Kulis.az Orxan Həsəninin “Müharibəni gözləyərkən” adlı yeni romanından bir parçanı təqdim edir.
Kazarmanın arxasına burulduq. Köhnə əsgərlərin dərs saatı idi deyə, hərbi hissə bomboş görünürdü. Havadan yenə də yanmış ot qoxusu gəlirdi. İkimərtəbəli qərargah binasının dəhlizlərini silən əsgərlər zarafatlaşır, bir-birinin üstünə su sıçradırdılar. Bu yüngül hərəkətlərə görə ətrafda onları danlayacaq heç kim yoxdu. Şam ağaclarına qonan göyərçinlərin və zarafatlaşan əsgərlərin bir-birinə qarışan səsi sükutu pozurdu. Hərbi hissənin o tərəfindəsə həyat davam edirdi. Bir az əvvəl keçən təyyarənin xətti açıq səmada yavaş-yavaş silinirdi. Hündür evlərin açıq pəncərələri, pəncərələrin ağ, bənövşəyi, sarı pərdələri görünürdü. O pərdələrin arxasında insanlar ömür sürürdülər. Külək hərdən pərdələri yelləyir, evlərin içi az da olsa, gözə dəyirdi.
Günlərin sayını qəflətən itirdim. Addımlaya-addımlaya əynimdəki formaya, qollarıma, qollarımdakı ağcaqanad dişləklərinə baxdım. Ağcaqanadların məni nə zaman dişlədiyini unutmuşdum. Yara izləri yeni deyildi. Çoxdandır ağcaqanad görmürdüm. Mundiri geyindiyim ilk gündən nə qədər zaman keçmişdi? Azca gördüyüm, əskiklərini beynimdə tamamladığım evlərin içinin istiliyi məni hər şeyə yadlaşdırdı.
Əhəd kimi evə qayıtmaq, yumşaq çarpayıda rahatca uzanmaq, tavana baxmaq və istədiyim zaman yatıb, istədiyim zaman oyanmaq sərbəstliyimin verdiyi yüngüllüklə yaşamağı arzulayırdım. İndi evə getsəm, nə işlə məşğul olacaqdım? Bunun əhəmiyyəti yoxdu. Valideynlərim və dostlarım üçün bərk darıxmışdım. Səslərini eşitsəm, ürəyimə sərinlik gələr, fikrimə yeni şeylər əlavə olar və bir vaxta qədər o yeni şeyləri düşünə-düşünə başımı qatar, zamanı unudardım. Güman deyibsə, telefon məsələsi dəqiqdi. Bəlkə, indi telefonla danışmağa gedirik? İlk kimə zəng vuracağımı götür-qoy elədim. Atam, anam, dostlarım, hətta uzaq tanışlarımın belə səsini eşitmək, onlar haqqında düşünmək mənə dinclik verərdi. Qapıya çatanda həyəcanım pik həddə çatmışdı.
Güman qapını açdı. Qapı ağ olsa da, çirkli əllər tutacağı və tutacağın ətrafını ləkələmişdi. Yuxarı hissələrinə saqqızdan çıxan müxtəlif yapışqanlar həkk olunmuşdu. Qapının cırıltısı qulağımı cırmaqladı. Cırıltı gəlişimizi xəbər verdi. İçəri girəndə gözümə qaranlıq çökdü. Uyğunlaşmaq üçün gözlərimi bir az yumulu saxladım. Açanda gizir Hüşəni tək stolda əyləşən gördüm. Ayağını ayağının üstünə aşırıb telefonda oyun oynayırdı.
– Qapını bağla, dalını vur, – gizir gözünü telefondan ayırmadan söylədi.
Bura hamam idi.
İki geniş otaqdan ibarət hamamın birinci otağı soyunub-geyinmək üçündü. İçəridə hər şey dövranını sürmüş, vaxtını keçirmişdi. Tavanda iki lampa asılmışdı. Qapını açanda içəri soxulan külək sanki sağ olduqlarını yoxlamaq üçün lampaları azca yellədirdi. Lampalar sağ deyildi. Toz tutmuş mavi divarın rəngi solmuşdu. Nəmdən çürüyüb tökülən hissələri süpürmüşdülər. Küncboyu kətildi, kətildən yuxarıda isə divara səliqəylə mismarlanmış asılqanlar var idi. Asılqanlardan birinin ağzına arası cırıq, geyinilməkdən sozalan qara alt paltarı keçirilmişdi. Deyəsən, ona uzun zamandır heç kim toxunmamışdı, nəmdən kiflənmişdi. Bəzi asılqanların dişi sınmış, mırıq qalmışdı. Taxta kətilin üzündə alışqanla müxtəlif rəqəmlər yazılmışdı.
Rəqəmlər əsgərlərin tərxis günlərinə qalan məsafəni bildirirdi. 100 gün, 165 gün, 256 gün. Nə vaxtsa bu günlər tamamlanacaq, darıxmaqdan ürəyi üzülən, siqareti acgözlüklə sümürən əsgərlər doğmalarına, ev-eşiklərinə qovuşacaqdılar. Bəzi rəqəmlərin geri sayımı çoxdan tamamlanmış, əsgər tərxis olmuş, tamam başqa həyatın parçasına çevrilmişdi. Taxta kətilin üzündə alışqanla yazılmış rəqəm hələ də eyni məsafəni göstərirdi. O rəqəmdə əsgərin evə getməyə, doğmalarına qovuşmağa hələ 100, 165, 256 günü qalmışdı. Zaman o rəqəmlərdə donmuşdu. Bu başqa əsgərlərə ümid verirdi. Ora-bura yazdıqları rəqəmlərin xidməti onlarınkından uzun çəkirdi. Üstəlik nə vaxtsa, hərbi hissədə təpik döyməyəcəkdilər, təkcə rəqəmlər xatirə qalırdı.
İkinci otaq genişdi. Divarboyu iyirmiyə yaxın duş kabinəsi sıralanmışdı. Döşəmə kafeldən idi. Geniş otağın ortasında suyu kanalizasiyaya ötürən, ağzında qara tüklər və sabun qalıqları gözə dəyən üç deşik vardı. Pəncərədən süzülən gün işığı kafeldə parlayırdı. Duşları bir-birindən bəziləri cırılmış parça arakəsmələr ayırırdı.
Girişdən solda daha bir qapı görünürdü. Bu otaq iri paltaryuyan maşınlarının idi.
– Davay, – Gizir Hüşən başını telefondan çəkib bizə baxdı. Paltaryuyan maşınların içindəki mələfələri və balışüzlərini çıxarın. Birini yerdən sərin ki, hamısı çirklənməsin qalanını da onun üstünə.
Otağa keçdik. Güman paltaryuyan maşından bir mələfə çıxarıb yerdən səliqəylə sərdi. Mələfənin üstündə buraxılış tarixi yazılmışdı. 05-2019. DSX. Bu yeniydi. Beş aydır çıxmışdı. Bəlkə, birinci dəfəydi yuyulurdu. Digər mələfələrlə müqayisədə rəngi alışıb-yanırdı. Tünd-sarı adamı ovsunlayırdı. Ona toxunmaq və əlinin çölüylə sığallamaq istəyirdin. Belə bir mələfənin üstündə yatmaq pis olmazdı. Belə bir mələfənin üstündə lap nağıllardakı kimi qırx gün, qırx gecə yata bilərdin. Qırx gün, qırx gecə yatsaydım, yorğunluğum canımdan çıxardı, bəlkə.
5-ci ay, 2019-ci il. Görəsən, bu tarixdə haradaydım? Mələfə zavoddan çıxanda və damğası vurulanda hansı işlə məşğuldum? Universitetin son günləri. Ayrılığa yavaş-yavaş hazırlaşmaq. Evdən dərsə, dərsdən evə tələsdiyim anlardan birində bu mələfə beş ay sonra onu görməyim üçün yola çıxmışdı. Aradan beş ay keçsə də, məsafə mənə çox uzun gəlirdi.
Paltaryuyandakı digər mələfələri qucaqladım və bərk sıxdım. Yumşaqlığı adama arxayınlıq hissi bağışlayırdı. Onlardan ucuz şampun qoxusu gəlirdi. Qoxunu dərindən içimə çəkdim. Buraxmaq istəməsəm də, qucağımdakıları sevimli mələfəmin üstünə atdım. Qatlamağa başlayırdıq ki, gizir Hüşən stolunu da götürüb bizim otağa keçdi.
– Səliqəli olun. İşiniz xoşuma gəlsə, sizə hədiyyəm olacaq, – o dedi.
Mələfələri səliqəylə qatlayıb kənardan yığdıq.
***
Gizir Hüşənin qaşları düyünləndi. Üzündə qırışlar əmələ gəldi. Deyəsən, oyun ürəyincə getmirdi. Bir əlində telefonu tutmuşdu. Digər əlini başında, boynunun arxasında gəzdirirdi. Ayağını dayanmadan yelləyirdi. Əlini başında, boynunun arxasında gəzdirməyi, ayağını dayanmadan yelləməyi “fikirləşirəm” mənasına gəlirdi. Fikirlər onu, doğrudan da, divara dirəmişdi. Barmağını telefonun ekranında sürüşdürürdü. Buna görə sakitliyə maksimum riayət eləyirdik. Güman arada mənə göz vurub gülümsəyirdi. Onun göz vurmağından konkret məna çıxara bilməsəm də, telefonla bağlı olduğunu təxmin edirdim. Yəqin, demək istəyirdi, indidən sevin, bir azdan telefonu sənə verəcəyəm, ürəyin istəyənlə danışacaqsan. Telefonla danışmaq təkcə darıxmağını kəsmək, doğmaların səsini eşidib sevinmək, siqareti öz pulunla almaq yox, həm də üstünlük göstəricisiydi. Hələ heç kimin danışmaq ixtiyarı yoxdu. Mayor Mamayevin göstərişlərindən sonra əlinə telefon almaq cəsarət istəyirdi. Gümanın deməyindən belə çıxırdı, çəkinməli bir şey yoxdur. Ona inanırdım. Lakin danışmağın bir şərti vardı: bunu bizdən başqa kimsə bilməsin. Heç kim bilmirsə, açığı, üstünlükdən söz salmağın, fərqlənməyin mənası yoxdu. Görəsən, birinci kimə zəng edim? Qorxuram həyəcandan rəqəmlər beynimdə qarışsın, nömrələri unudum.
– Krossvordla aranız necədir? – gizir Hüşən nəhayət, başını telefondan qaldırıb bizə baxdı. İndi əlini başından götürmüş, ayağını yelləməyi kəsmişdi.
Gümanla baxışlarımız toqquşdu. Gizirin sualını götürüb bir-birimizə yenidən ünvanladıq. O, çiyinlərini qaldırdı. Mənim üzüm isə qərarsız forma aldı. Heç vaxt krossvord yazmamışdım. İndiki dövrdə kim idi qəzet oxuyan? Krossvord deyəndə gözlərimin önündə eynəyi burnunun ucuna sürüşmüş, hay-hayı gedib vay-vayı qalmış qocalar gəlirdi.
– Babayev, sən bir bax görək.
Güman yaxınlaşıb telefonu götürdü. Telefon Gümanın əlində yad element kimi görünürdü. O, telefona diqqətlə baxdı. Hətta gözünü ekrandan çəkib naməlum nöqtəyə zilləndi. Hərfləri bir-iki dəfə sıralayıb dodağını büzdü. Deyəsən, heç nə başa düşmədi. Qalxmış çiyinlərini endirib telefonu qaytardı.
– Gəl sən də bax, – üzünü mənə çevirdi.
Əlimdəki mələfəni qatlayıb səliqəylə yükün üstünə qoydum. Bayaqdan fikirlər beynimdə dolaşır, müxtəlif şeylər haqqında düşünürdüm deyə mələfələri üst-üstə xətkeş dəqiqliyi ilə yığırdım. Gizirə yaxınlaşdım. Əllərim təmiz və quru olsa da, çırpıb ovuclarımı şalvarıma sildim. Telefonun ekranında dairəvi müxtəlif hərflər sıralanmışdı. Dairəvi sıralanmış hərflərin yuxarısında, ənənəvi krossvord qrafiki vardı. Hərflərə diqqətlə baxdım. T, A, A, Y, Q. Ağlıma gələn ilk sözü dedim: Tayqa.
– Yoxla gör çıxır?
“Tayqa” yazdım və telefonun sevincli nidası yüksəldi. Gizir Hüşən hərflərə baxdı. Düz tapmışdım.
“Tayqa”. Bu söz dilimə haradan düşdü? Birdən-birə yeddinci sinif coğrafiya kitabının səhifələri, o səhifələrdəki meşə şəkillərini xatırladım. Bu söz illərdir dilimə gəlmirdi. Yaddaşımda qorunub özünü göstərmək üçün bu günü gözləmişdi.
– O biriləri də sına, – gizir Hüşən söylədi.
Sırayla sözləri yazdım və krossvord tamamlandı. Başqa bir krossvord çıxdı və onu da tezliklə işlədim.
Gizir Hüşən elə bil sevindi və tezliklə sevincini gizləyib telefonu aldı.
– Sözlərlə aran yaxşıdı. Ali təhsillisən?
– Bəli.
– Hansı universiteti bitirmisən?
– Bakı Dövlət Universiteti. Filologiya fakültəsi.
– Filologiya fakültəsində sizə krossvord yazdırırdılar?
– Yox. Birinci dəfədi.
– Birinci dəfə? – güldü, – Babayev, dostun yaman zarafatcıldı. Deyir, birinci dəfədir krossvord işləyir.
– Həə, cənab gizir. Məktəbdə də belə idi. Hamımızı güldürürdü.
Sükut.
***
Mələfələri və yastıqüzlərini qatlayıb kənardan yığdıq. Gizir Hüşən yaxınlaşıb işimizə baxdı. Deyəsən, razı qalmışdı. Səhv tutmadı. Kitelini çıxarıb stolun başına keçirdi və əyləşdi. Kürəyini stola söykəyib ayağını ayağının üstünə aşırdı. Onun hər iki qolunda döymə vardı. Sol qolunda böyük hərflərlə “HİKMƏT”, sağ qolunda “ADİL” yazılmışdı. “HİKMƏT” sözündəki “M”-nın dirəkləri bir-birinə toxunmurdu deyə adı oxumaq çətindi. “ADİL” səliqəylə yazılmışdı və aydın oxunurdu. Görünür, “HİKMƏT” əvvəl, “ADİL” sonra yazılmışdı.
– İşiniz xoşuma gəldi. Afərin. Həmişə belə səliqəli olun. Tamerlanın xətrinə sizi telefonla danışdırıram, amma aramızdan çıxmasın. Telefonla danışdığınızı heç kim bilməsin. Bu iş gizli qalmalıdır. Dünən Babayev danışdı, indi də, Qurbanlı, sən danış, – əlini kitelin cibinə salıb düyməli “Nokia” telefonu çıxardı. Bayaqdan oyun oynadığı smartfonla müqayisədə “Nokia” körpə görünürdü, – götür, – uzatdı, – keç o biri otağa danış. Danışandan sonra deyərsən beş manat kontur vursun.
Əvvəl mənə elə gəlirdi, insan xoşbəxt olanda onun səbəbləri haqqında çox düşünmür. Hissin özü səni çəkir və əhatəsinə alır. Daha burada “niyə”, “nə üçün”, “hansı səbəbə” sualları keçmir. İndi telefon haqqında düşündükcə xoşbəxtliyim artır, ürəyim sevinclə döyünürdü. Məni sevindirən telefon yox, telefonun o üzündə səsini eşidəcəyim doğmalarım idi. İnsanların bir-birinə kobud münasibəti məni bərk darıxdırırdı. Əhədin siması, onun başına dəyən qapaz gözlərimin önündən getmirdi. Əhəd haqqında düşünməyin yeri deyildi. Bir azdan telefonla danışacaqdım və sevinirdim. Ən böyük faciələri sakitliklə qarşılaya bilərəm, amma sevinəndə çaş-baş qalıram, əlim-ayağım bir-birinə dolaşır, burnum acılanır, gözlərimdən yaş axır və yaşı dayandırmaq üçün özümü sıxıram. Gizir Hüşən telefonu mənə uzadanda da sevincdən gözlərim yaşardı və axmaq vəziyyətə düşməmək üçün özümü sıxdım. Bir tərəfdən də utanırdım. Adamların yaxşılığı məni həmişə utandırırdı.
Otaqdan çıxıb duş kabinələrinin axırıncısına girdim. Ərp duşun dəmir borularını sıxmışdı. Damcıların düşdüyü kafel dairəvi açıq-qırmızı rəngə çalırdı və dairənin sonlarına yaxın qırmızı rəng açılıb tədricən yoxa çıxırdı. Bu, dəmir borudan axan pasın rəngiydi.
Pərdəni çəkib arxayınlaşdım. Arabir düşən damcı səslərindən başqa içəridə tam sakitlik idi. Damcı səsləri hamamda əks-səda verirdi. Bir azdan bu geniş otağı doğma səslərin dolduracağını düşününcə üzüm güldü. Əvvəllər yanımda olan hər bir canlı mənə yük görünürdü, indi adi bir telefon zənginə görə, az qala, uşaq kimi atlanıb düşəcəkdim.
Başımı yuxarı qaldırıb tavana nəzər saldım. Küncdə hörümçək toru gördüm. Hörümçək ovunun ətrafında xoşbəxtcəsinə dolanırdı. Ov nə qədər çırpınsa da, xilas ola bilmirdi. Bir azdan gücdən düşəcək və ölümlə razılaşacaqdı. Ovunun ölümlə razılaşdığını görən hörümçək daha çox sevinəcəkdi. Milçəyə kədərlənməyə dəyməzdi, onlardan çoxdu, hörümçəyin sevinci xoş əhvalımı bir az da açırdı. Onu öz xoşbəxtliyi ilə baş-başa qoyub telefona baxdım. Telefonun düymələrindəki rəqəmlər toxunulmaqdan pozulsa da, yupyumşaq idi. Barmaqlarımı düymələrin üstündə gəzdirdim. Atamın nömrəsini ehtiyatla yığdım:
“Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir...”
Operatorun cavabından sarsıldım. Anamın nömrəsini yığdım. Ürəyim sinəmi deşib çıxacaqdı. Həyəcandan əllərim, ayaqlarım əsir, qulaqlarım cingildəyirdi. Bircə zəngi açsaydı... Anam zəngə cavab vermir, ümidsiz “düüd..düüd” səsi qəmli-qəmli uzanırdı. Nəhayət, zəng səsi kəsildi. İkinci dəfə yığdım. Yenə cavab gəlmədi. Telefonun sükutu məni pərt elədi. Fikrə daldım. Görəsən, indi haradaydılar? Saat 11-ə yaxınlaşırdı. İkisi də işdə olmalıydı. İşdədilərsə, telefon yaxınlarındadı. Bəs onda nə üçün cavab yoxdu? Girinc qalmışdım.
Atam və anam boşanandan sonra onlar haqqında ayrı-ayrı düşünürdüm. Atam sərbəst, ağlına gələnin arxasınca gedən adamdı. Azadlığından bir addım geri durmazdı. Anam isə kövrək idi. Onun qısqanclıqları evdə uzun davalara səbəb olardı. Bu zaman mən ya çarpayımda uzanıb qulağımı əllərimlə qapayar, ya da çıxıb bayırda gəzişər, böyüyəndə heç vaxt evlənməyəcəyimi düşünərdim. Anam haqsız deyildi. Atamın həyatında həmişə başqa qadınlar olmuşdu. Bu qadınlar tez-tez dəyişirdi. Küncdə-bucaqda gizlin telefonla danışdığını bir-iki dəfə görmüşdüm. Nəhayət, günlərin bir günü mübahisələr səngidi. Sevindim, amma səbəb dərindəydi. Boşanmaq məqamı yetişmişdi. Boşanmaq onların birgə həyatında az qala yeganə dinc hadisə idi: onların həmrəy hərəkət etdiyi çox az hallardan biri.
Anamın yanında qaldım.
Eyni evin içində yaşayanda valideynlərim bir-birinə bənzəyirdilər. Boşanandan sonra onlar arasında fərqləri dərindən hiss etdim. İndi ikisi ilə də əlaqə yarada bilmirəm. Bəlkə, bədbəxt hadisə baş verib? Cəmi, iki dəqiqə öncə hər şey necə də gözəl idi. Xoşbəxt və arxayındım. Sadəcə, danışa bilmək ehtimalı belə məni sevindirirdi. Əlaqə yarada bilməməyim ürəyimə qurd saldı. İndi duş kabinəsində özümü arxayın yox, köməksiz hiss eləyirdim. Hislərimin ani dəyişikliyindən sərsəmlədim. Bayaqdan mənim üçün ən qiymətli əşya kimi görünən telefonun indi heç bir qiyməti və mənası yox idi. Anama bir daha yığdım. Açmadı. Hirsimdən telefonu yerə vurmaq istəyirdim.
Telefonu yerə vura bilməzdim.
Bu vaxt haradasa bir inək kədərlə böyürdü.
İnəyin böyürməyi bitməmiş zəng gəldi. Yad nömrəydi. Bəlkə, atamdır? Yəqin, yeni nömrə alıb. Hər ay bir nömrə dəyişir. Telefonu açıb, buraxılmış zəngi görüb, geri yığıb. Bəlkə, atam deyil? Gizir Hüşənin tanışıdır. Əgər elədisə, zəngi açmağım yaxşı çıxmaz. Axı mənim telefonla danışmağım gizli qalmalıydı. Şərtimiz beləydi. Zəngi açsam, danlaq yeyə bilərdim.
Zəngi açmadım. Çalıb qurtarmasını gözlədim. Eyni nömrədən bir daha zəng gəldi. Artıq heç kimlə danışa bilməyəcəyimi anlamışdım.
Başımı qaldırıb hörümçək toruna baxdım. Ov ölümlə razılaşmışdı və hərəkət eləmirdi. Ovçu milçəyi tora bürüməklə məşğuldu. Milçəyin ölümlə belə asan razılaşmasına məyus oldum. Hörümçəyin sevinci indi əsəbilərimi qıcıqlandırırdı. Əlimi atıb toru dağıtdım.
Duş kabinəsindən çıxdım.
Gizir Hüşən və Güman söhbətləşirdilər. Telefonu sahibinə qaytardım.
– Zəng gəldi, – dedim.
– Danışa bildin?
– Nəsə açmadılar.
Gizir Hüşən dediklərimi eşitdiyini bildirmək üçün başını razılıqla qaldırıb endirdi və gələn zəngi açdı. Bəli, onun tanışı imiş. Telefon söhbəti başladı. “Yaxşı ki açmamışam” içimdə söylədim.
Əlini yellədi. Bu “siz gedin” demək idi.
Bayıra çıxdıq.