Meşədə azan şair, meditasiya edən müxbir, ayıya bənzəyən zubr – “Ögey ana”nın çəkildiyi yerdən reportaj

Meşədə azan şair, meditasiya edən müxbir, ayıya bənzəyən zubr – “Ögey ana”nın çəkildiyi yerdən reportaj
17 avqust 2022
# 09:00

Kulis.az Mehdi Dostəlizadənin Şahdağ Milli Parkının İsmayıllı bölməsindən yazdığı reportajı təqdim edir.

Bir rahib şagirdi ilə uzaq səfərə çıxır, enli bir çayı keçməli olurlar. Sahildə dayanmış gənc və gözəl bir qız zen ustasından xahiş edir ki, çayı keçməyinə kömək eləsin. Yaşlı usta qızı belinə alıb çayı keçir və onu sahildə qoyub uzaqlaşır.

Yol boyu şagird kirimir:

– Görəsən, kim idi o qız? Hara gedirdi? Niyə tək idi? Çaydan niyə qorxurdu? Siz o qadına niyə toxundunuz?

Usta şagirdinə təbəssümlə baxıb deyir:

– Mən qızı çayın sahilində qoydum, sən hələ də daşıyırsan..

Zen-buddist pritça

Qafqaz zubrlarının evindən – Şahdağ Milli Parkının İsmayıllı bölməsindən hər birinizi salamlayıram.

Parkın girişindəki lövhədən məlum olur ki, bu parkda vaşaqdan yenota, porsuqdan Hindistan tirəndazına qədər istənilən növdə heyvan yaşayır. Yeriyəndə ayağımın altına diqqətlə baxıram ki, birdən tirəndaz filan tapdalayaram. Ömrüm boyu heç vaxt tirəndaz tapdalamamışam.

Əsas diqqətimi çəkən isə zubrlardır. Onları görmək istəyirəm. Tələsirəm. İsti də bir yandan başımı gicəlləndirir. Bu istidə zubr olmaq da iş deyil.

– Gəl qayıdaq. – Oğuz Ayvaz deyir.

– Dəlisən? Neçə saatdır yol gəlirik. Nə qayıtmaq?

– Mən gedirəm, özün bilərsən.

Oğuz getdi. Yəqin, bir azdan qayıdar.

Çayın qırağına gedirəm. Həyatımda cəmi iki-üç dəfə çay görmüşəm. Ayaqlarımı bumbuz suya salıb sərinləyirəm. Üst-başım sudur. Fotoaparatı gözüm kimi qoruyuram ki, suya düşməsin. Çay daşlarından bir neçəsini cibimə atıram. Dəniz qırağından balıqqulağı yığmağım yadıma düşür. Şəhərli olduğumun fərqinə varıram. Heç cür rayon ab-havasının içinə girə bilmirəm. Gördüyüm hər şeyi şəhərlə müqayisə edirəm. Çay mənə yağışdan sonrakı Bakı küçələrini xatırladır. Elə bu vaxt telefonuma zəng gəlir:

– Mehdi, hardasan? – Oğuzdur.

– Nə oldu, gedirdin bəs?

– Ala, nə getmək? Meşədə azmışam. Bilmirəm hardayam.

– İnternetin yoxdur?

– Var.

– Xəritəyə bax da onda.

– Telefonumda xəritə proqramı yoxdur, meqabaytım da azdır.

Oğuzun ardınca gedirəm. Nə qədər var-gəl etsəm də, onu tapa bilmirəm. Üç-dörd dəfə zəngləşirik, amma xeyri yoxdur. Nəhayət qərara gəlirik ki, ayrı-ayrılıqda hərəkət edək.

Qabağıma bir ağac çıxır, üstündə Ceyhun Mirzəyevin plakatını görürəm. Sən demə, bu ağac “Ögey ana” filmində İsmayılın üstünə çıxıb mahnı oxuduğu ağac imiş. Bu ağaca filmdə baxanda uşaq idim, indi böyümüşdüm. Ancaq ağac böyüməmişdi, elə bil. Elə filmdəki kimi qalmışdı. Bir az yekələnmişdi sadəcə. Ancaq bu ağacı harda görsəm, o filmdəki ağaca bənzədərdim.

“Ögey ana”da İsmayıl ağacın üstünə çıxıb mahnı oxuyanda filmdə çayın, meşənin görüntüsü də bu kadra əlavə olunmuşdu. Bu ağac, aşağıda qıvrıla-qıvrıla axan çay filmdəki o uzaq səsi qulaqlarıma çırpırdı. Mən ağacın yanında bir buddist kimi durub meditasiyaya bənzər bir şey eləyəndə uzaqdan Oğuzun eynəyini gördüm. Meditasiyam davam edirdi – ətrafın səsini içimə çəkirdim. Hər yerdə meşənin, ağacın, budaqların bir-birinə dəyən səsi, harmonik atmosfer içimdə əbədi yuxuya getmiş Bakının daşlaşmış, betonlaşmış dinozavrını oyadırdı.

– Ayə, neynirsən? – Oğuz hələ də uzaqda qalmışdı. Elə bil ki, bir yerdə ilişib qalmışdı, heç cür mənə yaxınlaşa bilmirdi.

Sonra Oğuz bataqlıqlarda məskən salan hansısa yekə, eybəcər bir milçəyə çevrildi və gəlib düz yanağıma qondu. Sonra yanağımdan sıçrayıb sağ qulağıma girdi. Meditasiyamın finalı bu cür bitdi: mən qulağıma şapalaq ilişdirdim və milçək də arsız-arsız arxamca baxıb meşəlikdə gözdən itdi.

– Mehdi, ay Mehdi, eşitmirsən? – Oğuzun səsi məni xəyal dünyasından ayırdı.

– İmkan verməzsən də. Bəs niyə getmədin?

– Azmışdım e, qaqa. Bayaq demədim sənə?

– Hə, nolsun? – güldüm.

– Ala, elə bildim heç tapammayacam e sizi. Qorxudan altımı batırırdım.

Biz yavaş-yavaş çayın qırağı ilə addımlayırdıq. Bu vaxt iri ağacın yanına bir kişi yaxınlaşdı, yanında da qızılı rəngli at. Atın ipini ağaca bağlayıb bizə ötəri baxış atdı. Sonra yanındakı vedrəni atın qabağına itələdi. Vedrədəki su çalxalanıb otların üstünə səpələndi. At vedrədən suyu içməyə başlayanda Oğuz kədərli səslə dedi:

– İçdiyi suyun alnından öpər, atlar.

– Amma burda alnından öpə bilmir. – dedim.

– Dayı, – Oğuz yaşlı kişiyə səsləndi, – olar, ata yaxından baxaq.

– Niyə olmur ki? Gəlin...

Biz ata yaxınlaşdıqca at vedrədəki suyu içə-içə dalı-dalı geriyə getdi.

– Adı nədir, atın? – Oğuz soruşdu.

– Mişka.

– Nə qəribə... Mişka adında at olar, dayı? Mişka adı ayılara verilir axı.

– Əşşi, atdı da.

Atdan ayrılıb üz tuturuq zubrların yanına. Dəmir çəpərlərin yanından keçəndə nərilti səsi eşidirik.

– Ayıdır. – Oğuz deyir.

– Yox a, burda ayı olmaz.

– Necə yəni olmaz, meşədir e bura!

Daban əlli altı qaçırıq, yəni qoyuruq üstünə. Hara qaçırıq, onu da bilmirik.

– Dayı! Burda ayı var! – Oğuz deyir.

– Yox, ay bala, zubrdır. Narahat olmayın.

Pərt oluruq. Suyumuz süzülə-süzülə geri qayıtdıq. Axır ki, niyyətimə çatıram. Qafqaz zubrlarını görürəm. Heç düşündüyüm kimi deyilmiş. Arıq imişlər. O deyilmişlər. Heç sevmədim bu zubrları. Bayaq nərildəyən elə bil bunlar deyildi. Aralarından cəmi biri yekəpərdir, o da yəqin sürünün başbilənidir.

İsmayılın mahnı oxuduğu ağacın yanına qayıdırıq. Kolun dibindən bir tirəndaz çıxıb üstümə tullanır.

# 3808 dəfə oxunub

Müəllifin son yazıları

# # #