Bu sahədə mütəxəssis deyiləm, amma mənə elə gəlir, yaradıcılıqda, o cümlədən də ədəbiyyatşünaslıq və ədəbiyyat tarixi araşdırmalıarında sistemlilik və ardıcıllıq başlıca prinsiplərdən biridi.
Neçə illərdən bəri yaradıcılığını diqqətlə izlədiyim, uğurlarına sevindiyim filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədliyə ədəbi savadı, məqsədyönlülüyü, zəhmətkeşliyilə yanaşı, məhz bu cəhətlərinə görə, yaxşı mənada həsəd aparıram. O, səbirlə, inadla, həm də səriştəylə araşdırmalar aparmağı, tədqiqata cəlb elədiyi mövzularda öz sözünü deməyi bacarır, məhz buna görə də ortaya çıxardığı monoqrafiyalar və ayrı-ayrı məqalələr öz ədəbi çəkisinə və sanbalına görə seçilir.
Professor Bədirxan Əhmədli son illər ərzində “Sabit Rəhmanın satirası”, “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)”, “Bir istiklal yolçusu (Emin Abidin həyatı, mühiti, yaradıcılığı)”, “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı”, “Dramaturq, sənət, həqiqət”, xüsusilə “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” üçcildliyilə (tədqiqatın iki cildi artıq işıq üzü görüb) ədəbiyyatşünaslığımızın ciddi qələm sahiblərindən biri olduğunu sübuta yetirib.
Onun bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çapdan cıxmış, “Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda mühacirətdə son dərəcə ağır şərtlər altında sistemli davamlı və dönməz mübarizə aparan, uğrunda çarpışdığı ideyanın gerçəkləşəcəyinə bir an da olsun, ümidini itirməyən, ictimai-siyasi, elmi, ədəbi-bədii yaradıcılıqları ilə böyük, zəngin irs qoyub gedən dörd istiqlalçının – Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu və Gültəkinin (Əmin Abid) əziz xatirəsinə” ithaf elədiyi “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyası bu sahədə atdığı daha bir sanballı addım, ümumiyyətlə ədəbiyyatşünaslığımıza və ədəbiyyat tariximizə daha bir dəyərli töhfədi.
***
B.Əhmədli monoqrafiyaya yazdığı ön sözdə tədqiqat zamanı qarşısına qoyduğu vəzifələri müəyyənləşdirib, mühacirət ədəbiyyatını araşdırma və təhlil etmədə əsas metodoloji səhvləri – mühacirət probleminə yanaşma və onu vətəndə yaranmış ədəbiyyata qarşı qoymaq – ortaya çıxarıb, eyni zamanda da mühacirət ədəbiyyatının özünə dönməsini, yəni Azərbaycan müstəqillik qazanandan sonra bu sahədə görülən işləri nəzərdən keçirib. Tədqiqatçı bununla yanaşı, mühacirət ədəbiyyatını araşdırılması tarixinə nəzər salıb, bu sahədə elmi araşdırmalar aparan Elçin, İsa Həbibbəyli, Vaqif Sultanlı, Vilayət Quliyev, Alxan Bayramoğlu, Həsən Quliev, Abid Tahirli, Nəsiman Yaqublu, Vüsalə Musalı və başqalarının gördüyü işləri kifayət qədər obyektiv dəyərlləndirib, həm də diqqəti mühacirət ədəbiyyatının milli ədəbiyyatı zənginləşdirməsi amillərinə yönəltməyi bacarıb.
B.Əhmədlinin mühacirət ədəbiyyatının xarakterinə və mərhələlərinə baxışı da məhz tarixiliyə söykənən sistemlilik prinsipinə əsaslanır. O, Azərbaycan mühacirət tarixinin yeddi mərhələdən ibarət olduğunu tutarlı faktlarla əsaslandırır, bu kontekstdə Ərəbistanda mühacir həyatı yaşayan ərəbdilli Azərbaycan şairlərindən, müxtəlif səbəblərdən fərdi mühacirlik həyatı yaşayan, XV-XVI yüzillərdə siyasi səbəblərdən ölkəni tərk eləyib Osmanlıya və Misirə mühacirət eləyən şairlərdən, XIX yüzilin əvvəllərində Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonra ölkəni tərk eləyən siyasi ədəbi müxalifətdən, XX yüzilin əvvəllərindən sovetlərəqədərki dövrdən, Sovetlər zamanından II Dünya müharibəsinəcən olan müddətdən, nəhayət, II Dünya müharibəsi zamanı mühacirətdə qalanlardan söz açır ki, bu da keçilmiş yolun tutumlu mənzərəsini yaratmağa xidmət eləyir.
Tədqiqatçı monoqrafiyada mühacirət ədəbiyyatını nəzəri kontekstdə də nəzərdən keçirib, araşdırılması problemlərini tədqiqata cəlb eləyib. O, haqlı olaraq mühacirət ədəbiyyatının formalaşmasında Polşa amilinə xüsusi diqqət ayırıb, hələ XIX əsrin birinci yarısında bir müddət burada yaşamış İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsini xatırlatmaqla yanaşı, “Prometey” təşkilatınin, Qafqaz İstiqlal Komitəsinin fəaliyyətini, nəşr olunan jurnalları, həmin mətbuat orqanlarında dərc edilmiş yazıları tədqiqata cəlb eləyib, bu zaman nəşrlərlə yanaşı, digər araşdırmaçıların ısərlərini dəunutmayıb.
B.Əhmədli mühacirət mətbuatının yaranması və formalaşmasını nəzərdən keçirməklə birgə ayrı-ayrı nəşrlərdə qabarıq nəzərə çarpan cəhətləri ayrıca işıqlandırmağa üstünlük verib. Bu mənada “Yeni Kafkasya” dərgisində milli ideal, “Azərbaycan yurd bilgisi”ndə ədəbiyyat məsələləri, mühacirət poeziyasında milli istiqlal motivləri (Gültəkin, Abay Dağlı, Kərim Yaycılı, Alazan Baycan), Legion ədəbiyyatı, Əbdiürrəhman Fətəlibəyli-Düdənginski və legionçuların yaradıcılığı da tədqiqatçının diqqətindən yayınmayıb.
Əlbəttə ki, monoqrafiyanın əsas bölümlərindən biri milli istiqlal mübarizəsi mücahidlərinin yaradıcılığına həsr olunub. Müəllif Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Almas ildırım, Gültəkin (Əmin Abid) kimi milli yaddaşımızda mühüm rol oynamış simaların yaradıcılığını araşdırıb, uzun illər ərzində topladığı materialları səriştəylə saf-çürük eləyib, oxucuda hər bir tədqiqat obyekti haqqında dolğun təəssürat yaratmağı bacarıb.
***
Şəxsən məndən ötrü “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyasının ən maraqlı cəhətlərindən biri də professor B.Əhmədlinin uzun illərdən bəri araşdırmaçıların diqqətindən düşməyən, Qurban Səid imzasıyla nəşr olunmuş “Əli və Nino” romanına geniş yer ayırmasıdır. O, son 25-30 il ərzində mətbuatda dərc olunmuş materiallar, ayrı-ayrı tədqiqatçıların qənaətləri, səngimək bilməyən mübahisələrin nəticələri əsasında əsərin müəllifliyiylə bağlı gizlinləri aşkara çıxarmağa can atır.
B.Əhmədli problemlə bağlı bu sətirlərin müəllifinin “Qurban”. Yüzilin “Əli və Nino” əfsanəsi” roman-salnaməsi haqqında eyniadlı resenziyasını və Orxan Arasın “Qurban Səidin publisistikası və şəxsiyyəti” kitabı barədə “Dəyərli tədqiqat əsəri” məqaləsini də monoqrafiyanın əlavələr qismində oxucuya çatdırmaqla araşdırdığı məsələnin miqyasını daha da genişləndirib. Məsələylə uzun illər maraqlandığıma görə, tədqiqatçının bəzi qənaətlərilə razılaşmasam da deməliyəm ki, bu cür yanaşma elmi mübahisə kimi maraqlıdır. Əlbəttə, heç kəs məsələyə son nöqtəni qoyduğunu hələlik iddia eləyə bilməz, görünür, əsərin müəllifliyilə bağlı araşdırmalar bundan sonra da davam eləyəcək, ümid eləyirik ki, əsl həqiqətin ortaya çıxmasında mühüm rol oynayacaq. İndiki halda mən yenə öz qənaətimdə qalır, “Məhəmməd Əsəd bəy” və “Qurban Səid”in ancaq ədəbi imzalar olduğuna inanıram
Yeri gəlmişkən, “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyasının əlavələr qismində verilmiş məqalələrin kitabın bütövlüyünə xələl gətirmir, əksinə, fikrimizcə Azərbaycan mühacirət ədəbiyyatının mənzərəsini tamamlamağa xidmət edir. Tədqiqatçı Gültəkinin “Buzlu cəhənnəm” əsərilə bağlı resenziyasını və “İstiqlalı yaşadan mühacirət poeziyası” məqaləsini məhz bu bütövlüyə nail olmaq üçün monoqrafiyaya daxil edib.
Bu qismdə B.Əhmədli monoqrafiyanın mövzusuyla bağlı polemikadan da qaçmayıb. Filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının 2016-cı ilin oktyabrında keçirilmiş “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” konfransındakı “Azərbaycan Mühacirət ədəbiyyatının tədqiqi perspektivləri” adlı çıxışında ”İstiqlalı yaşadan mühacirət poeziyası” məqaləsinə münasibəti B.Əhmədlini araşdırdığı məsələlərə bir daha qayıtmağa vadar eləyib.
Etiraf eləyim ki, ali məktəblərimizin tədris proqramlarına Azərbaycan mühacirət ədəbiyyatının ayrıca fənn kimi salınıb-salınmadığından xəbərim yoxdu, əgər salınmayıbsa, ftikrimizcə, bu barədə ciddi fikirləşməyə dəyər, professor B.Əhmədlinin “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyası da dərslik və dərs vəsaiti ola bilər.
Bu monoqrafiya professor B.Əhmədlinin yaradıcılığında daha bir mərhələnin, həm də müəllifin milli yaddaşımıza, tariximizə və ədəbiyyatımıza sonsuz sevgisinin nəticəsidi.
Əminəm ki, o, gələcəkdə ədəbiyyatşünaslığımıza başqa sanballı tədqiqatlar da bəxş eləyəcək.
12 iyul 2017