Son arzu - Tərlanə Yaqubqızı

Son arzu - Tərlanə Yaqubqızı
17 oktyabr 2025
# 15:00

Kulis.az Tərlanə Yaqubqızının "Son arzu" yazısını təqdim edir.

Ötən günlərin birində xidməti masamıza Milli Kitabxananın nəzarət bölməsinin əməkdaşı Ülviyyə Nuriyevanın köməyi ilə əli əsalı çox yaşlı bir kişi yaxınlaşdı. Gənc həmkarıma təşəkkür edib qocaman oxucu ilə tanış oldum. Adı Natiq, soyadı Talıbov. Yaşı səksən yeddi. Yaşasaydı, atam da bu yaşda olacaqdı. Boy-buxunundan atama oxşatdım, üz cizgilərindən isə rəhmətlik fəlsəfə müəllimimiz Camal Mustafayevə. Amma ağzını açıb şikayətə başlayanda gözümün önünə "Şikayətnamə"nin müəllifi Füzuli babamız gəldi.

Söhbətdən məlum oldu ki, Natiq müəllim neçə illərdir ki, alternativ enerji ilə bağlı ixtira edib və patent almaq uğrunda yorulmadan mübarizə aparır. Kişini əslində, bu ixtiradan alacağı yüksək məbləğdə qonorar maraqlandırmırdı, çünki dediyinə görə dövlətdən kifayət qədər yaxşı təqaüd alır. Vaxtilə Moskvada elmi iş müdafiə edib, neçə illər bundan əvvəl qaz təchizatı ilə bağlı dövlət idarəsində çalışıb, o dövrə görə çox yüksək maaş və mükafatlar alıb. Yeganə və bəlkə də son arzusu ixtirasını həyata keçirib xalqa və dövlətə fayda verməkdir.

Bəlkə də "Qırxında öyrənən gorunda çalar" məsəli bu məqamda yerinə düşmür. Axı peyğəmbərimiz də beşikdən qəbir evinə qədər oxumağı buyurub. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Natiq müəllimi qapılarda o qədər süründürüblər ki, gözünü açıb görüb ki, artıq səksən yeddi yaşı var, amma bürokratların laqeydliyi ucbatından hələ də arzusunu reallaşdıra bilmir.

Kişinin ürəyi dolu idi. Necə deyərlər, açdı sandığı, tökdü pambığı. İxtirasının səmərəliliyini bəzi üzdəniraq məmurlara sübut etmək üçün məndən bir neçə elmi ədəbiyyat istədi. Yaşının çoxluğunu nəzərə alıb onu əməkdaşı olduğum elmi-biblioqrafiya və elektron informasiya xidməti şöbəsinin oxu zalında əyləşdirib özüm kitablarını sifariş vermək üçün üçüncü mərtəbədə yerləşən elmi zala yollandım. Orada vəziyyəti həmkarlarıma izah edib yardım istədim. Sağ olsunlar, beş dəqiqənin içərisində sifariş verdiyim kitablar fonddan gətirildi.

Qoca həmin kitabların üzünü çıxartmaq istəyəndə elektron resurslardan istifadənin təşkili bölməsinin işçiləri də ona lazımi kömək etdilər. Hər dəfə Natiq müəllimin mənə ürəklə "qızım" deyə müraciət etməsi, dil-ağız etməsi məni çox kövrəldirdi. Mən öz peşə borcumu yerinə yetirsəm də, bu həssas qoca "haqqını halal et, qızım, səni çox yordum, bütün gününü mənə həsr etdin" deyərək dönə-dönə təşəkkür edirdi.

Ayrılıb getmək istəyəndə onun üçün pillələri enməyin necə çətin olduğunu təsəvvür edib yenə də kömək etdim. Qoca alimi foyeyə qədər müşayiət etdim. Qapının çıxışında yadına düşdü ki, taksi sifariş verməlidir. Çətinliklə taksi çağırdı, bir neçə dəqiqədən sonra taksi sürücüsü zəng edib qocaya artıq gəldiyini bildirdi. Natiq müəllim ağır eşitdiyindən telefonu alıb özüm sürücü ilə danışmalı oldum. Sürücü bildirdi ki, kitabxananın qarşısında gözləyir. Yenə də qocanın qolundan tutub ona pillələri düşməkdə kömək etdim. Amma taksi görünmürdü. Sürücü təkrar zəng edib tutuquşu kimi təkrar-təkrar "Sola gəlin, xanım, sola. Sizə dedim ki, sola" deyərək bizi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatının qarşısına qədər gəlməyə məcbur etdi. Mənə nə var, dərd Natiq müəllimin idi.

Qoca ayaqlarını güclə sürüyürdü. Qapını açıb oturacağa əyləşdirəndən sonra sükan arxasındakı cavan sürücüyə iradımı bildirdim: "Bu adam nə atamdır, nə dayım, amma yaşlı adamlara hörmət etmək borcumuzdur. Mən olmasaydım, adam hələ də kitabxananın qarşısında sizi gözləyəcəkdi". Bilmirəm, sözlərim cavan sürücüyə təsir etdi, yoxsa yox. Amma başını yüngülvari önə əyib guya mənim sözlərimlə razı olduğunu bildirdi. Gözlərim doldu. Bəlkə də belə bir payız günündə itirdiyim atama görə duyğusallıq etdim, bilmirəm. Təkcə onu bilirəm ki, bizə uşaq yaşlarımızdan özümüzdən böyüklərə hörmət etməyi öyrədiblər. Deyək ki, bu sürücü cahildir, savadsızdır, etikadan xəbəri yoxdur. Amma bir acı həqiqəti danmaq olmaz ki, əgər bu kişi çox tanınmış və vəzifəli biri olsaydı, sürücü onun üçün sükan arxasından düşüb qaça-qaça qapını da açardı. Sürücünü qoyaq bir kənara, bəs Natiq müəllimi illərlə qapı arxasında gözlədən və adını ziyalı qoyanlara nə ad verək? Axı yaşlı adamı bu qədər incitmək ən böyük günahdır.

Bu dəfə nədənsə Füzuli babamızın "Şikayətnaməsi"ni yox, "Padişahi- mülk" qitəsini xatırladım:

...Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri...

# 83 dəfə oxunub

Oxşar xəbərlər

İnsanın əzəməti  – Dino Buzzatinin hekayəsi

İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

10:00 16 oktyabr 2025
Nuhun xarratı  - Mirmehdi Ağaoğlunun hekayəsi

Nuhun xarratı - Mirmehdi Ağaoğlunun hekayəsi

12:00 15 oktyabr 2025
"Pəri çınqılı" - Süleyman Rəhimovun hekayəsi

"Pəri çınqılı" - Süleyman Rəhimovun hekayəsi

14:30 11 oktyabr 2025
"Dovşan" - İlqar Rəsulun hekayəsi

"Dovşan" - İlqar Rəsulun hekayəsi

13:18 11 oktyabr 2025
"Bizim səhvlərimiz unudulmağa məhkumdur..." - Sədaqətli olmaq lazımdırmı?

"Bizim səhvlərimiz unudulmağa məhkumdur..." - Sədaqətli olmaq lazımdırmı?

18:52 9 oktyabr 2025
Kişi köynəyi - Günün hekayəsi

Kişi köynəyi - Günün hekayəsi

14:30 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər