Kulis.az yazıçı Şərif Ağayarla müsahibəni təqdim edir.
– Həyatınızın müəyyən bir hissəsi Haramı ilə bağlıdır. O hissə həm də ölkənin ən ağır dövrlərinə təsadüf edir. Salam Sarvanın təbirincə desək, "yuvası dimdiyində gəzən" yüzlərlə ailə. 2022-ci ildə bizim Haramıya səfərimiz yadıma düşür. O vaxt yazıçı Mübariz Örən də bizimlə birgəydi. Siz dəstədən aralanıb yaddaşını yoxlaya-yoxlaya yeniyetməliyin keçdiyi təpələrdə, uçulub dağılmış yataq yerlərində gəzişəndə Mübariz belə demişdi: “Şərif öz romanının içində gəzir”. Bu romanın çapından on beş ildən çox zaman keçir. Bu on beş ildə Şərifin “Haramı” ilə münasibətlərində nə dəyişdi, necə dəyişdi, “Haramı”ya yaxınlaşdı, yoxsa ondan uzaqlaşdı?
– Haramıya gedənə qədər Laçında olmuşdum. Kəndimizdə. Sizi əmin edirəm, orada Haramı qədər həyəcanlanmadım. Bu nə isə başqa bir duyğu idi. Kədərli günlər üçün darıxmaq idi. Laçın uşaqlıq sevincimdir, Haramı yeniyetməlik travmalarım. Düz müşahidə etmisiniz. Bəlkə də, görüşməkdən çox vidalaşmağa getmişdim. Yaşın bir dövründə ömrün o məqamlarından qopursan. Qopmalısan. Bu, təbii prosesdir. Görünür, yaşlanmağa doğru bir çox yazıçılar kimi mən də “öz romanımın içindən çıxmaq” zərurəti hiss etmişəm. Avtobioqrafiyanın birbaşa iştirak etdiyi mətnlər adamı ömrünün sonunacan izləmir. Yolun bir yerində yazıçını tərk edir. Tərk etmirsə, nəsə yerində deyil. Lakin avtobioqrafiyadan bütövlükdə qopmaq mümkün deyil. Ştrixləri axıracan qalır. Avtobioqrafiya taledir axı. Əlindən axıracan qurtula bilmirsən. Çağdaş elm özünün ən böyük mücadiləsini insanı taleyin əlindən almaq uğrunda aparır. Buna qismən nail olub və qələbələrinin sayı getdikcə artır. Lakin birdən gözlənilmədən tale koronavirus şəklində əlində qılınc peyda olur və sən onun qarşısında yenə aciz qalırsan.
– Həmin gün bir xeyli Şpartı bulağını axtarmışdıq. Maşınımız təpələri aşdıqca o vaxt hələ ermənilərin keşik çəkdiyi Qarabağın dağları daha böyük, daha vahiməli və daha əlçatmaz görünürdü. Maşından düşüb yalnız sizə məlum tanış bir cığıra qoşulanda bu biz maşındakılara təəccüblü gəlmədi. Bulağın gözünü qurumuş görəndə söylədiklərinizi unutmuram: “Bu otuz ildə mən də ölə bilərdim, sən də quruya bilərdin, mən ölmədim, amma sən qurudun, Şpartı”.
Elə yazıçılar var ki, onlar çox zaman məkanlarla xatırlanır; Dostoyevski Peterburq, Orxan Pamuk İstanbul, Pol Oster Nyu-York, bəzən bu məkanlar uydurma olur; Folkner Yaknopatofa, Markes Makondo. Haramının sizin üçün belə bir xarakterə malik olduğunu demək olar?
– Şpartı biz qaldığımız fermanın yaxınlığında – dərənin boğazında bumbuz bir kəhriz idi. Suyu Laçındakı bulaqların suyuna oxşayırdı. Yayın qızmarında ağzımızı istidən tərləyən trubasına söykəyib abi-kövsər kimi içirdik. Beləliklə, həm də bir həsrəti vardı Şpartının. Amma yerini tapa bilmirdim. Aradan otuz il keçmişdi. Təbiət çox dəyişir, dərələr, təpələr, hətta dağlar sanki balacalaşır. Bitkilər də dəyişir. Təbiət vəhşiləşir. Qəddarlaşır. O cığır da tanıdığım bir cığır deyildi, amma təxminən doğru istiqamətə getdiyini bilirdim. Şpartının gözünü tapmasam, çox sarsılardım. Üstəlik kəhrizdən aşağıdakı iki böyük gölü qamışlıq və kol-kos tamam basmışdı. Tanınmaz hala düşmüşdü. O göllərdə saatlarla çimirdik. Yayın günü içinə doluşub çıxmırdıq. İndi heç cür tanıya bilmirdim. Şpartı isə tamam batmışdı. Yerin altı ilə axırdı. Fermanın üstündə artezian vurulmuşdu deyə, adamlar bu suyu üzə çıxarmağa çalışmamışdılar.
Ədəbiyyata gəlincə, mən məkanı tapmamış yaza bilmirəm. Bəlkə, doğulduğum yerləri itirdiyim üçün bu şüuraltı bir yer, bir ünvan axtarışıdır, bilmirəm. Bunu dostumuz Qismət də (red: Qismət Rüstəmov) tutmuşdu. Hətta, o yazandan sonra ağlıma gəldi: doğrudan da, az qala bütün mətnlərim mütləq şəkildə yer və məkanla bağlıdır. İstər həqiqi olsun, istər uydurma, mütləq bir məkan var. Çoxunun isə adında da var. Bilirsən, ədəbiyyat şüuraltına çox ciddi şəkildə bağlıdır. Yazıçı sanki yuxusunu danışır və yaxşı oxucu bu yuxunu yozur. Ona görə, bəzən mətndən müəllifin ağlına gəlməyən mətləblər də hasil edirlər. Çoxu buna gülür. Xüsusən, Füzulini interpretasiya edəndə, deyirlər, Allah bilir, şair heç belə düşünməyib. Düşünməyibsə, möcüzənin miqyası artır. Yaxud poetik düstur müxtəlif mətləblərə şamil edilə bilir. Ədəbiyyatın uzunömürlü olma səbəbi də elə budur və süni intellektin yazdıqlarından da məhz bu məqamda fərqlənir.
– Məcburi köçkün ailəsində böyümüş biri kimi hekayə və romanlarındakı qəhrəmanlar, onların içindəki və onların içində olduğu dünya mənə tanışdır. Buna görə sizin yaradıcılığınıza bütöv baxmaq, oradakı dəyişiklikləri, sürüşmələri, reqress və proqressləri dərindən analiz eləmək mənə daha asandır.
Şərifin ilk hekayələri, ardınca "Kərpickəsən kişinin dastanı" povesti, "Haramı" romanı ilə daha sonrakı dövrün əsərləri olan "Arzulardan sonrakı şəhər", "Ağ göl", nəhayət "Rəng mühəndisi" arasında ciddi estetik fərqlər var. Sanki bir məqamda Şərif öz qabına sığmadı və yeni üfüqlər kəşf eləmək istədi. Halbuki o qabın içində kifayət qədər uğurlu idi. Onun yaradıcılığındakı bu kəskin dəyişikliyin səbəbi nə idi? Hər şeyi öz adı ilə çağırsaq, əvvəlki üslubunda sizə kifayət eləməyən nə idi?
– Dəyişikliyin kəskin getdiyini düşünmürəm. Elə siz saydığınız ardıcıllığa diqqətlə baxsanız biri-birinə bənzəməyən əsərlər görəcəksiniz. Hekayələrimdə də belədir. Hətta şeirlərimdə də. Vaxtı ilə “Namaz” adlı şeir yazmışdım, çox məşhurlaşmışdı. Ədəbiyyat adamları qəzetdən kəsib başının üstünə asırdı. Bir daha onun kimi yazmadım! Sonra bir neçə epik şeir yarandı. Onlar da tamam fərqli mətnlər idi. “Kərpickəsən kişinin dastanı” da o cür. Yaxud “Şəkil” hekayəsi... Xeyli uğur qazandı, amma təkrarlanmadı. Eləcə də romanlar. Biri o birinə bənzəmir. Ədəbiyyat axtarışdır, təxmindir və demək, xeyli şərtidir. Otuz ildir ədəbi mühitdəyəm, mətnin taleyini əvvəldən dəqiq bilən bir nəfərə də rast gəlməmişəm. Ona görə istər mənim, istərsə də başqasının yazdıqlarında mütləq şəkildə sürüşmə və ya geriləmə görən birinin fikrini tam qəbul edə bilmirəm. Eko necə deyirdi? İmkanım ola, bütün cümlələrimə “bəlkə” ilə başlayaram. Məncə, yazdıqlarının yerini yazıçı özü hamıdan yaxşı bilir. Özümlə bağlı təxminlərim həqiqətə ən yaxınıdır. Mən özüm barədə şərtiliyin ən dəqiqiyəm.
– “Rəng mühəndisi” romanı ədəbi mühitdə bir az susqunluqla qarşılandı...
– Tam elə də demək olmaz. Reaksiyalar var və olacaq. Amma gözlənilən qədər deyil. Mən isə elə bu cür gözləyirdim. Hətta akademiya elan verəndə ki, müzakirəsini keçirəcəyik, inanmadım və fikrimi yaxın dostlarla da bölüşdüm. Axırda yenə gözlədiyim baş verdi – müzakirə təxirə salındı. Bütün bunlar romanın vurğuladığı məntiqi təsdiqləyir. “Rəng mühəndisi” elə bir kitabdır ki, ona qarşı susqunluq romanın xeyrinə işləyir (gülür).
– Yəni, siyasi çalarına görə geniş təhlil olunmur?
– Tək bu deyil. Biz bozluğa təslim olmuşuq. Bunu qəbul eləmək təkcə siyasi məsələ deyil, həm də ağır psixoloji travma, şüuraltı zədələrlə müşayiət olunur. İnsanımız özü ilə bu şəkildə üzləşməyə öyrəşməyib.
– Axı təxminən eyni məzmunlu xarici romanlar sevə-sevə oxunur.
– “Rəng mühəndisi” də maraqla oxundu və oxunur. Hətta əvvəlki kitablarımdan da çox. Beş yüz tiraj bir il tamam olmamış satılıb qurtardı. Haqqında xeyli maraqlı, yaddaqalan yazılar yazıldı. Geniş araşdırma da var. Professor Qorxmaz Quliyevin məsləhəti ilə ilk hissəsi nəşrə hazırlanıb. Bu ay çıxmalıdır. Ümumilikdə belə romanları təhlil etmək, onun haqqında yazmaq çətindir. Çünki mürəkkəb və ənənədən kənar xüsusiyyətlərə malikdir. İkincisi, məni belə görməyə alışmayıblar. Bayaq dediyim psixoloji məsələyə gəlincə, tutalım, “1984” haqda danışmaq-yazmaq bizim üçün daha asandır, nəinki öz məmləkətimizi metaforlaşdıran romanı qiymətləndirmək. Əgər bunu bacarsaydıq, nəyə və necə məğlub olduğumuzu anlayıb dilə gətirə bilsəydik, “Rəng mühəndisi” yazılmazdı ki! Biz özümüzlə üz-üzə gəlməyə, özümüzün ifşasını qəbul eləməyə hazır deyilik. Bunun üçün zaman lazımdır. Əmin olun, “Rəng mühəndisi” hər hansı bir xarici müəllifin əsəri olsaydı, daha çox reaksiya doğurardı. İndiki halda səssiz uğultusu dolaşır. Bir də Azərbaycanda yaradıcılığının növbəti – daha mürəkkəb mərhələsini heç kimə bağışlamayıblar. Nə İsa Muğannaya, nə Vaqif Bayatlıya, nə də Salam Sarvana... Hətta Füzuliyə də. Səmimi yanaşsaq, Nizamiyə də! Biz “İsgəndərnamə”ni heç vaxt “Qarı və Sultan Səncər” qədər anlayıb-sevməmişik. Bu bir az da müstəmləkəçilik düşüncəsindən irəli gəlir. Biz böyük, iddialı mətnlər yaza bilmərik. Bizə olmaz. Necə idi o misal: yetim əlində qoğal əcaib görünür. Yadımdadır, dostumuz Seymur Baycan “Arzulardan sonrakı şəhər” romanı haqqında yazmışdı ki, müasir dövr yaxşı işlənib, Misirlə bağlı hissə lazım deyildi, lakin Fransada əsərin çapına rəy verən beş ekspertin ikisi romanı bu paralelə görə yüksək qiymətləndirmişdi.
Vaxtilə mən özüm səmimi qəlbdən inanırdım ki, İsa Muğanna “Yanar ürək” mərhələsinə keçməməli idi. Yaxud “Qətl günü” mənə çox süni, yalançı, hətta saxta gəlirdi. Buna qırx yaşıma qədər tam inanmışdım. Yəni yaradıcı insanlara ikinci – daha mürəkkəb mərhələni bağışlamayanlardan biri də mən idim. Zamanla dəyişir adam. Baxış spektri genişlənir. İbtidaidən aliyə doğru daha sürətlə gedirsən. Yaş, təcrübə, mütaliə və s. Sən demə, azacıq səbir lazımmış. Ədəbi proses bəzən on illərə sığmır, hər şeyi uzaq zaman müəyyən edir.
Hətta mən bəzi dostların “Rəng mühəndisi” romanını oxumağa ərindiyini gördüm. Məndə də olur belə hallar. Səbir edib oxuya, özünə əziyyət verə, komfort zonadan çıxa bilmirsən, zövqünə inandığın biri oxuyub tənqid edəndə, dərhal sevinirsən və canını qurtarmağa bəhanə tapırsan (gülür). Amma “Rəng mühəndisi”ndən belə asan aralanmaq mümkün olmayacaq. Çünki aşağı-yuxarı onun göstərdiyi fəlakətin içindəyik və bu, uzun çəkəcək.
– O zaman, bəlkə, özün danışasan. Romanın əsas məqsədi nədir: siyasi alleqoriya yaratmaq, insan faciəsini göstərmək, yoxsa yeni estetik dil formalaşdırmaq?
– Yeni estetik dil və üslubla bir istedadlı gəncin, onun ailəsinin, eyni zamanda yaşadığı ölkənin faciəsini həm də əylənərək, doqmaya çevrilən dəyərlərini ələ salaraq göstərmək. Üstəlik, mətnlərarası əlaqələr quraraq, işarələr göndərərək... Necə deyərlər, mətnin həm altını, həm üstünü hörərək... Can atdığım budur. Alleqoriya burada onlarla fəndin yalınız biridir. Məkan alleqorik, daha doğrusu simvolikdir. Burada kəskin “Heyvanıstan” alleqoriyası yoxdur. Simvolik məkan əsərə, tənqidçilərdən birinin yazdığı kimi, postsovet lokallığı vermir, əksinə, onu konkret məkan hüdudundan çıxarır.
– Romanı yazmağa başlayanda qarşına hansı məqsədləri qoymuşdun və əsəri tamamladıqdan sonra həmin məqsədlərin nə qədərinə çatdığını düşünürsən?
– Fərdi xüsusiyyətlərini itirib biri-birinə bənzəyən-bənzədilən insanların, düşüncələrin, nəhayət, cəmiyyətin faciəsini Abşeron güllərinin rəngi və daş karxanalarının bozluğu ilə metaforlaşdırmaq istədim. Məncə, məqsədimə çatmışam. Təkrar yazsam, demək olar ki, heç nə dəyişmərəm. Bəzən bizdə yazıçının məqsədini bilmədən yazırlar və danışırlar. Metodu düzgün seçmirlər. Misal üçün tənqidçilərdən biri “Rəng mühəndisi”ni Varqas Lyosanın təbirincə yalnız “əyləndirən roman” adlandırmışdı.

– Yazıçı Rəşad Səfər...
– Bəli. Rəşad tələsmişdi. Çox tələsmişdi. Romanı qaranəfəs gözdən salmaq istəyi daha qabarıq görünürdü. Rəşadın bir yazıçı kimi Azərbaycan dili ilə münasibəti və yazıçı istedadının miqyası “Rəng mühəndisi” haqda o tonda yazmağına əsas vermir. İkincisi, bir yazıçı başqa bir yazıçı haqda haqlı olsa belə, o ahəngdə yazmamalıdır. Bu, etik deyil. Qərəzli deməzdim, məqsədli yazdığına şübhə eləmirəm. Ona görə əsərin böyük həqiqətini görə bilməmişdi. Onun yazısını oxuyanda, Cem Yılmazın Davudun heykəli ilə bağlı məşhur zarafatı yadıma düşdü (gülür). Düz yerdən baxmayanda, yaxşı şeylər görmürsən. Yaxud hər hansı bir detala ilişib, bütövü görə bilmirsən.
– Əli Novruzov və Rasim Qaraca da sərt tənqid yazmışdılar.
– Rasim bu sayaq əsərləri qəbul eləmir. Ümumiyyətlə, onun realist olmayan romanlar haqda bilikləri qənaətbəxş deyil. Əli Novruzov isə açıq-açığına mənə qarşı tərbiyəsizlik edirdi.
– Bir az sərt çıxmır ki?
– Sərt çıxmır. Roman çap olunan kimi iki-üç səhifəsinə baxıb təhqiramiz, alçaldıcı post paylaşmışdı. Bu heç. Bunu anladıq. Daha sonra yazıçı Alpay Azərin “Bu əsəri “Buker”ə təqdim etmək lazımdır” fikrini teleqram səhifəsində mənim fikrim kimi paylaşıb məni söydürürdü. Yəni sən evində oturmusan, yazmadığın bir fikrə, demədiyin bir sözə görə haradasa səni lağa qoyur, alçaldır və söyürlər. Bir söz demirəm. Bu da bir münasibətdir. Lakin mənim də tərbiyəsiz hərəkəti tərbiyəsiz adlandırmaq haqqım var.
– Rasim Qaraca əsərdə hisslərin sönüklüyündən, atmosferin bozluğundan yazmışdı...
– Romanda rənglər itdikcə simvolizə etdiyi duyğular da itir. Məsələn, bəziləri baş qəhrəmanın anasının ölümünü soyuq, emosiyasız verməyimi mənə qüsur tutur. Onların tanıdığı Şərif Ağayar burda oyun çıxardardı. Bəs niyə etmir? Cavab ciddidir: rənglər itdikcə, ifadə etdiyi duyğular da itir, hətta havanın temperaturu da buna uyğun dəyişir. Yəni isti-soyuq rənglər prinsipi elmi əsaslarla gözlənilir. Əsərin konsepsiyası rənglərin total yox, liberal dəyərindədir. Yəni onlar cəmiyyətin deyil, fərdlərin hiss və emosiyalarını, hətta bir fərdin ayrı-ayrı hiss və emosiyalarını ifadə edir. Lakin siyasi sistemlər onlardan öz məqsədləri üçün, total məzmun verərək sui-istifadə etməyə çalışırlar. Ona görə rəng mühəndisinin istedadını istismar edirlər. Rənglərlə aşinalığı bacaran seçilmiş insanlar isə öz merkantil maraqları naminə onları şüarçılığa, çoxluğun ifadəçisinə çevirməyə çalışanda, rənglər küsə, hətta itə bilər. Roman belə bir dramaturgiya üzərində qurulub. Ananın ölüm səhnəsini tuta bilməyənlər, demək, əsəri küll halında başa düşməyiblər. Rasim Qaraca da bozluq məsləsində tələyə düşüb. Oxucunu bozluğa, sıxıntıya salmaq yazıçının məqsədidir. Bir dəfə dostlardan biri Nizamini tənqid elədi, dedi, ərəb-fars əhvalatları yazıb. Dedim, müəllim, klassizm köhnə əhvalatları təzədən yazmaqdır da elə, bu, Nizaminin işidir. Təəssüf. Bəzən kiməsə əlifbanı xatırlatmağa məcbur qalırıq.
– Romanda “Olmaz-Olmaz Respublikası”, “Zərrə-Zərrə Qram-Qram Meydanı” kimi adlar var. Bu qədər açıq simvolikanın müasir romanda nə dərəcədə effektiv və məqsədəuyğun olduğunu düşünürsünüz?
– Dediyim yanlışların birinə də burda yol verirlər. Romanda bu ifadələr güldürmək üçün deyil, vəziyyətin bayağılığını, düşüklüyünü şiddətləndirmək üçündür. Karnaval estetikasıdır bu. Klişeyə çevrilən, ömrümüzü yeyib-bitirən dəyərlərin qeyri-ciddiliyini özünə uyğun lağ-lağı ilə göstərməkdir. Belə əsərlərə realizm eynəyi ilə baxmaq fəlakətdir. Bu Nəsimin sos-realist məntiqlə təhlil etməyə bənzəyir. Bütün günü lağa qoyub gülmək olar. Belə şeylər çox asandır. Bir dəfə “Vahid” evində bir neçə əruz şairinin Nazim Hikməti oxuyub güldüyünü gördüm. Təəccüblənmədim. Əruz ölçüləri və simvolik şeirin meyarları ilə yanaşanda, Nazim, doğrudan da, gülməlidir. Amma məsələyə əhatəli baxanda, ona gülənlər daha gülməlidir.
– Məhərrəmin asqırağı, Cıbının “rəng metaforası”, qasıqda gül obrazı kimi elementlər bəzi oxucularda şişirdilmiş qrotesk təsiri yaradır. Siz bu sərhədi necə müəyyənləşdirirsiniz: qrotesk harada bitir, karikatura harada başlayır?
– Karikatura da var, qrotesk də, şarj da və elə dediyin misalı davam etsəm, dastanlara göndərmə də. Qasıqda gül məsələsi Sarı Aşıqla bağlı bir əhvalatdır. Onun cinsilikdən, şəhvanilikdən uzaq olduğunu göstərən bir işarədir. Cıbı isə homoseksualdır. Düzdür, əsərdə bu fakt çox qabardılmayıb, lakin elədir. Yəni qasıqda gül elementi dastandan götürülərək yenidən, tamam başqa kontekstdə dəyərləndirilir. Cıbı atasının kontrastıdır. Daş və çiçək. Bozluq və rəng. Sərtlik və yumşaqlıq. Maskulinlik və qadınvarilik. Onlar həm də biri-birini tamamlayır. “Rəng mühəndisi” romanında üzdə və dərində onlarla fənd var. Qorotesk, karikatura, şişirtmə, magiya, fantastika və absurd elementləri, karnaval əhvalı və s. Göndərmələrin isə bəzisi sadə işarələr, lağ-lağı atmacalar səviyyəsindədir, bəzisi daha dərindədir. Məsələn, Yəhya peyğəmbərlə İsa Məsihin görüşündən pastiş var orda və xilaskarlıq missiyası dekonstruksiya edilib. Tələsik yazılan bəzi yazılarda üzdəki elementləri tutub qışqırırlar, halbuki onlar ipuclarıdır. Oxucu ən bəsit işarə ilə, tutalım, “Zərrə-Zərrə Qram-Qram” ifadəsi ilə oyuna cəlb edilir, dərinlərə doğru gedir. Qrotesk də, lağ-lağı da, bayağı işarələr də qəsdəndir. Bəzi tənqidçilər elə bilirlər adi qaydaları bilmirəm. Belə deyək: “Rəng mühəndisi” mənim kvant fizikamdır, onu dürüst oxumaq üçün ənənəvi mexanikanı unutmalısan.
– Romanda totalitarizmə və sistemə münasibətin kifayət qədər aydın görünür. Sizcə, açıq siyasi alleqoriya bədii mətnin çoxqatlılığını zəiflətmir ki?
– Mən bəzi yerlərdə totalitar sistemə münasibəti lağ-lağı səviyyəsində vermək istəmişəm. Dövlətlə fəhlələrin söhbətinə baxın. Mırtdır. Məsələn, “Qətl günü” kimi ağır-psixoloji dərinliyə enmək, yaxud “1984” və ya “Korluq” kimi siyasi mesajı dərinlərdə gizlədib gəzişmək fikrim olmayıb. Dediyim kimi, bir çox hissələri karnaval estetikasında işləmişəm. Ağır mətləblər qəsdən lağ-lağı səviyyəsinə endirilib, dayazlaşdırılıb, bayağılaşdırılıb, işarəvi xarakter alıb. Əslində, bu hal böyük kədərdən, ümidsizlikdən və ağrıdan doğub. Məqsədim totalitarizmin dərin fəlsəfi qatlarına enmək deyil, onun bayağılığını, anormal hakimiyyət hərisliyindən başqa heç bir şeyə yaramadığını göstərməkdir. Əslində, bəlkə, həmin vaxt bu fəndlərə yaşadığım depressiv vəziyyətdən çıxış yolu kimi əl atmışam. Çünki, doğrudan da, belə idi. Hətta içimdə bir əminlik var ki, “Rəng mühəndisi”ni yazmaq məni ölümdən qurtardı. Görünür, bu dözülməz ağrıların ifadəsi, doğrudan da, real manera ilə mümkün deyil. Dünyada analoji nümunələrə rast gəlmişəm. Türk ədəbiyyatında “Saatları tənzimləmə institutunu”nun adını çəkə bilərəm. Əslində, bizim kimi geridəqalmış cəmiyyətlərdə hər şey həm də çox sadə və gülməlidir. Ən faciəvi hadisələr həm də xeyli bayağıdır. Yeri gəlmişkən, orada da saatları ayarlayan adamın soyadı Ayarçıdır. İlk baxışdan bayağı görünə bilər, amma elə deyil...
“Rəng mühəndisi”nin dərinliyi və sənətkarlıq xüsusiyyətləri alışmadığımız tərəflərdədir. Bu postmodern, bir az da metamodern romandır. Çünki təkcə dekonstruksiya etmir, həm də sənətin ülviyyətinə, ona xəyanət etməməyin vacibliyinə inanır. Bir də iş mətndəki rəngarənglikdə və sənətkarlıqdadır. Altı-üstü hörülə-hörülə ağır gedən hissələri də var, su kimi axan hissələri də. Romanın bu xüsusiyyətini görmək üçün Azərbaycan ədəbi dilini, o cümlədən klassik şeirdəki fəndləri yaxşı bilmək lazımdır. Yadınızdadırsa bir söhbətdə Salam Sarvan roman haqqında yüksək sözlər söylədi. Bilirsən niyə? Çünki özü də bu sayaq yaza bildiyi üçün alt qatı ilə birgə yazılan, hörülən, toxunan, az qala hər hərfinin üstündə nəqqaş qələmi gəzən mətnləri tanıyır, yazıçının hansı hoqqaları çıxardığını görür.
– Sizə yönələn əsas iradlardan biri də budur ki, roman bəşəri ağrıları deyil, daha çox lokal siyasi atmosferi ön plana çıxarır.
– Roman bəşəri ağrıdan doğub, sadəcə bu ağrı alışdığımız üslubda ifadə olunmayıb. Azərbaycan nəsrində işlədilməyən fəndlərlə yazılıb. Heç dünya nəsrində də rəngləri bu cür metaforlaşdıran müəllif tanımıram. Bir də ətrafına bax, ədəbi mühitə bax, mənə “Rəng mühəndisi”ndəki ağrılardan kənar istedadlı bir adam göstər. İnsana, onun fərdi hisslərinə fokuslanan, bu hissləri rənglərin dili ilə açmağa çalışan, eyni zamanda, insan hisslərinə fokuslanmağı öz ideyasına çevirən bir əsər necə lokal ola bilər? Bunun əksi totalitarizmdir. Bu gün totalitarizm bəşəriyyətin ən böyük bəlasıdır. Dünyanın hər yerində totalitarizmlə liberalizmin – bozluqla rənglərin, daşlarla çiçəklərin müharibəsi gedir. Ukraynada da, İranda da, Suriyada da... Çinlə masa altında gedən savaş da budur. Xilas rəngli insan hisslərinin azad ifadəsini seçən cəmiyyətdədir. Lakin, əlbəttə, insan özü bu rənglərə xəyanət etməsə...
– “Rəng mühəndisi”ni yazarkən hansı dünya ədəbiyyatı ənənələrindən təsirlənmisiniz? Burada daha çox Latın Amerikası magik realizminin, yoxsa postsovet absurdizminin izlərini görürsünüz?
– Səmimi deyim, bu haqda saatlarla danışa bilərəm. Səməd Vurğun, Rəsul Rza, Xəlil Rza, Salman Rüşdi, Nabokov, Corc Oruell, Patrik Züskind, Ziqmund Freyd, Rixard Prext, Folkner, Pamuk, Tanpınar, Saramaqo, Kafka, Füzuli... Din, sufilik, meyxana, Abşeron rəssamlığı... Nə desən tapmaq olar. Ən axırda da Rolan Bart gəlir. Müəllifi öldürməyə (gülür). Çox şey var orda. Bəzilərinin iddia etdiyi kimi birbaşa heç kimdən təsirlənməmişəm, sadəcə uyğun situasiyalarda göndərmələr, yadasalmalar, xatırlatmalar etmişəm, oxuyub-bildiklərimizdən yaxşı mənada bəhrələnmişəm. Bu fəndlər mənə zövq verir, məni əyləndirir. Klassikada da bu gedişi sevirəm. Məsələn, Füzulinin basdırdığı minaları tapdıqca sevinirəm. Özümə həmfikir, həmdərd taparaq xoşbəxt oluram. Bəziləri ilə, məsələn, Səməd Vurğun və Rəsul Rza ilə qovğaya çıxıram. Öz romanımda da bu “dostluğu” və bu “düşmənçiliyi” davam etdirmək istəmişəm. Qəbul etmədiyim dəyərlər dekonstruksiyaya məruz qalıb, həmfikir saydıqlarıma, məsələn, Salman Rüşdiyə, Tanpınara və Patrik Züskində şapqa çıxarmışam. “Rəng mühəndisi” konsepsiyası olan romandır. Folknerdən öyrəndiyim də budur. Əsərin konseptini anlamadan oxumaq çətinlik yarada bilər.
Romanın quruluşu da yenidir. Çarpaz şeir formasındadır. Birinci hissə ilə üçüncü hissə, ikinci hissə ilə dördüncü hissə “qafiyələnir” – həm mövzu, həm zaman baxımından. Daş – Məhərrəmin metaforudur, Çiçək – Cıbının. “Daş fəsli”ndə Məhərrəmdən bəhs olunur, “Çiçək fəsli”ndə Cıbıdan. “Daş və çiçək fəsli”ndə Məhərrəm öndə gəlməklə həm də Cıbıdan, “Çiçək və Daş fəsli”ndə isə Cıbı öndə gəlməklə həm də Məhərrəmdən... Pazlları öz yerinə oxucu qoyur və beləliklə yaradıcı prosesə cəlb olunur. Yəni, əyləncəvilik təkcə ironiya və lağlağıda, karnaval əhvalında deyil, həm də əsərin forma və strukturundadır. Daşla bağlı fəsillər daha çox sovet nəsr üslubuna yaxındır – quruculuq, fəhlələr, inqilab, Çiçəklə bağlı fəsillər klassik ədəbiyyata – incəlik, sənətkarlıq, estetik naxışlar. Lakin “Rəng mühəndisi” heç bir halda əyləncə əsəri deyil. Bunu deyənlər, Azərbaycan dilində yazmaq bir yana, oxumağı da bacarmırlar.
– Son hekayələrinizdə əvvəlki üsluba qayıdış var sanki...
– Dediyim kimi, heç bir yazımı təkrarlamıram. Bir də "izm" fərqi var. Hekayələrim daha çox real manerada yazılmış modernist mətnlərdir. Orada siz dediyiniz bəşəri ağrıları siz dediyiniz üslubda işləmişəm. “Rəng mühəndisi”ndə yanlışlıqla axtarılan cəhətləri orada tampaq mümkündür. Bu, başqa işdir. Zamanla özünə layiq səviyyədə anlaşılacaq və qəbul ediləcək. Sadə mətnlər yaşın bir dövründə adamı qane etmir. İnsan bir gün nəhayət fəza həndəsəsinə keçir. Bizdə isə oxucuların əksəriyyətini sənətkarlıq xüsusiyyətlərindən çox əsərdəki hadisələrin doğrudan da baş verib-verməməsi maraqlandırır. Görünür, buna görədir ki, bizim ədəbi mühit “fikşn”ə tam hazır deyil. Problem əsərlərlə yox, üslubladır. Sos-realizm və “başa gələn əhvalatlar” hələ də dominantlığını saxlayır.
– Romanda bozluq və rəng qarşıdurması mühüm yer tutur. Sizcə, bugünkü Azərbaycan insanı daha çox bozluğun, yoxsa rəngin tərəfindədir?
– Bayaq da dedim, biz bozluğa təslim olmuşuq. Ona görə “Rəng mühəndisi” ilə qovğamız uzun çəkəcək. Bir gün əsərin qəhrəmanı kimi göyqurşağının ətəyindən tutub qaranlıqdan qalxanda, vəziyyəti daha yaxşı anlayacaq və romanı daha çox sevərək oxuyacağıq. Yaşadığımız acı tarixin fərqli bədii həlli kimi. Romanın sonunda oxucuya sətiraltı aşıladığım bu nikbin əhval həm də mənim arzumdur.