Çıldağı tanıdım, Fuko kimdir?

Çıldağı tanıdım, Fuko kimdir?
19 sentyabr 2013
# 10:25

Qismət yazır

Həmin gün hava “budilnik”in səsinə oyanıb, vaxtı on dəqiqə də uzadan tələbə kimi idi – gah tutulur, gah da açılırdı. Metronun qabağında siqaret tüstülədirdim. Gözləri ürək döyüntüsü kimi artıb-azalan bir oğlan sual dolu gözlərlə ətrafı süzürdü, axırı mənə yaxınlaşdı.

“Qardaş, Qorki küçəsi hardadı, bilmirsən ?”

“Elmlər Akademiyası”nda bu adda küçə tanımıram, ona görə uzatmıram: ”Yalan deyərəm.”

Oğlan gözlərini yerə zillədi, fikirləşdiyini göstərmək üçün başını qaşımağa başladı, sonra öz sualını təkrar elədi : “Qorki küçəsi?... Qorki küçəsi?...”

Getmədi. Gözlərini yerdən, əlini başından çəkdi, yenə mənə üz tutdu : “Deyirlər Tolstoy küçəsilə kəsişir...”

Mən yenə eyni valı fırlatdım : “Yalan deyərəm.”

Və nə oldusa, o an oldu. Oğlan Sokratdan bu yana heç bir fikir adamının ağlıma gəlməyən, Bekketi qısqandıracaq, İoneskunu dəli edəcək, onurğamı titrədən ağlasığmaz bir sual verdi : “Qardaş, özün burda qalansan ?”

***

“Red sofa” kafesində bir “Moonstone” sifariş etdim, vaxtilə həvəslə topladığım, sonra usanıb davam etdirmədiyim absurd dialoqları düşünməyə başladım. Bizi növbətçi cümlələr qurmağa, şahmat gedişləri kimi əzbərlənmiş suallar verməyə məcbur edən nədi görən? Dilimizdəki başqa cümlələri minalanmış sahəyə çevirən sirrin səbəbi nədi – yaşantımızmı?

Çoxdan görmədiyimiz bir tanışla rastlaşanda verdiyimiz cüt-cüt suallar məsələn :

“Nə var, nə yox ?”

“Salamatçılıq”

“Ev-eşik ?”

“Normal.”

“Arvad-uşaq ?”

“Yaxşılıqdı.”

“İş-güc ?”

“Həmin yerdəyəm.”

“Bişey-mişey çıxır?”

“Belə də...”

“Papa-mama yaxşıdır ?”

“Şükür.”

Qarşı tərəfin sualları bitən kimi xala xətrin qalmasın, sən də candərdi onun suallarını təkrarlamalı, sonra isə axırda gözləməlisən ki, illərdi görmədiyin və açığı heç yadına da düşməyən həmin adam səndən soruşsun :

“Mənim nömrəm səndə var da ?”

Həmişə “hə” deməlisən, sağollaşanda xüsusi şəkildə vurğulamalısan :”Vaxt eləyib görüşək.”

Bunca ömrün harasında, necə tanış olduğunuzu unutduğun, üstəlik guya nömrəsi səndə olan həmin adamla bir-birinizə “vaxt eləyib görüşək” deyirsiniz və ikiniz də bilirsiniz ki, bu olası iş deyil.

Kokteylim gəlib çıxmadı, siqaret yandırdım. Xatırladım ki, mən nə vaxt bu yalançı “mehriban uzaq tanış” rolunu oynamışamsa, səhv edib nömrəmi kimə vermişəmsə, həmişə həmin uzaq tanış uzağı bir həftə sonra zəng vurub görüşmək istəyib. Amma dərdləşmək üçün yox...

Ya borc istəmək üçün,

Ya hansısa qohumunu illeqal yollarla universitetə düzəltməyin mümkün olub-olmadığını öyrənmək üçün,

Ya nə vaxtsa TV-də yan-yana oturduğumuz millət vəkili ilə əlaqəmin olub-olmadığını, əlaqəm varsa, ona ağız açıb-açmayacağımı soruşmaq üçün,

Ya da yazı-pozu adamıyam deyə, lazım gəlsə hörmətimi də eləmək şərtilə, gələn ay olacaq toyuna ssenari yazmağımı rica etmək üçün.

Hələ ki, “toyumda aşı sən gətir” – deyən olmayıb. Buna da şükür!

Kokteylim gəlib çıxdl, dəftərçəmi açıb beynimdəki yazıdan nəsə qaralamaq istədim, bu dəm telefonuma sms gəldi : “Qismət bəy, meyxana yazınızı oxudum. Ağasəlim Çıldağı tanıdım, amma Mişel Fukonu yox. Kimdir ki ?”

Cavablandırdım: “Ağır seyid olub.”

# 3532 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #