Kulis.az Fərid Məhərrəmovun şeirlərini təqdim edir.
Köhnə günlərimçün darıxıram mən,
İndikindən daha maraqlı keçirdi.
Hansı sözlə izah edim bilmirəm,
Mənə gülüşlərin qanad verirdi.
Bəlkə də hələ anlamırsan ki sən,
Bulud tək havada süzməkdi sevgi.
Soruş bir sevəndən danışsın sənə,
Yaşaya-yaşaya ölməkdi sevgi.
Ağız cürət etmir, dil də danışmır,
Susub dayanıram, adam lal olur.
Gecə sözləri vərəqə yazıram,
Başımda min fikir min xəyal olur.
Sənin güldüyün hər bir saniyə,
Canlanır gözümdə portret kimi.
Portretin elə xoş təsiri var,
İçkili adama siqaret kimi.
Fikir ver gör şair nə gözəl deyib,
Fikrindən gecələr yata bilmirəm.
Başımın üstündə göy qurşağısan,
Nə qədər qaçıram çata bilmirəm.
Gülüşün elə, xoş bir xatirədir,
Çoxdur xatirələr ondan da əziz.
Düşüb ayağına ölə bilərdim,
Sən türkün bayrağı, mən Qara dəniz.
Mənim xəyallarım bir az qəribə,
Arzularım da var çolaqlar kimi.
Buraxıb bu çirkab dünyanın əlini,
Qaçmaq istəyirəm uşaqlar kimi.
Dünya çox güclüdü, qaça bilmirəm,
Dünya yaman güc veribdir qoluna.
Bilirəm əlimi niyə bərk sıxıb,
Bilir ki, qaçıram kədər yoluna.
Həyatın qəribə oyunları var,
Gecə aldığını səhər vermədi.
Elə bil ki, əkdim söyüd ağacı,
Nə qədər suladım bəhər vermədi.
Allah mənə yaxşı kəmənd verəydi,
Çəkərdim günəşi çərçivəsindən.
Ya da ki, verəydi yaxşı yayla ox,
Vurardım dünyanı düz nüvəsindən.
Deyəsən gözlərim çox zəifləyib,
Günəşə bənzəyən bəniz görmüşəm.
Ya da bəlkə Allah alıb ağlımı,
Qəhvəyi gözlərdə dəniz görmüşəm..
Çox çalışdım ki, çıxarım yadımdan,
Amma ağ vərəq unutmur qələmi.
Əvvəlki tək daha yaza bilmirəm,
Əlim əvvəlki tək tutmur qələmi.
Qələm istəmir ki, nə isə yaza,
Şeirlər daxili tələbdi bəlkə?
Başqa nə cür dilə gələr hisslərim,
Hisslər yazmağıma səbəbdi bəlkə?
Oturub məktəbli uşaqlar kimi,
Ürəyin içində bir ox çəkmişəm.
Şeirlərim dəftərlərə sığışmır,
Sözlərlə rəsmini nə çox çəkmişəm.
Bitir artıq mənə nifrət etməyi,
Nifrətin içində ziyan yerləşir.
Günəş nədi, sənin təbəssümündə,
Az qala bütün asiman yerləşir.
Baxıram arada o asimana,
Bir ulduz sürüşə, ay düşə bəlkə.
Həmin asimandan mənim bəxtimə,
Balaca bir ulduz pay düşə bəlkə.
Dedin ki, istəsən əgər gülərəm,
Gülüb gülüşünlə güldürdün məni.
Bəs deyirdin sənin üçün ölərəm?
Bir gündə min dəfə öldürdün məni.
Məni sevdiyim incə əl öldürüb,
Öldürüb gülər üz, dodağı püstə.
Mərhəmət etmədi, əvvəl öldürüb,
Dua da oxudu qəbrimin üstə.
Məndə bal dilindən xoş kəlam qalıb,
Yenə götürərəm hörmətlə versən.
Yox, mənə verdiyin bir salam qalıb,
Onu da almaram minnətlə versən...
Deyəsən ağlımı itirirəm mən,
Sən axı salam da vermədin mənə.
Həsrət güllərini bitirirəm mən,
Büküb yoxluğuna göndərim sənə.
Bu beynimə qazılmış şeirlərin,
Həyatdan istəyi, tələbi sənsən.
Qürursuzca yazılmış şeirlərin,
Məni sıxmağının səbəbi sənsən.
Bir gün qızlar aşiq olar sözümə,
Şair də qocalar, lap bivec olar.
O yaşda ağlayıb baxma üzümə,
Aylar keçər, il dolanar, gec olar.
Tək sənə layiqdi bütün bu sözlər,
Başqasını belə öyə bilmərəm.
Belə bərk-bərk bağlama bu qapını,
Mən başqa qapını döyə bilmərəm.
Mən də xoş sədalı bülbül idimsə,
Sən də bərli-bəzəkli gülşən idin.
Bu ev cismimindi, ruhumun deyil,
Mənim imarətim, evim sən idin.
Aç bu evin qapısını üzümə,
Səni hələ görmədiyin tək sevim.
Hara aidsənsə evin oradı,
Mənim indi sənin yanındı evim.
Bilirsən niyə belə əminliklə yazıram?
Bu hissi yenə də hiss edib karıxmışam.
İndi sənin üçün darıxdığım tək, bir vaxt,
Qürbətdə qərib ikən, vətənçün darıxmışam.
Mən indi qəribə, ölü adamam,
Məni sarımağa kəfənim sənsən.
Bura qürbət ölkə, gəzirəm hələ,
Yıxılıb ölməyə vətənim sənsən.
Vətən sevir uğrunda ölənləri,
Mən də öz ömrümü bölümmü indi?
Vətən tək sən məni sevəsən deyə,
Bu cavan yaşımda ölümmü indi?
Necə izah edim daha mən, necə?
Mənim boğazımın qəhəri sənsən.
Sənsizlikdən gecələr yumulmayan,
Yorğun gözlərimin kədəri sənsən
6.
Bir gün mən də gedəcəyəm, bütün şairlər kimi
Yazda balkonumuzda yuva quran quşlara qoşularaq gedəcəm,
Payızın gətirdiyi kədəri görməmək üçün,
Köçən qaranquşlara qoşularaq gedəcəm.
Hamını saxlayıb ürək dağında,
Sürünərək oturub binanın qırağında,
Hündürlük qorxusuna son dəfə qalib gəlib,
Duracağam ayağa.
Son dəfə gedəcəyəm bir addım da qabağa.
Heç kəs tapa bilməz istiqamətimi,
Kim deyir sağla ya solla gedəcəyəm mən.
Bir də gəlmək istəsəm gələ bilməyim deyə,
Geriyə qayıtmayan yolla gedəcəyəm mən.
Əvvəl yumub gözümü, sonra addım atacam.
Bu çirkab dünyada gözüm qalmasın.
Getməmiş yandıraraq bütün şeirlərimi,
Elə gedəcəm sizə heç bir sözüm qalmasın.
Elə gedərəm gizlicə, dostlara da demərəm,
Məndən bir də heç kimin xəbəri olmaz daha.
Sağlığımda məni ucuz sayan adamlar,
Öləndən sonra bəlkə qiymət verdilər baha.
Yasımda çox şeylər danışılar mən haqda,
Açılan ağızlara sığmaz onda cüt badam.
Mən bilirəm kimləri üzəcək bu gedişim,
Tək onların xətrinə qalmaq istəyir adam.
Dəqiqələr, saatlar, günlər qalır arxada,
Nə yaman gecikirsən?
Sənsizlik dərdi qəmli izlər salır arxada,
Nə yaman gecikirsən?
Gələn qovur gedəni, yarın olur dün gedir,
Mənim yaşda olanlar, edib toy düyün gedir,
Bir yandan da yaş keçir, ömür gedir, gün gedir,
Nə yaman gecikirsən?
Gecə hər tərəfimi başlayır dərd sarmağa,
Gücüm də çatmır ki tək, bu zülməti yarmağa,
Məni bu gecələrin əlindən qoparmağa,
Nə yaman gecikirsən?
Yazda gül bitirməyə bağlar gecikmir axı,
Qartala yuva olur, dağlar gecikmir axı,
Qara saçıma düşən ağlar gecikmir axı,
Nə yaman gecikirsən?
Sən bayramda bəzənmiş al-əlvan otaq kimi,
Əlləri dolu gələn sevimli qonaq kimi,
Gözləyirəm hədiyyə gözləyən uşaq kimi,
Nə yaman gecikirsən?
Öldürürmüş həsrətin ilanın zəhəri tək,
Qoymur nəfəs almağa boğazın qəhəri tək,
Gözümü qırpmadığım gecənin səhəri tək,
Nə yaman gecikirsən?
Bu bəxtimin qarası, elə bil ki kömürdü,
Yoxluğun gəncliyimdən xoşbəxtliyi sümürdü,
Görüş yeri deyil bu, gecikdiyin ömürdü,
Nə yaman gecikirsən?
Niyə qəmli baxırsan? Ürəyi dağlısanmı?
Sonu kədərli bitən məhəbbət nağılısanmı?
Mənə hey tənə vuran adamın ağlısanmı?
Nə yaman gecikirsən?
Var poçtalyonu qovan anası bu dalanın,
Axır o da gətirdi məktubunu ananın,
Sən gözündən öpməyə gözü yolda qalanın,
Nə yaman gecikirsən?
Nə yaman gecikirsən?