Ölən Cənubun Yesenini idi...

Ölən Cənubun Yesenini idi...
24 may 2016
# 11:08

Gecikmiş metonimiyadı...

Haqlısınız qınamağa!

Təsəllim var: Özünə demişəm.

Yeseninlə onun arasında çoxlu paralellər tapmaq olar. Amma bunlar mənlik deyil...

Həqiqət budu ki, Anar Həbiboğlu öldü – Cənubun Yesenini...

Binayi-qədimdən gərilmiş, daima tətikdə olan sifəti ilə o, dahi dirijor Niyazini xatırladırdı. Fərq o idi ki, birincinin əlində qızıl Çubuq, Anarın əlində isə qədim iti Ülgüc vardı... Bu təhlükəli “oyuncağı” Allahın özü əsl şairlərlərə “etibar edir” ki, onların yaradıcı və dağıdıcı enerjisini balanslaşdırsın və bir növ başlarını qatsın... Qısası, öz həyatlarını kəsib doğramaq üçün onlara xüsusi “səxavət göstərir” Allah...

O, özünə aid nə vardısa, hamısını sonuncu hərfinə qədər kəsib doğradı...

Allahın hüzuruna təzəcə doğulmuş kimi getdi: Pak və məsum. Heç nə olmamış kimi, doğulmamış kimi... Səsləri yığıb bir söz də düzəltməmiş kimi...

Fəqət sifətindəki tətiyi heç vaxt çəkib sonacan boşaltmadı. Qorxdu! Atası və qardaşının şair ruhunu diksindirməkdən qorxdu... Və vəsiyyət etdi ki, məni atamdan uzaq basdırın. Orda döyəcək, məni - dedi. (Bunu əziz qardaşı Məmməd Həbib söylədi mənə. Soruşdum: Bu cür də etdinizmi? Bəli!-dedi.)

Arada qalstuk da taxırdı - Taleyin İroniyasını... Rəngləri uzlaşdırırdı ki, aristokratik ruh inciməsin. Və nail də olurdu... Həm də bu andıra qalmış əzik-üzük qalstuk onu topluma bağlayan sonuncu “şairanə” bağ idi. Daha heç nə...

Onu çox sevirdim. Üzünə deməsəm də, belə idi. Qəddar Eqo mane olurdu deməyə. Amma o, içindəki Uşağın nə qədər Böyük (Məndən də böyük! ) olduğunu göstərib bir dəfə yazdı məni nə qədər istədiyini... İndi oxuyub ulayıram:

Uuuuuuuuuuuuuu...

Xeyri yoxdu...

Zamanı fövtə verdim...

Bu yazı da fövtə verilmiş zaman haqqında aldanışdı...

İlk dəfədi ki, Yazı-dan bu qədər zəhləm gedir...

# 1556 dəfə oxunub

Müəllifin son yazıları

# # #