Kulis.az Mehdi Dostəlizadənin “Ememdens” yazısını təqdim edir.
Bu gün gənc şair Kənan Mahmud oğlu Mahmudovun həyat və yaradıcılıq səhifələrini vərəqləyəcəyik. Kənan Mahmud oğlu Mahmudov 1976-cı ildə Naxçıvanda anadan olub. Vəssəlam.
Dünən gecə “TikTok”da canlı yayımları incələyəndə Nia Qurbanova adlı Gürcüstan azərbaycanlısı və Kənan Mahmud oğlu Mahmudov adlı Azərbaycan azərbaycanlısının yayımına müsafir oldum. Minlərlə izləyici canlı yayımda onlara hədiyyələr göndərir, şərh bölməsində təriflər yağdırırdılar. Yarış başlayan kimi özümü saxlaya bilmədim, mən də düz dörd dəfə ekrana “tıkladım”. Hətta gənc şairə dəstək göstərmək naminə “Aslan”, “TikTok Universe” hədiyyələrini göndərmək üçün hesabıma pul köçürməyə çalışdım, sonra yadıma düşdü ki, hələ maaşa çox var.
İnsanlar ağızlarının suyunu axıda-axıda ekrana tıklayır, dəlicəsinə hədiyyələr, güllər, nə bilim daha nələr göndərirdilər. Hamısı da 2-3 dəqiqəlik yarış ərzində baş verirdi. Bir az bahalı hədiyyə gələn kimi hədiyyə gələn tərəf hədiyyəni göndərən adamın adını səsləndirir, bağırır, özünü itirirdi. Ümumiyyətlə, “TikTok” platformasında bağırmaq pul qazanmaq üçün ən yaxşı metoddur. Tik-tok əhli bağırtmağı, çığırtmağı çox sevir, ona görə də sırf kimisə bağırtmaq, çığırtmaq üçün min əzab-əziyyətlə qazandıqları pulları onların hesabına köçürürlər. Mən də bu canlı yayıma baxmaqdansa çığırtma yesəydim daha faydalı iş görmüş olardım, ən azından tökülmüş ətimi azca da olsa bərpa edərdim.
Nia Qurbanova adlı Gürcüstan azərbaycanlısı qızımız uduzanda “Səynən balaşka oynayaram mən, dens, dens, dens” mahnısını cani-könüldən oxuyur. Trendi fəth edən bu mahnını platformanın başqa istifadəçiləri remiks edib yenidən paylaşır, müxtəlif formatlarda təqdim edirlər. Beləcə, zəhləmizi tökən mahnı günü-gündən daha populyarlaşır.
Kənan Mahmud oğlu Mahmudov bir dəfə demişdi ki, indiki gəncliyin 50%-ni yığıb yandırmaq lazımdır, gələcəyə fəsadlar çatmasın deyə. Həmin sözünün üstündən nə qədər keçib, görünür ki, həmin sözü dediyi vaxtın gələcəyində, yəni indi, ən böyük fəsad elə Kənan Mahmud oğlu Mahmudovun özüdür. Kənan Mahmud oğlu Mahmudov, görəsən, öz keçmişinə baxıb “kaş o vaxt məni yandırardılar” deyir? Fikrimcə, Kənan Mahmud oğlu Mahmudov o vaxt öz arzusuna çatsaydı, ən azından bir fəsad ortadan qalxmış olardı.
Şair ürəkli, elə sözün əsl mənasında şair olan Kənan Mahmud oğlu Mahmudovun bu misralarına baxın:
Eyni yerdən vurub durma,
Gülüm, yeni hədəfə keç,
Ürəyim bərbad gündədir,
Bir az başqa tərəfə keç.
Vikipediyada yazılıb ki, adını çəkdiyimiz şəxs Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri və sənətçilərindən dərs alıb. Görəsən, İncəsənət Universitetində Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri Kənan Mahmud oğlu Mahmudova nə yedirib-içiriblər ki, Kənan Mahmud oğlu Mahmudov bir vaxtlar yandırmaq istədiyi gənclikdən beş-betər günə düşüb? Əslində, o həmişə bu gənclikdən beş-betər vəziyyətdə idi.
Vikipediyadan daha etibarlı mənbə olan Günel Mövlud Kənan MM haqda yazır:
“Rejissor Kənan Mahmudovu universitet illərindən tanıyıram.
Rejissorluq fakültəsində oxuyurdu. Heç bir pis hərəkətini, şitliyini, kobudluğunu görməmişəm o illər ərzində.
İşlədiyim qəzetlərdə şou, mədəniyyət adamları ilə müsahibələr lazım olanda, dəvət etmişəm, sağ olsun, ədəb-ərkanla, hörmət hissi ilə gəlib, danışıb, gedib.
Şəxsi tanışlığımız çox sıx olmasa da, nə vaxt, nə zaman nə sualım, sözüm olsa, rahatca zəng etmişəm, həmişə də ancaq və ancaq hörmət görmüşəm. Uzun illər onun barəsində gələcəyi olan, istedadlı, maraqlı rejissor kimi düşünmüşəm, düşünmüşəm ki, bir neçə il gözünün qurdunu kliplə, şou ilə öldürəndən, beş-on manat qazanandan sonra ciddi işə başlayacaq, kino çəkəcək, uğur qazanacaq.
Bunu ona görə düşünürdüm ki, bir neçə dəfə söhbət eləmək imkanımız olanda, Kənan kinodan, sənətdən həvəslə danışırdı, hiss olunurdu ki, onun içində əsl kino vurğunu var.
Kənanın ilk işlərində, çəkdiyi kliplərdə dominantlıq edən mafiya adamı, kriminal dünyaya məxsus, qeyrətli, ciddi, güclü, idmançı oğlan obrazlarını təbəssümlə qarşılamışam, fikirləşmişəm ki, müvəqqəti həvəsdir. İllər keçdi, Kənanın yaşının üstünə yaş gəldi. Sonra yenə yaşın üstünə yaş gəldi. Bu adam bir addım da olsun irəliləmədi, böyümədi, müdrikləşmədi, ciddiləşmədi”.
Həm idmançı, həm rejissor, həm aktyor, həm şair, həm Hüseyn Dəryanın oğluna maşın hədiyyə etmək eşqi ilə alışıb-yanan Kənan Mahmud Oğlu Mahmudovun vikipediyasına baxanda düşündüm: Bu lap Nəsirəddin Tusidir ki. Bircə astronomiyası çatışmır, onu da Nianın başında fırlanan ulduzlarla tamamlayacaq.
Üzümü tutub Kənan Mahmud oğlu Mahmudova demək istəyirəm ki...