Kulis.az Salam Sarvanın “Çingiz Abdullayevin məhkəmə məsələsi” adlı yeni yazısını təqdim edir.
Bəri başdan deyim: Çingiz Abdullayevi maraqlı adam bilirəm. Müəllimlə indiyədək həmsöhbət olmamışam, amma uzaqdan bərq vuran obrazından belə təəssürat yaranır: darıxdırıcı deyil, məlumatlıdı, yaxşı yol yoldaşıdı, kövrəkdi, mahiyyətini kənardan zərif və dəymədüşər göstərən həssaslığı var.
İndi gedək irəli. Tənqid yaralı yerimizdi – onu heç kim sevmir. Mən özüm də bir-iki dəfə yazılarımla bağlı tənqidlərə cavab vermişəm, amma sonradan bunun mənasız hərəkət olduğunu da anlamışam. Elementar məntiq üstümə qışqırır: nə qədər canın sağdı, şeirlərini tənqidlərdən qoruyursan, bəs öləndən sonra noolacaq?! Yaxşı olmazmı, elə bəri başdan bu canfəşanlığın, bu vasvasılığın başını buraxasan?! Yaxşı olmazmı, nəhayət, bir həqiqəti qəbul eləyəsən: əsər çap olundusa, artıq sənin deyil. Axı sən qulaq falına çıxaraq ev-ev gəzəsi deyilsən, həmin evlərin divarları arxasında kitabınla bağlı səslənən arzuolumaz fikirləri, lap elə təhqirləri, söyüşləri bir-bir izləyib cavab vermək imkanın onsuz da yoxdu.
Sonra həmin məntiq əlini çiynimə qoyub nəvazişlə deyir: yoxsa belə çıxır, iradı dörd divar arasında pıçıldamaq olar, amma qışqırmaq – ictimailəşdirmək olmaz?! Dərin qatlarda düşünəndə səninçün nə fərqi var axı, ay oğul?
Həə, məsələ də məhz burasındadı. Biz məşhurlaşandan sonra ütülü ictimai münasibətə öyrəşirik. Nəticəsi də belə olur: sonradan bizi əsərlərimizə münasibət yox, yalnız parıltılı ictimai imicimizə münasibət maraqlandırmağa başlayır. Bizim üçün şöhrət işgüzar nüfuza, marketinq məsələsinə çevrilir. Tənqidi çörək ağacımıza vurulan balta, öləndən də sonra yaddaşlarda dahi kimi yaşamaq təşnəsindən fışqıran dirilik suyumuza qatılmış zəhər sayırıq. Yəni məsələ heç də ədəbi deyil, ədədidi – hesabdı, təsərrüfat məqamıdı.
Yazıçılarımızı, şairlərimizi zaman-zaman naqolay vəziyyətlərə salan da məhz həmin kompleksdi. İctimai tumara öyrəşdiyimizdən yüngül bir çimdikdən, ötəri bir qıdıqdan, xırdaca bir tənqiddən müvazinətimizi itirib çaş-baş qalır, gülməli hallara düşürük. Belə çıxır, şöhrətin pərqu döşəklər üzərində xumarlanan girovuna çevrilmək biz yazıçıların öz ziyanınadı, ona görə də bəzən yalın ayaqlarımızı daşlığa-tikanlığa salmaq da lazımdı. Yoxsa, bizi biabır eləmək, sarsıtmaq çox asan olacaq. İnsafən, bu yerdə şair pis deməyib:
Çox öyrətmə özünü nəvazişə, tumara
Sığal haqqı boydadı bədənin şallaq haqqı.
Bir əsərin zir-zibil olmasında ayıb heç nə yoxdu. Dünyada hansısa təfəkkür və təcrübə məqamına çatandan sonra cavanlıqda yazdığı şeirlərdən, hekayələrdən, hətta romanlardan imtina edən xeyli yazar var. Öz əsərindən imtina eləmək nə deməkdi? Onu zibil sayıb tullamaqdı da. Aydındı ki, həmin tullantı – sümüyündən təmizlənmiş balıq ətinin zibili deyil, kağız zibilidi, keyfiyyətsiz sayılıb yandırılmış kitabların külüdü. Nə var axı burda?!
Təbii, məhkəmə ədalətli keçirilərsə, Çingiz Abdullayev uduzacaq – əgər indiyəcən ərizəsini geri götürməyibsə. Udsa isə dəhşətli bir şey baş verəcək. Axı müəllim məhkəmənin hətta bir manat cərimə kəsəcəyi halda pulu şəhid ailələrinə yönəldəcəyini bildirəndə bir məqamın fərqinə varmayıb: birdən məhkəmə məhz bir manat cərimə kəsdi? Müəllim həmin manatı hansı mənəvi mərtəbədə şəhid ailəsinə verəcək, ağrıları hələ də toxtamamış həmin ailənin bu həqarətə münasibəti necə olacaq? Ümumən, şəhid ailələrinə yardımın mənbəyini məhkəmə çəkişmələri kimi mühitlərdə görə bilən düşüncə tərzi qorxunc bir şüuraltıya gurultulu eyham vurur: görünür, yazıçımız bu incə detalın da fərqinə varmayıb.