Səni sevəcəkdim, yağış qoymadı - Şeirlər

Səni sevəcəkdim, yağış qoymadı - Şeirlər
30 aprel 2025
# 12:40

Kulis.az Əlizamin Nəzərovun şeirlərini təqdim edir.

Bircə demə mənə

Bircə demə mənə, gülüm
Çaşıb yuxuna gəlmişəm
Kipriyinin arasından
Aşıb yuxuna gəlmişəm

Qurban olum qurbanına
Yetim qalan gümanına
Bir sel olub ünvanına
Daşıb yuxuna gəlmişəm

Çox gözlədim yaz olmadı
Qəm-kədərim az olmadı
Qismətimə yazılmadı
"Coşub" yuxuna gəlmişəm

Bu gecə də sənə xatir
Bax ruhuma səpdi ətir
Misra-misra, sətir-sətir
Qoşub yuxuna gəlmişəm
Gəl, incimə arzum idi
Bir az yaxına gəlmişəm
Şirin yuxuna gəlmişəm.

Yadımaa sən düşmüsən

Qəlbimdə sızıltı var
Yəqin ki, üşümüsən
Yenə oldum günahkar
Yadıma sən düşmüsən

Günüm axşam-səhərdir
Halım səndən betərdir
İçim yanan şəhərdir
Oduma sən düşmüsən

Həsrətin bir ayazdır
Qışım səninlə yazdır
Yazanlar belə yazdı
Adıma sən düşmüsən.

Bilirsənmi bu sevdada nələr var?

Göy üzünün bəzəyisən ağ bulud
Üfüqboyu hey uzanan dağ bulud
Gəl alışan bu sinəmə yağ, bulud
Qoy görsünlər necə gəlir ilk bahar
Bilirsənmi bu sevdada nələr var?

Mən sevgidə çaş olmağı istədim
Xumar gözdə yaş olmağı istədim
Yaydan bezib qış olmağı istədim
Rəqs eləsin boz düzlərə yağan qar
Bilirsənmi bu sevdada nələr var?

Ha axtarım bəxt ulduzum görünməz
Bu üşüyən arzularım bürünməz
Uzaqlarda çiskin axtar, duman gəz
Yuxularda geri dönər gedən yar
Bilirsənmi bu sevdada nələr var?

Ömrümüzə daşıyarıq bu dərdi
Neynəməli - bu talehdir, qədərdir
Bəxtiyazan belə bizə göndərdi
İlğımlarda günlər keçər, baş qatar
Bilirsənmi bu sevdada nələr var?

Yağış qoymadı

Səni gəzdirərdim ürək yerinə
Bağrıma basardım çiçək yerinə
Cüt qanad olardım diləklərinə
Üzü qara olsun, bu qış qoymadı
Səni sevəcəkdim, yağış qoymadı.

Yazan kim, pozan kim, xəbərsiz oldum
Neyləyim ömrümə, qədərsiz oldum
Buludlar boşaldı, gözümdən doldum
Yoluma çilənən qarğış qoymadı
Səni sevəcəkdim, yağış qoymadı.

Titrədi, üşüdü ürəyim necə...
Qəfildən qarşımda səni görüncə
Kaş ki yağmayaydı yağış o gecə
Qoluna girdiyin,, tanış,, qoymadı
Səni sevəcəkdim yağış qoymadı

Külək, gəl aç

Yoxdur kimim-kimsəm belə
Hal soruşa, dərdi bölə
Əriyirəm gilə-gilə
Bəlkə, sənsən dərman-əlac
Aç qapımı, külək, gəl aç

Gah dumandım, gah da sisdim
Ürəklərə düşən səsdim
Kəndirimi özüm kəsdim...
Yerə yalvar, göyə əl aç
Aç qapımı, külək, gəl aç

Dünyam vardı yuxu kimi
Yaz ətirli qoxu kimi
Məndə sevdim çoxu kimi
Gözlər qara, hörük qulac...
Aç qapımı, külək, gəl aç

Ötən günlər şəkər-baldır
Ürək dinmir, neynim, laldır
Ölən yerdən məni qaldır
Uşaq kimi üstümə qaç
Aç qapımı, külək, gəl aç.
.

# 2596 dəfə oxunub

Oxşar xəbərlər

"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet

"Öldükdən sonra səni daha çox sevəcəyəm..." - İngilis şairdən sonet

15:30 29 iyun 2026
"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

"Dünya başdan-başa nə imiş dedin?" - Əli Kərimin şeirləri

12:00 29 iyun 2026
"Sənə insan öldürməyi öyrətdilər..." - Yapon şairin müharibə əleyhinə yazdığı məşhur şeiri

"Sənə insan öldürməyi öyrətdilər..." - Yapon şairin müharibə əleyhinə yazdığı məşhur şeiri

13:30 28 iyun 2026
"Yenə əzəlkidir, baxışın, səsin..."  - Anna Axmatovanın şeirləri

"Yenə əzəlkidir, baxışın, səsin..." - Anna Axmatovanın şeirləri

12:00 23 iyun 2026
"Aç başından bu şalı, qara bağlamaq olmaz..." - Xəlil Rza Ulutürkün həbsxana şeirləri

"Aç başından bu şalı, qara bağlamaq olmaz..." - Xəlil Rza Ulutürkün həbsxana şeirləri

17:00 22 iyun 2026
"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri

"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri

15:15 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər