İmpressionizmin əsas simalarından biri hesab edilən amerikalı rəssam Meri Kassatın yaradıcılığı Parisdə yeni sərgi ilə yenidən diqqət mərkəzindədir.
Kulis.az xəbər verir ki, Orse muzeyində açılan ekspozisiyada rəssamın 80 əsəri – tabloları, pastelləri və qrafik işləri nümayiş olunur.
Onların bir qismi indiyədək ictimaiyyətə göstərilməyib, sərgiyə rəssamın şəxsi məktubları da daxil edilib.
Kassat XIX əsrdə Fransada formalaşan impressionist hərəkatının fəal iştirakçılarından olub. O, Edqar Deqa ilə yaxın yaradıcılıq münasibətləri qurub, Klod Mone və Kamil Pissarro kimi rəssamlarla eyni sənət çevrəsində fəaliyyət göstərib. Buna baxmayaraq, qadın və amerikalı olması onun Fransa incəsənət tarixindəki rolunun uzun müddət kölgədə qalmasına səbəb olub.
Sərgi bu boşluğu aradan qaldırmağı hədəfləyir və gələn il London sərgi məkanında da təqdim olunacaq.