Şeyx Sənan niyə “görməmək ən böyük səadətdir” deyirdi? - Günel Yəhyalı

Şeyx Sənan niyə  “görməmək ən böyük səadətdir” deyirdi? - Günel Yəhyalı
28 yanvar 2026
# 10:30

Kulis.az Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Günel Yəhyalının "Şeyx Sənan" əsərində faciəvi taleyin poetik təcəssümü” yazısını təqdim edir.

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantik düşüncənin ən görkəmli simalarından biri kimi tanınır. Onun yaradıcılığında insanın mənəvi aləmi, bəşəri ideallar, azadlıq, sevgi, tolerantlıq və sülh kimi mövzular daim xüsusi yer tutur. Cavidin həm fəlsəfi, həm də bədii baxımdan ən güclü əsərlərindən biri olan “Şeyx Sənan” isə bu məqamların ən dolğun təcəssümüdür.

Bu əsər yalnız bir sevgi faciəsini deyil, həm də insanların qatı dini düşüncələrə, fanatizmə əsir düşməsinin nəticələrini ortaya qoyan böyük bir bədii-fəlsəfi nümunədir.
“Şeyx Sənan” romantizmin əsas prinsiplərinə söykənsə də, eyni zamanda real həyatla sıx bağlı olan bir əsərdir.

Burada hadisələrin mərkəzində sevgi dayansa da, Cavid bu sevgidən fərqli mənalar çıxarır: dinlərarası münasibətlər, insanın öz inancı ilə real həyat arasındakı ziddiyyətlər, cəmiyyətin sərt qaydaları və şəxsi azadlıq məsələləri diqqət mərkəzinə çəkilir. Məhz buna görə də əsər yalnız bir sevgi dastanı deyil, həm də müəyyən mənada sosial-fəlsəfi bir dramdır.


Əsərdə bu fəlsəfi yanaşma ən aydın şəkildə Şeyx Sənanın kor ərəblə dialoqunda özünü göstərir.

Böylə ecazkar bir insan,
Xayır, əsla yaratmamış yaradan.
Bir qulum bən də pək həqir, aciz,
Bu yalan iftirayə uymayınız.
Həm də görməkdə bir məziyyət yoq,
Kədər, işkəncə var; məsərrət yoq.
Gərçi görmək də başqa nemətdir,
Görməmək ən böyük səadətdir.

Bu dialoqda Hüseyn Cavid Şeyx Sənanın dili ilə oxucunu adi düşüncə çərçivəsindən çıxarır. Kor insanın Şeyx Sənandan möcüzə gözləməsi, əslində, insanın öz xilasını başqa bir gücdən gözləmək psixologiyasını simvolizə edir. Lakin Sənan özünü fövqəladə varlıq kimi təqdim etmir, əksinə, “mən də sizin kimi aciz bir qulam” deyərək ilahiləşdirilməyə qəti şəkildə qarşı çıxır. Bu mövqe Cavidin fanatizmə və kor inanclara yönəlmiş açıq etirazıdır.

Şeyx Sənanın “görməkdə bir məziyyət yox” deməsi ilk baxışda paradoksal səslənsə də, burada fiziki görmədən daha çox mənəvi görməyə işarə edilir. Sənanın fikrincə, zahiri görmə insanı həqiqətə yaxınlaşdırmaq əvəzinə, bəzən onu kədərə, işgəncəyə və mənəvi sarsıntıya aparır. Dünya həqiqətlərini görən insan əzabları da görməyə məhkumdur. Bu səbəbdən Sənan üçün korluq bəzən bir cəza deyil, əksinə, saflıq və daxili rahatlıqdır.

Bu parça Hüseyn Cavidin insanı düşündürən əsas ideyalarından birini ortaya qoyur: xoşbəxtlik hər zaman zahiri nemətlərdə deyil. Bəzən insanın “görmədiyi” həqiqətlər onun ruhunu qoruyur, onu qəddarlıqdan və nifrətdən uzaq saxlayır. Şeyx Sənanın “görməmək ən böyük səadətdir” fikri də məhz bu mənada oxunmalıdır - bu, korluğun tərifi yox, insanın mənəvi ağrılarını görmək məcburiyyətindən azad olmasının fəlsəfəsidir.

Əsərin qəhrəmanı Şeyx Sənan dövrünün yüksək dini nüfuz sahibi, elmli və mərifətli bir şəxs kimi təqdim olunur. Lakin onun taleyini tamamilə dəyişən məsələ gürcü qızı Xumarla tanışlıqdan sonra başlayır. Bu sevgi yalnız iki insan arasında yaranan hiss deyil, həm də iki fərqli dünya görüşünün, iki mədəniyyətin, iki fərqli inancın toqquşmasıdır. Sənanın Xumara olan sevgisi onu əvvəlki həyatı ilə ziddiyyətə salır. O, öz dini nüfuzuna zərbə dəyəcəyini bilsə də, qəlbinin səsini dinləyir və bu hissi qorumağa çalışır. Cavid bu məqamda insan iradəsinin gücünü və eyni zamanda ictimai təzyiqin təsirini ustalıqla göstərir.

Əsərdə ən maraqlı məqamlardan biri Sənanın daxili mübarizəsidir. O, bir tərəfdən sevgisinin ardınca getmək istəyir, digər tərəfdən isə uzun illər boyu qurduğu mənəvi dünyasının dağılmasından qorxur. Bu, hər bir insanın həyatında bəzən qarşılaşdığı çətinliklərin bədii simvolu kimi görünür. İnsan öz inancı, prinsipləri və arzuları arasında qaldıqda nə etməlidir? Cavid bu sualı oxucunun öz ixtiyarına buraxır və əsəri bu baxımdan daha da təsirli edir.

Xumar obrazının da özünəməxsus yeri var. O, sadə bir gürcü qızıdır, lakin onun təmizliyi, səmimiyyəti əsərdə xüsusi rol oynayır. Xumar nə dini, nə də ictimai maneələri düşünür; o, sadəcə sevir. Bu sadəlik, təbiilik və təmizlik romantik ədəbiyyatın ən gözəl xüsusiyyətlərindən biridir. Xumarın sevgisi Sənanın həyatını dəyişdirir, onun bütün fanatizmlərdən uzaqlaşmasına səbəb olur. Burada Cavid göstərir ki, bəzən insanı ən dərin dəyişikliklərə aparan elə sadə və saf hisslər olur.

Əsərin faciə ilə bitməsi isə romantik məzmunu daha da qüvvətləndirir. Xumarın ölümü, Sənanın bütün inanc sisteminin dağılması və cəmiyyətin sərt qərarları göstərir ki, bəzi hisslər və münasibətlər böyük maneələrlə üzləşəndə nəticə ağrılı ola bilir. Cavidin burada vurğuladığı ən önəmli fikir odur ki, cəmiyyətin sərt qanunları bəzən insanın daxili azadlığı ilə uyğunlaşmır. Bu uyğunsuzluq isə faciələrə yol açır.

Bununla belə, əsərin ümumi ideyası ümidsizlikdən ibarət deyil. Cavidin yaratdığı dünya, sevgi və humanizm ideyalarının gücünü nümayiş etdirir. O göstərmək istəyir ki, insanın əsl yüksəlişi mənəvi azadlıqla baş verir. Sənanın dəyişimi, onun fanatizmdən azad olması, dinin mahiyyətini daha dərindən anlaması da bunu sübut edir.

“Şeyx Sənan” həm də dövrün dini düşüncələrinə, cəmiyyətin stereotiplərinə ciddi tənqiddir. Cavid burada dinə qarşı çıxmır, əksinə, dinin mahiyyətini yanlış anlayan insanları tənqid edir. O göstərmək istəyir ki, dinin məqsədi insanı məhdudlaşdırmaq deyil, onu daha mərhəmətli, daha humanist etməkdir. Əsərdəki mənfi surətlər din adı ilə sərt çıxış edənlərdir. Onlar sevgiyə, mərhəmətə, anlayışa yer qoymurlar. Bu, bu gün də aktual olan bir fikirdir.

Əsərin sonluğunda Hüseyn Cavid Şeyx Sənan və Xumarın faciəsini ilahi yüksəliş obrazı ilə tamamlayır:

Yüksəldilər İsa kibi,
İşgəncədən qurtuldular.
Ruhaşinə röya kibi
Qeyb oldular, qeyb oldular!
Yüksəldilər, yüksəldilər,
Cənnətdə rahət buldular
Yüksəldilər, yüksəldilər,
Qeyb oldular, qeyb oldular.


Bu misralar əsərin faciəvi sonluğunu təkcə ölüm kimi deyil, əzabdan və fanatizmdən xilas kimi təqdim edir. Şeyx Sənan və Xumar cəmiyyətin sərt qanunları qarşısında məğlub olsalar da, Cavid onları mənəvi baxımdan ucaldır. Fiziki məhv burada son deyil, əksinə, azadlığın və saf sevginin simvoluna çevrilir. Müəllif bu sonluqla oxucuya göstərir ki, bəzən insan dünyada qalib gələ bilmir, lakin mənəvi yüksəlişlə əbədiləşir.

Nəticə etibarilə, “Şeyx Sənan” təkcə Cavid yaradıcılığı üçün deyil, ümumilikdə Azərbaycan ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb edən əsərdir. Onun təsiri həm bədii, həm fəlsəfi, həm də sosial baxımdan güclüdür. Əsər insanın daxilindəki ziddiyyətləri, sevginin gücünü və cəmiyyətin sərt qanunlarının yaratdığı dramları dərindən əks etdirir. Cavidin məqsədi yalnız hadisə danışmaq deyil, insana düşünməyi, öz iç dünyasına nəzər (diqqət)yetirməyi öyrətməkdir.

Əsərin verdiyi mesaj bugünkü oxucu üçün də aktualdır: insanın mənəvi azadlığı, saf sevgisi və iç dünyasının zənginliyi, fanatizm və kor inanclara qarşı duruş, hər dövrdə qiymətlidir. Cavid oxucuya göstərir ki, həqiqi dəyər zahiri uğurlarda deyil, insanın ruhunda, hisslərində və vicdanında gizlidir. “Şeyx Sənan” həm də bizi düşündürür, ruhlandırır və insanlığı, mərhəməti, insan sevgisini ön plana çıxarmağa çağırır.

Beləliklə, bu əsər yalnız Hüseyn Cavidin deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının incilərindən biridir. O, oxucunu dərin düşüncələrə sövq edir, hiss etdirməyi bacarır və insan ruhunun əsl dəyərini göstərir.


# 95 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
Şəhid İlqar Burcəliyevə həsr edilmiş kitab işıq üzü gördü

Şəhid İlqar Burcəliyevə həsr edilmiş kitab işıq üzü gördü

11:30 28 yanvar 2026
Azərbaycan Omanda beynəlxalq forumda təmsil olundu

Azərbaycan Omanda beynəlxalq forumda təmsil olundu

11:00 28 yanvar 2026
“Nəsillərin dialoqu”  adlı yeni musiqi layihəsi təqdim ediləcək

“Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək

10:19 28 yanvar 2026
"Pinterest" işçilərini çıxarır - Səbəb

"Pinterest" işçilərini çıxarır - Səbəb

10:08 28 yanvar 2026
Afaq Məsud:  “Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam” – Müsahibə

Afaq Məsud: “Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam” – Müsahibə

10:00 28 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər