Xəzər TV-nin qurbanı

Xəzər TV-nin qurbanı
23 yanvar 2013
# 12:23

Xəzər TV-də “Həyat varsa” adında serial var. Hər dəfə ibrətamiz filmlər verirlər. Budəfəki filmin süjeti təxminən bu cür idi.

Bir kişinin körpə uşağı xəstələnir. Həkimlər ümid olmadığını deyirlər.

Ata da bir iş görüb uşağın dərdinə əlac eləməkdənsə, əllərini uzadıb deyir: ürəyimə damıb ki, uşağın yaşaması üçün mənə nəsə olmalıdır. Hətta bu mövzuda bir yuxu da görür. Hələ üstəlik nənəsi də bu fikirdə olur ki, ata mütləq ölməlidir.

Ata elə hey divanə kimi dolaşır ki, ölməsəm, uşaq sağalmayacaq. Doğurdan da filmin axırında da uşağın atasını maşın vurur və bundan sonra uşaq sağalır.

Qeyri-adi bir mövzu deyil. Dədə Qorqud dastanının “Duxa Qoca oğlu Dəli Domrul boyu”ndan bildiyimiz mövzu.Dəli Domrul özünü xilas etmək üçün atasını, anasını qurban vermək vermək istəyirdi.

Amma bu mövzunu yenidən işləməyin insanlara aşılamağın nə mənası? Üstəlik camaatın kütləvi sürətdə batil inanclara meylləndiyi, falçıların ayaq tutub yeridiyi bir vaxtda.

Bu nə fatalizmdi? Guya yaxşı gündəyik? Onsuz da indi insanlar elmdən çox fanatizmə, həkimdən çox molla-falçıya inanırlar. Bu nə qurbanbazlıqdı?

Dində belə bir fikir yoxdur.

Xəzər TV-də çalışır ki, əvvəllər “Samanyolu”nda gedən “Sır kapısı” janrda filmlərlə insanları dini-əxlaqi yolla tərbiyələndirsin.

Amma bu cür taleyə boyun əymə, özünü qurban verib başqasının həyatını xilas etmə ən ibtidai, bütpərəst bir təfəkkürün məhsuludur. Heç bir dini əxlaqa sığmır. Üstəlik heç bir elmi izahı da yoxdur. Sadəcə gülünc görünür, vəssalam.

Bunu heç buşmen tayfaları eləmir, amma biz eləyirik.

# 5157 dəfə oxunub

Müəllifin son yazıları

# # #