Makedoniyalı İsgəndərin həyatına həsr olunmuş yeni kitab tarixi araşdırmaları geniş oxucu auditoriyasına çatdırmağı bacarıb və nüfuzlu mükafata layiq görülüb.
Kulis.az xəbər verir ki, britaniyalı tarixçi Edmund Riçardson “Alexander: God, King, Man” əsərinə görə 2026-cı ilin “Baillie Gifford” qeyri-bədii ədəbiyyat mükafatını qazanıb.
Müəllif 50 min funt sterlinqlik mükafatın sahibi olub.
Bu qələbənin mühüm tərəfi odur ki, 1999-cu ildən keçirilən mükafat tarixində ilk dəfə antik tarixə həsr olunmuş kitab qalib seçilib. Riçardson İsgəndərin həyatını onun 20 yaşında hakimiyyətə gəlməsindən başlayaraq Fars imperiyasını fəth etməsinə və 32 yaşında Babilistanda vəfat etməsinə qədər izləyir. Müəllif bu araşdırmaya on ildən çox vaxt sərf edib, dörd qitədə tədqiqat aparıb və 12 qədim dildəki mənbələri özü tərcümə edib.
Kitabın diqqət çəkən cəhətlərindən biri də yeni arxeoloji tapıntılar və texnoloji üsullardan istifadə etməsidir. Müəllif İsgəndərin dövründə Babil astronomlarının apardığı müşahidələrin sonradan deşifrə edilmiş qeydlərini də araşdırmaya daxil edib. Münsiflər heyəti əsəri həm elmi mənbələrə söykənən, həm də macəra romanı kimi oxunan tarixi tədqiqat adlandırıb.