın. Bəzən sual verirlər ki, ekrandakı şəkli dəyişmək üçün nə etmək lazımdır?

- Bu suallara cavab verirsiniz?

- Ümumiyyətlə, bizdə nömrəyə aid bütün suallara cavab verilir. Biləndə ki, zəng edən adam heç nə bacarmır, ona kömək etməyə çalışıram.

- Zəng vuranlar daha çox qadınlar olur, yoxsa kişilər?

- Əsasən kişilər zəng vurur. Kişilər zəng vurub, öz həyat yoldaşlarının nömrələrinə aid suallar verirlər.

- Pik saatlar nə vaxt olur?

- Səhər saat 8-dən axşam 11-ə kimi xətlər dolu olur.

- Bölgələrdən çox zəng olur, ya Bakıdan?

- Rayonlardan çox zəng olur. Bir şeyi də deyim ki, bu işdə mən bütün ləhcələri öyrəndim. Abunəçi zəng vurub salam verəndə, onun hansı bölgədən zəng vurduğunu bilirəm. Bəzən bir bölgədən zəng vurular və soruşursan ki, mobil nömrənizi təqdim edin. Abunəçi belə cavab verir : 5+2-3. Sonra soruşur ki, neçə edir ? Cavab verirəm ki, 4. Sonra deyirəm ki, zəhmət olmasa nömrəni deyin. Amma abunəçi israr edərək nömrəni axıra kimi belə deyir.

- Youtube-dakı videolarda tanıdığınız adamlar var? Onlar bu videoya görə narahatdırlar?

- Bəli, elə tanışlarım var ki, Youtube-da səsləri var. Amma onlar heç bir narahatçılıq keçirmirlər. Sadəcə operator kimi işlərini görüblər.

- Əsgərlər zəng vurub kontur istəyirlər?

- Bəli, elə hallar olur. Zəng vurub deyirlər ki, əsgərəm konturum yoxdur, anamla danışmalıyam. Mənə kömək edin. Amma biz bunu edə bilmirik.

- Elə operator olub ki kontur göndərib?

- Bəli, mən göndərmişəm. Gecə saatlarında bir abunəçi zəng vurmuşdu. Dedi ki, Quba yolunda maşınım xarab olub, yolda qalmışam. Nömrəsi təzə olduğundan kredit də götürə bilmirdi. İsrarla deyirdi ki, siz mənim nömrəmə baxın da, görün mən balansımı nə qədər artırıram. Baxanda gördüm ki, həqiqətən düz deyir. O abunəçi yolda qalmışdı. Heç bir köməyi yox idi. Təbii ki, bunu eləmək olmazdı. Amma insanlıq xətrinə, həmin adama Pay pointlə 1 manat göndərdim.

Fuad Cəfərov

Foto təsadüfidir.
# 1971 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #