Niyə qadınlardan bu qədər qorxuruq?

Niyə qadınlardan bu qədər qorxuruq?
15 mart 2019
# 12:48

Şəhla Aslan

Filosof Müşfiq Şükürovun feminizmlə bağlı müsahibəsində günümüzdəki xeyli aktual məsələlərə toxunulmuşdur. Məncə, bu məsələyə layiq olduğundan artıq qiymət verilir. Müşfiq bəyin özünün də etiraf etdiyi kimi bu məsələ Qərb düşüncə tərzinin məhsuludur. Kişinin başının tacı hesab olunan qadın orta əsr Avropasında hüquqsuz vəziyyətdə idi. Matriarxat və patriarxat dövrlərinin bir-birini əvəz edərək, amazonkaların cəhdinin uğursuzluğunu sübut edərək tarix bu problemin həllində çox dolanbanclardan keçmişdir. İndi də “qadın heyvanla kişi arasında bir məxluqdur” inancı ilə yaşayan Qərb qondarma qadın azadlığı şüarı ilə siyasi yolla dünyanı silkələdi. Əvvəlcə femiziya, başqa sözlə, cəmiyyətin bütün sahələrində qadınların rolu və təsirinin artması, onların ənənəvi kişi ixtisaslarına, vəzifələrinə yiyələnməsi kimi humanist tələb daha sonra qadınlara da kişilərlə bərabər hüquq verilməsi kimi siyasi məna qazandı. Zaman-zaman çözülən feminizm cərəyanı barədə düzgün münasibətlərlə yanaşı təəssüf doğuran fikirlər də meydana çıxır. Bizə yabancı olan bir cərəyanın məhz Şərq qadınının hüquqsuzluğundan nəşət (törəmək – red) etdiyini hökm etmək ədalətsizlikdir.

Əgər Şərqə İslam Şərqi kimi yanaşılarsa, “Quran”da qadına verilən qiymətə baxmalıyıq. Yox, əgər bizə türk gözü ilə baxılırsa, “Dədə Qorqud” dastanında qadın azadlığının hansı səviyyəsində olduğunu yada salsaq kifayətdir. Müşfiq bəyin özünü şərqli hesab etməsi yaxşı haldır, amma Füzulidən misal gətirdiyi yeganə nümunə yerinə düşmür. O deyir ki, “Heyrət, ey büt...” deyən Füzuli qadını bütləşdirir, ucaldır. Amma həmin misradakı “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni” müraciəti qadına yox, Allaha məxsusdur. Büt - hərəkətsiz, donuq olan varlığa deyilir. Ərəbcəsi “İlah”dır. “Allah” sözü də, “Valeh” sözü də bu kökdəndir. Allahı dərk etdikcə, ona valeh olduğunu deyən Füzuli, gözəl cinas yaratmışdır, amma burada qadından söhbət gedə bilməz. Yaxşı olardı ki, şairin başqa bir əsərindəki “Et vücudun əsəri xilqəti-əşya səbəbi” misrası nümunə göstəriləydi. Çünki burada şair peyğəmbərə müraciət edərək onun bədəninin əsəri olan qızı Fatimeyi-Zəhranın bütün kainatın yaranma səbəbi olduğuna işarə edir. Bax, qadına İslamda verilən qiymət budur. İndi boğazımıza keçirilən fetişləşmiş feminizm hara, qadın azadlığının belə zirvəsi hara? Qadın və kişi arasında harmoniya yaranmasını vacib hesab edən, özünün Şərqli düşüncəsi ilə fəxr edən filosof çıxış yolu axtararkən nə təklif edir bəs?

Qadınlar feminizmdən istifadə edərək qadın terror təşkilatını yaradıb kimə qarşı terror edə bilərlər? Kişilərə qarşı? Bu ki, Müşfiq bəyin özü demişkən, absurddur! Özünü azad hiss edən heç kəs terror etməz. Azadlıq isə sərhədsiz deyildir. Allahın qulu, bəndəsi olan adam, artıq heç kəsin qulu olmaz, eləcə də kişidən asılı olduğunu, amma onun başının tacı olan qadın öz ərindən başqa heç kəsə tabe olmaz.

“Qadınlar öz bədən quruluşlarına görə milyon illərdir ki, yalnız uşaq doğmaq, onu böyütmək üçün nəzərdə tutulmuşdur” deyəndə müəllif haqlıdır. Amma nəsil artımına qalsa, kişi fiziologiyasının da tam fərqli özəllikləri vardır. Məgər hansısa fiziloji fərq üstünlükdürmü?

İdrak fərqinin özü belə, liderliyə əsas vermir. Əvvəla, Alber Kamyu kimi nəhəng filosof idrakı etibarsız sayır, ikincisi də kişi idrakı nə qədər inkişaf edirsə, qadın beyni bir o qədər ülvi, müqəddəs məxluq kimi yanaşır. Niyə qadınlardan, feminizmdən bu qədər qorxuruq?

Feminizm öz məcrasından çıxaraq niyə cəmiyyət üçün kabusa çevrilmişdir? Bəlkə günah qadına layiqli dəyər verməyən cəmiyyətdədir? Müşfiq bəyin özünün də etiraf etdiyi kimi qadın-qadınlığı çox olan, kişi isə kişiliyi çox olan varlıqdır. Bu tezisin özü insanın Adəm övladı olduğuna bir işarədir. Əvvəlcə vahid bir varlıq olub - onda həm kişilik, həm qadınlıq əlamətləri var idi. Sonra isə cəmiyyətin inkişafı üçün ondan bir cüt fərqli varlıq yaranmışdır; qadınlığı çox olan, lakin kişilik xüsusiyyətlərindən də məhrum olmayan qadınlar və yerdə qalan, yəni kişiliyi çox, lakin qadınlıq xüsusiyyətlərini də ehtiva edən kişilər. Vəssalam, bütün dahilərin qəbul etdiyi bu həqiqəti etiraf etməkdənsə, feminizmə qarşı cəbhə açmaq qarşı tərəfi qıcıqlandıraraq o adamlara sərf edir ki, onlar bu feminizm söhbətini ortaya atıblar. Şərq fəlsəfəsini, Quranı, Füzulini öyrənmək lazımdır.

Müşfiq bəy deyir: “Qadınlara qarşı cinayətlərin bir çoxu kültürəl səbəblərlə bağlıdır. Onlarla mübarizə aparmaq gərəkdir”. Bu kültürəl” nə olan şeydir? Əgər “mədəni” deməkdirsə, paradoks yaranır. Ya da müəllif sivilizasiyanın inkişafını nəzərdə tutursa, belə çıxır ki, mədəni səbəblərlə mübarizə aparmaq lazımdır. Çıxış yolunun belə mücərrəd ifadəsi, əslində çıxış yolunun göstərilə bilməməsi kimi yozulur. Bir də ki niyə bu cür dolaşıq fikir səsləndirilir? Şərq fəlsəfəsi o qədər anlaşıqlıdır ki, belə fikir manipulyasiyasına ehtiyac qalmır.

Fəlsəfəni bir vasitə kimi özündə etiva edən Kəlam elmi isə nə qədər dolğundursa, bir o qədər də anlaşıqlıdır. Metafizikadan tutmuş ateizmə qədər, nihilizmə qədər hər şeyi əzbərləyirik, bircə əsl, düzgün mənbə olan İslama çəpəki baxırıq. Nəticə də göz qabağındadır, - labirintdə ilişib qalırıq. Məsələn, “fəlsəfə həm də praktik sahədir” sözü ilə nə demək istəyir müəllif? Axı fəlsəfə nəzəri elmdir və “həm də”si yoxdur. Yaxud “qadının güclü olduğu ekzistensial sahələr var” cümləsi ibarəbazlıq naminə toqquşdurulmuş cümlədir və istilah yerinə düşmür. Çünki, ekzistensializm həyatın mənasızlığı, ictimai fəaliyyətin faydasızlığı, əxlaqın əsassızlığını iddia edən fəlsəfi cərəyandır. Onda qadınların yalnız boş şeylərdə kişiləri üstələdiyini iddia edən müəllif öz-özünü inkar edir, axı o, özü bəzi dahi qadınların adlarını sadalamışdı.

Seksist, kültürəl və s. sözlərə də ehtiyac yoxdur. Hələ “empati” terminini demirəm. Bəlkə “empik” yaxud təcrübi demək istəyir müəllif? Dili niyə ağırlaşdıraq ki? Şərq fəlsəfəsində kişi-qadın münasibətləri elə gözəl şərh olunur ki, heç bir qondarma şeylərə ehtiyac qalmır. Tusinin “Əxlaqi-Nasiri” əsərinə müraciət etməyən filosof əlbəttə həqiqət yolunu görə bilməz. O, dönə-dönə deyir ki, Fərabi, Aristotel, Sokrat və s. kimi dahilərin fikirləri belədir və “Quran”la tam uzlaşır. Kişidə kişi xüsusiyyətlərinin, qadında isə qadın xüsusiyyətlərinin olması fəzilətdir. Tərsinə, kişidə qadın xüsusiyyətləri, qadında kişi xüsusiyyətlərinin olması isə rəzalətdir. Bunu dərindən dərk edən hansı qadın hər yerdə kişi ilə yarışa girərək, feminizm şüarını bayraq edərək rəzalətə yuvarlanar və kişilər də qadın hərəkatından lərzəyə gələrək, “amandır, qadın terror təşkilatı yarana bilər!” deyə fəryad edər? Hərə bacardığı işi görməlidir. İstisnalar isə həmişə olub, bundan sonra da olacaq.

Mariya Kurinin nüvə fizikasındakı kəşflərinə görə Nobel mükafatı alması feminizmin qələbəsi yox, qadın dühasının sübutudur.

Feminizmdən qorxmaq əvəzinə dəyərlərimizə qayıtmalıyıq, əsrlərin sınağından çıxmış kitablara müraciət etməliyik, hər biri bütün dünyaya əxlaq, elm, həqiqət öyrətməyə layiq mütəfəkkirlərimizi öyrənməliyik. Çünki onlar daha güclü mənbəyə - Allaha istinad etmişlər. Onda qadınlarımız özlərinin qadın olduqları üçün, tam azad olduqları üçün, kişilərdən heç də az hüquqa malik olmadıqları üçün rahatlıq, aramlıq hiss edəcəklər. Kişilər də kişi olduqları üçün tam azad olduqları üçün, tam hüquqlu fərd olduqları üçün özlərini xoşbəxt sayacaqlar. Bu iki fərd bir-birinə xidmət etməkdən məmnunluq duyacaqlar. Əsası isə odur ki, qadınlarımızın nə yeni amazonka dövlətini dirçəldəcəklərindən, nə də kişilərə qarşı terror təşkilatı yaradacaqları kimi mövhumatlar heç kəsi xoflandırmayacaq.

# 3282 dəfə oxunub

Müəllifin son yazıları

# # #