Günel Mövludun mənasız romanı

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

18 iyul 2022
# 15:00

Kulis.az Orxan Saffarinin "Günel Mövludun sicilləmə feminist romanı" adlı yazısını təqdim edir.

Çoxdandır ki, Günel Mövlud xanım müəllimənin olduqca mənasız, özündən qeyrisinə heç nə ifadə etməyən, qab yuya-yuya hikkəsini qələmə almış (kaş Aqata Kristi kimi qab yuyaraq möhtəşəm romanlar yazaydı) düşbərə qədər də olmayan "Düşərgə" romanını oxumuşdum, amma danışmağa dilim ağrıyırdı. Barmaqlarım da uyuşurdu ki, bir-iki tikə nəsə yazım.

Sadəcə, sonradan özümdə bir qarabağlı kimi ("Zyoma" sayılırıq xanım müəllimə ilə) cəsarət topladım, guya həm də Qarabağdan bəhs edən, Qarabağ hiss edilən bu romanına bir neçə absaz söz vurğulamaq istədim.

Bu romandan xəbərsiz adamları xəbərdar etdiyim üçün oxuculardan üzr istəyərək;

İcazənizlə;

Günel xanım müəllimə ailəsindəki, nəsil-varyoxundakı, ətrafındakı, xüsusi ilə atasına qarşı olan nifrətindən, hikkəsindən, qəzəbindən dolayı notbukunun düymələrinə nahaq yerə əziyyət verib, belə bir sicilləmə yazıb. Bütün bunları feysbuk hesabında deyir, deyə də bilər. Yaxud da feminist padruşkaları ilə oturub qeybətləşə bilərdi. Guya bu romanda başqa şey yazıb, bizə də deyir ki, yazdığım başqa şeydir.

Sən demə, bu roman qaçqınlığı tərənnüm edən, əziyyətlərini bildirən Qarabağ haqqında bir romandır, (özü belə qələmə verməsə də, mahiyyətində gizlən(t)diyi hiss olunur), (yalansa, mənim təpəmə dəysin elə) amma mən sizə bunu deyim, hansı ki, bunu sizə nə müəllimənin dostu Seymur Baycan deyəcək, (Güneli təriflədiyinə görə tərbiyəsizlik edib keçəlinə bir şillə vurmaq istəyirəm), nə də başqa biri. Bu roman başdan ayağa Günel xanım müəllimənin feminist düşüncələrini, daha dəqiq, mənasız söhbətlərini sırıması, bir növ konstitusiyasıdır. Zalım qızı yazıb qoyub ki, belə edək, bu cür olaq. Günel xanım müəllimə bu romanda sadəcə, uşaqlıq xatirələri feminist ideologiyasında sırımağa çalışıb, amma onu da çox uğursuz bir şəkildə. Bu romanda həm də demək istəyir ki, ən feminist mənəm içinizdə, ən kədərli mən yaşamışam, sizi əzablarımla boğaram, kişilər.

Günel xanım müəllimə atası ilə alıb verəməyəciyini romanda radikal şəkildə bildirir, çox hörmətli anasını isə bir feminist olaraq (qadın dayanışması) məzlum kimi qələmə verir. Mən Günel xanım müəllimənin anasının "ataman" adam olmadığına inanıram, amma atasının da dediyi kimi qəddar olmadığına əminəm. (Həm də real məlumatlarım var, amma bu söhbətə dəxli yoxdur. Onu deyim ki, şişirdir, yalan danışır, şər atır bir az da)

Ümumiyyətlə, bu romanda olan ailə, cəmiyyət obrazı hamımıza tanışdır. Aşağı-yuxarı ya yaşamışıq, ya da mütləq şəkildə görmüşük. Günelin atası klassik bir atadır. (Təsvir etdiyinə qalsa, əslində, bir qədər də yaxşı atadır) amma Günelə xanım müəlliməyə qalıb deyə, pisdir. Döyüb deyə. Anlayıram. Döymək yaxşı deyil, kaş atası onu yox, dizinə vuraydı.

Ümumiyyətlə, Günel xanım müəllimənin atası onu Azərbaycan ədəbiyyatına da ziyan "vurub".

Ata, əslində, klassik şəkildə nə qədər yaxşılıq eləsə də, (Rusiyada işləyib geri qayıdaraq ailəsini düşərgədən götürmək istəyi), (Azərbaycan kişiləri indi də yaxşı vəziyyətdə olmayanda üz tutur xaricə, pul qazanıb geri gəlir, ya elə oradan saxlayır) Günel xanım müəllimə bir övlad kimi çörəyi dizinin üstündə olur. Yazıçı kimi də yazdıqları aydın məsələdir. Allah bilir, qələmi haradadır.

Avtobioqrafik bu sicilləməni oxuyanlar bilər ki, Günel xanım müəllimə, əslində, nə qədər əzablı həyat yaşasa da, atasızlıq ona xoşdur. Bu yerini qınamıram çox da. Azadlıq istəyi doğmaların yoxluğuna sevinəcək qədər iliyinə işləyib.

Yadıma bir hadisə düşdü. Bibiheybət məscidi tərəflə piyada 20-ci sahəyə gəlirdik. Yanımda olan uşaqlardan birinə xəbər gəldi ki, atası ölüb. Necə sevindi, necə sevindi. Gözümün qarşısında gedib nəzir də atdı. Onun sevinməyinə səbəb atasının narkoman olması, anasını, qardaş-bacılarını işləməyə və s. başqa şeylərə məcbur etməyidir. Amma Günelin atası belə etmir axı. Özü gedir qürbətdə işləyir, gəlib ailəsinə sahib çıxır. Di gəl, Günel xanım müəllimə son dərəcə azaddır deyə, bir atanın ailəyə sahib çıxmağını sindirə bilmir içinə, bir-iki şilləyə dədəlikdən çıxardıb ağsaqqalı. Çox heyf əziyyətindən, dayıcan.

Çox danışmağa ehtiyac görmürəm bu yerdən sonra. Lazım da deyil, mənasız olar. Elə bu sicilləmə roman kimi. İndi siz deyin, onu bağışlamaq olarmı?

Məncə, olmaz. Onu biz bağışlasaq da, atası bağışlasa da, bu və başqa əsərlərinə görə ədəbiyyat bağışlamamalıdır.

# 3576 dəfə oxunub

Müəllifin son yazıları

# # #