Kulis.az Narıngülün “Qar çiçəyi” hekayəsini təqdim edir
- Nədən qorxursan?
- Nə bilim... düzgün deyil axı...
- Qorxma gəl! Fikir vermə adamlara, cəhənnəm olsun hər şey!
- Yox, yenə də olsun. Ətrafdakılar, tanışlar...
- Ölürəm səninçün.
Bədəni gizildədi.
Əslində özü də istəyirdi getməyi.
Qarşısında dayandığı güzgüdə özünü uzun-uzadı süzdü. Saçlarını əli ilə yuxarı qaldıraraq sancaqladı. Gözlərinin içinə baxıb, nəyisə aydınlaşdırmaq, aynada cavab tapmaq istədi. Qonur gözlərinin dibinə sonu görünməyən bir yorğunluq çökmüşdü. Sifəti onsuz da ağ və incə idi, bir az da arıqlayıb solğun görünürdü. Əlini saçlarından çəkdi, sarışın saçları üz-gözünə səpələndi. Payıza bənzətdi özünü.
- Onda özün bilərsən... Deyəsən çox yalvardım axı... Bilirsən... Hər yer doludur qadınla. Amma gəlsən çox yaxşı olardı. Səndən xoşum gəlirdi.
Sanki göylərdən endi. “Xoşum gəlirdi”, indi gəlmir. Susaraq telefondakı səsin sahibinin daha nə deyəcəyini gözlədi. Artıq danışmaq olmazdı. Hər şey pozula bilərdi. Nəyinsə yerini dəyişməklə azıb qala bilər, çıxışı tapmazdı. Səs kəsildi, səsin sahibi də susdu. Son vaxtlar daha çox telefon vasitəsilə əlaqə saxladığı kişiydi bu. O qədər gözəl, məntiqli danışırdı ki, səsinə vurulmuşdu, daha doğrusu alışmışdı danışığına.
Səsin sahibindən əvvəl sevgilisi vardı. Çox xoşbəxt idilər. Hər şey darmadağın oldu. Müvazinətini itirdi, dayaqsız, sərgərdan qaldı. İndi bütün düşüncələri qarmaqarışıqdı, içində burulğan var. Burda da azsa, heç nə!
Susmaq işə yaradı deyəsən. Telefondakı səs yumşaldı, tonu xeyli aşağı düşdü.
- Özün bil, uduzmazdın məncə, - gerisini demək üçün pauza verməli oldu, hiss olundu ki, tərəddüd edir, - sənə hədiyyə də almışdım. Sən hər şeyə layiqsən. Biz öz həyatımızı yaşayırıq. Hər şeyin gözəldi, ürəyimcədi. Bircə əxlaq dərsi keçmə mənə!
- Yox, nə əxlaq dərsi, müasirəm.
- Müasirsən onda gəl...
Səs yenə hökmlü göründü. Səsin sahibi onsuz da hakimdi, eyni zamanda doğmaydı, amma tonu açmadı bu dəfə onu. Nə cavab versin. “Adam deyir, gəl! İsrar edir. Hələ o biri tərəfi də var. Hədiyyə-filan... Diqqətlidir sənə. Dəyər verir. Get! Həm də müasir deyilsən, deyir...” O isə həmişə müasir olmaq istəyir. Həm də həyatı qazanmaq istəyir, işində, sənətində, karyerasında. Amma abırsızlıq edən qadın tanışlarını da qəbul edə bilmir, onlardan uzaq gəzir. Ürəyində abırlı olduğuna çox inanır, özünü inandırır. Bəs necə olsun, harda dolaşdı həyatının xətləri?
- Payıza oxşadıram özümü - dedi.
Kişi öyrəşmişdi onun belə rabitəsiz danışığına.
- Sənin əsl sevilməli vaxtındır – söylədi – görüşək, xoşbəxt olarıq.
Qeyr-ixtiyari üz-gözünə təbəssüm dağıldı. Sevgilisi deyərdi ki, sənin təbəssümündən yoxdur. Üz-gözün elə işıqlanır ki, elə bil günəş doğur. Amma indi ürəyi paramparçaydı? Nə istəyirdi, nəyi axtarırdı? Özünə acığı tutdu.
Qisas alacaqdı, özündən, səbrindən, qəzəbindən – hər şeydən. Alınacaqdı, alınmayan nə var ki... Həyatını yenidən quracaqdı, bütöv olacaqdı.
Hər halda, belə tez istəməzdi. Hər şeyin ortada olduğu, qarışıq bir məqamda. Bilirdi sonluq bu yerə gələcək. Amma hələ hazır deyildi. İçindəki cəhənnəm boşluğunu doldurmaq kimi bir şeydi, bu. Hədənsə ona elə gəlirdi dayanıqlı deyil bu əlaqə. Ona daimi olan lazım idi. Daimi, ölənə kimi...
İçindəki həvəsə təslim etdi özünü. Sırf qadın marağından olan daha başqa şeylər də qərarını üstələdi. Həyatına rəng qatacaqdı, ürəyi uçundu.
Böyük və izdihamlı bağın ətrafında xeyli gəzişdi.
“Bu harda qaldı görəsən?” Zəng etməyə də ürəyi gəlmədi. Qoy özü axtarsın. Elə başa düşsün ki, hələ gəlməmişəm, yüngüllük olmasın. Səsin sahibi isə görünmürdü.
Bağın kənarında dayanıb, ətrafdakı qadınları təpədən-dırnağa süzən, gözlərindən cin yağan kişilərdən biri ona yaxınlaşdı:
- İstəyirsən gedək, yaxınlıqda ev də var, danışaq, razılaşaq. Key-key baxdı kişinin üzünə. Üzünün ifadəsi o qədər laqeyd və mənasızdı ki, deyəsən, kişi bir şey anlayammadı. Ayağını sürüyə-sürüyə aralaşdı. Dayandığı yerə indi nəzər saldı. Bura fahişələrin toplaşdığı bağın yaxınlığıydı. Bir dəfə yazı yazmışdı bu bağdan. Gözaltı kişinin arxasınca baxdı. “Adamını tanımır, axmaq!” Yəqin elə məni də “adamına” bənzədib. Gülümsündü.
Dözməyib zəng etdi. Telefon söndürülmüşdü. Nə olmuşdu görəsən? “Gələcək, əlbəttə, gələcək. Oyuncaq deyiləm ki?..” O tərəf-bu tərəfə gəzişə-gəzişə xəyallar qurdu. Bir müddət əvvəl, sevgilisindən ayrılandan sonra elə bilirdi ki, qanadları qırılıb, heç nəyə yaramır. Sonra səsin sahibinə sığındı. Çox isti və məhrəmdi hər şey. Sevgi və ehtiras vardı ortada. Yenicə ovunmağa başlayırdı. O da belə...
Çox açıq danışmağa imkan verməyəcək. Müvazinəti itirmək olmaz. Kodları əldə saxlamaq gərəkdir, sonra gec olar. Bir qədər uzaqda dayanmaq lazımdır.
“Gərək gəlməzdim. Yalvartmaq lazımdı, uzatmaq gərəkdi vaxtı”. Özünü danladı. “Ürəyimə, ruhuma yaxın idi axı. İncitmək istəmədim. Niyə oynamalıydım ki... Bir-birimizdən xoşumuz gəlirdi. Bəlkə qisas alır, əvvəl çox soyuq davrandım. Hər şey beynində qarışdı. “Ələ salıb məni. Bu da sənin ruhun, arzun. Havaya sovurdun hər şeyi. Uduzmağa bənzəyir. Xəyalların, istəklərin.”
Ağlamadı. Ağlamaq zəiflikdi. Zəif olmağa nifrət edirdi. Onsuz da saman çöpündən yapışana bənzəyirdi. Səsin sahibi dirçəltmişdi bir az, ruhlandırmışdı. Hər şeyə maraq yaratmışdı, inandırmışdı.
Təkrar zəng etdi. Telefondan səs gəlmədi.
Geri qayıtmağa qərar verdi.
Evə çatıb paltarını dəyişəndə zəng gəldi. O idi yenə, - səsin sahibi. İstədi telefonu açmasın. “Daha nə zəng, təhqir etdi məni, əməlli-başlı”.
Dözmədi. Səsin sahibi üzrxahlıq etdi:
-İşim oldu.
- Yalan deyirsən. Qurtardı hər şey!
- Yalan demirəm. İnan!
Söz tapmadı deməyə. Hər şeyi darmadağın etməyə ürəyi gəlmədi. Barışmaq da istəmədi. Yumşalmaq məğlub olmaqdı. Qələbənin bir addımlığındaykən. Qalib olacaqdı...
- Səni çox istəyirəm, gözəlim! - Səs zəhmli idi yenə.
“Sevirəm yox, istəyirəm”. Acı - acı güldü.
- Məni istəyən çoxdur. Sevgi istəyirəm mən.
“Niyə dedim axı bunu. Dilənçi deyiləm ki... O qədər sevənim var, elə biləcək acizəm”. Yenə məyus oldu, birdən-birə söndü.
Səsin sahibi dil tökməyə başladı. Bir ümid cücərdi ürəyində. Amma içindəki təlatüm çəkilmədi.
- O qızın yazıları daha perspektivlidir – redaktor onun, əynindəki tarım paltarda bir qədər də incə görünən bədənini başdan-ayağa süzdü, - o gənc qızı deyirəm. Bağışla, onu seçməli olduq. Bizə elə kadr lazımdır ki, həyatın nəbzini tutsun. Onlar həm də görünə bilirlər. Kompleks-filan burda keçmir. Özün bilirsən də, insanların içinə nüfuz etmək lazımdır, quzum. Sən bir az çəkingənsən. “Demək iş məsələsi yenə də qaldı. Bu dəfə də alınmadı. Yaman da çəkingənəm. Öz tutumum qədər varam. Bundan artıq olmayacağam ki... Daha neyləməliyəm ki?” Ürəyində gileyləndi.
- Səni onsuz da tanıyırlar, yazıların-filan... Hara getsən yaşıl işıq yanacaq.
“İşıq zad yoxdur. Hələ də işsizəm. Allah kəssin belə yaşıl işığı”.
- Sən də pis deyilsən. Ancaq...
“Lazım deyil sənin işin, işləməsəm də olar ”.
Səsin sahibi zəng etdi: “Bir kənara çəkil, danışaq. Görüşmək istəyirəm”. Redaktordan üzr istəyib dəhlizin o başına çəkildi.
- Gərginsən, həm də, yorğun görünürsən ...
- Hardan bilirsən?
- Bilirəm. Səni mənim kimi duyan yoxdur...
- Doğru deyirsən.
- Onda görüşək. Nə oldu, danış, nə fikirləşirsən?
Əslində heç danışmağa söz də yoxdu. Qeyri-ixtiyari beynində dolandırdığını dilinə gətirdi:
- Şöhrət də boş şeydir, sabun köpüyü kimidir. O tərəfindən bu tərəfi görünür. Neynirəm şöhrəti?!
- Bəs istədiyin nədir? - səsin sahibi onu çözələyib içinə nüfuz etməyə çalışdı, - sevdiyin adam da sənə laqeyddir. Nə vaxtdır itib, atıb gedib səni. Nə istəyirsən?
Nə istədiyini özü də bilmir. Amma istəyir, çox istəyir. Bu an səsin sahibinə inanır, güvənir, sığınmaq istəyir. Qadındır da... Kiməsə inanmasa, güvənməsə gərək onda qadın olmaya!
- Yaşamağın sirrini öyrənirəm.
- Gəl, səni yaşadım...
Səsin sahibi doğru deyirdi. Sevgilisi atmışdı onu. Amansızlıqla. Bəlkə də, günah onun özündəydi elə, bilmir. Heç nəyi aydınlaşdıra bilmir.
Sevgilisi son dəfə “Qar çiçəyimsən” yazmışdı ona. Sonra bir daha yazışmamışdılar. Üç gün-üç gecə ağlamışdı. İndi də yadına salanda göz yaşlarını güclə tutur. Həmişə ağlayır. Hərdən onunla çox xoşbəxt olurdu. Sonra əvəzini ödəyirdi. Ən xoşbəxt anlarında belə bu ağlamaq hardansa gəlib tapırdı onu. Əvvəllər, bəzən ürəyində çoxdan kök salmış axmaq arzusunu bildirərdi sevgilisinə. Birlikdə ölmək, əl-ələ tutaraq birlikdə intihar etmək!
Sevgilisi: “Niyə ölək ki? ” - deyə etiraz edərdi.
- Qoy belə bitsin sevgimiz, ayrılıq olmasın... Yaxşı, istəmirsən, mən özüm ölərəm.
- Sən olmasan elə mən də ölmüş olaram. Nə fərqi?
O qədər xoşbəxtdi ki... İnanırdı ona. İndi də inanır. Gələcəkdə də inanacaq. İnanmasa ölər!
Amma hanı, indi yoxdur. Heç biri ölməyib. Amma unuda da bilmir. Özünü tanıyammır. Gözlərini yuman kimi onu istəyir. Dünyanın ən böyük ayrılığını yaşayırlar. Aralarında o qədər keçilməz sərhədlər var ki...
Ancaq canı, ruhu ölməyib. Yenidən həyata atılıb.
- Mənə sevgilindən danış , - israr edir səsin sahibi. Hiss edir ki, ondan danışanda səsin sahibi qısqanır. Bəzən qəsdən danışıb, qıcıqlandırmaq istəyir, sonra xətrinə dəyər deyə, vaz keçir. Amma hiss edir ki, heç kəsə danışmadıqlarını danışa bilir səsin sahibinə. Sirr ortağı tapıb özünə. Yaxşı dost ola bilərlər. Ovuda bilir onu, ürəyini isidir, unutdurur hər şeyi.
- Uşaqlar texnikanı yaxşı bilirlər – yazı texnikasını! Əsas texnikadır, - redaktor əli ilə balaca qlobusu stolun küncünə itələyir, - nə ictimai nüfuz, ictimai nüfuz nədir? Sənin yazmağın elə ictimai nüfuzundur da... Yaz getsin. İstəyirsən siyasətdən yaz. Səndə alınır, sən hamısından yaxşı yazırsan. Amma fahişə kimi yazmaq lazımdır, siyasətdən yazanda. Çəkinmədən!
Redaktor ayağını ayağının üstünə aşırıb əlavə edir:
- Heç yazmaq da bir peşə deyil, əslində. Gedin özünüzə iş tapın.
Şöbədəki uşaqların xoşu gəlmir bu söhbətdən. Dodaqaltı mızıldanırlar: “Sənin nə vecinə. Yazdığını yazmısan, aylıq maaşını da alırsan, kef çəkirsən!”
- Yox, o şəhəri istəmirəm... Başqa yer olsa sevinərdim. Artıq fikrimi dəyişdim.
Redaktorun heyrətdən gözləri böyüyür:
- Dünənə kimi yalvarırdın, səyahət-filan olanda məni təklif edin deyə, nə oldu indi? Özün bil! Mən sənin ürəyini almaq istəyirdim, iş məsələsinə görə... Mükafatlandırırdım səni. Hm... Qadınsan da... Nə istədiyini bilirsən ki?!
Redaktorun kinayəli səsi qapını o biri üzə adlayanda gəlib çatır ona.
“Guya sən kişi olub neyləmisən?!” Ürəyində qeyzlənir. Geri qayıdıb cavab vermək də olardı. Həvəsi gəlmir, həm də lazım bilmir. Durub deməyəcək ki, orda məni sıxan çox şeylər var. Ora gedən kimi sevgilimi xatırlayacam. O şəhərin hər qarışında onun ruhu var, nəfəsi var, məni dəli edər o yerlər. Məhv olaram! Yox!
Yağış damlaları getdikcə güclənərək arx suyuna çevrilir, küçə aşağı axmağa başlayır. Əynindəki paltar tamamilə islanıb bədəninə yapışıb, saçlarının ucundan axan su üz-gözünə damcılayır. Özünə bu an çox romantik gəlir. Kaş belə bir şəkil çəkdirəydim, - deyə ürəyindən keçirir.
- Bu yollara bir əncam çəkmirlər - şəhərin yaşlı sakinlərindən biri söylənir.
Göllənib qalmış suya baxır, ürəyində bahar çiçəklənir. Addımlarını yeyinlədir. Bilmir hara tələsir.
Təkcə səsin sahibi onu oxuyur. Səsin sahibi idarə edə bilir onu. “Sizə etibar yoxdu”, - deyir səsin sahibi. “Xəyanət edə bilirsiniz istədiyiniz vaxt. Xislətiniz belədir!” Düz deyirdi, bəlkə də. Dodaqları qaçdı. “Xislətiniz” sözünə gülməyi gəldi.
Sevgilisinə necə?! Yox, ona etməzdi! Dünya dağılsa etməzdi! Amma etdi sonda. Ondan əli üzüləndən sonra etdi. Necə olsa da sonunu gözləyə bilmədi. Enerjisi çatmadı, gücü qalmadı. Qurtardı hər şey!
“Uğur qazana bilərsən” deyirdi səsin sahibi - uğur və qələbə sənindir. Kim bilir, bəlkə elədir, xoşbəxt olacaq. Hansında? Sənətində, yoxsa həyatında? Bilmir. Bəlkə dönüş başlanacaq.
Daha o, olmayacaq. Heyf! Hər şeyi olacaq. Bəlkə də, səsin sahibi onu çox sevəcək. Xoşbəxt olacaqlar.
Dəqiqləşdirmək çətindir, olacaqları. Amma o, olmayacaq. Bu dəqiqdir! Yenə gözləri dolur.
Bu gün bir saatlıq məruzəsi də var. Bədii yaradıcılığın xüsusiyyətləri haqqında danışacaq. Kitabxana işçilərinin qarşısında çıxış edəcək. Adamlar maariflənəcək, faydalanacaq. Belə deyir təşkilatın rəhbəri.
Küçədə zibil qutusunun içinə başını soxub nə isə axtaran kişi arvadını çağırır, deyəsən “işəyarayan” nəsə tapıb. Sevinərək qadına göstərir. Geyimlərindən, hərəkətlərindən ağıllarını itirmiş kimi görünürlər.
“Hər şeydən yazmaq olar, - deyirdi redaktor - zibildən də konfet kimi yazmaq... Peşəkarlıq budur... Gərək heç nəyi gözdən qaçırmayasan”. Səfillərə yaxınlaşır. Qadın təəccüblə ona baxır. Kişi bir az qəzəblidir. Hürkürlər elə bil. Qadın onun üzünə baxıb öz aləmində hansısa mahnını zümzümə etməyə başlayır. Gülümsünərək onları başa salır ki, qorxmasınlar. Cibində xırda pul axtarır, kişinin ovcuna basır. Qadın pulu götürür, əlindəki torbanın içinə atır. Hiss olunur ki, kişini o, idarə edir. Deyəsən, isinişirlər ona. Onları danışdırmaq istəyir. Qarışıq danışırlar, nə danışdıqları başa düşülmür. Bir neçə dəfə cəhd etsə də, heç nə alınmır. Kişi zibil qablarının birini onun qarşısına itələyir. Yəqin demək istəyir ki, sənə verdik bunu. Bir-birilərinə dəyə-dəyə aralanırlar. Qarşısındakı zibil qabı ilə üz-üzə qalır. Redaktorun qarasınca söylənir: “Bu da sənin çılpaq həqiqətin...”
Adamların diqqətini çəkməmiş aralanmaq istəyir. Tələm - tələs irəli addımlayır. Ağappaq divarla baş-başa gəlir. Bir az hündürdə divara yazılmış elanı görür: “Bura keçid deyil”. Deməli, yolu dəyişmək lazımdır!
Səsin sahibi zəng edir:
- Nə edirsən, nəylə məşğulsan indi?
Qeyri-ixtiyari dillənir:
- Heç bir şey! Yolumu dəyişirəm yenə də...