Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.
Kulis.az “Xocalı ayı” çərçivəsində Murad Muradovun "Atamın pencəyi" hekayəsini təqdim edir.
O gecə başımıza gələn hadisələri düşünəndə əlim-ayaqım keyiyir, nəfəsim daralır, boğuluram.
Şaxtanın insan bədənini qılınc kimi kəsdiyi qışın oğlan çağında atamın, anamın, dörd yaşlı bacımla mənim başıma gələnləri istəyirəm siz də biləsiz:
Kəndimizdə düşmənin güllə səsləri getdikcə daha aydın eşidilməyə başlamışdı. Atılan mərmilər lap yaxınlıqda partlayırdı. Ermənilər gəlirdi.
Adamlar qiymətdə ağır, çəkidə yüngül nə varsa götürüb kəndi tərk edirdi. Biz də onlara qoşulduq. Hava soyuq və şaxtalı idi. Yollar buz bağlamışdı. Sağ qalmamız bir möcüzə olacaqdı. Şər qarışanda çıxmışdıq kənddən. İki saat, hələ bəlkə bir az da artıq idi nəfəs dərmədən yol gedirdik.
Atam bacımın yanaqından öpüb onu çiyninə götürdü. -Bərk- bərk boynuma sarıl!- dedi: Mənim və anamın əlindən yapışdı. Körpüsüz çayı keçməli idik. Buz tutmaqda olan suyun öldürücü soyuqluğuna dözməyib ağlamaq istəyirdim, səsimi eşidən olar deyə qorxurdum. Çayı keçəndən sonra anam yaş corablarımı soyundurub, bərk-bərk sıxıb, çəkmələrimin içini sildi. Əynindəki qalın jaketini soyunub ayağlarıma sarıdı. Atam- anamın titrədiyini, onun da miskin halda olduqunu görüb, pencəyini çıxardıb anamın çiyinlərinə atdı.
Qışın ilikləri donduran soyuğu hamımızı əldən-ayaqdan salmışdı. Ən çox da anamı. Onun rəngi avazımışdı, ayaqlarını dizə qədər çatan qarın içində güclə sürüyürdü.
Kəndimizi od vurub yandırırdılar. Bunu göy üzünü aydınladan alovdan bilmək olurdu. Gurultu səsləri heç səngimirdi.
Atam meşəyə yaxşı bələd idi.
Bütün ömrü bu meşələrdə keçmişdi.
Kəsə yollarla bizi qonşu rayona çatdırmaq istəyirdi. Yaxınlığda güllə səslərı eşitdik. Atam tez geriyə çevrilib əllə işarə edərək, -əyilin!-dedi:
Çömbəlib bir müddət hərəkətsiz qaldıq. Bacım atamın qucağında idi. Onu anama verib, bir neçə addım irəli gedərək nə baş verdiyini öyrənməyə çalışdı. Ətrafı gözdən keçirib yanımıza geri qayıtdı və bizi tələsik meşənin başqa səmtinə, dərinliyə doğru apardı. Qaranlıq olsa da, qarda seçilir, diqqət cəlb edirdik. O, dərənin qırağındakı qayalığın dibində bizi yerləşdirib, -“Məni burda səssiz, sakit gözləyin.”- dedi və gəldiyimiz tərəfə qayıtdı.
Qorxulu idi… Kim harda bacarırdısa – orda gizlənirdi.
Atam o gecə gəlib çıxmadı.
Gözümüzü qırpmadan səhəri yarıdonmuş vəziyyətdə açdıq.
Günün ilk saatları həmişəki kimi deyildi, qeyri-adiliyi ilə seçilirdi. Xeyli vaxtdan sonra insan səsləri yenidən eşidildi. Anam qulaq kəsilib, səslərin hansı tərəfindən gəldiyini anlamaqa çalışırdı. Onlarla insan səhər açılar-açılmaz, düşmənə əsir düşməmək üçün gizləndiyi yerdən çıxıb xəlvəti yollarla qaçmağa çalışırdı. Biz də onlara qoşulduq. Soyuq küləyin vıyıltısı qulaq batırırdı.
Meşə yolunda, çılpaq ağacların arasında atamın və başqa tanıdığlarımızın cəsədlərini gördük. Onları amansızlıqla qətlə yetirmişdilər.
Ermənilər vəhşilik rolunu tam performans oynamışdı. Cəsədlər tanınmaz hala salınmışdı.
Yaxın dostum Səfərin fəryadını eşitdim. Qorxuyla arxama döndüm və ayaqlarımın hərəkəti anidən kəsildi. Səfərin atası Əli dayı yerdə qan içində uzanmışdı.
Atamı qarın boşluğundan vurmuşdular. İçi dağılmışdı. Anam tük ürpərtən, qorxunc səslər çıxardırdı. Sanki ağlı başından çıxmışdı.
Onun iri qara gözləri dəhşətli nifrət saçırdı.
Alnına səpələnən tünd qəhvəyi saçları anama zalım insan görünüşü vermişdi.
Uşaq gəlinciklə oynayan kimi anam da atamın cəsədi ilə oynayırdı.
Əlləri əsə-əsə atamın hələ də isti olan bağırsaqlarını təkrar qarnına yığırdı.
Bacımın və mənim avazımış üzümüzdən çaşqınlıq yağırdı.
Yanına gedib atamın üzünə toxunduq.
Dodaqlarımın arasından bir pıçıltı qopdu:
- Ata!
İkimiz də ağlayırdıq.
Çarəsizlikdən bilmirdik nə edək.
Anamız qəti bizimlə maraqlanmırdı. Tamam başqalaşmışdı. Baxışlarımızı bir dəqiqə belə ondan ayıra bilmirdik. Qorxu ilə nə olacaqını gözləyirdik.
***
İp kimi uzanan yollarla, anam hara, biz də yanıyca piyada getdikdən sonra evimizdən və sevdiklərimizdən uzaqda “yeni həyata” başladıq.
Atamın ən yaxın dostları bizə bir otaqlı, elə də yaxşı şəraiti olmayan ev tapmışdılar.
Sevinirdik, qışın oğlan çağında başımızı soxmaqa damımız, daxmamız vardı.
“Neynək, hər şey düzələcək, onsuz da burda müvəqqətiyik, öz evimizə qayıdacağıq.”
Məni, məndən kiçik bacımı yedirmək, geyindirmək asan olmayacaqdı. Buna görə də anam çörək bişirmə sexində gecə növbəsinə işə düzəldi. Doqquz yaşım vardı, gecələr qorxsaq da, mən və beş yaşlı bacım evdə tək qalırdıq. Anam işdən evə saat dörd-beş arası gəlirdi. Yuxu gözümüzdən tökülsə də yatmırdıq, anam evə qayıdanacan rahatlanmırdıq. Heç yadımdan çıxmır, onun gəlişini qapını açarkən çıxartdıqı səsdən yox, özündən öncə gələn, üzərinə hopmuş, çörək ətrindən bilirdik.
Qapıdan girəndə yorğun və yuxusuz olsa da, daima gözləri parıldayırdı.
O gecə soyuqdan donmasın deyə atamın- anama verdiyi “Boz pencəyi” göz bəbəyimiz kimi qoruyub saxlayırdıq. Anam qazandığı pulları son qəpiyinə qədər bu pencəyin bəzən sağ, bəzən sol cibinə qoyardı. Mən və bacım anamdan pul istədikdə -“gedin atanızın cibindən götürün.”- deyərdi. Biz atamızın yoxluqunu, anamızın bu davranışı sayəsində hiss etmirdik. Köhnəlmiş boz pencək sayəsində, atam yaşayırdı. Bəzən elə bilirdim atam yanımızdadır, hardasa gizlənib bizimlə gizlənqaç oynamaq istəyir. Bəzən də elə zənn edirdim ki, o da işə gedib və tezliklə qayıdacaq.
Anam ona sadiq qaldı, ailə həyatı qurmadı.
Kəndimizdəki kimi burda da öz hörmətini qoruyub saxlamışdı. Anamın saçları o dəhşətli gecədən sonra qar kimi ağardı. Atamın ölümündən sonra qara kəlağayısını başından əskik etmədi. Anamdan söz düşmüşkən onun yaddaşıma həkk olunmuş bir hərəkətini də mütləq qeyd etməliyəm.
Bəzi gecələr sobanın yanında əyləşib, atamın pencəyini qoxlayırdı, ona sığal çəkirdi.
Pencəyin yaxa cibindən, atamın şəklini çıxardıb uzun-uzadı baxırdı. Anam içində əzab çəksə də, bunu bizə bildirmirdi. Ölüb-dirildiyini, neçə dəfə tərin-qanın içində yuxudan oyanıb qışqırdığını, saatlarla özünə gəlmədiyini də görmüşdüm.
Uşaq olarkən yəqin sizdən də soruşublar;-“Ananı çox istəyirsən, atanı?” İlk əvvəl “Hər ikisini” desək də, bir az israr edincə utana, sıxıla “Ananı” deyərdik. Bəli, mən anamı çox istəmişəm, bu gün də anam ən qiymətlimdir!!!