Kulis.az Salam Sarvanın “Miniatür şeirlər” silsiləsini təqdim edir.
Sevgi
Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaq üçün.
Kənd və Qənd
Kənddə doğulub-böyüdüyüm ev
uçulub-dağılıb indi.
O evi hamı və hər şey tərk eləyib.
Ancaq uşaq vaxtı dişləyib atdığım qəndin başına yığışan
qarışqalar hələ də ordadı.
Dünyadan çıxış
Evdən çıxdığın kimi çıxacaqsan dünyadan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?
Kişi
Bu kasıb evin kişisi
zülümlə tapdığı çörəyi hər axşam bölər evində
bir tikə hərəyə –
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.
Xətlər
Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»
Kəndirbaz
Cavanlığı kəndir üstündə
keçmiş bu qoca
indi körpü üstündə ovudur ozünü.
Vəziyyət
Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən çölə, azadlığa çıxmağın
bircə yolu var – qəza!
Eşq
Hələ də bilmirik ki, sevgi nədi:
yataqdan sonra qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?
Gün
Ad günü…
Şir bürcü, At ili, İt günü.
Cığır
Darıxıram…
Başımda sənin fikrin –
gərdiş eləməkdən bir cığır açmışam
döşəmə üstündə.
Hərdən o cığırda
“balaca oğlum” velosiped də sürür.
Əldən pəltəklik
Vaxt gələcək…
bir zamanlar kiməsə barmaq silkələdiyin,
kiminsə arxasınca yellədiyin,
kiməsə sığal çəkdiyin
əllərin qocalıb əsməyə başlayacaq.
Yəni, vaxt gələcək, bir zamanlar
işarələrlə dil-dil ötən əllərin topuq çalacaq.
Əldən pəltəklik daha dəhşətli.
Soyuducunun səsi
Bu kimsəzliyi və mənasızlığı
ən yaxşı dolduran sənsən.
Çürük dostlarla içməkdənsə,
boş-boşuna küçələri ölçməkdənsə,
bütün günü dayanırsan metronun qabağında –
guya kimisə gözləyirsən deyə
aldadırsan özünü və hamını.
Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.
Həyat əlamətləri
Məsələn, bir stəkan suyun
ömrü yoxdu əslində.
Donmaq və ərimək
hərəkətində yaşayır su.
Məsələn, qazılan quyulardan
çıxarılmış torpaq zibildi daha.
Təxminən, sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
yavaş-yavaş tökülməsidi həyat əlamətləri.
Həyat eşqi
Yavaş-yavaş ötür yaşım...
Və getdikcə durulur
avar çəkməyə açılan qolları
qucaq sanmaq aldanışım.
Amma hələ də içimdə
dənizdə boğulmuş adamın meyitini
suyun üzərinə çıxaran həyat eşqi var.
Sənsə gözünün qırağıyla
əlindən buraxdığın adamın arxasınca baxırsan
havaya şar buraxan bir uşaq marağıyla...
Yaşayış
Tufanda qaçıb evə girirsən,
zəlzələdə qaçıb çıxırsan çölə.
Başqa bir səbəb yoxdu gəl-get üçün.
Pəncərə şüşəsi
Mən sənin qarşına
pəncərə şüşəsi kimi çıxdım ki,
mənə baxanda dünyanı görəsən.
Sənsə mənə
güzgüyə baxırmış kimi baxıb keçdin.
Ölçülər
Əslində sıxır adamı
dünyadakı torpaq artıqlığı, yer genişliyi,
bu yekəlikdə də dünya olar?!
Bu boyda da ölkə olar?! –
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…
Əslində sıxır adamı
ovuc içindən dərin,
«İ» hərfindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun
bütün ölçülər.
Əşyalar əhatəsində
Sənin bərkliyin nədi ki guya?!
şaxtadan quruyub qac olmuş
yaş paltar bərkliyidi.
Sənin tənhalığın nədi ki guya?!
kirayə qaldığın evdəki özgə əşyalar əhatəsində
insan təkliyidi.
Maniken
Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.
Dünyada çox maraqlı şeylər var hələ:
məsələn, maniken qadının
öz içindəki ağrıları nümayiş etdirən yerişi kimi.
Mənalar
Bütün hərflərin əlifba sırasıyla
düzülüşü də bir sözdü.
Hündürlük yıxılmış evlər səviyyəsindən,
səs sürəti iniltidən hesablanırsa,
deməli, bütün ölçülər dəqiqdi, düzdü.
Mənaların hamısı uydurmadı –
sevgili qadın nəfəsi də, son nəfəs də
adicə tənəffüsdü.
Tale
Xəyalında tikdiyi evi
yenə uçdu bu yazığın –
içindəki torpaq sürüşməsindən.
Şəkil və fon
Dünən bərk darıxırdım.
Bütün şəkillərimi tökmüşdüm qabağıma:
o şəkillərdəki adamlara yox,
fondakı ağaclara, binalara baxırdım.
Cürbəcür yuxusuzluq
Gecənin eyni vaxtında
oyaq qalanların gözlərində
cürbəcür yuxusuzluq var.
Mən bu sakit gecədə oturub
uzaqdakılarım barədə düşünürəm.
İndicə anladım ki, gün işığı yaxını,
gecə qaranlığı uzağı görmək üçündü.
Baxış
Üzümüzü üzünə söykədiyimiz
sevgilimizin çiyinləri üstündən
ayrıldığımız adamlara baxırıq əslində.
İndi bildinmi, niyə darıxırıq əslində?!
Azadlığın yiyəlik halı
Əvvəl “Azadlıq” qışqırıb səsini qaldırdın.
Sonra imperiyaya yumruğunu qaldırdın.
Sonra bayrağını qaldırdın.
Sonra saray tikintisinə
daş qaldırdın, taxta qaldırdın.
Sonra şahlar seçib taxta qaldırdın.
Sonra baxıb gördün ki,
bütün qaldırdıqlarından aşağıda qalan
yenə sənsən.
Tramvaylar kimi
Bir az da gözləsəydilər,
tramvaylar kimi qayıdacaqdıq
göyə baxanda elektrik xəttimizi,
yerə baxanda relsimizi görənlərin yanına.
And
Təkcə and yerimiz dəyişmir:
canına and içdiklərimizin
qəbrinə and içirik indi...
And içirəm ki, mən sənin
ən yaxın keçmişin olacam...
Təkadamlıq xaraba
(Aqşin Yenisey üçün)
Kim idik?
Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənən,
kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.
Öz oyuncaqlarımızı da özümüz düzəltdik –
taxtadan tapança, məftildən araba...
İndi kimik? Təkadamlıq xaraba!
Çəkimiz gül çəkisidi, boyumuz kol boyu.
Getmək lazımdı, şair:
buranin adamları təkcə şəkil çəkdirəndə
dayanırlar qol-boyun.
Günəş və gələcək
Gözünü gələcəyə dikmə:
daha heç nə dəyişməyəcək dünyada,
təkcə təqvimin ili dəyişəcək.
Dərdlər yenə həminki olacaq, dərmanlar yenə həminki,
uzaqbaşı reseptlərin dili dəyişəcək.
Yəni özünü bu yalançı ümidlərlə niyə üzürsən?
Yəni noolsun ki, hələ gələcəyin telefonunu gəzdirmirsən,
gələcəyin günəşi altında ki gəzirsən.
Unuduluş
And olsun Allaha,
indi biz
Günəşin zirvələrdə unudub atdığı
qar kimi tənhayıq, qar kimi tənha.
Fırlanma
Heyif ki, gec bildin:
qəfil zülmət çöksə,
ən əvvəl özünü axtarar adam,
sonra sevdiklərini, sonra günəşi...
Ömür boyu evdən-işə,
işdən-evə gedib-gəldik,
yaşamaqsa – günəşin ətrafına fırlanmaqmış.
Heyif ki, gec bildik.
Heyif ki, gec bildilər:
heç vaxt yanaşı yatmayacaqmış
bir-birini yuxuda görənlər.
Gediş
Bizimki çoxdan qurtarıb –
çoxdandı mən səndən çıxıb gedirəm.
Sən də məndən çıx get,
get çat mənə.
Şəklimizi çəkən fotoqraf
Gözlərimi qarnına dikib
mışıl-mışıl susmaq istəyirəm, qadın,
bir körpə yuxusu kimi.
Heç kim heç kimi eşitmir onsuz da,
adamlar bir-birinə qulaq asır
dinləmə qurğusu kimi.
Bir gözünü qıyıb şəklimizi çəkən fotoqraf da
sanki qapının açar deşiyindən baxır bizə.
Gizlənirik, gizlənirik, yenə də izlənirik...
Uşaq vaxtı əlimizdən tutub itməyə qoymayanlar
hələ də buraxmayıblar əlimizi.
Yazı
Heykəllərin önündəki əklillərin lentlərinə də,
bağışladığımız suvenirlərin üstünə də,
ölənlərimizin qəbir daşlarına da
yazını başqasına yazdırdıq.
Hətta “ana” kəlməsini də qolumuza başqası döydü.
Özümüz nə yazdıq ki?!
Mənim dərdim böyükdü, qardaş,
son nəfəsimdə heyifsələnəcəm:
bütün ömrü göz qabağında yaşadıq –
nə itdik ki?!
nə azdıq ki?!
Pozu
Kağızda üstünü qələmlə qaralayıb pozduğumuz söz
daha gözə görünməsə də,
qaralama altında yenə də qalmaqda.
Yəni Nərgiz üstündən Qərənfil yazmaqla
Nərgiz pozulmaz, sadəcə, görünməz olar.
Və qara-qura düşər, çətin oxunar Qərənfil də.
Bu dünyada hər şey fitrətdə belədi:
sevgi üstünə sevmək də,
vətən üstünə mühacirət də belədi.
Həbsxana
Daha nələr?..
Kötük postamentlər üzərində
həmişəyaşıl abidələr.
Daha kimlər?..
Pəncərəsi kamera divarından
təqvim kimi asılmış məhkumlar.
Tarix
İndi tez-tez ölmək istəməyimin sirri bu ki,
tez-tez incidilən uşaq kimi
qaçmaq istəyirəm rəhmətlik anamın yanına.
Dizlərini qucaqlayıb demək istəyirəm:
məni ruhdan salan bu ömrün, bu günün ağrıları deyil,
məni tarix ruhdan salıb, ana.
Triada
Dostlar bir-bir çıxıb gedir...
udduğum havada uçub gedir,
içdiyim suda üzüb gedir,
basdırıldığım torpaqda yeriyib gedir.
Zaman
Bax ha...
Uşaq vaxtı yıxılarkən ağlamadığın ağrılara
əlli yaşdan sonra başlarsan ağlamağa.
Məhbus
Bu həyatda
heç bircə saat da məhbəs görməsəm də,
hər şeyə barmaqlıqlar arasından baxıram:
hətta torpaq da mənimçün
ayaq barmaqlarımın arasından göründüyü qədərdi.
Yerdəyişmə
Köhnəlmişəm:
otağımda tavanın suvağı sökülüb,
döşəmənin boyası tökülüb,
divar kağızı siqaret tüstüsündən saralıb...
Amma bu il göylərin rəngini, dənizlərin səsini,
dağların örtüyünü dəyişmək istəyirəm.
Sonra səni qonaq çağırmaq,
səninlə bu yenilikdə görüşmək istəyirəm.
Arabalar
Guya neynirsən bu şəhərdə, neynirsən?
Gündüzlər təlim maşınında gəzib
yol hərəkəti qaydalarını öyrənirsən,
axşamlarsa balaca otağında
gərdiş eləyirsən «əlil arabasında».
Aldanış
Guya tənhalığa çəkilmisən –
gizlətmisən dünyanı dörd divarın o üzündə…
Ətrafa baxmırsan –
dülgərin satmaqçun düzəltdiyi pəncərədən
heç yerə baxmadığı kimi.
Bir ağacın bir meşəlik susması
Danışıqlarımız havanın,
baxışlarımız tavanın yaddaşındaykən
indi məni düşündürür
bir sərxoşun bir şüşəlik,
bir ağacın bir meşəlik susması...
Neynək, küsülülər barışarsa, barışsın.
Amma belə də yaxşıydı axı:
iki adamın bir-birinə qarşı
həmişəlik susması.
Çıxılmazlıq
Uçmuş bir binanın altında qalmışam,
bir azdan tapacaqlar məni.
Hələliksə boşam, doluyam:
qəbiristanlıq kimi daşlıyam,
saat kimi qumluyam,
zirzəmi kimi suluyam.
Bir azdan tapacaqlar məni...
Həyatımıza o qədər adam yığdıq ki,
indi onların əlindən tənhalığa çəkilmək də olmur.
Dib
İlk dəfə qız sevdiyimzi
ayaqqabımzı ilk dəfə yumaqdan bildik...
Analarımızın südü qurumuş inəyi
it kimi saxladığını uzaqdan bildik.
Böyük dərdlərdən büdrəyəndə
xırda sevinclər yıxılmağa qoymadı...
Güzgüdəki əksimizin
pəncərəyə baxdığını duymadıq.
Getmək lazımdı, gözüm işığı,
dostların hamısı öldü,
bir biz qaldıq, bir ofisant, bir də kafe aşığı.
Deməli məlumdu məsələ...
Arvad-uşaqçün, dost-tanışçün,
lap elə vətənçün yaşayan insan
ömrün son illərini cənnətçün yaşar –
ata-anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.
Həə, deməli məlumdu məsələ…
Məsələn, işıq sönmüş otaqda bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan –
stola, divara, televizora…
Həə, deməli yaşamaq da belədi –
bir “kibrit” axtarışında
arvad-uşağa, vətənə, dost-tanışa və sairəyə
toxunmaqdı yaşamaq.