Şahbaz Xuduoğlu: Ömür bir kitab kimi

<b>Şahbaz Xuduoğlu: <span style="color:red;">Ömür bir kitab kimi </b>
22 may 2018
# 13:00

Kulis.az Nəriman Əbdülrəhmanlının “Şahbaz Xuduoğlu: ömür bir kitab kimi” yazısını təqdim edir.

Neçə illərdi ki, iyunun 24-ü iki insanın – unudulmaz Əbülfəz Elçibəyin və naşir Şahbaz Şahbaz Xuduğolunun doğum günü kimi yadıma düşür...

Bu ilin həmin günü Elçibəyin 80, Şahbaz Xuduoğlunun 50 yaşı tamam olacaq...

Elçibəy artıq tarixi şəxsiyyətlərimiz sırasında öz halal yerini tutub, Şahbaz Xuduoğlusa hələ arzularının arxasınca düşüb gedir, inanıram ki, bir vaxt o da haqq elədiyi mərtəbəyə çatacaq...

İlk dəfə 2005-ci ilin sıxıntılı günlərimizin birində (Şahbaz Xuduoğlunun yaxın dostu, mənim də yanaşı işlədiyim Natiq Səfərovin faciəvi vəfatından sarsılmışdıq; Şahbaz bəy 1992-ci ildə onunla birgə “Qanun” jurnalını yaratmış, artıq jurnala əlavələr kimi kitablar da nəşr eləməyə başlamışdı) işlədiyim “Xəzər” jurnalının nəşr məsələsilə bağlı görüşdük, onda Natiqin tərcümələrini, onun haqqında yazıları yığıb kitab eləmək arzumu bildirdim, düşünüb-daşınmadan razılıq verdi, vədinə də əməl elədi...

Şahbaz Xuduoğluyla münasibətimiz, “Qanun” nəşriyyatıyla əməkdaşlığım beləcə başladı...

Onda heç az sonra birgə işləyəcəyimizi, jurnalın nəzdindəki nəşriyyat şöbəsini müstəqil nəşriyyata çevirəcəyimizi, üç il ərzində o nəşriyyata mənim rəhbərlik eləyəcəyimi də planlaşdırmamışdıq...

Bütün bunlarsa sanki təbii təkamül nəticəsində baş verdi, “Qanun” nəşriyyatı yavaş-yavaş, amma inamla addımlamağa, nəşriyyat-poliqrafiya aləmində nüfuz qazanmağa başladı. O üç il ərzində də Şahbaz Xuduoğlunun ağlagəlməz təşkilatçılıq bacarığının, əlçatmaz kimi görünən hədəflərinə çatmaq üçün yorulub-usanmadan çalışdığının, üzləşdiyi çətinliklərdən çəkinmədiyinin şahid oldum... “Dostum Natiq Səfərov rəhmətə getmişdi. Yazıçı deyildi. Sadəcə tərcümələr edirdi. Çox sağ olsun Nəriman Əbdülrəhmanlı. Natiq Səfərovun tərcümələrini topladı və kitab çıxardıq. Daha sonra Vidadi Məmmədovun kitabını buraxdıq. Nərmin Kamalın postmodernizmlə bağlı kitabı vardı. O kitabı oxudum və təsirləndim. Deyim ki, onlarla belə kitablar var, biz təmənnasız, öz hesabımıza nəşr etmişik. Sonra ağlıma belə fikir gəldi ki, ”Ən yeni ədəbiyyat” seriyasını və “Birinci kitab”, “Azərbaycan nəsri” seriyalarını yaradaq...” - Sonralar o, nəşriyyatın ilk addımlarını belə xatırlayır...

Sonra yollarımız ayrılsa da, “Qanun”la əməkdaşlığım davam elədi, özümü həmişə o kitab fanatikləri ailəsinin üzvü saydım, bu gün də ünsiyyətimizdə heç nə dəyişməyib...

***

Şahbaz Xuduğolu iki ali təhsil alıb – incəsənət və hüquq təhsili var. Təbii ki, başqa yola üz tuta, çətinlik çəkmədən uğur qazana bilərdi: öz qabiliyyətləri, üstəlik, istifadə eləməyi sevməsə də, üzərində qardaşı, xalq şairimiz Sabir Rüstəmxanlının kölgəsi vardı. Amma o, cəmi 24 yaşı olanda “Qanun” jurnalını araya-ərsəyə gətirməklə, az sonra daha da irəli gedib nəşriyyat yaratmaqla uzun, çətin, daşlı-kəsəkli yolu seçdi. Görünür, gözünü açandan ailələrində kitaba sevginin şahidi olub, sovet quruluşu dağılandan sonra sıxıntılı dövr yaşayan KİTABın nüfuzunu geri qaytarmaq istəyi də onu bu yola təhrik eləyib.

Hər halda, qənaətim budu ki, Şahbaz Xuduoğlu başqa yol seçsəydi, milli kitab mədəniyyətimiz çox şey itirərdi...

O, kitabla oxucu arasında tərcüman olmağı seçdi, kitabın söyləmək istədiklərini oxucuya çatdırdı, oxucunun axtardığı kitaba həyat verdi...

Şahbaz Xuduoğlu heç vaxt oxucunun yolunu gözləməyib, özü onun hüzuruna gedib, ürəyini ortaya qoymaqla kitabla oxucu arasındakı sevginin közünü alovlandırmağa çalışıb, buna da nail olub. Bu səylərinə görə, onu fədakar adlandıranlar da var, amma özü başqa fikirdədi, “Mən əslində, "fədakar” sözünü sevmirəm, - deyir. - İnsan özünü nəyəsə fəda etməməlidir. Bu, sadəcə, mənim işimdir. Sevdiyim və bacardığım işlə məşğulam. Çalışıram ki, bu işi dünyada necə görürlərsə, mən də Azərbaycanda o cür həyata keçirim. Başqa sahədə işləsəydim, bəlkə də, həyat tərzim, yaşamaq imkanlarım daha yaxşı olardı. Yalnız şöhrət, imza məsələsi də deyil. Amma hesab edirəm ki, əziyyət çəkdiyin, gördüyün iş səni maddi baxımdan da təmin etməlidir...”

Əvvəlki illəri demirəm, mənim tanıdığım son 13 il ərzində Şahbaz Xuduğolunun da, “Qanun” Nəşrlər Evinin də başı olmazın bəlalar şəkib. Başqası olsaydı, o zərbələrə davam gətirməz, niyyətindən əl çəkib daha rahat sahəyə keçərdi. Amma o, icarə müddəti başa çatmaya-çatmaya nəşriyyat yerləşdiyi binadan çıxarılanda da ruhdan düşmədi, inzibati idarələrdən fasiləsiz göndərilən yoxlamalar qarşısında da tab gətirdi, daim sürüklənən məhkəmə proseslərindən də bezib geri çəkilmədi, oğru basqınlarına, mülkiyyətini ələ keçirməyə cəhd göstərənlərin təzyiqinə də dözdü. Bu cür həmlələr onu yalnız nəşr fəaliyyətini müvəqqəti dayandırmağa məcbur elədi, sonra yenidən, səbirlə, eyni zamanda daha böyük qətiyyətlə işini davam etdirdi, kitabla oxucu arasındakı bağların tamam qopmasına imkan vermədi. Əminəm ki, bütün ötən illər ərzində də Şahbaz Xuduoğlunun nəşriyyat işinə sərf elədiyi şəxsi vəsaiti qazandığından xeyli artıqdı.

Məncə, bunu məhz elə fədakarlıq adlandırmaq olar. Bəlkə də bu, məhz Şahbaz Xuduoğlunun insanlara münasibətinin təzahürüdü. “İnsanlar mənim üçün iki yerə ayrılır, - deyir. - Kitabla bir yerdə və kitabdan uzaq olanlar. Mən insanları başqa cür bölə bilmirəm. Kimisə kitab oxuyan görürəmsə, o, mənim adamımdır, mənim qardaşımdır. Görürəm ki, kitabdan uzaqdır, deyirəm ki, bizim ortaq heç nəyimiz yoxdur...”

Ola bilsin, bu fədakarğın başqa bir səbəbi də Şahbaz Xuduoğlunun sadəcə, mənən zəngin yaşamaq istəyi, kitabların və kitaba dəyər verən adamların arsında özünü daha yaxşı hiss eləməsidi...

***

Şahbaz Xuduoğlu Azərbaycan kitabının nühuzunu qaldırmaq, nəşriyyat-poliqrafiya işini dünya standartları səviyyəsinə çatdırmaq, oxucuya daha məzmunca və poliqrafgik keyfiyyətcə fərqlənən, qiyməti daha münasib olan kitablar təklif eləmək üçün cəmi-cümlətanı on il ərzində heyrətamiz yol keçib. İndi “Qanun” Nəşrlər Evinin məhsulları təkcə Azərbaycanın kitab bazarında sanballı yer tutmur, həm də Bakıda keçirilən beynəlxalq sərgi-yarmarkalarla yanaşı, İstanbul və Frankfurt Beynəlxalq Kitab Yarmarkalarında diqqəti çəkir.

Amma o, bununla kifayətlənmir, neçə illərdi ki, poliqrafiya materiallarına əlavə dəyər vergisinin ləğv edilməsi, ən azı, azaldılması yönümündə mübarizə aparır, özünəxas nikbinliklə arzularının nə vaxtsa gerçəkləşəcəyinə inanır.

Şahbaz Xuduoğlu Azərbaycan kitabını – Azərbaycan yazıçılarının əsərlərini – oxucuya çatdırmaq üçün imkanlarına qızırğalanmayıb, “Klassiklər”, “Azərbaycan romanı”, “İlk kitab”, “Ən yeni ədəbiyyat” seriyaları artıq böyük populyarlıq qazanıb. “Qanun” Nəşrlər Evinin müəllifləri sırasında ədəbiyyatımızın bütün nəsillərinə mənsub olan qələm sahibləri, klassiklərimizlə yanaşı, Şirməmməd Hüseynov, Çingiz Hüseynov, Anar, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Kamal Abdulla, Afaq Məsud, Niyazi Mehdi, Çingiz Abdullayev, Aslan Quliyev, Zahid Sarıtorpaq, Salam Sarvan, Fəxri Uğurlu, Aqşin Yenisey, Şərif Ağayar, Nərmin Kamal, Sevinc Elsevər, Mirmehdi Ağaoğlu, Kəramət Böyükçöl, Ayxan Ayvaz... var.

Onun ilk kitablarını nəşr elədiyi gənc qələm sahiblərinin siyahısını yazmaq uzun çəkərdi. Üstəlik, Şahbaz Xuduoğlu müəllifə şəxsi münasibətindən asılı olmayaraq, bəyəndiyi, ədəbiyyat faktı saydığı əsərləri oxuculara çatdırmaq üçün əlindən gələni əsirgəmir. Həm də naşirin bizdə formalaşmış yazıçı psixologiyasıyla bağlı maraqlı mülahizələri var: “Yazıçı gərək öz kitabının arxasında olsun, - deyir. – O, əsərini naşirin ümidinə buraxmamalı, daim kitabı haqqında danışmalıdır. Hər yerdə belədir. Bizimkilər isə əsəri yazır, vəssalam. Sonra susur. Belə olmaz. Ən yaxşı tənqidçi yazıçının özüdür…”

Belə düşünürəm ki, Şahbaz Xuduoğlu bu fədakarlığı həm də artıq yüzillərdi ki, bütün dünyada formalaşmış NAŞİR nüfuzunu Azərbaycan məkanında geri qaytarmaq üçün eləyir. Böyük yazıçılar yetişdirmiş naşirlər barədə istənilən qədər fakt sadalamaq olar. Məsələn, Maksvell Perkins olmasaydı, Tomas Vulf kimi nəhəng yazıçının varlığından xəbər tutmazdıq. Şübhə eləmirəm ki, Şahbaz Xuduoğlunun yazıçılardan əsərlərinin nəşrini və yayım hüququnu rəsmən alacağı gün də uzaqda deyil. Hələ isə deyir: “İşim mənə zövq verir. İstəyirəm yazıçılıq, kitab oxumaq dəbdə olsun. Oğlan qıza kitab hədiyyə etsin. Sevgililər öz sevgilərini bir-birinə kitab vasitəsilə çatdırsınlar. Layihələrimizin hamısı buna xidmət edir. Yazıçılıq gəlirli sahəyə çevrilməlidir. Hər şey tükənə bilər, istedad, bir insanın ədəbi mühiti, müşahidələri heç vaxt tükənə bilməz, daim yeni adlar, yeni əsərlər yaranacaq...”

Şahbaz Xuduoğlu dünya kitabını – dünya yazıçılarının əsərlərini – Azərbaycan oxucusunu çatdırmaq üçün böyük işlər görüb, yenə də görür. Bəzən tərcüməçinin və redaktorun “heyfini” də ondan alıb, ittihamlar irəli sürüblər. Amma nəzərə almaq lazımdı ki, hər bir kitab kollektiv əməyin nəticəsidi, Şahbaz Xuduoğlu da naşir kimi, tərcüməçilərə və redaktorlara bel bağlayır. Belə məsələlərdə, necə deyərlər, hər kəsi öz ayağından asmaq məsləhətdi.

Bu da azmış kimi, umduqlarını ala bilməyənlər də arabir Şahbaz Xuduoğlunu “topa tuturlar”, o isə səbirlə, inadla öz hədəfinə - oxucuya doğru gedir, daimi və endirimli yarmarkalara rəvac verməkdən, nəşriyyatın məhsullarını şəxsən təbliğ eləməkdən, hətta piştaxta arxasına keçməkdən belə yorulub-usanmır. Üstəlik, uğaqlara kitab sevgisini körpəlikdən aşılamağı məsləhət görür: Hər gecə yatmazdan öncə körpənizə nağıl oxuyun, - deyir. - Bəzi analar bunu hələ körpə qarında olarkən edir. Təbii, hər bir ana uşağına öncə layla oxuyur. Heç bir uşaq anasının laylasını untmur. Həyatı boyu. Tədricən laylanı nağıllarla əvəz edin. Qoy uşağın yaddaşına layla ilə yanaşı, o nağıllar da hopsun...”

***

Şahbaz Xuduoğlu bütövlükdə istedadlı insandı. Təşkilatçilıq, hədəfinə doğru səbirlə və inadla irəliləmək qabiliyyətilə yanaşı, gözəl mütaliəsi var, duyğulu hekayələr, esselər qələmə alıb. Xüsusilə, həyatının bəlkə də ən ağır itkisi haqqında yazdığı esseni oxumaq belə adamdan dözün tələb eləyir: Ağlımdan heç nə keçmədi, həyatımın kino lenti də işə düşmədi. Sadəcə böyük bir gurultu ilə maşının necə diyirləndiyini və sonradan harasa zərblə çırpıldığını duydum. Səslər tam kəsildi, qulaqların heç çıqqıltı eşidə bilməyəcəyi sükut çökdü. Dünya cansız, səssiz, duyğusuz, rəngsiz bir yoxluğa çevrildi.

Ölüm belə olurmuş demək. Bu qədər sakit, heç nə hiss etmədən, əzab çəkmədən, mübarizə aparmadan…”

O, bitib-tükənməyən qayğılarının, tez-tez çıxdığı səfərlərinin arasında vaxt tapıb Sergey Dovlatovun “Əcnəbi qadın” romanını da dilimizə çevirib, peşəkarların fikrincə, işini kifayət qədər uğurlu saymaq olar.

Sevdiyi iş müqabilində heç bir mükafat gözləməsə də, azad fikrə, azad yaradıcılığa yardımına görə, 2015-ci ildə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.

Şahbaz Xuduoğlunun ən böyük mükafatısa, fikrimizcə, kitab mədəniyyətimizə xidmətinin əvəzi – qazandığı naşir nüfuzu, tükənməz oxucu sevgisidur.

Məncə, elə təkcə bunun üçün də yaşamağa, keçən ömrün yarısına heyifsilənməməyə dəyər...

50 yaş isə hələ ömrün yetkinlik çağıdı...

# 2811 dəfə oxunub

Müəllifin son yazıları

# # #