"Aç başından bu şalı, qara bağlamaq olmaz..." - Xəlil Rza Ulutürkün həbsxana şeirləri

"Aç başından bu şalı, qara bağlamaq olmaz..." - Xəlil Rza Ulutürkün həbsxana şeirləri
22 iyun 2026
# 17:00

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür.

Kulis.az onun Lefortovo zindanında yazdığı şeirləri təqdim edir.

SORUŞ, PEŞMANAMМІ?


Ağzıma tuşladılar avtomat lüləsini
Lülədə yatan gördüm Əzrayıl gülləsini
Cüt əlimi arxadan qıfıllı zəncir ilə
Bağlayıb hayqırdılar: - Sus, çıxartma səsini!
Basdılar təyyarəyə, gətirdilər paytaxta,
Dəmir-beton qutuda, qaranlıq məhbəsdəyəm.
Ayağımın altında qızıl-qırmızı taxta,
Hər gün sorğu, istintaq, hər gün tikan üstəyəm.
Soruş, peşimanammı əməlimdən, işimdən?
Soruş, vaysınırammı barı bir zərrə qədər?
Keçdim gözəl ömrümün parlaq kəşməkeşindən,
Yaralanmış köksümdə ləngər vurur dənizlər.
Manqurdların buz kibi gözlərində qan, hədə.
Toqquşuruq nə vaxtdır. O, dəmirdi, mən almaz.
Nəinki zindan, cəza... Hətta heç ölümlə də
Mənim AZADLIĞIMI əlimdən almaq OLMAZ!

Moskva, Lefortovo zindanı,
2 fevral, 1990

İLHAM ÜSTÜNDƏ


Dustaq edilən zaman gördüm ilham üstəyəm,
Dünyaya saçılmağa hazır bir güldəstəyəm.
Beynim - günəş, əllərim - bir cüt Fərhad külüngü.
Dolaşmasın yanımda heç bir tülkü, tülüngü.
Avtomatın lüləsi gözümdə boş bir tütək.


Qundağımdan yapışıb milçək, yaxud hörümçək.
Dəftər-qələm istədim, əmrə əməl etdilər.
- Azadsınız! - söylədim, sürüşdülər, getdilər.
Kameram - qızıl saray, barmaqlığım - bağça, lək.


Əyləşdim şah taxtımda şerin hökmdarı tək.
Ərzin hökmdarı tək!
Qarşımda ağ vərəqlər - büllur bahar səhəri,
Qələmimdə sıyrılmış Misri qılınc kəsəri.


Mürəkkəbim – Göy gölün bir cüt mavi damlası.
İlhamım - əzəmətli bir Xəzər qasırğası.
Köksüm - alov kürəsi, üzüm-gözüm dan yeri.
Barmaqlarım - günəşin şüa-şüa telləri.


Addımlarım - torpaqdan bir azca hündür, uca.
Hazıram varıb keçib xəttüstüva¹ boyunca.

Gülüm, qalma nigaran obadayam, eldəyəm.
Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.


Moskva, Lefortovo zindanı,
7 mart, 1990

FİRƏNGİZİN MƏKTUBU


Gəldinmi?
Çiçəklərdəki jaləm kimi gəldin,itani amgo
Zülmətdə bir Ay şöləsi, haləm kibi gəldin.
Ey doğma, əziz məktubu imzalayan əllər,
Ey min yaramın məlhəmi, Loğman, hayan əllər!
Andın kimi, nəğməm kimi, naləm kimi gəldin.
Nur dalğası, eşq allahı, aləm kimi gəldin!

Çəkdim gözümə, gözlərimin şövqü qayıtdı.
Hər cümlən ürəkdə cücərib qol-budaq atdı.
Dar gündə məlakəm gəlib imdadıma çatdı.
Yanmış çölə al qırmızı laləm kimi gəldin,
Nur dalğası, eşq allahı, aləm kimi gəldin.


Mən - odlu cəhənnəm, sən - ətirli, təzə bir meh.
Mən - göy, sən - işıq, qövsi-qüzehlərdəki min zeh.
Mən şeh dilədim, yandı ciyər: bircə ləçək şeh!
Bal şərbəti oldun ki,... piyaləm kimi gəldin,
Nur dalğası, eşq allahı aləm kimi gəldin.


Hər cümləni, hər sətrini, hər cizgini öpdüm.
Yollarda qalan yorğunumu, üzgünü öpdüm.
Xəttin bir işıq güzgüsü, saf güzgünü öpdüm.
Dağdan tökülən yeddi şəlaləm kimi gəldin,
Nur dalğası, eşq allahı aləm kimi gəldin.


Ey hicrana bais yağı, hicran sənin olsun,
Ey qan tökən ədna əyil, iç, qan sənin olsun.
Mən getsəm, ey ömrüm, al, iki can sənin olsun!
Tutğun komama, məşələ, şöləm kimi gəldin.
Nur dalğası, eşq allahı, aləm kimi gəldin.
Gəldinmi?
Qalıb gülşənim ol, bir də qayıtma!
At qüssəni, meydandakı zər bayrağı atma.

Yumsan gözünü, an Xəlili, qalx, daha yatma!
Ey məktubu qibləm, özü pir, hüsnü iman, din -
Sən ömrümə eşq allahı, yer-göy kimi gəldin.
Qüdrət dağı, qeyrət seli, min candı bu könlüm.
Ey sal qaya, dinlə, yatan ümmandı bu könlüm.
Coşsam, görəcəksən, dəli tufandı bu könlüm,
Sussam, demərəm bəxtimə bir qəm kimi gəldin.
Ölməz, əbədi şairə həmdəm kimi gəldin.

Moskva, Lefortovo zindanı,
10 mart, 1990

DÖZMƏLİSƏN

Dost bağına gülzar ötsən
Bir gülünü üzməlisən.
Lal dayanma, toya getsən
Qol götürüb süzməlisən.

Bu yer bizim planetdi.
Gəlhagəldi, gethagetdi.
Gör-götür də səadətdir,
Macal tapsan gəzməlisən.

Görsən gözəl bir pərini
Gözünlə öp gözlərini.
Onun ürək sözlərini
Baxışından sezməlisən.
Xəlil, sən ki, ac arslansan,
Mürgüləyən bir ümmansan.
Ruhun cahan, yerin zindan
Zindandısa, dözməlisən.

Moskva, Lefortovo zindanı,
21 mart, 1990.

SƏNİN GÖZ YAŞLARIN


Mən səni ömrüm boyu təbəssümlü görmüşəm,
Gülümsər gözlərindən sevinc, fərəh dərmişəm.
Sənin səadətinə həyatımı vermişəm,
Bəs nədir bu hıçqırıq?.. göz yaşın almaz-almaz?
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!


Bir bax, öndə, arxada paqonlular dayanıb.
O da fələk dustağı... çoxu naçar dayanıb.
Şimaldayıq, dizəcən ləkəli qar dayanıb
Qoltuqlara sığınır burda bahar, burda yaz.
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!


Göz yaşlarıın tökülür Moskvanın qarına,

Çırpılır kor məhbəsin soyuq divarlarına.
Qana batmış dağam mən, güvən yalnız yarına
Bizim dərin yaramız göz yaşıyla sağalmaz,
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!


And olsun Vətənimin qarsalanmış daşına.
Yüz-yüz general dəyməz sənin bir göz yaşına
Bahar kimi gəlmişəm, günəş kimi qarşıla
Camalından utansın ruhu keçəl, beyni daz
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!


Yanaqların islanıb... gözlərindən öpüm gəl,
Qırıq-qırıq, od nəfəs sözlərindən öpüm gəl.
Diz çökmədin nakəsə, dizlərindən öpüm gəl,
Gedər qış da, gələr yaz, bu dövran belə qalmaz
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!


Azadlığın havası dolubsa milyon qəlbə,
Əvvəl-axır bizimdir, bizimkidir qələbə.
Bu qanlı nəm divarı qoparaq qəlpə-qəlpə
Yalnız haqqındır zəfər, nahaqq özü matəm, yas
Aç başından bu şalı, qara bağlamaq olmaz,
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!
Gülüm, ağlamaq olmaz!


Moskva, Lefortovo zindanı,
9 aprel, 1990

# 98 dəfə oxunub

Oxşar xəbərlər

"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri

"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri

15:15 22 iyun 2026
"Ümidin boşa çıxması..." - Abbasqulu ağa Bakıxanovun mənzum hekayəti

"Ümidin boşa çıxması..." - Abbasqulu ağa Bakıxanovun mənzum hekayəti

14:00 21 iyun 2026
"Gül dəstələri sevgidən ölürlər..." - Federiko Qarsiya Lorkanın şeirləri

"Gül dəstələri sevgidən ölürlər..." - Federiko Qarsiya Lorkanın şeirləri

12:30 20 iyun 2026
Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

13:35 17 iyun 2026
Bu dünya nərdivandı - Nəriman Həsənzadə

Bu dünya nərdivandı - Nəriman Həsənzadə

10:50 17 iyun 2026
Göz yaşıyla gül bitirən şair mənəm - Hüseyn Kürdoğlu

Göz yaşıyla gül bitirən şair mənəm - Hüseyn Kürdoğlu

10:43 15 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər