Martın 7-də böyük yapon yazıçısı Kobe Abenin anadan olmasından 100 il ötür.
Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində onun "Əllər" hekayəsini təqdim edir.
Həmin gecə çovğun tüğyan eləyirdi. Eynilə yeraltı uğultutək uzaqlardan şığıya-şığıya, teleqraf dirəkləriylə, ağaclarla, divarlarla toqquşa-toqquşa gah meymun, gah qadın, gah uşaq, gah xəstə adam səsilə inildəyir, hətta yağışın belə düşmədiyi ensiz yarıqlara soxulanda da dərhal insanlara öz çıxılmaz yoxsulluqlarını xatırladırdı.
İns-cins yox idi, küçə fənərləri narın, bəyaz qarla örtülmüşdü, mənsə həmişə olduğu kimi, tək-tənha dayanmışdım, bütün aləm də mənə dumanlı, bəyaz kosmik boşluğu xatırladırdı. Durduğum, meydança yaratmış yolayrıcında küləyin qabağını heç nə kəsmirdi, üstəlik də ona yaxın istiliyin gözəl keçiricisi olan dərim ətrafdakı havadan daha soyuq idi, bədənimə yapışan qar buza çevrilir, parlaq kvars dənəciklərinə dönürdü.
Gözlənilmədən həmin bəyaz boşluqda mütəhərrik bir şey qeyri-müəyyən şəkildə seçilməyə başladı. O yaxınlaşıb insan siluetinə çevrildi. Daha da yaxınlaşdı, üzərində dayandığım altlığa yanaşıb altdan-yuxarı məni süzdü. İt xəzi boyunluqlu qalın pambıq parçadan palto geyinmiş sısqa bir adam gördüm. Onun sifəti kobud parçayla sarınmışdı, baxışlarında inamsızlıq və qorxu vardı.
Kişi dayandığım altlığın arxasında gizlənib tələsik ətrafa baxdı, qardakı ayaq izləri yoxa çıxandan sonra ayaqlarına ehtiyatla dayaq axtara-axtara altlığın üstünə dırmaşmağa başladı. Külək hər dəfə həmlə eləyəndə başını daşa elə sıxırdı ki, elə bil, onu çoxdan sovurub aparmışdı. Bir neçə dəfə əlləri daşdan qopdu, ayaqları sürüşdü, başı aralandı, amma cismində gizlənmiş gözəgörünməz iradə qüvvəsi daşdan yapışmasına kömək elədi, axırda da kişi lap yuxarı dırmaşa bildi. Elə qulaqbatırıcı səs eşidildi ki, - kişi əllərini ovuşdururdu, - o səsi qar kabusunun bağırtısı, qar kaftarının qışqırtısı belə batıra bilmədi: şübhəsiz ki, əlləri həddən artıq cod, kobud idi. Sonra dişlərinin və sümüklərinin qıcırtısı, əzələlərin ciyiltisi eşidildi – o adam mənə dəhşətli bir şey gətirmişdi.
Çiynindən asılmış torbadan yarım metr uzunluğunda dəmirkəsən mişar çıxardı, digər əlilə isə hardan kəsəcəyini müəyyənləşdirmək məqsədilə qıçlarımı yoxlamağa başladı. Elə bu məqamda da onun kim olduğunu xatırladım. Həmin kişinin özü idi. Əllərin hərəkəti o şəxsin idi, bu hərəkəti yalnız həmin kişi eləyə bilərdi. Üstəlik də bunlar görkəmimi dəyişmiş, mənə indiki taleyimi bəxş eləmiş əllər idi. Məndən ötrü o kişi yalnız bu Əllərin əlavəsiydi.
Əllər hərəkətə başladı – sol əl qıçımdan bərk-bərk yapışdı, sağ əl əyəni damarımın üstünə qoyub iz açdı. Sonra əllər dəmirkəsən mişarı götürünb qıçımı kəsməyə başladı. Metalın səs dalğalarına oxşayan titrəyişlər bütün bədənimə yayıldı. Bağırdım. Amma bir addımlıq məsafədə qar kaftarının ulartısı, qar əcinnəsinin qışqırtısı ilə heç cür müqayisə eləmək mümkün olmayan bu fəryadı mədəm udub yoxa çıxarırdı.
Beləliklə, Əllərin nə qədər işləməli olacağını desək, onda nəzərə almaq lazımdı ki, qıçımın bir millimetrini kəsmək üçün dəmirkəsən mişarı beş dəfə irəli-geri çəkmək gərəkdi, üç dəfə çəkmək də bir saniyə tələb eləyir, qıçımın qalınlığısa dörd santimetr altı millimetrdi, baş verə biləcək ləngimələri nəzərə alsaq, ən azı, iki dəqiqə tələb olunur. Qıçlarımın iki, Əllərinsə arabir dincəlməli olduqlarını hesablasaq, işi beş dəqiqəyə başa çatdırmaq olar. Qalan vaxtdan istifadə eləyib kim olduğum, Əllərin nə olduğu barədə danışım.
Əvvəllər poçt göyərçiniydim. Əllər – bizim sahibimiz, göyərçinlərə cavabdeh olan əsgər idi. İndi özüm tunc Sülh Göyərçini heykəlinə çevrilmişəm, əllərsə mənim qıçlarımı kəsirlər.
Hələ poçt göyərçini olanda gözəl, ağıllı cins quş idim, dəfələrlə fərqlənmişdim, ayağımdan içinə məktublar qoyulan silindrik borudan əlavə alüminiumdan düzəldilmiş Qəhrəman medalı asılmışdı. Şübhəsiz ki, bütün bunları bilmirdim. Məndən ötrü yalnız mavi səma, öz yoldaşlarımın arxasınca cuma-cuma göydə süzəndə qanadlarımı hiss eləmək zövqü, dənlənmək zamanı tələskənlik, özbaşına böyüyən zaman kələfi mövcud idi. Sadə və yeganəydim. Hər cür əlavələrdən və izahlardan kənar özüm idim. İmdiki mən izahlara qabildi, həmin vaxtsa hətta mən olduğumu belə dərk eləmirdim.
Günlərin bir günü müharibə başa çatdı, yoldaşlarımla birgə sahibimizin atıb getdiyi göyərçinxanada tək qaldıq. Fit çalıb bizə dən yemək vaxtının çatdığını xəbər verən, göyərçinxanada samanı dəyişdirən, hər səhər ora camda təzə su qoyan adam, elə bil, sehir kimi yoxa çıxdı, nizamsızlıq, qarmaqarışıqlıq başladı. Amma tezliklə su, dən, dişi tayımı tapmağa öyrəşdim, o məqamda da qarmaqarışıqlıq yenidən nizama çevrildi, məndən ötrü yenə yalnız mavi səma, öz yoldaşlarımın arxasınca cuma-cuma göydə süzəndə qanadlarımı hiss eləmək zövqü, dənlənmək zamanı tələskənlik, özbaşına böyüyən zaman kələfi mövcud idi
Nəyin dəyişildiyi barədə danışmaq lazımdırsa, deyim ki, əl qoymağı bacaran insanın olmaması ona gətirib çıxardı ki, göyərçinxanaların ətrafındakı hasar dağıldı, vəhşi meymunlar orda biabırçılıq eləməyə başladılar, arabir də uşaqlar soxulurdular, yoldaşlarımın sayı isə get-gedə azalırdı. Əlbəttə, onların bir hissəsi yem dalınca uçub getdilər, özlərinə daha münasib məskən tapdılar, amma necə olur-olsun, yalnız saylarının get-gedə azaldığını hiss eləyir, dəqiq bir şey bilmirdim.
Bir dəfə, aylar keçəndən sonra mənə cavabdeh olan, göyərçinlərə qulluq eləyən həmin əsgər gözlənilmədən peyda oldu. O gündən də taleyimi müəyyənləşdirən Əllərə çevrildi. Əllər hələ də hərbi geyimdəydi, amma indi geyimi əzük-üzük idi, paqonu və kəməri isə yox idi. Furajka da qoymurdu, başının yağlanmış tükləri çirklənib uzunmışdı. Əllər mehribancasına, amma müəyyən bir gizli niyyətlə mənə baxdılar. Qəfil baş verənlər məni, elə bil, duman kimi bürüdü, özüm də hiss eləmədən Əllərin çiyninə qonub narahatlıq dolu həsrət duydum. Həm də bundan sonra, adətən, nə baş verdiyini - tutub aparırdılar - xatırladım. Əllər əvvəlki kimi, məni qutuya qoyub harasa apardı.
Məzhəkəyə aparmışdılar. Silindrin içinə saldılar, buraxanda hara istəsəm, uçub gedə bilərdim, mən də həmişə göyərçinxanama qayıdırdım. Amma məni qanadlandıran Əllər yolumu gözləyir, noxudla yemləyirdi. Bu, nisbətən yaxşı iş idi. Həmin gündən mənim üçün dərsə çevrildi. Əllərin mövcudluq vasitəsinə çevrildim, təbii ki, bunu dərk eləmədən də yeni vərdişlər qazandım.
Mənə elə gəlir, bu, həddən artıq uzun sürdü. Bir yaz günü məzhəkə öz varlığına son qoydu. Mən Günəş şüaları altında isinəndə yad bir kişi yaxınlaşdı. Ehtiyatlanıb uçmağa hazırlaşdım, amma o, cəmi bir neçə addım atıb dayandı, həmin vaxtacan çiynindən asılmış çantanı rahatladı, arabir gözaltı mənə baxa-baxa cəld karandaşla nəsə çəkməyə başladı. Deyəsən, elə bir təhlükə yox idi, mən də yerimdən qımıldanmadım. Bu zaman Əllər gəldi. O həmin kişiylə astadan salamlaşdı. Əllər kişinin çevik hərəkətlərinə baxa-baxa dilləndi:
-Sizdə yaxşı alınır! Çox gözəl göyərçindi. Fəxrimdi, müharibə vaxtı Qəhrəman medalına layiq görülüb.
Kişi təəccüblə işinə ara verdi:
-Deməli, poçt göyərçini olub, hə?
-Hə, indisə məzhəkədə gözbağlayıcı nömrəsində iştirak eləyir, amma sınıq çıxdı.
-Ha-ha, məzəli görkəmi var, - kişi gülə-gülə dilləndi.
-Gələcək heykəliniz üçün model olacaq?
Bir müddət dinib-danışmadılar. Kişi çəkir, əllər onun çevik hərəkətlərini müşahidə eləyirdi.
-Sakit dur, qımıldanma, - kişi gülümsəyə-gülümsəyə dilləndi.
-Canlı varlıqdı, neyləmək olar, - Əllər dilləndi.
-Bura bax, dostum, bu, mənim peşəmdi, çox xahiş eləyirəm, qımıldanma.
-Heç nə çıxmır.
-Onda... – Kişi çəkməyə ara verib qəfildən sərt görkəmlə dilləndi. – Bəlkə, onu tutasınız?
Əllər gözlərini tez-tez qırpdı, görünür, müəyyən haqq-hesab aparırdı, sonra başını tərpətdi.
-Yaxşı.
Sonra astadan nəyisə müzakirə elədilər. Qaşlarını çatıb, barmaqlarıyla dairə cızıb, başlarını bulayıb uzun-uzadı sövdələşdilər. Axır ki, kişi əlini əlinə vurdu, Əllər başını bir qədər yana əyib susdu, deyəsən, razılaşdılar.
Əllər məni tutdu. Heç bir iş görməsəm də, cibindən noxud kisəciyini çıxarıb hamısını qarşıma tökdü.
-Ye görək, - çox mehriban səslə dilləndi.
-Kefi yoxdu? – Kişi arxa tərəfdən soruşdu.
-Burda təəccüblü nə var, - Əllər əsəbi halda cavab verdi.
Məni həmişəki kimi qutuya qoydular. Amma məzhəkəyə aparmadılar. İri, tutqun evin dərman iyi verən otağına gedib çıxdım. Arxası üstə uzadıb sinəmin tüklərini yoldular, iti skalpellə yardılar. Sonra, elə bil, köynəyimi soyunduran sayaq içalatımı çıxarıb ancaq dərimi saxladılar. İçalatımı qazana tökdülər, bişirib yedilər. Dərimin içini doldurdular, skeletimi məftillə bərkitdilər, beləcə, müqəvvaya çevrildim.
Sonra yenə qutuya qoyub həmin kişinin emalatxanasına apardılar. O məni modellər üçün taxta qurğunun üstünə qoydu, qanadlarımı açdı, başımın vəziyyətini dəyişdi. Artıq göyərçin kimi mövcud deyildim. Kişi mənə baxa-baxa gil yoğurmağa və doğramağa başladı.
Kənardan baxana elə görünə bilərdi ki, baş verənlərin məndən ötrü heç bir əhəmiyyəti yoxdu. Amma çox səhv eləyirlər. Məni həyatdan məhrum elədiklərini bir kənara qoyuram – bu, adi məsələdi, - başqa bir hadisə baş verirdi - kamil cismə, üstəlik də ideyaya çevrilirdim. Kişinin əlləriylə ideya kimi formalaşırdım. Buna görə, bəyəm, kənardan görünən böyük bir yanlışlıq deyil? İndiyəcən yalnız hisslərin inteqral dəyərindən ibarət idim, indi isə mənanın inteqral dəyərinə çevrilirdim.
Bu çevrilmə yay günlərinin birində, mikrob əleyhinə tədbirlər kifayət qədər yaxşı yerinə yetirilmədiyinə görə, dərim içəridən parçalanmağa, qurdlara yem olmağa başlayanda sona çatdı. Məni mətbəx ocağına atıb yandırdılar, amma əvəzində kişinin əlləriylə göyərçin heykəlinə çevrildim. Gözlənilmədən də baş berənlərin dərin mənasını dərk elədim.
İndi mən Sülh Göyərçiniyəm. Dəqiq müəyyənləşdirilmiş mənam var, həmin mənanın elə özüyəm, amma yalnız özüm ola bilmirəm.
Qısası, ancaq mənə tərəfdar çıxan adamların hərəkətləri sayəsində mövcud ola bilirəm. Bütün bunlar heykəlimin yolayrıcında qoyulmasına gətirib çlıxardı. Bu, siyasi proseslər yolayrıcı idi.
Sözümün əvvəlinə qayıdaq. Deyəsən, Əllər ikinci ayağımı kəsib qurtardı. Amma bunadək nə baş verdiyini danışmasam, Əllərin peyda olması çox gözlənilməz və təsadüfi görünər. Şübhə eləmirəm ki, Əllər həyatımı bir neçə əskinasa satdığına görə, peşman olmuşdu. Baş verən hadisədən sonra hər gün yolayrıcına gəlir, siqaret çəkə-çəkə gözlərini məndən ayırmırdı. Əllərin miskin nəzərləriylə qarşılaşıb çox şeyləri dərk eləyə bildim. Həyat Əlləri lap divara dirəmişdi. Günü-gündən başına gələn bədbəxtliklər nəticəsində ağlına mənə qarşı cinayət törətməsi kimi vəhşi bir ideya gəlmişdi. Amma onun nəzər nöqtəsindən bu, gerçəkliyin mənasına bərabər idi. Belə bir sirri öz içində saxlamaq Əllərdən ötrü dözülməz olmuşdu. Qarşısına çıxan hər kəsə taleyim barədə danışırdı. Məni sülh rəmzindən Əllərin taleyinə endirmək məqsədi güdürdü.
Əllərin sorağı sülh uğrunda mübarizə əleyhdarının da qulağına gedib çatdı...
Amma baş verənlərə qayıdaq. Əllər artıq ayaqlarımın ikisini də kəsmişdi.
İndi hər şeyi yerli-yataqlı danışacağam. Yıxılanda Əllər məni tutdu, kəndirlə sarıyıb ehmalca yerə endirdi. Dərhal qara batıb görünməz oldum. Əllər kəndiri altlığa bağlayıb sürüşə-sürüşə aşağı düşdü. Sonra məni qarın altından çıxardı, çiyninə götürdü, küləyin həmləsidən əyilə-əyilə nəfəskəsən çovğunun içiylə qaçdı. Qar kaftarı ulayır, qar əcinnəsi ağlayır, kişi arabir büdrəyirdi.
Əllər iki küçəni ötdü, müharibə vaxtı bombardmandan dağılmış binanın zirzəmisinə çatıb girişdə dayandı. Zirzəmidən beş-altı nəfıər çıxdı. Onlardan biri məni aldı, Əllərə bir zərf verdi, əlini onun çiyninə vurub qəhqəhə çəkdi. Sonra kişilər laqeyd baxışlı Əlləri oradaca qoyub içəri girdilər. Onlardan biri gedə-gedə dilləndi:
-Hər çey çox yaxşı oldu. Gördüyünüz kimi, dəlidən də faydalanmaq olar. O tip nəinki pul qazandı, üstəlik, bu yolla yoxsulluqdan qurtulmaq mərasimi də keçirdi - həmin mərasimi özümüz gerçəkləşdirdik.
Digər kişi dilləndi:
-Gerçəlkik fantaziyadan faydalandı. Çoxları bilir ki, o tip heykəli oğurlamaq istəyirdi, buna görə də cinayətkarın məhz o olduğu heç kəsdə şübhə oyatmaz . Həm də dəli bura öz ayağıyla gəlib çıxdı. Elə bil, xüsusi olaraq bizi şübhədən qurtarmaq istəyirmiş.
Həmin kişiləri hökumət göndərmişdi. Mən onlardan ötrü göz titəsiydim. Sayələrində mövcud olduğum kəslər üçün də göz titəsinə çevrilmişdim. Bu səbəbdən, gözlərini nisbi gerçəkliyə yumub dəlisov Əlləri yola gətirdilər. Amma onlarla əlaqəmiz bununla başa çatmadı. Hekayətimin davamı var.
Məni məxfi zavoda aparıb əritdilər, sonra başqa bir zavodda eyni cür metalla birgə əritdilər, beləliklə, qəlibin bir hissəsinə çevrildim. Məndən cürbəcür əşyalar, bir hissəmdən pistolet patronu düzəltdilər. Amma fərdiliyimi itirmiş özümdən ötrü həmin patronlardan biri məhz elə özüm idim. Üstəlik, həm o, həm də digərləri, həm hissə, həm də tam idim. Buna görə də yaddaşlarda pistolet patronu kimi qaldım.
Pistolet patronunun taleyi cürbəcür ola bilər. Məndən ötrü də məxfi tale hazırlanmışdı. Artıq istifadə məqsədim əvvəlcədən müəyyənləşdirilmişdi. Pstoletin lüləsinə qoyulmuşdum, böyük bir qüvvənin arxadan itələyəcəyini gözləyirdim. Başım qaranlıq, dar tunelə doğruydu. İrəlidə şalvarımın cibindəki zir-zibil görünürdü. Cibdəki pistoletlə birgə bu vəziyyətdə bir neçə gün küçələrdə veyilləndim. Bir gecə qəfildən məni bayıra çıxardılar. İndi tunelin o başında cibin dibindəki zir-zibil yox, şəhər mənzərəsi görünürdü. Nəhayət, küçə fənərinin işıqlandırdığı kişini gördü. O, Əllər idi. Hökumətin Sülh Göyərçini oğrusu adlandırdığı, bir aydan artıq gizlənən yazıq Əllər rüsvayçılıqdan və ağlagəlməz halsızlıqdan əziyyət çəkirdi. Axı məni oğurlamaq üçün ondan istifadə eləməyi, sonra isə öldürməyi, həm də bu məqsədlə məndən istifadə eləməyi məmurlar düşünüb tapmışdılar!
Tətik çəkilmiş, məzhəkə enerjisi partlamış, mən də tuneldən çıxmışdım. Ancaq bircə mümkün yol vardı. Başqa çarə idi. Mən düz Əllərin üstünə şığıdım, bir parça ətini qopardım, qanını axıtdım, bədənindən keçdim, küçədəki ağacın budağına dəyib əyildim. Arxa tərəfimdə Əllərin iniltisi və yıxılan bədənin tappıltısı eşidildi. Özümün son çevrilməmi belə başa vurdum.