O uşağa “Facebook”-da kim yazırdı? - HEKAYƏ

O uşağa “Facebook”-da kim yazırdı? - <span style="color:red;">HEKAYƏ
12 yanvar 2016
# 09:00

Kulis Mirmehdi Ağaoğlunun “Oğlum üçün hər şey” hekayəsini təqdim edir.

“Mən... Sən... O... Feysbuk...” silsiləsindən birinci hekayə

Atalar üçün

- Ana, ana, bilirsən nolub?

- Nə?

- Deməyəcəm. Desəm güləssən.

- Dolamısan? - Anası o biri otaqdan qaça-qaça üstünə gəlmiş uşağın boynuna yüngülcə bir şillə ilişdirdi. - Telefonu da bəri ver. Get əynini gey. Dərsə gecikirsən.

- Nolub e... – Oğlu yenə həmişəki narazılığını elədi və içəri otağa keçib qabağa çıxmış dodaqlarının altında anasının qarasınca mızıldan-mızıldana corabı ayağına soxuşdurmağa başladı. Yeməkdə də mısmırığını sallayıb oturdu, çaydan bir qurtum içib dinməzcə durdu. Qarşısındakı qayğanağa toxunmadı. İşə getməyə hazırlaşan anasının güzgü qabağında bəzənməyini fürsət bilib yenə telefonu götürdü, qurdalamağa başladı. Hiss olunurdu ki, oyun oynamır. Deyəsən, nəsə yazırdı. Özü də yazdıqca dodağı qaçır, üzündə məsum təbəssüm yaranırdı. Belə gülüş, adətən, adam yatanda olur.

Anası güzgüdən görürdü:

- Feysbukdasan?

- Hə.

- Qoy yerə telefonu, yeməyini ye! Gecikirik.

- Eh, yemirəm.

- Onda dur, əynini geyin, çıxaq. Telefonu da qoy çantama.

Uşaq telefonu laqeydcəsinə stolun üstünə tullayıb ayağa qalxdı. Gödəkcəsini, çəkməsini geyinib qapıda dayandı. Anası da tezcə çörəyin arasına kolbasa dilimləri doldurub salfetə bükdü. Hazırladığı kolbasa-çörəyi uşağın çantasına qoydu. Süfrəni yığışdırandan sonra o da çəkməsini, paltosunu geyinməyə başladı.

- De görüm, səhər nolmuşdu? - Anası avtobusda soruşdu.

- Eh, deməyəcəm, sənə söz demək olmur. - Uşağın incikliyi hələ də keçməmişdi.

- Nolar, demə, get dərsə, gəl, sənə telefonla oynamağı qadağan edəcəm. Bütün gün əlindən düşmür. Elə telefon, kompüter, “iqra”, nə bilim nə.

- Yox, eləməyəcəksən!

- Gözlərin axırda kor olacaq. Feysbuk profilini da bağlayacam. Bunu da təzə çıxarmısan.

- Bəs sən girirsən feysbuka, mən yox? - Uşaq hikkəylə cavab verdi.

- Qələtini elə, doqquz yaşında uşağın nə iti azıb orda! Bir az boş buraxan kimi cızığından çıxırsan.

- Sən pis anasan, pis. Kaş sən öləydin atamın yerinə. – Uşaq qollarını qoynunda çarpazlayıb üzünü pəncərəyə çevirdi. Yenə də dodaqları sallandı. Gözləri yaşarsa da acığından qırpmadı. Ana oğlunun sözündən kövrəldi. Uşağın belə cavab qaytarmağı ilk dəfə deyildi. Əvvəl istədi sarılıb öpsün, sonra fikrindən daşındı. O, da pəncərədən bayıra boylandı. Hava hələ açılmamışdı.

Yoldaşı rəhmətə gedəndən oğlu yaman ərköyün olmuşdu. Sözə baxmırdı. Dəfələrlə uşağın əmilərini, dayılarını, qohum-əqrəbanı bunun üstündə qınamışdı ki, düzgün tərbiyə eləməyə imkan vermirsiz, dəcəl böyüyür. Sonra çanaq öz başında çartlayacaq. Xeyri yox idi, uşağı dəcəl öyrədirdilər, nəticəsini anası görürdü.

İşlədiyinə görə oğluna vaxt ayırmağa macalı yoxdu. Səhər işə gedəndə uşağı da özü ilə aparıb məktəb qoyurdu. Günorta bacısı gedib götürürdü. O, axşam 9-10-da işdən çıxana kimi oğlan bacısıgildə qalırdı. Orda da bacısının uşaqlarına qoşulub bütün günü kompüterdə əylənmək, oyun oynamaqla vaxt keçirirdi. Özü də yaramazın yaman tez götürməyi vardı; telefonun dilini ondan yaxşı bilir. Bir həftədi özünə feysbuk profili də açıb.

- Ana, nolar feysbukumu bağlama da... - Məktəbin qapısında oğlu yenə yalvardı.

- Yaxşı get dərsə, gecikirsən.

- Pis anasan, pis.

Uşaq başını aşağı dikib ayaqlarını dalınca sürüyə-sürüyə məktəb qapısında görünməz oldu.

Qadın dərhal dayancağa doğru tələsdi. Marketdə satıcı işləyirdi. Saat səkkizdə işin davamiyyət dəftərinə qol çəkməliydi. Bir dəqiqə gecikməyə görə müdir ayın axırında maaşdan kəsirdi. “İşə vaxtında gəəəl”, - çığırdıqca da buxağı it qulağı kimi yellənirdi.

Avtobusda səslənən kədərli türk mahnısı lap kövrəltdi onu. Sürməsi yayılmasın deyə tezcə yaylıq çıxarıb gözlərinin yaşını sildi. Üzünü gizlətməyə çalışırdı, avtobusun yuxulu səhər sərnişinləri ağladığını görməsinlər. Yenə mərhum əri yadına düşmüşdü. Başını qatmaq üçün telefonu çıxartdı. Orda nə gördüsə hönkürməyə başladı. Avtobusdakılar çönüb ona baxdılar.

- Bu gün dərslərin necə keçdi? – Bacısıgildən çıxıb evlərinə gedəndə yolda oğlundan soruşdu. Evləri çox da uzaqda deyildi. Bacısıgilin yaxınlığında qalırdılar.

- Yaxşı. Ulduzlu beş almışam.

- Afərin, oğluma. – Əyilib oğlunun başından öpdü. - Xalangildə yemək yedin?

- Hə. Ana, feysbukumu bağlayassan?

- Nəyinə gərəkdir feysbuk? Kimlə danışırsan?

- Hamı ilə. Əli əmi ilə, Kərim dayı ilə, sora....

- Sora kimlə...

- Heç...

- Manyak zad doludu orda. Feysbuk sənin yaşına uyğun deyil. Uşaqsan hələ.

- Eeeh. Danışacam. Bildin?

- Söz güləşdirmə mənimlə.

- Özü də sənə bir şey deyəcəkdim, tay deməyəcəm.

- Nə deyəcəkdin?

- Deməyəcəm.

- Bəsdir də, oğlum, ağıllı balam, de - oğlunun başını sığalladı.

- Atama məktub yazmışdım!

- Hara?

- İnboksuna. Feysbukda. Keçən həftə. Özümə feysbuk açan kimi yazmışdım. Səhər gördüm ki, mənə cavab yazıb.

Ananın boğazını qəhər tutdu, iki dəfə köks ötürdü. Ağzını açsa da dili söz tutmadı. Boğazı qurudu. Nəhayət üçüncü dəfə köks ötürüb güclə dilləndi.

- Nə yazmısan?

- Deməyəcəm, - uşaq başını qaldırıb gülümsədi.

- Ona görə istəmirsən feysbukunu bağlayım?

- Hə.

- Nə yazmısan atanın inboksuna?

- Ürəyimdən keçənləri... Yazmışam ki... Yoo, demirəm, sonra ələ salassan məni. – Uşaq yenə başını qaldırıb gülümsədi. Sonra da ayı balası kimi anasına sığındı.

Ananın gözlərindən axan yaşlar yanağına süzülürdü. Gözünün qarası üzünə dağılmışdı. Amma daha buna əhəmiyyət vermədi. Qapıya çatmışdılar.

Evə keçib əynini dəyişdi, çay qoydu, uşağı yuyundurdu. Oğlu çay içə-içə mətbəx masasının üzərində duran notbukda cizgi filminə baxdı. Anası aldığı bir-iki xırda-para şeyi soyuducuya yerləşdirdi.

Gecədən keçmişdi. Oğlu içəri otaqda yatırdı. Ev qaranlıq idi, notbukun ekranına təkcə mətbəx işıqlanırdı. Ana özünə bir fincan çay süzüb kompüterin arxasında keçdi. Öz feysbuk səhifəsini açdı, gələn bildirişləri, inboksu yoxladı. Sonra özününkündən çıxıb, ərinin feysbuk səhifəsinin e-mail və parolunu yığdı.

Əri öləndən sonra səhifəsi hardasa 3 il bağlı qalmışdı. Parolunu da bilmirdi. Altı ay əvvəl kitablardan birinin arxa səhifəsində bir qeyd tapdı: feysbuk parolu idi. Əvvəl tərəddüd elədi, sonra maraq bürüdü. Görəsən qadınlarla yazışırmış? Parolu yığdı, ərinin feysbuk səhifəsi açıldı.

İndi gözünə yuxu getməyəndə, əri yadına düşəndə arabir girib onun səhifəsinə baxırdı. Etiketləyib xatırlayanların yazdıqlarını, yenə də inboksa gələn təsadüfi mesajları, ərinin köhnə yazışmalarını oxuyur, ağlayıb sakitləşirdi.

İndi də ərinin profil rəsmini böyüdüb baxdı. Sonra onun inboksuna girdi. Yeni gələn mesajlardan birinin üstünə vurdu. Çaydan bir qurtum aldı. Və növbəti cavabı yazmağa başladı: “Əziz oğlum...”

# 3185 dəfə oxunub

Müəllifin son yazıları

# # #