Şəhid bacısının fəryadı, xoşbəxt İlham və Fərizə, çörəkpulu qazanan gülsatanlar - Şəhidlər Xiyabanından reportaj - Fotolar

Şəhidlər Xiyabanı

Şəhidlər Xiyabanı

20 yanvar 2022
# 14:58

Kulis.az Mehdi Dostəlizadənin 20 yanvar günü Şəhidlər Xiyabanından hazırladığı reportajı təqdim edir.

Adam var ki, dirisindən də xeyir gəlmir, adam da var ölsə belə kiməsə faydası toxunur. Bax, bizim şəhidlər o adamlardandır – dünyadan köçsələr belə fayda verənlərdən. "Elmlər Akademiyası" metrostansiyasından ta Şəhidlər Xiyabanına qədər səfbəsəf qərənfil satıcıları düzülmüşdü. Belə xüsusi günlərdə həmin satıcılar çörəkpulu qazanmaq niyyətilə qərənfil satırlar. Bilmirəm, onlar şəhidliyin mahiyyətinə tamlığı ilə varırlar, ya yox, amma əminəm ki, öz ürəklərində şəhidlərə təşəkkür edirlər. 50-60 qəpiyə satılan qərənfillər bəzən camaatın əlində qırılır, onlar yenidən qərənfil almağa məcbur olurdular. Bəlkə satıcılar, qərənfilə də təşəkkür edirlər, tez qırıldığına görə.

Elmlər Akademiyasından Şəhidlər Xiyabanına qədər olan məsafə, əslində, elə də uzun deyil. Buna baxmayaraq mən heç cür mənzil başına çata bilmirdim. Elə bil ayaqlarım yeridikcə, dünya da tərsinə fırlanıb məni öz yerimdə saxlayırdı. Nəhayət dünya öz axarına qayıtmağı seçdi, özümü 20 nömrəli məktəb tərəfdə tapdım. Burda postlar qurulmuş, piyadaların rahat hərəkət edə bilməsi üçün yollar bağlanmışdı. Yeraltı keçidə düşüb çıxandan sonra, dəmir çəpərin ətrafında dövr edib əsas yola çıxdım. Bu yol məni Şəhidlər Xiyabanına aparacaqdı. Həmişə maşınların şütüdüyü bu yolun ortasında gəzmək mənə əcaib duyğular bəxş edirdi. Bəlkə biz də maşın idik, bəlkə biz də çörək, su maşınları kimi, kürəklərində müharibələr, soyqırımlar daşıyan maşınlar idik, bizə deməmişdilər.

Külək bərkimişdi. Səhərdən yağan yağış artıq sulu qara çevrilirdi. Arabir gödəkcəmin üstünə düşən quru qar dənələri mənə həmişə 20 yanvar gününün yağıntılı olduğunu xatırlatdı. Uşaqlıqdan ağlımda qalıb ki, kimsə öləndə yağış yağır. Evdən çıxıb özbaşıma Şəhidlər Xiyabanına gedə bilmədiyim yaşlarda da, televizorda göstərilən canlı yayımlar zamanı yağışın yağdığını, camaatın islandığını seyr edirdim. Həmişə əlində çətir, boğazında şərf olan adamları görür, onlara həsəd aparırdım. İndi özüm də həmin adamlardan birinə çevrilmişdim, bəlkə də hansısa uşaq mənə televizordan baxıb həsəd aparırdı. Yəqin o uşaq hələ yağışın, küləyin mistik qüvvələr tərəfindən idarə olunduğuna inanır. Mən böyüdükcə bunun adi iqlim hadisəsi olduğunu başa düşdüm, amma hələ də adamlar öləndə yağış yağdığına inanıram. Yəqin, o uşaq da inanacaq.

Bir də ayıldım ki, möhkəm küləklə düşüncələrim əlbir olub, məni itələyə-itələyə Şəhidlər Xiyabanına çatdırıb. İnsanlar növbə ilə düzülüb Xiyabana girəcəkləri anı gözləyirdilər. Polis tez-tez “hərəkət edin, bir yerdə toplaşmayın” deyirdi. Həmişə zəhləmi tökən maska və pandemiya qaydaları bu dəfə mənə xeyli xidmət edirdi. Qoruyucu maskanı virusdan yox, soyuqdan qorunmaq üçün işlədirdim.

Fotoaparatım su içində idi, tez-tez xarab olub-olmadığını yoxlayıb rahatlaşırdım. Axır ki, növbə mənə də çatdı, Şəhidlər Xiyabanına girdim. Bayaqdan İlham və Fərizəni düşünürdüm. Görəsən onlar hələ də birlikdə idilər? Fərizəni gəlinlikdə, İlhamı bəy paltarında görüb rahatlaşdım, xoşbəxt olun deyib getdim. O cütlüyə həmişə qibtə etmişəm. Biz onlar üçün heyfislənsək də, onlar əbədi olaraq toy-bayram içində, gəlinlikdə və bəy libasındadırlar.

Qarşıdan fəryad səsi gəlirdi. Hamı “ay qardaşım, ay qardaşım” deyib ağlayan qadının ətrafına yığışmışdı. Mən ora çatanda həmin qadın “ay şəhidlər, ay şəhidlər” deyə hönkürməyə başladı. Bu qadının fəryadı bayaqdan əllərimi donduran şaxtaya qoşulub qanımı dondurdu. Artıq tamamilə buza çevrilmişdim. “Ay şəhidlər”. Bu ifadə insanlığın bütün müharibələrə, soyqırımlara, nahaq tökülən qanlara qarşı özünü ifadəsidir. Axı deyiləcək bütün sözləri tanklar, toplar, mərmilər, güllələr deyib, bütün şivənləri dağılmış ailələr, yarımçıq qalmış arzular qoparıb. Axı bizə “ay şəhidlər!” deməkdən başqa heç nə qoyulmayıb. Özümü güclə ordan ayırıb Əbədi Məşəl abidəsinə doğru getdim.

Məşəl səssiz-səmirsiz yanırdı. Arakəsmə olduğuna görə, Əbədi Məşəldən hardasa 20-30 metr kənarda dayanmışdım. Onun sönməyən alovuna baxdıqca, bayaqdan əllərimi, sifətimi, qanımı donduran hər şey əridi. İçimdəki mübarizə əzmi məşəl kimi alovlandı, alovlandı və alovlandı. Məşəl də susmuşdu, amma onun sükutunda dastanlar yatırdı. Geriyə dönüb məşəl kimi səssiz-səmirsiz camaata baxdım. Başlarını aşağı dikib yeriməkdən və məzarlara qərənfil qoymaqdan başqa heç nə etmirdilər. “Axı niyə susmusunuz, axı niyə o qadının fəryadına qoşulub şivən qoparmırsınız?” deyirdim içimdən. Onlar da içlərindən, səssiz-səmirsiz mənim üsyanıma cavab verirdilər:
– Bizim sükutumuzda dastanlar yatır!


# 3736 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
# # #