Bakı-Xızı qatarı - Sərxan Sənan

Sərxan Sənan

Sərxan Sənan

9 dekabr 2022
# 15:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Sərxan Sənanın "Bakı-Xızı qatarı" hekayəsini təqdim edir.

I

Bakı, 2112-ci il. Ötən bir əsrdə insanın mənəvi irəliləyişinin baş verdiyini demək çətindir, adamlar indi daha az düşünürlər. Çətin olan hər nə varsa, maşınların mühakiməsinə verilir. Artıq hisslər və təsəvvürlər dəyişib; məsələn, evlilikdən daha maraqlı yaxınlıqlar ortaya çıxıb. Cəmiyyətin birinci dərəcəli problemi isə ünsiyyətsizlikdir. Şəhər sakinləri daha az danışır, əksər hallardasa sükut əhdinə canla-başla riayət edirlər. Hər yerdən sürücüsüz taksilərin motorlarının qulağı cırmaqlayan aramsız uğultusu, qanadlı qələbə müjdəçiləri kimi səmada var-gəl edən uçan aparatların vızıltısı eşidilir.
Buludların ara-bərəsindən açıq səmanın zolaqları görünür. Gənc qadın şəhəri qərbdən şərqədək uzununa kəsən küçəylə addımlayır. Onu gözəl adlandırmaq olar, hərçənd nişanələrinə görə qüsursuz da deyil. Solğun üzündən, titrəyən dodaqlarından təşviş yağır, sanki elə indicə səksəkəli və ağır yuxudan oyanıb.
Qadın sol gözünün üstündəki visordan şəhərin xəritəsini gözdən keçirir. Stansiyaya çatmaq üçün hələ çox getməlidir.
II
Oğlan ucu göyə millənən göydələnin tunc qapılı liftiylə enir. Tələsir, bir andaca eşiyə çıxmaq istəyir, mənzilinin qapısının torlu qişasını skan etməsini belə gözləyəcək vaxtı yoxdur. Sevdiyi qadının xəbərsiz yola çıxdığını təsadüfən öyrənib. Son mübahisələrini xatırlayır, ümidini itirmiş adamlar kimi əllərini ovuşdurur.
“Onu aldatdığımı fikirləşir, bu isə onun düşüncəsiz qəzəbinin nəticəsidir”.
Onlar dövrün sənətkarlıq nümunəsi olan hakerlik peşəsinə yiyələniblər. Əvvəl-əvvəl bütün dərrakələrini qeyri-qanuni işlərə səfərbər edib, başqalarının visorlarına yalan məlumatlar yükləyərək onlardan istədikləri kimi istifadə ediblər. Aldadılanlar axmaq bir maraq hissiylə bunu öyrəndiklərində isə iş işdən keçmiş olub. Sevgililər zamanla özlərini doğru yoldan sapdıran nəfislərini doyduraraq ömürlərinin qalan çağlarını “ağ kepkalı” haker kimi yaşamaq qərarına gəliblər.
III
Paranoid şizofreniyanın əlamətlərini daşıyan qadının xəstəliyi qəzəbinin şiddətini artırır. Sifətindən yağan qayğıları hiddətə bürünür. Gurultuyla yanından keçən və visoruna endirim kuponu göndərən sürücüsüz taksilərə gözünün ucuyla da baxmır. Stansiyaya piyada getmək niyyətindədir; tez-tez dərindən içini çəkir, hamar, iri daşlar döşənmiş küçədə bir-birinin ardınca qəti və yüngül addımlar atır.
"Bəs belə! Deməli məni aldatdın! Məni aldatdın!" – qadın pıçıltıyla təkrarlayır.
Elə ilk baxışdanca ona qarşı ürəyində bir hərarət alovlanmışdı. Xəstəliyi ucbatından şüuruna həyəcan qatan qarabasmalar belə birlikdə olanda onu ürkütmürdü. Bəs sonra nə oldu? Sevgilisini başqa qadınla gördü. Baxışları necə də bir-birinə yeriklənmişdi! Gözləri necə şəfqətlə parıldayırdı! Dəhşət!
Bir əl hərəkəti ilə oğlandan gələn zəngi kəsir. Həyəcanı bir qədər də artır, ürək döyüntüləri öz ritmini itirir. Yox, yox, onunla danışa bilməz. Başlayacaq özünü üsyankarcasına müdafiə etməyə. Onu dinləmək hayında deyil. Hər şeyi öz gözləriylə görüb.
Bir anlıq sevgilisinin iri xumar gözlərini, qıvrım saçlarını, qara saqqalını, üzünün ağıllı cizgilərini xəyalında canlandırır. Özünün yeni səadətini onda tapmışdı, artıq bu səadət məzhəkəsi tüstü kimi dağılıb. Yalqız və pənahsızdır.
Qadını vəhşi hiddət bürüyür, özünü ələ ala bilməyib qışqırır, həyatı lənətləyir. Onun bu haray-həşiri yanından ötən ünsiyyətsiz simalı insanların nəzərində səfeh bir varlığın şikayət dolu səsindən başqa bir şey deyil.
IV
Oğlan başqa visorları izləməyi və istədiyini onlara proyeksiya etməyi əla səviyyədə bacarır. Sevdiyi qadının visoruna daxil olmağı heç istəməsə də, buna məcburdur. Birlikdə kodlaşdırdıqları təhlükəsizlik divarını aşıb əməliyyat sisteminə qoşulur. Sevgilisinin qatar stansiyasını işarələdiyini və ora piyada getdiyini öyrənir.
Qadın bunun fərqinə varan kimi onu sistemdən kənarlaşdırır. Oğlan daha heç nə görə bilməyib ümidsizliyə qapılır.
Yeni əsrin virtual reallıqlarından biri də söhbət otaqlarının yeni versiyalarıdır. İnsanlar belə otaqlarda özlərini zahirən bir yerdəymiş kimi hiss edirlər. Bir-birlərinin virtual əksini görür, ab-havanı istəklərinə uyğunlaşdıra bilirlər. Oğlan da belə bir otaqda qız dostu ilə söhbət edirdi. Hər ehtimala qarşı söhbəti şifrələmişdi, lakin sevdiyi qadın parolu sındıraraq otağa daxil olmuşdu. Gördükləri xəyanətin ən böyük əlaməti idi. Bəli, xəyanətin! Bu düşüncə onun beynini dəlib ruhuna işləmişdi.
Qadın indi bu dünyada tək olduğunu düşünür.
V
Visorunu yenidən işə saldıqda, dopamin səviyyəsinin yüksəldiyi və dərmanlarını qəbul etmədiyi barədə xəbərdarlığı gördür. Amma artıq bunun onun üçün br mənası yoxdur. Xəbərdarlığı silərək yoluna davam edir. Stansiyaya çatmağına az qalıb, bir azdan Bakıdan, bu quru və ümidsiz şəhərin boz sifətindən yaxa qurtaracaq.
Oğlan səsli axtarış vasitəsi ilə sevgilisinin getdiyi stansiyanın hansı şirkətə məxsus olduğunu öyrənir. Bütün səfərlərin göstərildiyi uzun bir siyahı var, lakin bilet alan müştərilərin adları görünmür. Çox güman ki, bu məlumatlar gizli saxlanılır. Onun şirkətin sisteminə müdaxilə etməkdən başqa çarəsi yoxdur.
Sistem sadə bir alqoritmlə qorunur, bu alqoritmin əsasını müəyyən müddət ərzində parolun dəyişdirilməsi təşkil edir. Əvvəlcə şəbəkə vasitəsilə çoxlu sayda paketləri sistemə yönləndirərək onun sürətini azaldır və parolu dəyişdirmək müddətini uzadır, sonra isə parolu yenilənmədən öyrənmək üçün təhlükəsizlik divarının ətrafında cövlan etməyə çalışır. Çox keçmir, o, uğur qazanır.
Siyahını nəzərdən keçirdikdə qadının Xızıya bilet aldığını öyrənir. Cədvəl interfeysində qatarın qısa müddətdən sonra şimaldakı stansiyaya çatacağı qeyd olunub. O, qatarın getdiyi ərazinin Elektromaqnit İmpuls (EMP) bölgəsi olduğunu anlayır.
EMP zonaları xərçəng xəstələri və texnologiyadan uzaq həyat sürmək istəyən insanlar üçün nəzərdə tutulmuş bölgələrdir. Burada internet, ətrafa böyük radiasiya dalğası yayan texnoloji cihazlar işləmir. Yalnız “Faradey qalxanı” ilə əhatə olunmuş müalicə mərkəzləri və rabitə vasitələrinin olduğu nöqtələrdə bu cihazların istifadəsinə icazə verilir.
Oğlan anlayır ki, sevdiyi qadın bütün şəbəkələrdən çıxıb tək qalmağa can atır, xatirə kimi əlçatmaz olmaq istəyir. Amma nə qədər ki, o, dərmanlarını qəbul etmir, bunun heç bir əhəmiyyəti yoxdur, müalicə olunmazsa, vəziyyəti daha da pisləşəcək. Hətta virtual söhbət otağında öz psixiatrı ilə də görüşməyəcək.
VI
Qadın oğlanın yenidən onun sisteminə müdaxilə etdiyini görür, onu kənarlaşdırmağa çalışır, lakin artıq bir haker müharibəsində qalib gəlmək iqtidarında deyil.
İçərisində izdihamın qaynadığı şüşə örtüklü çardağın yanından keçəndə nəfəsini dərmək üçün ayaq saxlayır, qüssəli gözləriylə orada yaşananları izləyir. İnsanlar burada Marsa bilet qazanmaq üçün səyyar lotereya oyununda iştirak edirlər. Oynaq bəbəkli gözləri olan uşaq xaltasından möhkəm yapışdığı itiylə bərabər sevincək halda izdihamdan ayrılır. Əlindəki biletləri heyranlıqla gözdən keçirərək özüylə qürrələnib balaca köksünü şəstlə qabardır. İt boynunun tüklərini qabardıb dişlərini göstərir. Qadın heç nə ifadə etməyən təbəssümlə gülərək yoluna davam edir.
Tibbi patrul robotlarından biri havada süzərək qadına yanaşır və visoruna göndərdiyi mesajlla halını soruşur. O, yaxşı olmadığını bildirmək istəyir, lakin bilir ki, belə halda stansiyaya buraxılmayacaq. Robot sağlamlıq skanını həyata keçirməyə başlayır. Qadın dərhal robotun interfeysinə daxil olaraq skanı dayandırır. Tez-tez sisteminə daxil olan sevgilisini robota yönləndirir, daha sonra sistemini yenidən girişlərə bağlayır.

VII
Oğlan tibbi robotun interfeysindən çıxmaq istəyərkən xalis bir gerçəyi anlayır. Sevdiyi qadının ürəyində süni kardiostimulyator var və robot bunu skana başladığı an aşkarlayıb.
Ötən əsrdə ürəyin ritmini tənzimləyən bu mexanizm fəaliyyətini dayandırdıqda, kardiostimulyator işə salınırdı, indi isə bu mexanizmin bir nüsxəsi hazırlanıb. Yeni sistem öz işini təbii formada görən elektron mexanizmdir. Ürəyin ritminin dəyişməsinə imkan yaradır və adrenalin kimi bir çox hormonla uyğunlaşır. Bununla kifayətlənməyib, orqanizmdəki qida maddələrini enerji mənbəyi kimi istifadə edir. Yalnız bir problem var: elektron struktura malik olduğundan, EMP zonasına daxil olmaq üçün xüsusi tənzimləmə tələb olunur. Şəxs bədənində belə bir cihazın olduğunu qeyd etməlidir, çünki onların skanının zədələnmə riski var. Sevdiyi qadının bunu gizli saxlayacağına əmindir, çünki bütün hərəkətləri ilə özü öz əcəlini yaxınlaşdırır.
“Özünü öldürəcək! Öldürəcək!”
Oğlanın çöhrəsində dəhşətli həyəcan hissi təzahür edir. Qadın qatara minib həmin stansiyaya çatsa, bu onun son səfəri olacaq – buna əmindir. Yenidən onun visoruna daxil olmağa çalışır. Sistemdən qovulmazdan əvvəl sevgilisinin stansiyaya çatdığını görür.

VIII
Stansiya binasının ön fasadı qarşısında xəyalət kimi ucalır. Vintvarı pilləkənlə enir. Müxtəlif növ nəzarət mexanizminə cavabdeh robotlar qaraçı taboru kimi ətrafa səpələniblər. Diqqət və hirslə ətrafa baxır. Yanından gurultuyla keçən və əks istiqamətə səmt alan qatarı gördükdə ürəyi yenidən bütün gücü ilə döyünməyə başlayır.
Qatarın gümüşü rəngli apıları açılır, qadın tutqun bir həyəcanla torlu qişanı skan edən cihaza baxır. Cihaz identifikasiya və bilet nəzarətini sürətlə yerinə yetirir. Təkyerlik oturacaqda əyləşib qarşısındakı holoqramdan səyahətin gedişatını öyrənir. Sifəti əvvəlki tək solğun və üzgündür. Xəbərdarlıq zəngi çalınır və qatar yola düşməyə hazırlaşır. Onu yüksək sürətli bir səfər gözləyir. Müasir qatarlara pəncərə yerləşdirilməsi qadağandır, çünki aşırı sürət pəncərədən bayıra baxanlar üçün epilepsiya təhlükəsi yaradır.
Oğlanın vaxtında stansiyaya çatması qeyri-mümkün görünür, qatar artıq yola düşmək üzrədir. Onun yeganə bir çıxış yolu var: qatarın marşrutunu idarə edən proqramı sındıraraq onu dayandırmaq.
Qatarın interfeysi iki alqoritmlə qorunur. Bu alqoritmlərdən birincisi daxil olan həmləni müəyyən edib, ona uyğunlaşır və onun dümağ, boş veb-səhifədən başqa bir şey görməməsinə səbəb olur. İkinci alqoritm birincisi açıldığında işə düşür; istifadə olunan cihazın növünü müəyyənləşdirir və cihazı məhv edəcək üsula müraciət edir.
Oğlan birinci alqoritmlə mübarizədə çox çətinlik çəkir, göndərdiyi bütün paketlər dəf olunur və o, visorunu dəfələrlə yenidən işə salmalı olur. Qatarın periferik avadanlıqlarına müdaxilə etmək daha asandır.
İdrakının bütün gücünü və texniki bacarıqlarını səfərbər edərək birinci alqoritmi aldatmağı bacarır, məntiqi deşifrə edir və alqoritmə özünə bənzər strukturda bir məlumat göndərir. Alqoritm buna uyğunlaşmağa çalışarkən çökür və beləcə bu divar aşılır. Lakin ikinci alqoritm çox tez hərəkət edərək oğlanın visorunu aşırı yüklənməyə məruz qoyur və dərhal onu məhv edəcək siqnalı göndərir. Oğlan sadəcə siqnalı dayandırmağa macal tapır.
Qatar böyük sürətlə hərəkət edir.

IX
Oğlan böyük əzm və inadla mübarizə aparsa da, istəyinə çata bilmir. Hərgah o, təslim olmaq, quru kölgə kimi qaxılıb qalmaq niyyətində deyil. Son cəngavərlik şücaəti göstərməlidir, bu isə o deməkdir ki, oğlan “Oneyromansi” adlı proqramdan istifadə edəcək. Bu proqram beyin dalğalarını görüntüyə çevirərək xatirələri və yuxuları izləməyə imkan verir. Bununla belə, bu eksperimental tətbiqdən istifadə etməyin insanı ağır beyin zədələnməsinə məruz qoymaq riski böyükdür. O, bu riski etməyə məcburdur.
İlk növbədə, sevdiyi qadının qatardakı yerini yenidən müəyyən edir, artıq onun visoruna daxil ola bilmir. Odlu baxışlarıya ətrafında qaynayan həyatı səbirsizcəsinə süzür. Gözlərini yumur, izahedilməz bir təşvişlə proqramı işə salır.
Qadının visorunda ani bir işıq parlaması olur, içində boğulduğu düşüncə burulğanından, qatmaqarışıq fikirlərin girdabından bir andaca çıxır. Gözləri önündə bir görüntü təzahür edir. Sevdiyi adamı, sevgisini elan etdiyi ilk gecəni, bəxtiyarlıqdan necə başının hərləndiyini, xəyallarındakı evi birlikdə tərtib etdikləri virtual masanı görür.
Oğlanın visoruna frontal lobun zədələnməsi və burun qanaması xəbərdarlığı gəlir. Sonra bu görüntü qadının visoruna da ötürülür. O, sevgilisinin huşsuz halda yerdə üzüqoylu yıxılıb qaldığının virtual şahidi olur.

X
Oğlan xəstəxana palatasında gözlərini açır, qarşısındakı holoqramda komanın müddətini göstərən saat öz əksini tapıb. Başını ehmalca sağa çevirdikdə vücudunu bəxtəvər bir fərəh hissi bürüyən, gözlərində səmimi hüsn-rəğbət qığılcımları parlayan qadını görür. Sanki bu gözəl sifətin sahibini haradansa tanıyır, hərçənd, bunu xatırlaya bilmir. Qadının təbəssümündə içini isidən bir parıltı var, lakin bu, onu qeyri-müəyyənliyin xofunu üzərindən atmağa kifayət etmir.

# 1315 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #