Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanının altıncı hissəsini təqdim edir.
– Cənab kapitan, mərhumun kirayə tutduğu mənzilin ərazisində daha bir kamera qeydə alınıb. "Torontino" şirkətinə aid olan bu kamera nisbətən uzaqda yerləşdiyindən daha əvvəl mövcudluğundan xəbər tutmamışıq. Həmin kameranın qeydləri işimizə yaraya bilər.
– Bu yaxşı xəbərdir. Diqqətlə incələyin, bəlkə, əlimizə nəsə keçdi... Qətlin feministlərin yürüşü vaxtı törədilməsi bizi yenə onların izinə salır, lənət şeytana. Bu aqressiv qadınlardan nə desən çıxar.
– Sizcə, bu işdə feministlərin barmağı var?
– Bir qadın ki, “kişilərlə bərabərik, biz də onlar kimi xuliqanlıq, avaralıq eləyib, adam bıçaqlaya bilərik” dedi, ondan nə gözləyəsən. Qadının yeri mətbəxdir, işi də bozbaş bişirmək. Hə, bir də uşaq doğmaq.
– Cənab kapitan, mən bilən, adam bıçaqlamaq onların şüarlarında yoxdur.
– Səfeh olma, bəs ifrat azadlığın sonu nədir? Kişilər kimi barlarda araq vuran, qədəh toqquşduran qadın dava salıb xuliqanlıq da edəcək, adam da bıçaqlayacaq.
– Doğrudan e, cənab kapitan, heç bu ağlıma gəlməmişdi.
– Qaradivar ənənələrində və mental dəyərlərində kişi ailədə hökmranlıq edir, qoruyucu rol oynayır, qadın isə ondan zəif olur. Tarix boyu belə olub. Qadını düşməndən, vəhşi heyvanlardan qoruyan kim olub? Kişilər.
– Onlar deyir ki, kişilər olmasa, müharibələr də olmaz.
– Müharibə istəmirlər, amma fatehlərin şəninə nəğmə qoşurlar. Arvad tayfası hər şeyi öz xeyrinə düzüb qoşa bilir.
– Deməli, ox feministlərə işarə edir.
– Amma bir məsələ də var, cinayətin həmin gün baş verməsi hərəkatdan fikri yayındırmaq məqsədi daşıya da bilər. Sən belə elə... üçüncü qadını da araşdır, görək başımıza nə gəlir.
– O caz müğənnisini? Amma yaman şeydi ha…
– Az danış, get işini gör.
– Oldu, cənab kapitan Lələyev!
... ... ...
Begüm Dilavərin telefonundakı mesajı oxuyandan bəri özünə gələ bilmirdi. Onun həyatında başqa bir qadın da varmış! Axı bu adam, az qala, ona pərəstiş edirdi, ona Günəş kimi, kraliça kimi baxırdı. Bəs o necə belə bir iş tutmağa cəsarət edib?
"Ərim" Begümün özünə etiraf edə bilmədiyi bir şeyi – onun birinci ərinin xəyanətini sanki bar-bar bağırmışdı. Begüm ikinci dəfə özünü təhqir edilmiş hiss edirdi. Əslində, məsələ "Ərim"də deyildi, onun yerinə başqa bir şəxs də ola bilərdi. Həmin qara paltarlı qadın – Bella nə qədər acı olsa da, həqiqəti demişdi. Məsələ xəyanətin ağırlığı idi. Hətta Begüm kimi qadın da bu yükü götürməkdə çətinlik çəkirdi.
Əlbəttə ki, o, hisslərini bəlli etməyəcəkdi. Varlığında həyat eşqi olan bir qadın hansısa kişiyə görə kədərə qapılmağı özünə rəva bilməzdi.
“Əgər indi Ərimin ölüm xəbəri gəlsə, mən nə edərəm?” – özündən soruşdu. – Yəqin ki, köpüklü vannada şampan içib səyahət edəcəyim şəhərlərin siyahısını tutaram. Sonra da Adikin göndərdiyi yeni mahnını məşq edərəm. Musiqi bəzən iş, bəzənsə həzzdir. Bu anda musiqi həzz olardı...”
Fikirli-fikirli telefonu əlindən oynatdı, sonra sosial şəbəkədə bir az gəzindi. Sosial şəbəkə qətlə yetirilən Sahilə haqqında xəbərlərlə aşıb-daşırdı. Ölüm haqqında xəbərlərdən uzaq durmağa çalışan Begüm belə yazıları oxuyanda ürəyi ağrıyıb-eləmirdi; başqalarının dərd-səri onu az maraqlandırırdı.
Feministlər cinsi ayrı-seçkilik faktorunu qabardıb, bu qabarmanın üzərində manevrlər edirdilər:
“Zorakılığa yox deyək! Nə vaxtadək kişilərin boyunduruğu altında əziləcəyik? Az qala, hər gün bir qadın şiddət və zorakılığın qurbanı olur. Qadın həmrəyliyi üçün birləşməyin məqamıdır! Hamınızı yürüşə çağırıram!”
Begüm ağzını büzdü. Bu feministlər də özlərinə iş tapıblar. Sadəcə, kişidən istifadə etməyin yollarını bilmək lazımdır. Elə etmək lazımdır ki, sən onun deyil, o sənin qurbanın olsun.
Sarı Vasilinin adını telefonun kontaktında axtardı. Zəng etməzdən əvvəl nə deyəcəyini götür-qoy etdi. Danışıb vədələşdilər. Bir saatdan sonra Qubernat bağının yanındakı “İzmir” kafesində üz-üzə oturmuşdular.
– Kim deyərdi ki, cazın kraliçası gözəllər gözəli Begüm mən yadına salacaq? Elə bilirsən unutmuşam? Hər şey cazdır, Həyat cazdır, Günəş cazdır... Əntiqə musiqiydi. Hə, o vaxt atam deyərdi ki, keçən günə gün çatmaz, – Vasili siqaret qutusuyla alışqanı stolun üstünə atıb həsir kresloda yerini rahladı. – Necə günlərimiz olub, indi hər şeyin zayı çıxıb.
– Vasili, sənin atan azərbaycanlıydı, hə?
– Əlbəttə, həm də lap yekəsindən! Babam Təzəpir məscidinin axunduydu, əmmaməli kişiydi, hələ məni də molla eləmək istəyirdi.
– Səndən molla olar? Daha bu qədər yox da!
– Nöşün? Molla bəyəm məndən artıqdır? Mollanın əli heç çirkə batmır bəyəm? Nə olar indi bir-iki dəfə əlimiz qana batıb?
– Bir-iki dəfə?
– Yaxşı da, yeddi dəfə deyək. Beşini yatıb çıxmışam, birini pul verib qurtarmışam, birində də amnistə düşmüşəm. Görürsən də, hamısını bircə-bircə deyirəm. Nöşün ki, təmiz oğlanam, yalan-palanla aram yoxdur.
– Bəs atan rus qızı alanda axund baban hirslənmədi?
– Hirslənib, nöş hirslənməyib. Qanımızı it qanına caladın deyib. Nənəm də rus qızının yemək yediyi qabları götürüb atırmış ki, mundar oldu. Axır qaragün anam başını götürüb qaçıb Rusyetə.
– Sonra görüşmədiniz?
– Hardan görüşəcəyik? Rus adamdı da, birini tapıb ərə gedib, uşaq doğub, təzə gün-güzəran düzəldib özünə. Molla Həsənin nəvəsi çox elə yadındaydı.
– Darıxmırdın?
– Nöş darıxmırdım. Canavar balası da anasıyçun darıxır, – Vasili nəzərlərini uzaqlardan yığıb, Begümün üzünə dikdi. – Yaxşı, məni axund babamla rus anamdan danışmaq üçün çağırmamısan, hər halda. Sözüvü de görək.
– Vasili, sənin yerin məndə ayrı olub. Mən o vaxt caz konsertləri verəndə sən də dostlarınla gəlirdin, əslində, bizi Alik tanış etmişdi, cazın alovlu fanatıydı, yadındadır da.
– Zalım oğlu cazın cikinə-bikinə bələd idi. Mən caz-maz bilmirdim o vaxtlar. O vaxtlar Aliklə aramızdan su da sızmırdı. Mən onu futbola dartırdım, o da caz konsertlərinə. Hə, yaxşı oğlan idi, amma şərəşur işlərlə çox arası yox idi, ona görə çox çəkmədi dostluğumuz.
– Aliklə siz ayrı dünyaların adamlarıydınız. Eynəkli, azdanışan, sakit oğlan idi. Deyirsən, o vaxtdan görüşmürsünüz?
– Atası onu nazirliyə işə düzəltdi, daha mənim kimiləri hərləmirdi. Sonra da xaricə köçüb getdi.
– Alik məni kafeyə dəvət edəndə susub otururdu, mən də deyirdim, görəsən, bu oğlan darıxmaqdan bezmir? Yaxşı ki, yanında sən də olurdun, dil-boğaza qoymadan danışıb ortalığı isidirdin.
– Sən də mamlı-matan qız idin. Sənin yanından keçəndə hamı dönüb bir də baxardı. Amma mən heç vaxt sənə ayrı gözlə baxmamışam. Bax bu ölsün.
– И ты гордишься етим? – Begüm nazla güldü. – Sənin görünüşündə diqqət çəkən çox şey vardı... Alen Delonmu deyim, Bred Pitmi... Какой мужчина! Bəs niyə baxmamısan, axı bilirdim ki, məndən xoşun gəlir...
– Xoşum gəlirdi e... Amma Alik səni ölümünə sevirdi. Oçkisinin şüşəsinin dalından sənə elə baxırdı, qurd quzuya baxan kimi... Mən ölüm. Elə o vaxtlar kruqa düşdüyüm vaxtlar idi, təmiz işlər görmürdük... Eşitdim Alikdən ayrılandan sonra ərə getmisən. Sonra bir də eşitdim k, ərin avaryaya düşüb. Son qəmin olsun. Həyat ki var, gəldi-gedərdi. Ürəyivi heç sıxma.
Begüm çantasından siqaret çıxarıb tez-tələsik damağına qoydu, Vasilinin tez ona tərəf tutduğu alışqanla yandırdı və sanki bir anlıq nikotinin həzzinə daldı.
– Gözəl xanım, heç demədin, məni niyə çağırmısan. Mənə görə nə qulluq?
– Bir adam öldürmək istəyirəm, xahiş edirəm, mənə kömək edəsən.
Begüm Vasilinin çaşqın halına baxıb ucadan qəhqəhə çəkdi:
– Zarafat edirəm. adam öldürmək nədi, mən heç qarışqanı da incidə bilmərəm... Если честно, Vasili, başım dərddədir. Bir qadın məni izləyir, rahat buraxmır məni. Ölümlə hədələyir.
– Kimdir o cani qadın?
– Mərhum ərimin sevgilisidir, – Begüm paltarının yaxasını düzəltdi, sanki baş verən dünyanın ən adi işiydi.
Bu dəfə Vasili şaqqanaq çəkdi:
– Özüm ölüm, sən məni dolamısan e. Rəhmətlik ərivin sevgilisinin səninlə nə alış-verişi?
– Ərimlə gəzəndə subay deyildi, başqa bir adamın arvadıydı.
– Vay səni fahişə! – Vasili əlini stola çırpdı.
– Xahiş edirəm, Vasili, hər halda, o da bir qadındır.
– Bağışla məni, sən bu fahişəyə qadın deyirsən? Əri ola-ola gedib yad kişinin qoynuna girən bu fahişə səndən nə istəyir?
– Həyatının korlanmasında məni təqsirkar bilir. Yəni dolayısilə. Əslində, mən bu qadının psixikasının pozulduğunu düşünürəm. Ona görə bir az da yazığım gəlir ona.
– Begüm, sən həyatımda gördüyüm ən qəribə qadınsan, mən ölüm. Sənin yerində kim olsa bu fahişəni boğardı, səninsə yazığın gəlir. Hələ səni də öldürmək istəyir bu başdanxarab.
– Vasili, dedim axı, o qadın normal deyil, ona görə istəmirəm onun ünvanına belə sözlər deyəsən.
– Bilirsən nə var? Xoşuva gəldi-gəlmədi, amma ərini aldadan qadın mənim nəzərimdə ən axırıncı qadındır.
Begüm onun sarı saçlarına, mavi gözlərinə bir anlıq maraqla baxdı, nəsə demək istədi, sonra Molla Axundun nəvəsi olduğunu xatırlayıb susdu.
– Hərənin bir taleyi var... İndi mətləbə gələk. Mənə silah tapmağını istəyirəm. Özümü müdafiə üçün üstümdə gəzdirəcəyəm. Heç kimi öldürmək fikrim yoxdur, narahat olma. Sadəcə, göz qorxutmaq niyyətindəyəm. Uzaqbaşı havaya bir-iki atəş açacam. Hə, nə deyirsən, taparsan?
– Begüm, ağıllı iş deyil bu. O başdanxərəbi polisə ver, ya da dəlixanaya zəng vur, gəlib aparsınlar. Qoymaram özünü təhlükəyə atasan.
– Himayəsində iki balaca uşaq var, Vasili. O uşaqları görsən... Hərəsi bir mələkdir... Ataları həbsxanadadır, analarını da itirsinlər?
Begüm stolun üstündən salfet götürüb gözlərinə sıxdı. Vasili də kövrəldi.
– Bəs işdi, əlindən qəza çıxsa, bu arvadı öldürsən, onda necə? Uşaqlar yetim qalmayacaq?
– Vasili, dedim axı, sadəcə, onu qorxutmaq istəyirəm. Hə, nə deyirsən, kömək edəcəksən?
– Yaxşı, bir şey fikirləşəcəm.
– Mənə indi lazımdır.
– Yaman yerdə axşamladıq ha. Bir ton duz çörək kəsmişik səninlə. Kömək eləməsəm, gözümü tutar. Rəvadırmı sənin kimi xanım hansısa bir... axmaq qadının qurbanı ola.
– Ürəksən, sən Vasili.
– Sən də ürəksən, canım. Hə, mən qalxım, bir saata əlaqə saxlayarıq.
Ayla içindəki canlını hiss edəndən bəri onunla bağlı düşüncələri dəyişmişdi. Övladı üçün mübarizə aparmaq ondan ötrü bir qadın uğrunda savaşmaq idi.
Ayla onun qız olduğuna əmindi.
Əgər bətnindəki körpəni öldürsəydi, Sahiləni öldürən qatildən nə fərqi olacaqdı? Ayla qızını yaşatmalıydı ki, indiyə qədər və bundan sonra haqqı tapdanan qadınlar naminə savaşmağa haqqı olsun.
Həmin gün anasına bunu deməyə çalışırdı Ayla. Qadın isə qonum-qonşunun, el-obanın nə deyəcəyini düşünüb, az qalırdı havalana. Ayla həmişə sərbəst qız olmuşdu, xüsusilə, valideynləri ayrılandan, ata nəzarətini öz üstündə hiss etməyəndən sonra. Amma onun bu həddə gəlib çıxacağı ananın ağlına da gəlməzdi. Ailə haqqında bir neçə dəfə danışmağa cəhd etsə də, qızı fikrindən bir addım da geri durmamışdı.
– Ana, sən dediyin ailə institutu fiaskoya uğrayıb, tamamilə tənəzzül etməlidir ki, yerində yeni ideyalar cücərsin. Mən eksperiment naminə ailə qura bilmərəm.
– Eksperiment naminə deyil, bu rüsvayçılığı təmizləmək üçün o adama ərə getməlisən. Deyəsən, nə baş verdiyini başa düşmürsən. Tamam ağlını itirmisən. Sənin üzündən el-obanın dilinə düşəcəyik.
– Mən rüsvayçı hərəkət etməmişəm. Sənin el-oba dediyin – dedi-qodularla həyatdan intiqamlarını alan məhəllə arvadlarıdır. Əxlaq qanunları indi onlar tərəfindən yazılır? Primitiv zehinlərə xoş getsin deyə həyatımı məhv etməliyəm? Cəhənnəm olsun hamısı. Bu mənim həyatımdır, heç kimin məni kukla kimi oynatmasına icazə vermərəm.
– O adam kimdir? Onunla özüm danışacam! Zəhmət çəksin, uşağına sahib çıxsın!
– Bir dəqiqə, ana. Sən heç kimlə danışmayacaqsan. Bu mənim öz işimdir. Mən dədələrin, nənələrin, babaların, əmilərin həyatımla oynamasını istəmirəm.
– Bəlkə, o adam uşağı qəbul etmək istəmir, ona görə belə danışırsan?
– O elə adam deyil ki, uşağından imtina etsin. Hamını pis görməkdən, pis qələmə verməkdən əl çək, ana.
Ayla Divin bu barədə fikrini bilmirdi, amma sevgilisi ona evlilik təklif etsəydi belə, razılaşmayacaqdı. Birincisi, ailə qurmağı cəfəngiyyat hesab edirdi, ikincisi isə, heysiyyəti ona bu təklifi (sırf uşaq üçün) qəbul etməyə yol verməyəcəkdi.
Bir neçə gün əvvəl Divlə görüşmək üçün vədələşmişdi. Hamilə olduğunu deyəcəkdi. Divin reaksiyasından gələcək həyatlarına dair ipucu alacaqdı. Amma görüşə bir saat qalmış sevgilisi zəng edərək vacib işi çıxdığını demiş və görüşü sabaha qədər təxirə salmağı xahiş etmişdi. Onu da əlavə etmişdi ki, Ayla üçün möhkəm darıxır və onu görmək üçün səbirsizlənir. Ayla özü də onun səsinin titrəyişindən bunu hiss etmişdi. Bir neçə saatdan sonra qəfildən əsəbiləşmiş və hamiləliyini mesajla çatdırmışdı.
Amma nədənsə göndərdiyi mesaj cavabsız qalmışdı. Mesajın oxunduğu barədə bildiriş gəlsə də, Divdən səs-soraq çıxmamışdı. Gümanı min yerə getmişdi: 1. Div mesajı oxuyub və şoka düşüb. 2. Sevincdən başını itirib və söz yaza bilmir. 3. Onun azadlığı üçün təhlükə yarandığından narahatdır. 4. Aylanın hamiləliyinə inanmayıb.
Sonuncu ehtimala Ayla özü də inanmırdı, çünki sevgilisinin ona inandığını və güvəndiyini bilirdi. Divə sirr deyildi ki, Ayla dəli-dolu olsa da, dürüst qızdır və yalandan belə bir şeyi dilinə gətirməz. Həm də onun ailə qurmaq məsələsinə ciddi baxmadığını bilirdi.
Cavabsız mesajdan bir gün sonra Div zəng vurdu. Səsindən yorğunluq tökülürdü:
– Balam, dünən dostum Rafiq ürəktutması keçirib. Yaxşı ki, küçədə ona kömək ediblər, telefondan nömrəmi tapıb zəng vurublar. Bütün gecəni xəstəxanada çarpayısının başında keçirdim. Gözümü də yummamışam. Ən çox da səni görə bilmədiyimə pis oluram.
– Vay, vay, təəssüfləndim, Div. İndi yaxşıdırmı dostun?
– Yaxşıdır, balam, yaxşıdır. Əməyimiz boşa getmədi.
– Səninlə qürur duyuram. Etibarlı dostsan!
– Boş şeydir... Borcumuzdur. Özün necəsən?
– Biz yaxşıyıq. İndən belə "mən" deyil – "biz". Kimisə özümdən çox sevəcəyim ağlıma gəlməmişdi...
– Ayla, bir dəqiqə... Sən nə haqqında danışırsan?
– Göndərdiyim mesajı almadın? Hər şeyi yazmışam.
– Nə mesaj? Ayla, açıq-aydın desənə, nə olub axı?
– Hmm... Bizim bir qızımız olacaq. Mən hamiləyəm.
– ...
– Div, sən ordasan? Məni eşidirsən?
– Burdayam, Ayla.
– Səsin bir anlıq zəiflədi, ya mənə elə gəldi? Sən sevinmirsən?
– Biz belə danışmamışdıq, Ayla.
– Nə? Sən nə demək istəyirsən?
– Sənin bu etdiyin heç yaxşı iş deyil. Məni pis vəziyyətdə qoyursan.
– Hamiləlik mənim planımda deyildi, Div. Özün bilirsən ki, həmişə tipik qadınlara məxsus işlərin əleyhinə olmuşam. Ərə getmək, övlad sahibi olmaq mənlik deyil.
– Hə, sən həmişə belə deyirdin. Ərə getmərəm, uşaq doğmaram! İndi isə qarşıma keçib "hamiləyəm" deyirsən. Səni anlamıram, Ayla.
– Mən yalan demirdim. Elə indinin özündə də uşaq doğmağın, ailə qurmağın əleyhinəyəm.
– Mənə isə elə gəlir ki, sən sabah "evlənək" desən, artıq buna da təəccüblənməməliyəm.
– Bir dəqiqə, Div, sən nə demək istəyirsən? Demək istəyirsən ki, bütün bu feminist hekayətini özümdən uydurmuşam ki, səni tora salım? Əvvəl ərə getmək, uşaq doğmaq istəmədiyimi deyib sonra sənə qorxunc sürpriz etmişəm? Sən bunu demək istəyirsən? Mənim haqqımda necə belə düşünə bilərsən? Sən məni heç tanımamısan! Mən isə səni ideallaşdırmışdım!
– Ayla, bütün bu söhbətləri boşla. İdeal insan yoxdur, özün bilirsən. Yəqin ki, mənim evli olduğumu da bilirdin, amma özünü bilməməzliyə vururdun, eləmi? Ayla, bəsdir rola girdin. Necə varsansa, özün ol artıq. Çünki mən də qarşında təbii halımdayam. Bütün bu sevgi hekayələri məni bezdirdi. Əslində, bu aşkım söhbətləri mənim ürəyimi bulandırırdı. Hamısı bir şeyə görə idi, yəqin ki, anlayırsan. Kişilərin bütün cəhdləri ancaq bir məqsədə çatmaq üçündür, ondan sonra hər şey öz mənasını itirir. Yəqin, bütün bunları əvvəldən də bilirdin, sadəcə, qarşımda sadəlövh qız rolunu oynamaq xoşuna gəldi. Elə mənim də aşiq rolunu oynamaq bir müddət xoşuma gəldi, amma bütün filmlərin bir sonu var. Bu filmin də sonu gəldi. İndi isə aktyorların adlarını çəkməliyik, qoy hamı onların öz oyununu necə məharətlə oynadığını görsün. Hə, başla. Oyununu əvvəldən sona qədər danış. Eşidirəm. Alo. Alo.. Ayla, eşidirsən?
– Dud… dud… dud…
… … …
DİLAVƏRİN SƏS YAZISI
“Yəqin ki, bu hekayətdə hamı məni qınayacaq, "şərəfsiz", "əclaf" sözləri havada uçacaq. İnsanlar bütün hekayətlərin bir mənfi qəhrəmanını görməyə alışıblar. Yalnız nağıllarda bir mənfi qəhrəman olur, real hekayətlərdə isə mənfi qəhrəmanların sayı biz düşündüyümüzdən də çoxdur. Bir nəfər demişdi ki, insan ancaq hansısa anda şair olur, gün boyu şair ola bilməz. Müsbət ya mənfi qəhrəman da gün boyu pis ya yaxşı olmur. Hansısa anda onların içindən bir pis və ya yaxşı adam çıxır və ətrafdakı adamlarda özünə uyğunluq axtarır. O birilərin içindən çıxan pis və yaxşılarla qaynayıb-qarışır və beləcə sərhədi böyüyür. Mənimlə də belə oldu. Bəxtim onda gətirmədi ki, pis qəhrəmanların yemi oldum.
Nihalı həqiqətən sevirdim. İlk iki ilimiz nağıl kimi keçdi (o zaman hələ real hekayətlərin dəhşətindən xəbərim yox idi). Sonra Nihalın eqosu mənə olan sevgisini üstələdi. Məndən diqqət, qayğı ummağa başladı. Mən evə yorğun gələndə, ya işdə böyük problemlərim olanda, evdə anlayış görəcəyimə ümid edirdim, amma əvəzində arvadımın kaprizlərini görürdüm. O, mənə olan sevgisi ilə alver etməyə, ticari niyyətlər güdməyə başlamışdı.
– Mən keçən gün sənin boynuna sarıldım, sən isə etinasız davrandın. Sən içəri girəndə üzünə güldüm, sən isə qaşqabaqla baxıb keçdin. Mən sənə şahənşah süfrəsi açdım, sən isə dilucu “sağ ol” dedin.
Evliliyimiz təmənnalı məcburi işə dönmüşdü. Mən, sadəcə, qarşılıq verməyə özümü borclu sayırdım. Təbii Dilavər yoxa çıxmış, öz yerini arvadıyla “xala-xala” oynayan bir adama vermişdi. Bu isə çox davam eləyə bilməzdi.
Onunla olanda özümü yad biri kimi hiss edirdim. Ona toxunanda başqasının qadınına toxunduğumu sanırdım. Bu qadından məhrəm istəklərimi gerçəkləşdirməsini gözləyirdim. O isə özünü bilməməzliyə vurur, özünü heç nədən xəbəri yoxmuş kimi aparırdı. Bu da ona olan qəzəbimi daha da artırırdı. Mən bu qəzəbi soyutmaq üçün kənarda əyləncə axtarırdım.
Hərçənd, Begüm, sadəcə, əyləncə deyildi. O, gözəl və ehtiraslı qadındır. Hər bir kişi bu cür qadın arzulayar. Mən onunla daxilən böyümüşdüm. Belə bir qadına sahib olmaq qürurumu oxşayırdı. Üstəlik, o, çox kişinin arzusu idi, bu isə mənim ona qarşı hisslərimi alovlandırırdı.
O, Nihal kimi deyildi, məndən heç nəyin qarşılığını istəmirdi. Üzümdən öpməsi, bornuma sarılması, qaşıqla tort yedizdirməsi məni borca salmırdı. Özümü azad hiss edirdim. O da eynilə mənim kimi azad idi.
Günlərin birində Begüm haqqında əsl həqiqəti öyrəndim. Həm də tanımadığım bir qadından. Begüm məndən, sadəcə, istifadə edirdi, onun mənə verdiyi sərbəstlik, əslində, laqeydlikdən başqa bir şey deyildi.
Aylanı tanıyanda yeni bir fəslə qədəm qoydum. Heç kimə bənzəməyən, tamamilə başqa, fərqli düşüncədə, fərqli beyində, fərqli dünyagörüşdə olan qızdı. Təsadüfən qadınlar təşkilatına getmişdim, onun çılğın çıxışı xoşuma gəldi, sonra foyedə gördüm, qısa kürən saçları ağ bənizinə çox yaraşırdı, bədəni elə incə idi ki, sanki qucaqlasan canı çıxacaqdı. O isə bu zərif gözəlliyin fərqində deyildi, özünə əmin addımlarla foyedə irəli-geri gedir, telefonla danışır, ona yanaşıb nəsə deyən əməkdaşlara alovlu-alovlu nəsə izah edirdi.
Cizgi filmlərin qəhrəmanına oxşayırdı. Bu şirinliyinə bir az da tamaşa etmək istədim, yaxın gəldim, bu vaxt məni gördü, yaxınlaşıb təşkilata dəstək olduğum üçün təşəkkürünü bildirdi. Onun danışığında, baxışlarında mənə doğma olan nəsə vardı. Bəlkə, doğrudan da, əvvəl hansısa cizgi filminin qəhrəmanı kimi dünyaya gəlmiş, sonra bəxti gətirdiyindən real insan obrazında doğulmuşdu.
Zorakılığa məruz qalmış qadınlar barədə şok faktların olduğunu deyib telefon nömrəsini aldım. İki gün sonra zəng vurdum, faktları bölüşmək istədiyimi dedim. Təbii ki, bu bəhanə idi, yeganə istəyim onu bir daha görmək idi. Bəhanəmin tutarlı olması üçün vəkil tanışımın köməyilə, doğrudan da, bəzi faktları toplamışdım.
Görüşdük. Kim demişdi ki, cizgi filmlərinə baxmaq üçün yaşlanmışam? Heç də yox. Bəlkə də, uşaqlıq illərindən üzü bəri bu cizgi filmini gözləmişəm. Cizgi film qəhrəmanının ciddi tərzdə danışmasını izləmək çox şirin və əyləncəli idi. Qadınların azad doğulduğunu, amma kişilərin ucbatından azad ola bilmədiklərini deyirdi. Qadınların azadlığını məhdudlaşdıran kişilərdən danışanda yumruqlarını düyünləyir, qonur, yumru gözlərində qığılcımlar oynayırdı. Qəribə qız idi. Heç beləsinə rast gəlməmişdim. Kişilərdən heç bir umacağı yox idi. Ailə qurmağı lazımsız sayır, "ərə getmək qadınların ən böyük səhvidir" deyirdi. “Niyə kişi qadını maddi cəhətdən təmin etməli, ona baxmalıdır? Qadın da şüurlu insandır, əgər kişilərin gərəksiz müdaxiləsi olmasa, qadın özü öz başının çarəsinə baxar”.
Cinsəl həyatda azadlıq tərəfdarıydı. “Niyə kişilər öz həyatlarındakı qadınların hesabını heç kimə vermirlər, amma qadın həyatındakı hər kişi üçün cəmiyyətə hesabat verməlidir? Niyə qadın azadlıq istəyəndə adını feminist qoyub lağ edirlər? Mən öz həyat tərzimlə cəmiyyətin ədalətsizliyinə üsyan edirəm”.
Doğrusunu desəm, onun dedikləri mənə gülməli və absurd gəlirdi, amma əsl fikrimi deyib onun qəzəbinə tuş gələcəyimdən qorxduğum üçün yüngülcə etiraz etsəm də, razılaşırdım.
Görüşdüyüm bütün qadınlar təmənnalı davranmışdılar – biri pul, biri mövqe, biri ailə, uşaq istəmişdi. Bunları istəməyən də davamlı sevgi tələb etmişdi; məncə, bu da təmənnalı olmaqdır. Ayla isə fərqli idi. Yəni mən onu fərqli hesab edirdim.
Amma günlərin birində eyforiyaya qapıldığımı gördüm. Mənim cizgi film qəhrəmanım, əslində, başqa qadınlardan fərqli biri deyilmiş. Ərə gedib uşaq doğmağın gərəksizliyini iddia edən bu qadın qəfil hamilə qalıb standart düşüncə tərzini seçmişdi. Uşaq doğacaq, digər qadınlardan biri olacaq və irəlidə də, yəqin ki, məni bütün bunlara ortaq edəcəkdi.
Aldandığıma inana bilmirdim. Mənim sevimli cizgi film qəhrəmanım qorxu filmlərindəki kabus qadınlar kimi qarşımda zühur etmiş, əsl kimliyini ortaya qoymuşdu. Onda mən də öz kimliyimi ortaya qoydum. Bu vaxt ərzində özünü axmaq aşiq kimi göstərən kişinin, əslində, digər kişilərdən fərqlənmədiyini, sevgini gərəksiz və puç hesab etdiyimi, əsl niyyətimin onu başdan çıxarmaq olduğunu dedim. Yəqin ki, bütün bunları o da bilirdi. Ona görə sona qədər qulaq asmağa səbri çatmadı, dəstəyi atdı. Mən isə başımı tutub yerə çökdüm. Hər dəfə qadınlarda eyni səhvə yol verirəm. Hər qadının fərqli olduğunu düşünürəm, sonda isə əsl simasıyla üz-üzə qalıram.
Ona evli olduğumu deməmişdim, amma təbii ki, bunu bilirdi. Çünki hər bir qadın kişiləri çox yaxşı tanıyır...
Nihal dolabın qabağında durub key-key paltarlara baxırdı. Adətən, paltar seçəndə Dilavərin zəhmli səsi qulaqlarını döyəcləyirdi:
– Özünü ağır apar, ciddi paltar geyin. Sənə baxanda “Dilavərin arvadıdır” deyirlər. Fikrin yüyənsiz arvadlara getməsin. Boşanıb lüt-üryan düşüblər küçələrə. “Qarğa, məndə qoz var” deyə dingildəyirlər.
– Keçən dəfə "qonşu Hikmətin arvadıyla da çox oturub durma, düz-əməlli arvada oxşamır" dedin.
– Çürüyünü çıxarma, Nihal. Dedim ki, əynində yaşına-başına uyğun olmayan paltar görməyəcəyəm, birdəfəlik sırğa elə, as qulağından!
Nihal da onun dediklərini qulağında sırğa eləmişdi. Əslində, yaşa-başa uyğun olan paltarların nə olduğunu özü də tam bilmirdi. Amma ərinin qəzəbinə tuş gəlməmək üçün ən maksimal variantları seçirdi. Adətən, uzun, boğaza kimi düyməli paltarlar alırdı. Dilavər evdə başını məmnunluqla tərpətsə də, küçədə birlikdə gedəndə gözü mini ətəkli qızlarda olurdu. Onda Nihal uzun libasına baxıb özünü bir az da lazımsız hiss edirdi.
İndi belə çıxır ki, o, azad idi, istədiyi paltarı geyə bilərdi, hər halda, əri son sözünü demişdi. Amma bundan ürəyi rahatlıq tapmırdı. İstədiyi kimi geyinə bilərdi, amma kimin üçün, nə üçün? Axı həyatını ərinə uyğunlaşdırıb yaşamışdı. Onun istədiyi kimi qadın olmuşdu, indən belə necə olmağı sınaqdan keçirəcəkdi? Yeni həyat üçün çox, çox yorğun idi.
Dilavəri xatirələrdə tapmaq istədi. İlk görüşdükləri yerə – Elmlər Akademiyasının çıxışındakı telefon avtomatlarının yanına getdi. Ona elə gəldi ki, indi harda olsa Dilavər də gəlib çıxacaq. Beləcə, dayanıb gözlədi. Yanından adamlar keçirdi – şair demiş, Allah bilir həyatları boyu neçə adam öldürmüş, amma qan tökdükləri ağıllarına belə gəlməyən adamlar. Arada gözləri Nihalın baxışlarıyla toqquşur, heç nə ifadə etməyən nəzərlər onun üzündən yayınıb, yoluna davam eləyirdi. Nihaldan başqa hamının öz yolu vardı.
Sonra birlikdə ilk getdikləri yerə üz tutdu. Cavid parkına. Həmin skamyanı tapmağa çalışdı və ona elə gəldi ki, tapdı. Oturdu, xəyali söhbətə daldı. Gəlib keçənlərin maraq dolu baxışlarından sezdi ki, öz-özüylə danışır. Utandı, özündən də gizlənmək istədi, ancaq bacarmadı.
Sonra qarşı səkiyə keçdi. Həmin gün bir az da burada gəzmişdilər.
… – Nihal, kinoya gedək? Yeni türk filmi gəlib.
– Gedək... Maraqlı kinodur?
– Hə, romantik filmləri sevirsən?
– Sevirəm!
– Görürsən, bunu dərhal hiss etdim. Belə zərif, gözəl xanım heç romantik olmaya bilər?
– ...
– Amma bir xahişim var, məndən uzaq qaçma. Başa düşürəm, sən gözəlsən, çox gözəlsən, mələksən! Mən isə adi bir oğlanam. Sənin yanında özümü elə vecsiz hiss edirəm ki...
– Dilavər, bu heç doğru deyil. Sən yaraşıqlı oğlansan!
– Doğrudan, belə düşünürsən? Məni çox, çox xoşbəxt elədin! Sənin ilahi nəzərlərin məni yaraşıqlı gördüsə, artıq nə dərdim ola bilər! Elə isə, Niİhal, bu zavallı bəndəni bir az da xoşbəxt edib, qoluna girə bilərsən? İstəyirəm, real olmasa belə, səninlə cütlük olmanın xəyali xoşbəxtliyini yaşayım.
– Yaxşı...
– Bax, bu oldu tamam! İndi isə kinoya baxmağa gedək. Bu mənim həyatımın ən unudulmaz filmi olacaq. Gedək?
– Gedək!
Getdilər... Hansı kinoteatr idi? Hə, “Vətən” kinoteatrı.
– Bu da bilet. Bunu yadigar saxlayacam. Ömrüm boyu.
– Dilavər, ver mən saxlayım. Olar?
– Yəni bu bilet sənə bu qədər əzizdir? Bu gün mən dünyanın ən xoşbəxt adamı olmuşam!
Həmin bilet Nihalın ömürlük amuletinə, talismanına çevrildi. Uğur gətirməsi üçün həmişə üstündə gəzdirdi.
Film başlayanda yanlış zala gəldiklərinin fərqinə varmışdılar. Başqa bir film gedirdi.
– Nihal, tamam başqa zala girmişik, – Dilavər onun qulağına pıçıldadı, – yoxlasalar, çıxaracaqlar. Gəl gedib, öz zalımızı tapaq.
Filmə ilk dəqiqədən aludə olan Nihal isə:
– Bəlkə, heç yoxlamadılar, hə? – dedi. – Gəlsənə bəxtimizə düşən bu filmə tamaşa edək?
Nihalın dilindən “bəxtimiz” sözünü eşidən və artıq qızın da tək halda deyil, cəm halda danışdığının fərqinə varan Dilavər xoşbəxtlikdən uçunaraq razılaşdı.
Nihal “Vətən” kinoteatrının qapısında durub, sehrlənmiş kimi boşluğa baxırdı. Xatirələr dop-dolu, o özü isə əliboş idi. Evdə də onu heç kim gözləmirdi. Dilavər saat 9-da işə gedib, 6-da evə gələn kişilərdən olmasa da, Nihal onun ən nəhayətdə evə dönəcəyini bilirdi. Tanış addım səslərini eşitcək, əlindəki bütün işləri bir kənara atıb, qapıya tərəf uçurdu – hə, məhz uçurdu! Dilavər buna da söz tapırdı:
– Qapıya elə cumursan, elə bil fırtına qopub. Sonra yıxılıb məni işə salacaqsan.
– Axı səni görə bilmək üçün tələsdim. Sənə görə! Sən isə!
– Yenə başladı da. “Sənə görə qaçdım, sənə görə uçdum”. Yəqin, özünü damdan atsan da deyəcəksən sənin üçün atdım.
Ya da buna bənzər başqa bir irad tuturdu. Nihalın sevinci elə ürəyinin başında qalırdı. Ərinin zəhləsini tökdüyünü, ona layiq arvad olmadığını düşünür, ürəyində özünü yamanlayırdı.
– Nolub, yenə üzündən zəhrimar yağır! Xarabaya gəlmək olmur da. Qaşqabağı yerlə gedir. Balam, nəyin əskikdir? Ac qohumların kimi bazar-dükanda on iki saat işləsəydin, ağlın başına gələrdi!
Nihalın gözləri dolur, xısın-xısın ağlayırdı. Amma ərinə bəlli etmədən süfrəni hazırlayır, özü isə başqa otağa, öz tənhalığına çəkilirdi. Həmin vaxtlarda ikinəfərlik tənhalığın bir nəfərin yalqızlığından daha ağır olduğunu fikirləşirdi.
…Bunları düşünərkən bir anlıq gözləri yol çəkdi.
– Bəlkə, doğrudan da, hər şey tale işidir, – düşündü.
... ... ...
Şəhərdə qatı bir duman vardı. Aylaya elə gəldi ki, bətnini zahirdən izləyir. Bu, duman deyildi, içində nə olduğunu bilməyən və bilmək istəmədiyi bətninin xaotik vəziyyətiydi. Salvador Dalinin tablosunu xatırladırdı; dayanmış vaxt, əqrəbi sınmış saat. Heç vaxt Dilavəri indi tanıdığı kimi tanımamışdı. Heç vaxt heç kimə bu qədər ikrah hissi duymamışdı, çünki heç kimi tanımamışdı onu tanıdığı qədər. Və o adamdan biri indi onun bətnindəydi. Bu fikirdən Aylanın əti ürpəşdi. Bətnindən iyrəndi elə bil. Ürəyi bulandı. Bətnində nə əmələ gəlir – hansı talesiz insan əmələ gəlir? Bəlkə də, həmin vaxt gözü, burnu əmələ gəlir, qaşları çıxır… Yox, tükləri çıxmaz hələ… Cinsiyyət üzvü də bəlli deyil… Kim olduğunu bilmədiyim bu varlıq oturub içimdə… Bu kimdir axı? Mən onu tanımıram, onu istəmirəm! Bu məxluqu mənim içimdən çıxarın!
Aylaya elə gəldi içi içinə sığmır və özünü saxlamağa bədəni darlıq edir. Qaçmaq istədi, amma hara qaçacağını bilmədi. Hara getsə, içindəki məxluq da onu təqib edəcəkdi, artıq yol yoxdu.
Yox, yol var, onu içindən çıxarmaq. Hansı bir bir üsulla isə içindən çıxarmaq. Bəlkə, dərman içim? Qonşu qadın bir neçə körpəsini dərman içərək tələf etmişdi. Sözündən belə çıxırdı ki, heç də çətin bir şey deyil, bir az ürəyin bulanır, vəssalam. Ən yaxşısı, bəlkə də, bu idi. Amma lazım olan dərmanı kimdən alacaqdı, kim ona kömək edəcəkdi? Anasından kömək ummurdu; son davadan sonra danışmırdılar, hərəsi öz otağına çəkilmişdi. Hərdənbir mətbəxdə rastlaşır, onda da qadın Aylanı görməmək üçün üzünü yan tuturdu. Ayla öz-özünə fikirləşirdi ki, yəqin, qız dünyaya gətirdiyi günə lənət yağdırır və bətnindəki körpəsini bu nifrət hissindən qorumaq istəyi onu sarırdı. O an Dilavər genetik nifrətiylə özünü xatırladırdı; Nihal onunla özü arasında heç bir yol-riz olmasını istəmirdi.
Bəs kimdən məsləhət alsın? Yaxşısı budur, Minadan soruşsun, onun belə şeylərdə təcrübəsi var.
Minanın nömrəsini yığanda tövşüdüyünü hiss elədi, halbuki ən kritik vaxtlarda da soyuqqanlılığını qoruyurdu.
– Alo, Mina? Salam, yaxşısan? Mən…
Dəstəyin o başından gurultu, səs-küy və nəhayət, Minanın səsi gəldi.
– Salam, ay qız. Belə əlayam. Sən?
– Mən də… yaxşıyam. Mina, səndən soruşmaq istəyirdim, bir tanışıma lazımdır, uşağını salmaq istəyir… Yəqin, sən bilərsən, hə?
– Ay qız, niyə bilmirəm. Bir-iki dəfə ora yolum düşüb. Sən belə elə. Ona de ki, getsin Şakir doktorun yanına. Adresini votsapla ataram sənə…
– Bu Şakir həkim kimdi? Əsl həkimdi?
– Necə yəni əsl həkim? Bilir də bu şeyləri. Cəncəlli işləri həll eləyir… Votsapdan mesajımı gözlə.
Minadan mesaj gələnə kimi Ayka təşkilatdan gələn bildirişləri yoxladı:
“Ayla, özünü “ultra poetik güc” adlandıran müğənni şairənin aksiyada iştirakına necə baxırsan? Hər halda, az-çox tanınır, faydası ola bilər. Tez cavab yaz. Mila”.
“Ayla, homoseksuallarla rabitəni itirmə, bizə lazım ola bilərlər. Hə, bir də lesbiyanları nəzərdə saxla. Hər halda, onlar da qadındır. Əgər qadın haqları deyiriksə, lesbiyanların da hüquqlarını tanımalıyıq. Böyük Fira”.
Votsap növbəti dəfə silkələndi. Mina idi:
“Çapayev küçəsi, kərpic rəngli evin zirzəmisi”.
Təşkilatdan növbəti mesaj:
“Ayla, müğənni şairəyə nə deyirsən? Çağıraq? Belə bir şeir də yazıb…”
Şeirin ilk misrasını oxuyub üz-gözünü turşudan Ayla taksi tutub Çapayev küçəsinə yola düşdü. Bir neçə dəqiqədən sonra kərpic rəngli evin qarşısındaydı.
Zirzəmidə yanbayana olan iki qapıdan birini açıb məchulluğa salam göndərsə də, səsinə səs verən olmadı. Qapını bir az da aralayıb içəri keçdi: dəmir çarpayı, bir tumba, bir kiçik stol və içində tibbi ləvazimatlar olan şkaf.
– Doktor Şakir, doktor Şakir, – bir neçə dəfə yavaşdan səsləndi.
Şkafın yanındakı qapı açıldı və çəlimsiz bir kişi tez-tələsik özünü içəri atdı.
– Gəlin, gəlin, sizi kim göndərib?
– Mina... sizin yanınızda bir neçə dəfə olub... Yəqin ki, xatırlayırsınız...
Kişi burnunun üstündəki pensneni düzəldib fikrə getdi.
– Qızlıq pərdəsini tikdiyim qız? İnsafən, elə tikmişdim ki, bəy ömründə belə namuslu qıza rast gəlmədiyinə and içmişdi.
Kişi bunu deyib qəhqəhə çəkdi, Aylanın nədənsə əti çimçəşdi.
– Mina ərə getməyib, sizin yanınıza uşaq salmaq üçün gəlib. Ortaboy, dolu bədənli, gur saçlı qızdır. Feministdir...
– Həə, kişiləri borclu çıxaran o seksi qız... Amma yaman şeydi ha...
– Mən sizin yanınıza eynilə həmin iş üçün gəlmişəm, – Ayla özünü eşitməməzliyə vuraraq mətləb üstünə gəldi, – hamiləyəm, bu uşağı istəmirəm, ondan qurtulmaqda mənə kömək edin, xahiş edirəm.
– Abort etdirmək istəyirsiniz? – pensneli kişi ciddi tövr aldı, – Bu bir az baha başa gələcək. Yəqin ki, bura gələrkən bunu nəzərə almısınız. Mən nisyə iş görmürəm. Birincisi, nisyə işin ləzzəti olmur, başa düşürsüz də?
Ayla bu işdən necə həzz alındığını anlamasa da, qeyri-ixtiyari başını tərpətdi.
– Hə, ikincisi də ki, bura gələnlərin yarıdan çoxu moşennikdir, day özünüz başa düşün də, gündə biriylə gəzib qızlıq pərdəsini deşdirən, özünü korlayıb, uşağını tələf edəndən nə gözləmək olar?
Ayla indiyə kimi müdafiə etdiyi nəsnələrin yenə onun müdafiəsinə ehtiyacı olduğunu hiss etsə də, düşdüyü durum ona çılğınlıq etməyə imkan vermədi.
– Qadın da insandır, – dedi, – o da ürəyi istədiyi həyatı yaşamaqda azaddır. Azad həyat yaşamaq pozğunluq deyil. Amma insanlara yalan satmaq olmaz, haqlısınız.
– Aha, deyəsən, siz də o söz... Yəni, feministsiniz? – kişi bic-bic güldü. – Yaxın gəlin, niyə elə uzaqda oturmusunuz?
– Bura yaxşıdır, – Ayla kişinin ona yaxın gələcəyindən qorxurmuş kimi əllərini qabağa uzatdı. – Baha deyəndə, nə qədər tutar ki bu iş... yəni abort...
– Hmm... Gəlin, belə eləyək. Uşaq gərək ki, bir neçə həftəlikdir, eləmi?
– Dörd həftəlikdir.
– Dörd həftəlik dölü tələf etmək üçün aborta ehtiyac yoxdur. Gəlin, başqa vasitəylə salaq.
– Əslində, mən də başqa vasitəylə istəyirdim. Dərman verəcəksiniz?
– Dərman yox. İynə vuracam. Sxem üzrə. Amma... Gəlin belə edək. Vaxt itirməyək. Bu işi sürətlə sonlandırmaq sizin də xeyrinizə olar. Gəlin, üç iynəni birdən vuraq.
– Üç iynəni birdən? Niyə?
– Döl asanlıqla bədəndən ayrılacaq. Həm ona əzab verməyin nə mənası var? Özünüz də, onu tez bir vaxtda tələf etmək istəmirsiniz?
Ayla, düzü, bu haqda düşünməmişdi. İki həftəlik körpənin ruhsuz-duyğusuz bir döl olduğunu düşünmüşdü. Demək, o da hiss edir, hətta əzab çəkir...
–Yox, əlbəttə, ona əziyyət vermək istəmərəm! – Ayla hiss etdi ki, bu sözləri ana instinkti ilə deyir. – Yəni, onsuz da, əziyyət veririk... əziyyət veririk deyəndə ki, onu məhv edirik... Bəlkə də, bu yaxşıdır...
– Əlbəttə yaxşıdır! – pensneli kişi onun sözünə qüvvət verdi. – Bir dünyaya baxın! Görün, nə gündədir! Müharibə, aclıq, yoxsulluq! Siz bu dünyaya uşaq gətirmək istəyirsiniz? Yəni, əcəb edirsiniz ki, gətirmək istəmirsiniz! Gətirəndə guya sizə “çox sağ ol” deyəcək? Ay dedi a! Hələ deyəcək ki, niyə bu vecsiz dünyaya məni gətirmisən! Hələ üzünüzə tüpürməsə yaxşıdır!
– Bayaq körpəsini tələf edən qadınları "vecsiz" adlandıranda elə bildim ki, siz buna qarşısınız...
– Yox, canım-gözüm. Bir qəzetə müsahibə verəcəyəm, onun üçün sözlər əzbərləmişdim. Yoxsa ki, kim dünyaya gəlişindən məmnun qalıb ki?.. Siz razısınız dünyaya gəlişinizdən?
– Bu haqda düşünməmişəm.
– Heç düşünməyin də. Heç düşünməyin! Nəticəsi yaxşı olmayacaq! İndi keçək əsas məsələyə. Bəxtinizdən həmin dərman məndə var, bax, bu gördüyünüz şkafdadır. Sizə xeyli ucuz qiymətə təklif edirəm. Üçü yüz manat. Ondan ucuz olmaz.
– Olsun, problem deyil. Təki məni bu problemdən tezcə qurtarın.
– O barədə narahat olmayın, çox tez olacaq. Uzanın burda. Mən dərmanları götürüb gəlirəm.
Ayla sözləriylə fikirlərinin üst-üstə düşmədiyini hiss edərək və bundan daha çox ağırlıq duyaraq çarpayıya uzandı. İçində əzab çəkən başqa bir insanın varlığının fərqinə varması onu incidirdi.
– Hə, iynələr hazırdır, – kişi onu bədbin düşüncələrdən ayırdı, – yanınızı açın, hə, bax, belə. Dəriniz çox gözəldir, xanım qız. Pambıq kimi bədəniniz var. Hə, üç dozanı bir iynədə cəmləşdirib vurdum. Deməli belə. Evə gedib vanna qəbul edirsiniz və dölün bədəndən ayrılmasını tezləşdirirsiz. Danışdıq?
– Dediyiniz kimi edərəm, – Ayla ağır-ağır çarpayıdan qalxdı. – Elə indi gedim?
– Getmək istəmirsiniz? Hi-hi. Mən etiraz etmirəm.
– Yox, yəni gedə bilərəm, eləmi? Çox yaxşı. Hə, pulunuzu da verim.
Aylanın çantasından çıxardığı pulu pensneli kişi qamarlayıb cibinə dürtdü.
– Hardan istəsəz, soruşa bilərsiniz, bu işin haqqı yüz manatdan ucuz deyil.
– Soruşmağa ehtiyac yoxdur. Məni çox böyük problemdən qurtardınız.
– Xoş idi. Gələn dəfə qabaqcadan zəng edib gəlin, ola bilər, yerimdə olmayım.
– Gələn dəfə?
– Ay rəhmətliyin qızı, mənim yanıma gələn yeddi dəfə dalbadal gəlir. Əlim yüngüldür e. Ha-ha.
Kişi oyuğa oxşayan ağzını geniş açıb, çürümüş dişlərini göstərə-göstərə güləndə Aylanın əti çimçəşdi.
– Hə, bu da mənim nömrəm. O ət parçasından xilas olan kimi mənə zəng elə. Görüm, işin axırı necə oldu. Mənə də maraqlıdır...
“Ət parçası” kəlməsi Aylanı üşütdü. "Ona ət parçası deməyə nə haqqın var", –deyə qışqırmaq istədi. Amma susdu. Bəlkə də, ilk dəfə qadın kimi gücsüzlüyünü hiss etdi, özünü lənətlədi: “Sən deyilsənmi, məni içimdəki bu məxluqdan xilas edin, məni ondan qurtarın, deyən. Sən deyilsənmi, onu düşünəndə öyüyən, ikrah hissi duyan. Sən deyilsənmi...” Pensneli kişiyə duyduğundan daha çox ikrah duydu özünə.
– Sizə nə maraqlıdır?
– İşin gedişatı.
Ayla yenə nəsə soruşmaq istədi, amma gərəksiz sayıb zirzəminin pillələrini ağır-ağır çıxdı. Elə bil Məlikməmməd kimi onun da kəndirini kəsib qaranlıq dünyaya atmışdılar və indi işıqlı dünyaya çıxırdı.
Amma yuxarı çıxanda özünü heç də işıqlı dünyada hiss etmədi. Bədəni nəyinsə xiffətini edirdi. Sonra düşüncələri də bədəninin axarına qoşuldu. İkilikdə əzab çəkdilər, üsyan etdilər. Ayla özündən uzaqlaşmaq üçün qələbəliyə tərəf yeridi. İnsanlar ona qorxu filmlərindəki kabusları xatırlatdı. Elə bil özü ilə onlar arasında çox böyük bir fərq vardı. Sonra anladı ki, insanlar ondan deyil, o, insanlardan sürətlə uzaqlaşır. Təkcə ona görə yox ki, bu an içində dözülməz ağrı hiss edirdi, ona görə ki, bu ağrını yaradan o özüydü... O özü, insanlıq üçün savaşan Ayla içindəki insanı öldürmüşdü. O, qatil idi. O, təbiətə qarşı çıxmışdı. O, bəşəriyyətin xilaskarı yox, onun lənətli məxluqu idi. O özü ölməliydi, içindəki insan yox.
– Xala, özünüzü pis hiss edirsiz?
İndi fərqinə vardı ki, səkinin kənarında oturub. Kiminsə nəfəsini üzərində hiss elədi. Qırmızıyanaq, hörüklü balaca bir qız az qala burun-buruna durub maraqla ona baxırdı.
– Xala, su istəyirsiniz? Mənim çantamda həmişə su olur, istəyirsiniz sizə su verim?
Ayla qızcığazın öz çantasını necə ciddi-cəhdlə açdığını, içindən su şüşəsini çıxarıb onun ağzına yaxınlaşdırdığını yorğun-yorğun süzdü. Bətnindəki körpəni duyandan bəri onun qız olduğuna əmin idi, baxmayaraq ki, onunla bağlı hissiyyatları özündən belə gizləyirdi. Hələ ad da seçmişdi ona. Özünə etiraf etməmişdi, çünki özünə nifrət edəcəyindən qorxurdu.
– Xala, anam burda yaxındadı, istəyirsiniz, onu çağırım sizə kömək eləsin?
– İstəmirəm, qızım, ananın yanına get.
– Siz anama çox oxşayırsınız, amma o sizin kimi cavan deyil. Sizin qızınız var?
– Mən onu öldürdüm.
Heyrətlə ona baxan qıza son bir nəzər salıb:
– Mən onu öldürdüm, – dedi.
Ardı var...