Səhnələşdirmə başqa, saxtalaşdırma başqa...

Səhnələşdirmə başqa, saxtalaşdırma başqa...
14 noyabr 2016
# 12:16

Televiziya verilişlərində informasiyanı təqdim etmək üçün səhnələşdirmədən istifadə oluna bilər. Bu nə jurnalist etikasına, nə də hazırda heç kimə lazım olmayan TV standartlarına zidd deyil. Səhnələşdirmə bir vasitədir və xüsusi hallarda çəkilə bilər. Əsas şərti isə informasiyanın təhrif olunmamasıdır. Yəni əldə edilən məlumat olduğu kimi tamaşaçıya çatdırılmalıdır. İnformasiyanın təhrif olunduğu, yaxud da tamamən uydurulduğu səhnələr bildiyiniz yalan məlumatdır. Buna yaradıcılıqla bəraət qazandırmaz olmaz. Belə olan halda tamaşaçı məqsədli şəkildə aldadılır.

TV-də səhnələşdirmə nədir və nə zaman istifadə oluna bilər? Hər şeydən öncə unutmayaq ki, görüntü televiziyada əsas informasiya ötürücüsüdür. Söz, musiqi və digərləri TV üçün köməkçi vasitələrdir. Odur ki, müəllifin aldığı informasiyanı görüntülü təqdim etmək kimi bir məcburiyyəti var. Əks halda bu TV məhsulu olmaz.

Səhnələşdirməyi zəruri edən xüsusi hallar var. Yəni kimin ürəyi nə zaman istəsə səhnə qura bilməz. Bunlardan biri informasiya mənbəyinin anonimliyinin qorunmasıdır. Bəzən jurnalist məlumatı öyrənir, amma görüntünü əldə edə bilmir. Bu halda informasiyanı təhrif etmədən, həmin məlumat əsasında səhnələşdirmədən istifadə edə bilər. Burada əsas məqsəd cəmiyyət üçün əhəmiyyət kəsb edən məlumatın ictimaiyyətə çatdırılmasıdır. Məsələn, insan alverinin qurbanı olan bir şəxs müsahibə verir, amma anonimliyinin saxlanılmasını tələb edir. Yəni deyir ki, mənim üzümü, adımı efirdə təqdim etməyin. Müsahibə texnikasına görə belə xüsusi hallarda şərti adlarla müsahibin anonimliyi saxlanıla bilər. Müəllif bu zaman aldığı məlumat əsasında, yəni müsahibin danışdığı hadisələri (olduğu kimi, dəyişdirmədən, şişirtmədən) başqa şəxslərin iştirakı ilə səhnələşdirə bilər.

Eləcə də tarixi materiallar əsasında veriliş hazırlandığı zaman səhnələşdirmə olar. Məsələn, müəllif tarixi şəxsiyyətin həyatından, yaxud da tarixi hadisədən bəhs edən veriliş üzərində işləyirsə, qurama səhnələr çəkə bilər.

Müsahib əgər danışdığı zaman tez-tez çaşırsa, hadisənin ardıcıllığını pozursa, sualdan yayınırsa, bu kimi hallarda müəllif informasiyaya müdaxilə-əlavə və dəyişiklik - etmədən müsahibə istiqamət verib təkrar-təkrar çəkiliş edə bilər. Yox əgər jurnalist müsahibin məlumatını dəyişdirir, əlavə edirsə, bu yenə tamaşaçını aldatmaqdır.

Yenə sadalamaq olar, amma bilirəm ki, faydası olmayacaq. Kimsə TV standartlarını, səhnələşdirmənin şərtlərini bilməyə bilər. Axı bu məsələnin texniki qayda-qanunlarından başqa bir də mənəviyyat tərəfi var. Bütün hallarda kiminsə dərdindən fayda ummağa, musiqinin və texniki effektlərin təsiri ilə insan talelərini daha da dramatikləşdirməyə, məlumatı təhrif edərək qondarma səhnələr çəkməyə heç nə haqq qazandıra bilməz. Deyək ki, tamaşaçını ekrana bağlayıb çox ağlatdınız, ən baxılan siz oldunuz və sair. Sonda efir bitir, işıqlar sönür, geriyə aldatdığınız, ağlatdığınız tamaşaçı və üzərindən insafsızca reytinq qazandığınız insan taleləri qalır. Bu qədər insan haqqına girməyə dəyərmi?

# 2340 dəfə oxunub

Oxşar xəbərlər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

13:38 30 mart 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

12:30 30 mart 2026
XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

11:30 30 mart 2026
Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

10:40 30 mart 2026
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

10:00 30 mart 2026
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər