Anasının yasına gedə bilməyənlər

Anasının yasına gedə bilməyənlər
30 oktyabr 2014
# 15:29

Çox da uzaq tarix deyil, beş-on ilin söhbətidi. Evdən-eşikdən iraq, yas məclisləri yeddi gün keçirilirdi. Mərhumun 40-a qədər “təntənəli" cümə axşamları olurdu, sonra qırx məclisi, sonra il mərasimi. Bəzi regionlar hətta “52 gün” belə keçirirdilər. Şəhərdə deyə bilmərəm, kənddə adamlar vardı ki, bekarçılıqdan bir yasa yeddi gün gəlib-gedirdi.

2000-ci illərdən başlayaraq yeddi günlük məclislərin sayı azaldı; yası dörd günə, üç günə endirdilər, üçü-yeddini birləşdirdilər.

Hətta son vaxtlar mərhumun üçü, ya yeddisi həftə içinə düşdüyünə görə məclisi bazar gününə salanlar da olur. Səbəb çox sadədi. Məclis yiyəsi iş-gücündən ayrıla bilmir. Bu halda məclisə gəlmək istəyənlər də sevincək olurlar.

Yəni adət-ənənələr müasir şəraitə uyğun şəkildə dəyişir, islah olunur.

Əmək məcəlləsində də bu barədə xüsusi maddə olmalıdır. Bir sıra şirkətlər yaxın qohum öldükdə beş gün, uzaq qohum (nənə, baba) vəfat etdikdə 3 gün icazə verirlər.

Göründüyü kimi yas qaydası müasir insanın həyat tərzindən, daha doğrusu kapitalizmdən doğan iş gərginliyindən asılı olaraq dəyişir. Bu adətlərin hələ dominant olduğu uzaq bir kənddə desən ki, filankəs atasına bir gün yas verib camaat özündən çıxar. Deyər ki, vəfasız övladdır. Həmin adam eynən Merso kimi ittiham olunar.

***

Alber Kamyunun “Yad” əsərinin elə ikinci abzasındanca Mersonun anasının ölməyinə onun rəisinin münasibətini görürük: “Şefdən ikigünlük məzuniyyət istədim, boyun qaçıra bilmədi, çünki üzrlü səbəb idi. Ancaq hiss olunurdu ki, narazıdır. Dedim: daha mənim nə təqsirim, iş elə gətirib ki, mütləq getməliyəm. Cavab vermədi”.

Yəqin Allahın bizə lütfündəndir ki, bu tərcümədən yoxsul ölkədə Alber Kamyunun “Yad” povesti hələ Sovet dövründə “Azərbaycan” jurnalında çap olunub. İndi artıq ayrıca kitab şəklində də var. Çox az kitab həvəskarı tapılar ki, bu əsəri oxumasın. Ona görə də əsərin süjetini yazmağa gərək yoxdur.

Əsərin əvvəlindən anasının vəfatına soyuq yanaşan Mersonun bu xüsusiyyətinin sonradan məhkəmədə onun özünə qarşı istifadə edilməsinin şahidi oluruq. Merso anasına qarşı o qədər soyuqdur ki, hətta müəllif belə ikinci cümlədəcə bu soyuqluğu büruzə verməyə məcbur olub: “Bəlkə də dünən ölüb, bilmirəm”.

Merso anasının dəfnindən qayıdandan sonra şefinin nəyə görə narazı olduğunu müəyyənləşdirir: “Oyanandan sonra başa düşdüm ki, ikigünlük məzuniyyət istəyəndə şef niyə belə narazı imiş. Bu gün şənbədir. Mən bunu, demək olar ki, unutmuşdum, yalnız yataqdan qalxanda xatırladım. Yəqin şef fikirləşib ki, istirahət günüylə birgə mən dörd gün işdə olmayacağam və aydındır ki, bu onun xoşuna gəlməyib. Bəyəm mən təqsirkaram ki, anamı bu gün yox, dünən dəfn ediblər?”

Sizcə tanış mənzərə deyilmi? İş əlindən baş qaşımağa vaxtı olmayan nə qədər adam var ki, yaxınının yas mərasimini həftə sonlarına salır. Elə özümüz də həftə içi iş əlindən bir neçə saat vaxt tapa bilməyib yasa gedə bilməyəndə deyinirik.

Mersonun soyuqqanlı olmasının, dünyaya belə laqeyd yanaşmasının təqsiri özündə deyil. Onu yaşadığı kapitalizm cəmiyyəti bu həddə gətirib çıxarıb. İşini itirəcəyi təqdirdə bütün həyatının alt-üst olacağını anlayan insan sentimentallığa qapılmağa, şəfqətliliyə macal tapmır. O yalnız işinə aludədir. İş kapitalizm insanı üçün ən vacib dəyərdir. O harda olursa–olsun işindən qopa bilmir. O istənilən adəti belə öz mənafeyi, iş mənafeyi üçün dəyişməyə qadirdir. Mersonu yada salaq. O, hətta anasının dəfnində belə iş yoldaşlarını xatırlayır: “İş yoldaşlarımı xatırladım. Bu vaxt onlar yataqdan qalxıb işə getməyə hazırlaşırlar-mənim üçün bu ən çətin vaxtdı”. Anasının dəfnindən sonra isə şəhərə qayıdan Merso belə fikirləşir: “...budur bazar günü ötüb keçdi, anamı basdırdıq, sabah işə gedəcəyəm və əslində heç nə dəyişməyib”.

“Yad”ın qəhrəmanı Merso kapitalist sistemin yaratdığı insan fiqurudur. Onun həyat amalı işdir. O, yalnız iş haqqında düşünür. Həftəsonları istirahət belə onun üçün yalnız enerji toplayaraq gələn həftəyə gümrah şəkildə işə başlamaq üçündür. O, bunları həyatdan ləzzət almaq üçün eləmir. Ümumiyyətlə onun üçün həyatda heç nəyin fərqi yoxdur. Bu yadlaşmış, özgələşmiş insan öz laqeydliyinin qurbanı olur. Onu yad edən sistemdir. Cəmi bircə dəfə həyatdan, qızmar günəşdən, sərin bulaqdan, dənizin şırıltısında ləzzət almaq istəyir, bir anlıq həyata qayıdır, təbiətlə harmoniyaya girir və elə bu zaman bu gerçəklikdən qopacağından elə xoflanır ki, tapançaya əl atası olur. Onun sakitliyini pozan adamdan qisasını almağa çalışır: “...Başa düşdüm ki, gündüzün ahəngini, bir az əvvəl özümü bu qədər yaxşı hiss elədiyim qumlu sahilin qeyri-adi səssizliyini pozmuşam. Belə olduqda qarşımda sərilmiş bədənə daha dörd dəfə atəş açdım...”

Biz istəsək də, istəməsək də kapitalizm – sistem özü bizim həyatımızı bildiyi kimi qaydaya salır. Nə bizim işləmə qabiliyyətimizi axsadırsa onu amputasiya edir. Onun yolunda heç bir maneə dayana bilməz. Heç bir adət-ənənə ona sinə gərə bilməz. Gözümüzün önündə gedən bu təbii islahatlar yeddi günlük yas mərasiminin dörd günə enməsi, günlərin birləşdirilməsi, lazım gələndə mərasimlərin dinin və ya adətin uyğun gördüyü günə deyil, məhz “işimizə” uyğun olan günə salınması əyani sübut deyil, bəs nədir?

“Ac qılınca çapar” məsələni bir qədər dəyişib belə deyək: işini itirməkdən qorxan insan yeddi günlük yası bir saat da edər.

Marks “Əmək insanı özgələşdirir” deyəndə yəqin ki, bunu nəzərdə tuturmuş. Bəli, biz bu özgələşməni kapitalist sistemdə daha qabarıq şəkildə görürük, amma gəlin baxaq görək sosialist sistemində necədi?

Maslonun ehtiyaclar piramidasının əsasını təşkil edən fiziki ehtiyac məhz elə iş ehtiyacı deyilmi? Məgər böyük şəhərdə işsiz qalmaq elə ac və susuz qalmaq demək deyilmi? Deməli, məsələ ictimai formasiyada deyil, varoluşun özündədir.

Konstantin Paustovskinin Təqribən elə “Yad” əsəri (1942-ci il) ilə eyni dövrdə yazılmış “Teleqram” (1946-cı il) hekayəsini yada salaq.

Ahıl yaşlı Katerina Petrovna kənddə rəssam atasından qalma evində yaşayır. Leninqradda yaşayan və Rəssamlar İttifaqında katibə işləyən qızı Nastya isə iş-güc əlindən imkan tapıb qoca anasını ziyarət edə bilmir. Anası da qızını başa düşür; cavanların dünyası ayrı, qocaların dünyası ayrı. Bununla belə onun həyatda bircə istəyi var, ölməmişdən qabaq qızını son kərə görmək...

Əslində Nastya pis qız deyil, anasını sevir, şəhərdə faydalı işlə məşğuldur, itib-batmaqda olan istedadlı heykəltəraşı üzə çıxarıb onun işlərini nümayiş etdirmək istəyir. Anası isə kənddə kimsəsiz qalıb. Ona kəndliləri qulluq göstərirlər; Manyuşka evini təmizləyir, Tixon odununu doğrayırdı.

Nastya anasına gec-gec məktub yazsa da pul göndərməyi unutmurdu. Mövzudan yayınsaq da deyim ki, Paustovski bu hissəni olduqca gözəl yazıb: “Katerina Petrovna kağız pulların o tərəf-bu tərəfinə ehmalca baxırdı. O, qocalıqdan tamam unutmuşdu ki, bu pullar Nastyanın onun üçün yolladığı məhz həmin əskinaslar deyildi, buna görə də ona elə gəlirdi ki, pullardan Nastyanın ətrinin qoxusu gəlir”.

Ölümün nəfəsini duyan Katerina Petrovna axır ki, özündə güc tapıb qızına məktub yazır və onu görmək istədiyini deyir.

Nastya bu məktubdan sonra da gələ bilmir. O, istedadlı heykəltəraşın sərgisini təşkil etməlidir. Qoca qarının son arzusu ürəyində qalır.

Nastya iki həftə sonra teleqram alır: “Katya ölür. Tixon”.

Mersoya gələn teleqrama necə də oxşayır: “Ananız vəfat etdi. Dəfn sabahdır”.

Amma Mersodan fərqli olaraq Nastya anasının dəfninə çata bilmir. Onun əvəzinə dəfndə kənd müəlliməsi iştirak edir. Nastya kimi anasını şəhərdə qoyub gəlmiş nigaran müəllimə. Yazıçı Nastyanın istisna olmadığını, SSRİ-də onun kimi minlərlə, milyonlarla Nastya olduğunu bu qərib kənd müəlliməsinin timsalında göstərir.

Təqribən eyni dövrdə, iki müxtəlif sistemdə yazılmış oxşar məzmunlu iki hekayə.

Merso artıq öz yadlığı ilə barışıb. Sistem özü də bunun üçün lazımı işləri görüb. Qocalar evi var, xanım Merso rahatlıqla ömrünü orda başa vura bilər. Nastya üçün isə bu rahatlıq yoxdur. Katerina Petrovna öz həmkəndlilərinin ümidinə qalıb. Merso mərhələni bütövlükdə başa vurub, Nastya isə mərhələnin hələ ilk pilləsindədir. Merso artıq “doymuş məhluldur”, Nastya isə yox.

Nastya anasına qarşı laqeydliyi ilə barışa bilmir, özünü qınayır. Mersoda isə özünütənqid yoxdur. Əksinə özünə haqq qazandırır; anası üçün onun yanında qalmaq darıxdırıcı olardı, qocalar evində öz həmyaşıdları ilə rahatlıqla dil tapır. Onsuz şəhərdə Merso ilə danışmağa söhbətləri yox idi.

Merso artıq insanın insanlığından çıxmasıdır. Yadlaşmasıdır. Özgələşməsidir. Robotlaşmasıdır. Onu kapitalizm, sistem, əmək-artıq adını nə qoyuruqsa qoyaq-məhv edib. Nastya isə ilk qurbandır. O, məhvolmaya şüurlu surətdə can atmayıb. Bunun isə geci-tezi var, Nastya mütləq Mersoya çevriləcək. Bu gün anasının yeddi günlük yas mərasimini 4 günə, salan Azərbaycan Nasytası sabah bir günə enəcək, biri gün isə...

Səbəbkar kimdir? Kapitalizmi, sosializimmi? Yox. Səbəbkar meymunu insana çevirən əməkdir, əmək!

# 4376 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #