Tarı dilə gətirən tarzən - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?

Tarı dilə gətirən tarzən  - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?
30 oktyabr 2025
# 17:45

30 oktyabr ustad tarzən, Xalq artisti Qurban Pirimovun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Qurban Pirimov 1880-ci ildə Şuşa qəzasının Abdal-Gülablı kəndində (İndiki Ağdam rayonu) anadan olub.

O, XVIII əsrdə yaşamış Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.

Xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib.

Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.

15 yaşında ikən müəllimi, məşhur tarzən Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında tanınmış məşhur xanəndələri müşayiət edib.

Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürüb.

1905-ci il Qurbanın taleyində uğurlu tarix olub. Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci Bakıya gətirib.

Üzeyir Hacıbəyov, M. Maqomayevlə, Z. Hacıbəyovla yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri onun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir.

Niyazi, Q. Qarayev, T. Quliyev, F. Əmirov, S. İbrahimova kimi bəstəkarlar Pirimovun ifasından bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.

Tarzənin yaradıcılığı və ifaçılıq sənəti öz orijinallığı ilə seçilir. Onun ifasındakı “Mahur-Hindi”, “Çahargah”, “Xaric Segah”, “Şur”, “Zabul Segah”, “Çoban bayatı” nadir sənət nümunələri kimi musiqi xəzinəsinə daxil olub.

Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1925-ci ildə Ü. Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak edib.

Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olublar.

Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlı olub. Görkəmli musiqişünas Şuşinski xatirələrində onu belə yad edib:

"Mən Qurban Pirimovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər."

Xalq artisti Canəli Əkbərov tarzən haqqında söyləyib:

"Mən ağlım kəsəndən bu sənətin aşiqi olmuşam. Dahi sənətkarın evimizdə çoxlu qrammofon valları var idi. Həmişə onlara qulaq asar, eynilə onlar kimi oxuyardım. Hətta Cabbarın oxuduğu "Heyratı"nı eyni ilə onun kimi oxuyardım. Bunu eşidənlər mənə məsləhət bildilər ki, oxumağımı tarzənə eşitdirim. Məqam elə gəldi ki, dənizkənarı parkda Qurban əmini görərək özümü görməməzliyə qoyub oxumağa başladım. Tarzən səsi eşidib ayaq saxladı. Tez tarını çıxardıb məni müşayiət edərək dinlədi və dedi: "Sən gələcəyin böyük xanəndəsi olacaqsan". Qurban əmi çalanda sanki tar dil açıb danışırdı. Tarzən əlinə tarı alanda çalğısı ilə gözəl rəvan dərsi tədris edən, mahnını sevdirən müəllimi xatırladırdı. Onun çalğısında bir balans, muğam cütlüyündən kənara çıxmayan kvadratura olub."

Həmçinin Canəli Ələkbərov onun erməni tarzən ilə yarışmasından da bəhs edib:

"50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban əmi isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis, yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib."

Onun haqqında rəvayət olunur ki, hər zaman özünü şagird saydığını tez-tez dilə gətirirmiş. Tar çalanda da, oturub-duranda da şagird kimi hərəkət edərmiş.

Onun vaxtında mikrofon çox az da olsa, istifadə olunarmış. Amma Qurban heç vaxt mikrofondan istifadə etməyib. Onun səsi o qədər gur imiş ki, bütün zala yayılarmış.

Ömrünün düz 40 ilini Opera və Balet Teatrına sərf edən Q.Pirimov milli opera sənətinin yaranmasında bilavasitə yaxından iştirak edib.

O, əsl dost kimi dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həyatının ilk sınağında böyük mənəvi dəstək göstərib.

1908-ci il yanvar ayının 12-də Tağıyev teatrında oynanılması nəzərdə tutulan “Leyli və Məcnun” operasının ilk tamaşasına hazırlıq prosesində heyət ciddi maneələrlə rastlaşıb.

Həmin çətinliklər yalnız qadın rolları üçün aktyor axtarışı, kostyum tədarükü, dekorasiyalar və s. deyil, həm də musiqiçiləri bir araya yığmaqda olub.

Xalq artisti Əfrasiyab Bədəlbəyli öz xatirələrində yazıb:

"Tamaşa günü orkestrdə tar partiyasını çalmalı olan dəstə gündüz öz aralarında baş verən bir mübahisəni bəhanə gətirib axşam tamaşaya gəlməkdən boyun qaçırıblar. Bunu eşidən bəstəkarın dostları onu tək qoymayaraq tamaşanın ərsəyə gəlməsi üçün öz yardımlarını əsirgəməyiblər. Hüseyn Ərəblinskinin quruluş verdiyi operanın tamaşasına dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev edib. Orkestrdə skripkanı Üzeyir bəyin özü, tarda soloları isə tarzən Qurban Pirimov ifa edib".

1934–cü ildə səhnəyə qoyulan “Şahsənəm” operasının bəstəkarı Reynqold Qliyer öz əsərinin ən gözəl leytmotivlərini Q.Pirimovun “Arasbarı” və “Qarabağ şikəstəsi” çalğısından ilhamlanaraq yaradıb.

Üzeyir Hacıbəyli özünün şah əsəri “Koroğlu”, Müslüm Maqomayev isə “Nərgiz” və “Şah İsmayıl” operalarında bir çox musiqi parçalarını tarzənin bənzərsiz ifasına uyğun bəstələyiblər. Bundan əlavə bəstəkar Fikrət Əmirov da “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları üzərində işləyərkən bir peşəkar kimi Q.Pirimovun köməyinə müraciət edib.

Q.Pirimovun qızı Sara xanım Azərbaycanın ilk qadın pianoçularındandır. Sara xanımın həyat yoldaşı Xalq yazıçısı Mirzə İbrahimov, övladları isə bəstəkar, professor Xalq artisti Sevda İbrahimovadır.

Xalq artisti Ramiz Quliyev deyib:

"Çox təəssüf ki, mən Qurban Pirimovu səhnədə görməmişəm. Yəni, mənim Filarmoniyaya gəldiyim illərdə artıq onun yaşının müdrik çağı idi və bir qədər də səhhəti zəifləmişdi. Amma onun insanlar arasında necə hörmət və ehtiramla qarşılandığının şahidi olmuşam. Ona hamı Qurban əmi deyə müraciət edərdi. Bu müdrik insanın məsləhət və tövsiyələri çoxları üçün əsil məktəb idi. Qurban Pirimovun yaradıcılığında çox önəmli cəhətlər var. Məsələn, bircə bunu deyə bilərəm ki, onun xanəndəni necə müşayiət etməsinə qulaq asmaq kifayətdir. Hiss olunur ki, o, xanəndənin hər zənguləsini, hər boğaz qaynatmalarını çox diqqətlə izləyir və onu öz sədəfli tarında dinləndirir. Bu böyük ustaddan çox danışa bilərik. XX və XXI əsrin mükəmməl formalaşmış tar məktəbinin inkişafında onun zəhmət və xidməti böyükdür

Qurban Pirimov ölümünə bir neçə gün qalmış deyib ki, Qarabağ torpağının suyundan içmək istəyirəm. Xalası onun üçün oradan bulaq suyu gətirib. Həmin suyu içəndən bir neçə saat sonra o, dünyasını dəyişib.

Onun nəvəsi, Mirzə İbrahimovun qızı Sara İbrahimova qeyd edib:

"Hələ mən uşaq idim, birinci, ikinci sinifdə oxuyardım, o, tarda məxsusən mənim üçün muğamlar ifa edərdi. Təbii ki, mən böyüdükcə babamın ustadlığını daha dərindən dərk edirdim. O da mənim musiqi qabiliyyətimə çox ciddi yanaşmağa başladı. Pianoda ifalarımdan babam çox məmnun qalardı. Artıq ailəmizdə belə bir ənənə yaranmışdı. Nə isə bir ailə tədbiri olanda mütləq babam tarda ifa edər, mən də onu fortepianoda müşayiət edərdim. O vaxtlar istirahət günləri radioda «Muğamat konserti» veriləndə Qurban baba, atam, anam və biz uşaqlar sanki konsert salonunda olduğu kimi həmin proqramı diqqətlə dinləyərdik".

Qurban Pirimov 1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və birinci Fəxri Xiyabanda dəfn olunub.

# 165 dəfə oxunub

Oxşar xəbərlər

Elxan Cəfərov:  "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

Elxan Cəfərov: "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

18:11 30 oktyabr 2025
Ən məşhur əsərlərini həbsxanada yazan  "İspaniya ədəbiyyatının aslanı"

Ən məşhur əsərlərini həbsxanada yazan "İspaniya ədəbiyyatının aslanı"

18:00 30 oktyabr 2025
"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin  xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

17:50 30 oktyabr 2025
Məşhur aktyor müğənniliyə başlayır

Məşhur aktyor müğənniliyə başlayır

17:44 30 oktyabr 2025
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

17:40 30 oktyabr 2025
Məşhur prodüser 146 il həbs cəzası aldı - Səbəb

Məşhur prodüser 146 il həbs cəzası aldı - Səbəb

17:15 30 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər