Gecənin eyni vaxtında
oyaq qalanların gözlərində
cürbəcür yuxusuzluq var indi.
Mən bu sakit gecədə oturub
uzaqdakılarım barədə düşünürəm.
İndicə anladım ki, gün işığı yaxını,
gecə qaranlığı uzağı görmək üçündü.
Yanımızdakı sevgililər
doğma gəlməz adama.
Doğmalıq-keçmişindəkilərlə
birgə xatirələrin olmağındadı.
Üzümüzü üzünə söykədiyimiz
sevgilimizin çiyinləri üstündən
ayrıldığımız adamlara baxırıq əslində.
İndi bildinmi, Qızım,
niyə darıxırıq əslində?!
Bir az da gözləsəydilər,
tramvaylar kimi qayıdacaqdıq
göyə baxanda elektrik xəttimizi,
yerə baxanda relsimizi görənlərin yanına.
Təkcə and yerimiz dəyişmir, Qızım:
canına and içdiklərimizin
qəbrinə and içirik indi...
And içirəm ki,
mən sənin ən yaxşı keçmişin olacam...