Qırx yaşından sonra...

Qırx yaşından sonra...
4 sentyabr 2025
# 15:00

Kulis.az Sevinc Mürvətqızının “Qırx yaşından sonra... ” yazısını təqdim edir.


I yazı


Qırx yaşından sonra insan daha çox keçmişinə yaxınlaşmağa başlayır, gələcəyə yox...

Gənclik illərində gələcək bir ümiddir, yol xəritəsidir – görüləcək işlər, çatılacaq arzular, tikiləcək körpülər var…

Amma yaş dördüncü onilliyi adlayanda anlayırsan ki, yolun çoxu artıq arxada qalıb. Gələcək hələ də mövcuddur, amma o, artıq sonsuz imkanlar okeanı deyil – zamanın diqtəsi ilə daralmış, ölçüləri müəyyənləşmiş məhdud çərçivədir.

Keçmiş isə getdikcə daha canlı, daha diri görünür. Hər xatirə yeni bir anlam qazanır, hər səhv bir dərsə çevrilir, hər anlıq sevinci içində təkrar-təkrar dadmaq istəyirsən.

Çünki artıq bilirsən: yaşanmış olan, itirilməzdir. Gələcək isə, necə olsa, mütləq itiriləcəkdir – ya seçimlərinlə, ya da zamanın qaçılmaz hökmü ilə...

Buna görə də insan qırxından sonra geriyə boylananda keçmişində gerçək özünü tapır... Və dərk edir ki, həqiqətən yaşamaq gələcəyi gözləmək yox, keç(il)mişi sevgiylə, minnətdarlıqla anmaq, xatırlamaqmış...

Çünki dərindən yanaşanda və "böyük tablo"ya nəzər salanda gələcək də elə keçmişdir...

Bir gün hər kəs başa düşür: gələcək ona veriləcək qədər gələcəkdir, amma keçmiş – artıq çoxdan ona məxsusdur. Gələcək gözlənilir, keçmiş isə yaşanıb və dəyişməz bir həqiqət kimi möhkəmlənib. İllər ötüb gedərkən insan anlayır ki, həqiqi sərvəti sabahında deyil, dünənində daşıyır.

Beləcə, qırxıncı yaşdan sonra insan öz içində bir dönüş yaşayır: o, irəliyə deyil, geriyə addımlayır, amma bu, çoxlarının hesab etdiyi kimi geriyə qayıdış deyil.

Əksinə, bu – özünü daha dərindən tanımaq, ömrünün mənasını daha aydın görməkdir. Keçmişinə yaxınlaşdıqca, insan öz həqiqi varlığına da yaxınlaşır.

Bu keçmişə meyilli dönüşün fəlsəfəsi ondadır ki, keçmiş – sadəcə yaşanmış günlərin toplusu deyil, insanın varlığının yaddaşda qalmış əbədi izləridir.

Gələcək bizə verilmir, o sadəcə ehtimaldır; amma keçmiş artıq insanın qanına, yaddaşına, taleyinə hopmuş gerçəklikdir.

İnsan dörd onilliyi adlayandan sonra başa düşür ki, sabahın özü belə ancaq keçmişin davamıdır – bu günün sabahı sabahın dünəni olur.

Beləliklə, gələcək əslində daim keçmişə çevrilir, keçmiş isə əbədi olaraq qalır…

40-dan sonra insan özünün bütün kimliyini, bütün “mən”ini keçmişdə görməyə başlayır. Uşaqlığın yaşantıları, gəncliyin eşqi, sevinclər və ağrılar – bunların hamısı onun bu günkü varlığının təməl daşıdır.

O an başa düşür ki, gələcəyi gözləmək, əslində heç vaxt tam yaşanmamış bir sabahı arzulamaqdır, amma keçmiş – yaşanmış, toxunulmuş, insanı formalaşdırmış həqiqətdir.

Ona görə də keçmişə yaxınlaşmaq geriyə qayıdış deyil, itirilmişi axtarmaq da deyil.

Bu, insanın öz köklərinə enməsi, özünün haradan gəldiyini, necə formalaşdığını, hansı anlarla bu günə gəlib çatdığını dərk etməsidir. Keçmişinə yaxınlaşdıqca, insan öz həqiqi varlığına yaxınlaşır – çünki varlığımız yalnız xatirələrdə tam görünür, bəzən də yalnız orada bütövləşir.

Keçmiş – insanın yaddaşında zamanın sözün bütün mənalarında sınmadığı yeganə metafizik məkandır. Sanıldığının əksinə olaraq, keçmişdə köhnələn heç nə yoxdur, orada hər şey öz ilkinliyində - təptəzə, dipdiridir.

Gələcək daim qaçan bir kölgədir – çatmaq istədikcə uzaqlaşır. Keçmiş isə işıqdır – nə qədər arxada qalsa da, daim yolu işıqlandırır.

İnsan qırxıncı yaşından sonra bu fərqi görür: sabah qeyri-müəyyən bir vəddir, keçmiş isə daim xatırladığın əhddir. Vəd ümiddir, arzudur, fəqət əhd gerçəklikdir, məsuliyyətdir...

Əhd vəddən əfzəldir…

# 2067 dəfə oxunub

Oxşar xəbərlər

Orta Asiyanın möhtəşəm memarlıq nümunələri

Orta Asiyanın möhtəşəm memarlıq nümunələri

10:00 7 sentyabr 2025
Venesiya festivalında Azərbaycan filminin təqdimatı olub

Venesiya festivalında Azərbaycan filminin təqdimatı olub

19:00 6 sentyabr 2025
İnsultdan sonra səhnəyə qayıdan Xalq artisti - İlham Əsgərov

İnsultdan sonra səhnəyə qayıdan Xalq artisti - İlham Əsgərov

14:30 6 sentyabr 2025
İtaliyada Azərbaycan Mədəniyyəti Həftəsi

İtaliyada Azərbaycan Mədəniyyəti Həftəsi

14:00 6 sentyabr 2025
Venesiyada "Səssiz dost" filmi "Qızıl Aslan"a namizəd oldu

Venesiyada "Səssiz dost" filmi "Qızıl Aslan"a namizəd oldu

13:20 6 sentyabr 2025
Məşhur aktyorun ölümündəki günahını etiraf etdi

Məşhur aktyorun ölümündəki günahını etiraf etdi

13:00 6 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər