Leninin başı, həbs olunan maşinist, içkili köməkçi – Biləcəri stansiyasından reportaj

Biləcəri Stansiyası

Biləcəri Stansiyası

9 fevral 2022
# 09:00

Kulis.az Mehdi Dostəlizadənin Biləcəri Dəmiryol Stansiyasından yazdığı reportajı təqdim edir.

Qafqazın ən böyük çeşidləmə və lokomotiv deposundan hər birinizi salamlayıram. Bura Biləcəri Dəmiryol Stansiyasıdır. Fotoaparatım evdə qalıb deyə, şəkilləri çəkmək üçün qrup nümayəndəmiz Muradın telefonunu götürməliyəm. Deponun “Abidə” tərəfdən olan girişindən üzü istismar sahəsinə doğru gedirəm. Şlaqbaumu keçəndən sonra gedəcəyim yer görünməyə başlayır. Elə həmin yerdən bir parovoz çıxışa tərəf hərəkət edir. O qədər yavaş gəlir ki, mən mənzil başına ondan tez çatıram.

– Gəl çıx da, harda qaldın? – Murad deyinir.

– Binəqədini bilmirsən? Yenə “probka” var idi. Ustalar hardadır?

Nə bilim, hardasa çöplədirlər.

“Çöplətmək” sözünü eşidən kimi gözlərim dolur. Murad səbəbini soruşur, cavab vermirəm. İçərilərə tərəf getməyə başlayırıq. Bütün deponu bürümüş mazut iyi məndə xoş təəssüratlar yaradır.

Ümumiyyətlə, benzin, dizel, neft, hamısının iyindən xoşum gəlir. Bu qoxular məni keçmişə, Sovet dövrünə, bəlkə ondan bir az da əvvələ aparır. Həmin dövrləri görməsəm də, kinolardan, sənədli filmlərdən xatırlayıram. Bakıda neftin təzə-təzə fontan vurduğu dövrlər... Yeri gəlmişkən, Azərbaycanda ilk dəmir yolları məhz neft daşımaq üçün istismara verilib. İlk dəmiryolu xətti 1878-ci ildə, Balaxanıda çəkilib. 1900-cü ildə isə indi olduğum Biləcəri stansiyasından Dərbəndə dəmiryolu xətti tikilib.

– Gəl, burda təzə yer tapmışam.

– Nə yer?

– Gəl, görərsən.

Anbara oxşayan bir yerə giririk. Divarda Sovet zəhmətkeşlərinin və Leninin mozaikası var.

– Bura nədir belə?

– Təmir sahəsidir. Detallar burda təmir olunur.

– Həə, Əvəz müəllimin dediyi yer deyil bura?

– Oradır hə, amma onun dediyi kimi müasir deyil.

Əvəz müəllim bizim Dəmiryolu liseyindəki ixtisas müəllimlərimizdən biri idi. Onun 40 illik dəmiryolu təcrübəsi vardı və bizə də tez-tez o təcrübələrindən sevgi ilə bölüşürdü.

Təmir sahəsində gəzişirik. İndi təkcə mazut qoxusu yox, bütün abu-hava məni Sovetlər vaxtına aparır. Adi vaxtda buranın çilingərlərlə dolu olduğundan danışırdılar. Mənim gözümə isə heç kim dəymədi. Deyəsən, bu gün Ümummilli Çöplətmək günüdür.

Çilingər zalından çıxıb vaqonların çeşidləndiyi tərəfə gedirik. Çeşidləmə sözü sizə tanış olmaya bilər, mən də ilk dəfə eşidəndə başa düşməmişdim. Heç ikinci dəfə də başa düşməmişdim, sonralar loru dili bilən bir müəllim məni yaxşıca başa salmışdı. Çeşidləmə lokomotivlərin vaqonlara qoşularaq onları digər lokomotivdən və ya vaqonlardan ayırmasına, başqa vaqonlara və ya lokomotivlərə birləşdirməsinə deyilir. Başa düşdünüz? Yəqin ki, yox. Ümid edirəm, nə vaxtsa sizin də qarşınıza loru dili bilən bir müəllim çıxar. Dəmiryolu biliyim bura qədər olduğuna görə çeşidləmənin növbəti mərhələlərini yol yoldaşımdan soruşuram.

– Burdakı bütün teplovozlar çeşidləmə üçündür?

– Yəqin ki, lokomotivlər demək istəyirsən.

– Olsun lokomotivlər.

Gördüyün lokomotivlərin hamısı teplovoz deyil. Aralarında elektrovozlar, hətta parovozlar da var. Teplovozlar dizellə işləyir, kimyəvi enerjini kinetik enerjiyə çevirərək mühərriki işə salırlar. Elektrovoz elektrik xətlərindən enerji alır, parovozlar isə buxar gücünə işləyir.

– Hə, bayaq gələndə birini gördüm. Nəysə, keçək çeşidləməyə.

Teplovozlar özləri üç yerə bölünürlər. Manevr teplovozları, magistral teplovozlar və sərnişin teplovozları. Çeşidləmələri manevr teplovozları ilə aparırlar. Burda magistral teplovozlar da görə bilərsən. Onlar təmirə gətirilib.

Çeşidləmə söhbəti ürəyimi bulandırmağa başlayır. Deyəsən, loru dili başa düşmək də çeşidləmənin fəlsəfəsini dərk etmək üçün kifayət deyil. İnsan niyə vaqon çeşidləsin ki? Mazutun və Leninin məndə yaratdığı xoş təəssürat yavaş-yavaş öz yerini baş ağrısına verir.

– Çıxaq burdan, başım ağrıdı.

Deponun yeməkxanasında çay içməyə gəlmişik. Heç kim yoxdur. Bir az oturub gözləyəndən sonra çıxırıq. Murad kefimi açmaq üçün yeni təmir olunmuş sahəyə getməyimizi təklif edir. Razılaşıram, relslərin arası ilə gedirik. Relslərin üstünə çıxmamağı bizə bərk-bərk tapşırıblar. Əvvəllər bu tapşırığın nəyə lazım olduğunu düşünürdüm. İndi də qabağıma “Maşinist!!! Səfərə gedən zaman yadda saxla. Ailən səni gözləyir” yazısı çıxır. Maşinist nə edə bilər ki? Fikrə getməklə bu sualın cavabını tapa bilmirəm, ona görə də Muraddan soruşuram.

– Niyə belə bir şey yazıblar? Qatar maşın deyil ki...

– Gəl sənə neçə il əvvəl baş vermiş bir hadisəni danışım. Onda niyə yazdıqlarını başa düşəcəksən. Deməli, bir maşinist köməkçisi ilə yola çıxıbmış. Qatarda spirtli içki daşıyırmışlar. Bu ikisi yolda xeyli içki içiblər, sərxoş olublar. Maşinist sükan arxasında yatıb. Belə hallarda köməkçi təcili tormozlama aparmalı, stansiya növbətçisi ilə əlaqə saxlayıb vəziyyəti məruzə etməlidir. Köməkçi isə içkili olduğuna görə situasiyanı idarə edə bilməyib, özünü lokomotivdən atıb, ölüb. Maşinisti isə həbs ediblər.

Loru dildə danışa bilmək çox yaxşı xüsusiyyətdir. Yoxsa içim içimi yeyəcəkdi ki, görəsən, bunu niyə yazıblar.

Yeni təmir olunmuş depoya çatırıq. Buranın vəziyyəti çox yaxşıdır. Mazut iyi də gəlmir. Nə qəribə qoxu var, nə də başqa şey. Dövrün dəyişdiyi hiss olunur. Amma müasir depo mənə Amerikadan bəhs edən filmlərdəki fermaları xatırladır. Özümü də “Subway Surfers” oyununda hiss edirəm. Təkcə dəmiryol relslərinə görə yox. Axır ki, qabağımıza bir adam çıxır. Özü də eynilə o oyundakı stansiya gözətçisindən. Heyf ki, arxamızca düşüb qaçmır.

– A bala, neyniyirsiz burda?

– Mərkəzin tələbələriyik, depoyla tanış oluruq. – Murad cavab verir.

– Hə, lap yaxşı. Dərsiniz yoxdur?

– Heç kim yox idi bu gün depoda, ona görə dərsi özümüz mənimsəyirik (gülür).

Söhbətə qoşulmaq üçün bəhanə axtarıram. Mən bəhanə tapa bilməsəm də, bəhanə özü məni tapır.

– Bu nə saqqaldır saxlayırsan? – gözətçi məndən soruşur.

– Hə, saqqaldır da, niyə ki?

– Üzünü qırx bala, keçi kimi o nədir?

Söhbətə qoşulmaq üçün bəhanə axtardığıma görə peşman oluram. Üstündə Günəş panelləri olan, ən yeni texnologiyalarla təchiz edilmiş deponun gözətçisi məni saqqalıma görə danlayır. Dünyaya inteqrasiya sevincim yenə də ürəyimdə qalır.

– Yaxşı dayı, qırxaram.

Elektrovozları naqillərlə birləşdirən buynuzlara baxa-baxa gözətçinin mənə dediyi keçi sözünü düşünürəm.

Relslərin üstü ilə yola tərəf getdikcə, Murad mənə Azərbaycanda dəmiryolunun inkişafı haqqında danışır. Deyir ki, indi daha Qarabağı da almışıq, yeni dəmir yolları çəkiləcək. İnkişaf edən dəmiryolu sahəsində müasir mütəxəssislərə ehtiyac duyulacaq. Yəni məni əmin etməyə çalışır ki, narahat olma, buranı bitirəndən sonra işsiz qalmayacaqsan. Çox danışmağa davam edib vaxtımı alsa, indi işsiz qalacağımı deyirəm.

- Siqaretin var? – Murad soruşur.

“Prima” siqaretimi çıxarıb ona uzadıram. Muradın kefi pozulur. Çiynini silkib əlini yelləyir. Biz 2648 nömrəli dirəyin yanından keçib dəmiryolundan uzaqlaşır, maşın yoluna düşürük.

# 2749 dəfə oxunub

Müəllifin son yazıları

# # #