Kulis.az Orxan Saffarinin mərhum meyxanaçı Aydın Xırdalanlı ilə bağlı yazısını təqdim edir.
Talehi olduqca qaranlıq və qara bir Aydın Xırdalanlı...
Ey, adının haqqını verməyən adam!
Allahu Əkbər...
Allahu Əkbər...
Aydının səsində hiss etməyə çalışın Azanı. Bir məscid minarəsindən Allaha ucalan səda misalı. Beləcə üstündən illər keçir və yolunu "azan" bir Aydın tanıyırıq. O, parlaq istedad, tükənməz söz bazası, hər bəndin arxasında adamı cuşa gətirən bir Aydın sözü və səsi...
Uşaq idim onun meyxanalarını dinləyəndə. Böyüdüm, yenə dinlədim. O vaxtlar bir çox meyxanaları dillər əzbəri idi. Ən çox da “De gəlsin” meyxana yarışmasında dediyi ev tapşırığı. Mən harda Qarabağdan söz düşsə, təkcə bu bəndini deyirəm elə.
Laçın, Ağdam, Şuşa işğal olunubdur beləcə
Mavi ekranlarda da gördüm o gecə.
Sabah olacaq Şuşada istilik 15 dərəcə
Arsız-arsız havası haqda da elan veririk..
Əvvəl-əvvəl vətən işğalına imkan veririk.
Sonra sakitliyə, atəşkəsə fərman veririk.
Hə, Aydın, sən demiş, ey bizim xain əliynən satılan torpağımız. Gələcək nəslə şikəst Azərbaycan veririk. Necə də aydın demisən hər şeyi.
Bu yazıya başlamazdan əvvəl yenidən onun meyxanalarını dinlədim. Bu dəfə fərqli bir atmosferdə, fərqli bir ruh da. Hər şey apAydın ortada. Aydınsa, aydan arı sudan duru...
Özünü sağkən məclislərdə bir neçə dəfə görmüşlüyüm də var. Həm yaxşı vaxtında, həm pis vaxtında. Söz ustadı deyə biləcəyimiz bir adam idi Aydın. Düzü, son dönəmlər meyxana sənəti nə qədər pislənsə də, müəyyən kütlə tərəfindən qəbul olunmasa da, hətta bir çox meyxanaçılar təfəkkür cəhətdən geniş olmasalar da, bu, qətiyyən meyxananın özünə və ciddiliyinə kölgə salmamalıdır. Meyxana kifayət qədər ciddi sənətdir. Bu da başqa bir yazının mövzusudur. Əl qərəz.
Gələk sözün Aydınına, aydın sözə.
Aydının taleyinə indi ancaq onun öz misraları ilə yanaşmaq daha dəqiq olardı.
"Düz yoldan azıb nəbaləd ünvanlara düşdüm".
Həə, Xırdalanlı Aydın düz bildiyi haqq yolundan elə nabələd ünvanlara düşdü. İndi olduğu yerə də bələd deyilik. Bilavasitə düşdüyü nabələd ünvan hazırkı ünvanına apardı onu.
"Səhranı gəzən yerdə bataqlıqlara batdım
Dəryanı üzən vaxtı burulğanlara düşdüm"
Məncə də, Xırdalanlı üçün bu dünya bir dərya idi və həmin o burulğan bu gün onu "burub" apardı. Samanlıqda iynə axtarmaq qədər çətin və səhrada su gəzmək kimi müşkül bir həyat yolu idi onunki. Düşdüyü "Nabələd" ünvanlardan çırpınıb çıxmağa çalışan Aydın. Bacarmadı, boğuldu...
Əslində, bir yerdən, bir vaxtdan sonra həqiqətən də heç nə insanın vecinə olmur. Ən azı bir anlıq belə olsa nə dost, nə tanış, nə ailə, heç kimi düşünmürsən. İnandığın bütün nəsnələr gözünün qabağında puç olub, yoxa çevrilib gedir. Cəhənnəm olsun deyirsən hər şey.
Elə Aydın kimi:
"Onsuz da cəhənnəm odu etməz mənə təsir
Ondan da betər atəşi hicranlara düşdüm. "
Xırdalanlı Aydın bu dünyada cəhənnəmi yaşayan adamdır həm də. Bilmirəm, qəlbi həssas idimi ya yox, amma yəqin ki, söz adamı, xüsusi ilə Aydın kimi bir söz adamının qəlbi daş ola bilməzdi.
"Dünya həssas qəlblər üçün cəhənnəmdir" demişdi Viktor Hüqo.
Onun həyatı yağışdan çıxıb doluya düşmək kimi bir şeydir. İslanmışa hədə qorxu gələrlərmi bəs?
Bunu da Aydın yaxşı bilirdi.
"İslanmışa çox gəlmə hədə qorxu yağışnan
Məndən xəbər al gör necə leysanlara düşdüm"
Ümumiyyətlə, hərdən düşünürəm, insan bu həyatda nə üçün çalışır ki? Sadə sualdı, əslində. Bax ətrafına, cavab ver. Biri zəngin həyatdan, biri başını girələyə biləcəyi kiçik şeylərdən, biriləri də başqa nədənsə. Ortaq olaraq hamı bir şey üçün çalışır. Yaşamaq. Yaxşı yaşamaq. Heç kimə möhtac olmamaq üçün.
Amma nə olur? Təbii ki, istədiyimiz kimi getmir hər şey. Bəzən tamah, bəzən nəfs, bəzən də ən adi bir şey həyatımızı sonlandırır, puça çevirir.
Həzzin qurbanı olmaq da varmış, əfəndim.
Düz deyilmi? Kimlər kimə möhtac oldu? Kimlər nəyə möhtac oldu?
Birimiz həzzə, birimiz bir parça çörəyə, birimiz də böyük bir heç nəyə.
Vahid demiş;
Üzü dönsün görüm o ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi, q..., o... bizi.
Aydın nə deyirdi bəs?
Bir parça çörəkdən ötəri buğda misalı
Əzdi fələyin çərxi dəyirmanlara düşdüm.
Həəə, bax belədir bizim Aydın. Cəhənnəmi də, əzabı da, ağrını da, həzzi də bu dünyada dadıb getdi. Əgər o dünya varsa və deyilənlər də mövcuddursa, indi Aydın orda ən güclülərdəndir.
Nə ilə qorxu gələrlər ona?
Görəsən, dinləyiblərmi onu?
Oxuyublarmı qəzəlin?
Bilmirlərmi ki, Aydın deyib:
"Bir dəfə verilmiş ömürü xoş yaşamaqçün.
Yaş işlərə girdim quru böhtanlara düşdüm"
Bax, budur aydın. Özünün elə bu qəzəlində bioqrafiyasını yazıb, deyib və gedib.
O yaş işlər qurutdu Aydını.
"Aydın qələmi aldı əlinə ta bu ümidnən
Bəlkə sözə xatir dilə dastanlara düşdüm"
Həyatla bağlı isə bircə bu ümidi boşa çıxmadı. Yeganə qazancı bu oldu mənəvi mənada. Düşdün dilə dastanlara, Aydın. Öz sözündə boğulan adam... Ruhun şad olsun.