Kulis.az "Futbol gündəliyi" rubrikasında Uruqvay yazıçısı Eduardo Qaleanonun futbol haqqında yazısını təqdim edir.
Digər idman növlərinin demək olar ki, hamısında olduğu kimi futbolda da liderliyi çinlilər ediblər. Beş min il əvvəl çinli hoqqabazlar topu ayaqları ilə oynadır, "rəqs etdirirdilər". Daha sonra bu növ üzrə ilk oyunlar da məhz Çində təşkil olundu.
Meydançanın ortasında bir çəpər var idi və hər iki tərəfdəki oyunçular əllərindən istifadə etmədən topun yerə düşməsinə imkan vermirdilər. Bu ənənə sülalədən sülaləyə ötürülərək yaşadı. Eramızdan əvvəl ucaldılmış bəzi abidələrdəki relyeflərdə və eramızdan sonrakı qabartmalarda da göründüyü kimi Min sülaləsinə mənsub çinlilər dövrümüzdə "Adidas"ın istehsal etdiyi toplara bənzər toplarla oynayırdılar.

Qədim zamanlarda misirlilərin və yaponların da topa təpik vuraraq əyləndikləri məlumdur. Eramızdan beş əsr əvvələ aid bir yunan məzarının mərmərində topa dizi ilə vuran bir adam təsvir edilmişdir. Antifanın komediyalarında da bunu sübut edən ifadələr yer alır: uzun top, qısa pas, irəli ötürülən top və s. Deyilənə görə, imperator Yuli Sezar hər iki ayağından ustalıqla istifadə edirmiş, Neron isə yalnız bir ayağı ilə oynaya bilirmiş. Dəqiq bildiyimiz odur ki, İsa və həvariləri çarmıxda əzab çəkərək can verərkən romalılar futbola çox bənzəyən bir oyun oynayırdılar.
Roma legionerlərinin vasitəsilə bu yenilik Britaniya adalarına da gəlib çatdı. Əsrlər sonra 1314-cü ildə Kral II Eduard bu səs-küylü kütlə oyununu "böyük topların arxasınca qaçaraq edilən, Tanrının icazə vermədiyi bir çox pisliklərə səbəb olan mübarizə" adlandıran kral fərmanını möhürlədi. Həmin dövrdə bu oyun artıq "futbol" adlanırdı və özündən sonra bir çox qurban buraxırdı. O, hətta atlı quldurlar arasında da oynanılırdı. Nə vaxt, nə oyunçu, nə də başqa bir baxımdan heç bir məhdudiyyət yox idi. Bir kəndin əhalisi digər kəndin əhalisinə qarşı topa təpik vuraraq, yumruqlayaraq onu hədəfə doğru aparırdı. O vaxtlar top əvəzinə dəyirman daşından da istifadə edildiyi görülmüşdü. Qarşılaşmalar günlərlə davam edir, geniş ərazilərə yayılaraq bir çox insanın həyatı bahasına başa gəlirdi. Krallar bu qanlı döyüşləri qadağan etdilər. 1349-cu ildə III Eduard futbolu "faydasız və axmaqca" oyunlar siyahısına daxil etdi. 1410-cu ildə IV Henri, 1547-ci ildə isə VI Henri tərəfindən futbolun əleyhinə imzalanmış fərmanlar da mövcuddur. Ancaq futbol nə qədər çox qadağan edilirdisə, o qədər çox oynanılırdı. Bu isə qadağaların yalnız təhrikedici xarakter daşıdığını təsdiqləməkdən başqa bir işə yaramırdı.

1592-ci ildə Uilyam Şekspir "Səhvlər komediyası" əsərində bir personajın şikayətini ifadə edərkən futboldan istifadə edirdi:
"Məgər mən yumru bir şeyəm ki,
Məni belə ayaq topu kimi təpikləyib durursunuz?
Siz təpiklə məni yollayacaqsınız,
O biri təpiklə məni geri qaytaracaq.
Əgər belə xidmət edəcəyəmsə, barı məni dəri ilə üzləyin".
Bir neçə il sonra "Kral Lir" əsərində isə Kent qrafı qarşısındakını belə təhqir edirdi: "Sən! Rəzil futbolçu!"
Florensiyada futbol hazırda olduğu kimi "Calcio" (Kalço) adlanırdı. Leonardo da Vinçi də qatı futbol azarkeşi idi. Makiavelli isə şəxsən özü bu oyunu oynayırdı. 27 nəfərlik komandalar üç sıraya bölünmüş şəkildə oyunda iştirak edirdilər; onlar əllərindən və ayaqlarından topa vurmaq, həmçinin rəqiblərinin qarnını deşmək üçün istifadə edə bilirdilər. Arno çayının donmuş suları üzərində və geniş meydanlarda təşkil olunan matçlarda çoxlu sayda insan iştirak edirdi. Florensiyadan uzaqda, Vatikan bağlarında Papa VII Klement, Papa IX Leo və Papa VIII Urban da "Calcio" oynamaq üçün rəsmi geyimlərinin qollarını və balaqlarını çırmalamağı adət halına gətirmişdilər.

Eramızdan 1500 il əvvəl kauçuk top Meksika və Mərkəzi Amerikada sanki müqəddəs bir mərasimin günəşi idi; lakin Amerikanın bir çox yerində futbolun nə vaxtdan bəri oynanıldığı məlum deyil. Boliviyanın Amazon bölgəsinin yerlilərinə görə iki çubuğun arasına bu yuvarlaq rezin topu əllərdən istifadə etmədən salmaq üçün onun arxasınca qaçmaq ənənəsinin kökləri çox qədimlərə gedib çıxırdı. XVIII əsrdə Yezuit təriqətinə mənsub ispan rahib Parana yüksəkliyində yaşayan quarani tayfasının qədim bir adətindən bəhs edir:
"Bu insanlar topu bizim kimi əllə atmırlar, topa çılpaq ayaqlarının üst hissəsi ilə vururlar".
Teotiuakan və Çiçen-İtsanın rəsmləri müəyyən oyunlarda topa ayaq və dizlə vurulduğunu ortaya qoysa da, Meksika və Mərkəzi Amerika yerliləri arasında topa, adətən, omba və qolla vurulurdu. Min ildən daha qədim bir divar rəsmində Uqo Sançesin əcdadlarından biri Tepantitlada sol ayağı ilə topla oynayarkən təsvir olunub. Oyun başa çatarkən top öz səyahətinin ən yüksək nöqtəsinə çatardı; günəş ölüm xəttini keçdikdən sonra doğmağa başlayardı. O zaman günəş doğsun deyə qan tökülərdi. Mövcud məlumatlara görə, asteklərin məğlub olanları qurban vermək adəti var idi. Onların başlarını kəsməzdən əvvəl bədənlərini qırmızı xətlərlə boyayardılar. Tanrılar tərəfindən seçilənlər, torpaq daha bərəkətli, göy üzü daha səxavətli olsun deyə öz qanlarını qurban verərdilər.