Kulis.Az Qismətin “Yaz gecəsi” adlı yeni şeirini təqdim edir.
Qürub vaxtı
günəş kəsik bir baş kimi düşərkən
göydələnlərin arasına,
sən də qoşulub darıxan eynəklilərin sırasına,
açıq havadakı kafelərdən birində
siqaret tüstülədib limonlu çay içərkən,
çiyninə atdığın jaketdən süzülərək
qəfil bir üşütmə keçibmi canından?
Sığal kimi bir üşütmə...
Sən də sevirsənmi
yaz gecələrində
nə qədər “get” desən də,
milçəklərin və ofisiantların
qayıdıb gəlməsini – qayğı kimi...?
İş çıxışı dəyişəndə küçənin əhvalı,
deyişməyə başlayanda maşınların siqnalı
sənin də gözünə görünübmü
uçuşan boş sellofanlar – qağayı kimi?
Əgər yox deyirsənsə,
məni şairliyimə bağışla,
qısaqol köynəklərə,
qaranquşlara,
cavan bədənlərdən yayılan hərarətə,
baharın addım səslərinə bağışla məni.