Sebastyan Sten və Renate Reinsvenin valideynlik hüquqları əllərindən alınan xristian cütlüyü canlandırdıqları film 2026-cı il Kann Film Festivalının ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Kulis.az xəbər verir ki, daha çox Marvel filmlərindəki qış əsgəri obrazı ilə tanınan Sebastyan Sten qalmaqallı rollardan çəkinmir.
O, 2024-cü ildə Kannda debüt edən "Şagird" bioqrafik filmində gənc Donald Trampı canlandırmışdı. Builki Kann Festivalında isə aktyor tamaşaçıların qarşısına daha çox fikir ayrılığı və mübahisə yaradan fərqli bir filmlə çıxıb.
2007-ci ildə Kannda "Qızıl Palma" mükafatını qazanan rumıniyalı ssenarist və rejissor Kristian Munciunun lentə aldığı "Fyord" filmi Sebastyan Stenlə ötən il "Oskar"a namizəd olan Renate Reinsveni bir araya gətirib. Hər ikisi karyeralarının Hollivudun ən məşhur romantik-komediya cütlüyü ola biləcəkləri bir nöqtəsində ikən tamamilə fərqli bir istiqamətə yönəlməsi olduqca diqqətçəkəndir.
Sten filmdə aktyorun özü kimi əslən Rumıniyadan olan, keçəl, eynəkli və qış əsgərinə qətiyyən bənzəməyən mühəndis Mihay Qeorqiunu canlandırır. Reinsve isə onun norveçli həyat yoldaşı Lisbet rolundadır. Beş uşaqları ilə birlikdə cütlük Rumıniyadan Norveçin ucqar bir kəndinə köçüb. Onların ətrafı qarla örtülü möhtəşəm dağlarla və evlərinin astanasındakı adını filmə verən fyordla əhatə olunub.
Ailənin bu sərt qaydaları məktəb direktoru, eyni zamanda onların qonşusu və uşaqların yeni dostlarından birinin atası olan Matsın heç xoşuna gəlmir. Mats özünü qonaqpərvər və tolerant hesab edir, amma məktəbdə dini təbliğata qəti yer yoxdur. Buna görə də Mihay yeməkxanadakı pianoda "Möhtəşəm lütf" ilahisini ifa edəndə direktor sərt reaksiya verir.
Bir gün Qeorqiu ailəsinin uşaqlarından biri üzündə və kürəyində qançırlarla məktəbə gəlir. Ailə hələ nə baş verdiyini anlamamış körpə də daxil olmaqla bütün uşaqlar əllərindən alınaraq himayədar ailələrə verilir. Bu vəziyyət hər bir valideynin kabusudur, amma bəlkə də Mihay buna özü səbəb olub. O, nə qədər mülayim və sevgi dolu görünsə də, dəcəllik edəndə uşaqlarını vurduğunu etiraf edir. Mihay bunun Norveçdə qeyri-qanuni olsa da, Rumıniyada normal olduğunu iddia edir.
Görəsən, o, daha ağır fiziki cəzalarda da günahkardırmı? Hakimiyyət uşaqları bu sərt, güzəştsiz patriarxdan qorumaqda haqlıdırmı? Yoxsa rəsmilər sadəcə onun ənənəvi xristian dəyərlərini qəbul etmədikləri üçün yanlış qərara gəlirlər? Bəlkə də onların xoşuna gəlməyən sadəcə rumıniyalı miqrantların özüdür? Matsın Norveçdə heç bir Qraf Drakulanın olmadığı barədə zarafatında əcnəbi düşmənçiliyi yox idimi?
Rejissor Munciu bu ürəkağrıdan mübahisədə hər iki tərəfin qərəzli və görməzdən gəldiyi məqamlar olduğunu göstərir. Amma o, daha çox Qeorqiu ailəsinə rəğbət bəsləyir. Digər personajlar sakit və təmkinli xristian cütlüyü uşaqlarına mobil telefondan istifadəyə və yutub videolarına baxmağa icazə vermədiklərinə görə qınayırlar, lakin liberal direktor Matsın öz qızı özünə xəsarət yetirir və davalara qarışır. Deməli, Matsın özünün də valideynlik qabiliyyəti heç də mükəmməl deyil.
Digər tərəfdən, Norveçin uşaq müdafiə sistemi dözülməz dərəcədə təkəbbürlü hüquqşünasların idarə etdiyi, ləng və qəddar bir bürokratiya cəhənnəmi kimi təqdim olunur. Bir tənqidçi etiraf edib ki, filmin əvvəlində Mihaydan zəhləsi gedib, ancaq sonradan Stenin "Qış əsgəri" rejiminə keçib bu sistemdən amansızcasına qisas almasını arzulayıb.
Beynəlxalq festivallarda nümayiş olunan art-haus filmlərinin adətən öz liberal qəhrəmanlarına bu qədər şübhə ilə, mühafizəkar xristianlara isə rəğbətlə yanaşması nadir hadisədir. Məhz bu fərqlilik "Fyord"un niyə bu qədər müzakirələrə səbəb olduğunu izah edir. Kann Festivalındakı rəylərin xülasəsində film həm ən yüksək, yəni dörd ulduzlu, həm də ən aşağı – bir ulduzlu qiymətlər alıb.
"Guadian" nəşrindən Piter Bredşou filmi "Klimaksı olmayan, zəif bir ekran işi" adlandırıb. "Deadline" nəşrindən Pit Hammond isə onu "Qızıl Palma mükafatına layiq... son dərəcə dürüst və cəlbedici bir film" kimi qiymətləndirib.