Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri
23 aprel 2026
# 12:00

Kulis.az Salam Sarvanın yeni şeirlərini təqdim edir.

MƏĞZ

Narahat olma yəni:
sevginin gözlərdən oxunuşunda buraxılan səhvlər
düzələcək bədənlərin toxunuşunda.

Narahat olma yəni:
onsuz da sevgi adamları yaxınlaşdırmır,
sadəcə, dəqiqləşdirir aradakı məsafəni.


BAMBAŞQA QADIN

Öz saçlarının ağardığına görə
buludları boyamaq istəyirsən.
Öz köynəyinin köhnəldiyinə görə
dəyişmək istəyirsən ağacların qabığını.

Alın yazın ehtimalların hamısı şəklində...
Qaydanı səhv çıxaran istisnasan sən.
Elə hey titrəyirsən: sanki
qəlbinin hər döyüntüsündən diksinirsən.

Özünlə müharibədə olduğunçün tənhasan:
axı belə döyüşlərdə cinah olmur.
Amma... amma sən hələ də gözəlsən:
gözəldə günah olmur.

Upuzun bir hüzn kimi keçirsən küçədən:
qəddinə-vücuduna heyrət.
Yaralı-yaralı çırpınan halında
bədən dilinin sükutuna heyrət.

Elə hey qapamaq istəyirsən gözünü,
amma intihar alınmır səndə:
çünki hər dəfə özünü öldürmək istəyəndə
artıq ölmüş sanırsan özünü.


XƏSTƏXANA ŞEİRİ

Əbədiyyət və Fanilik
qum saatındakı qədəhləri toqquşdurur:
bunu da içək Adəmin almadakı diş yerinə bənzəyən
dərin yaraların sağlığına.

Kimsə də düşünür:
cəhənnəmdə məni gözləyən cəzanın
günahını törətməyə çatacaqmı ömür?


AGENTİN ETİRAFI

Yol qırağındakı ağacların vətəni Qıraqdırsa...
Hətta peyin qurdunun da vətəni vardırsa...

Sadəcə düşünməlisən:
dünən sularda boğulan adamlar
dənizin dibinə çatdılarmı görəsən?


TƏRƏDDÜD

Bilmirəm nə deyim:
bilmirəm müharibələr yaşamağın məşqidi,
yoxsa ölməyin.

Və bir də tərəddüdün beləsi:
bilmirəm sənə sevgimi hansı sözlə bildirim,
verəcəyin əzabı ifadə eləsin.


DAVAMSIZLIQ

Səninlə aramızda nələr olubsa,
heç birinin davamı vacib deyildi:
cümlənin yaddan çıxan hissəsini
suflyor pıçıldamamalıydı aktyora.

Çünki yer çox dardı:
əslində, ağzınacan doldurulmuş qədəhlərimizin
bircə qurtumluq həcmi vardı.

Çünki vaxt çox dardı:
topu itirən futbolçunun macalı olmur
bu ayrılığın əzabını yaşamağa.


ÇIXILMAZLIQ

Öz yurdunun adamları içində boğulursan, boğulursan,
bir gün boğaza yığılırsan...
Qlobusu tale çarxı kimi fırladaraq
bəxtəbəxt bir ölkə seçmək istəyirsən getməyə:
hər dəfə bir okean dayanır burnunun ucunda.


ALMA

Bizə göz verəndə göz vurmuşdun.
Bizə dil verəndə dil çıxartmışdın.
Bizə əl verəndə əl eləmişdin...

Bizə istedad verəndə yasaq eləmişdin
şeirimizdəki “alma” sözünü dişləməyi.


QOŞA SUAL

İşığın da, qazın da, suyun da pul yazdığı evdə
oturub şeir yazan şair düşünürdü:
görəsən neçə işarədən anlar məni arif oxucu?

Sevdiyinə ismarıc yazan oxucu düşünürdü:
görəsən niyə yazıram bu məktubu –
səbəbi necə silim yollamazdan qabaq?

# 4256 dəfə oxunub

Oxşar xəbərlər

Faşistlərin  və  kilsənin qəzəbinə səbəb olan rəssam  – Onun əsərləri niyə qadağan edilmişdi?

Faşistlərin və kilsənin qəzəbinə səbəb olan rəssam – Onun əsərləri niyə qadağan edilmişdi?

16:25 7 avqust 2026
48 nəfərin ölümünə “metal” mərsiyə - Məşhur "Empire of the Clouds" necə yarandı?

48 nəfərin ölümünə “metal” mərsiyə - Məşhur "Empire of the Clouds" necə yarandı?

14:20 7 avqust 2026
"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..."  - Endi Vorhol kim idi?

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..." - Endi Vorhol kim idi?

16:30 6 avqust 2026
Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... -  Dieqo Velaskesin məşhur əsərləri

Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri

15:45 6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər