Qəzaya uğrayan maşınlar deyil, adamlardır... - Eminquey Akif

Qəzaya uğrayan maşınlar deyil, adamlardır... - Eminquey Akif
11 aprel 2025
# 15:00

Kulis.az Eminquey Akifin taksi sürücüləri ilə bağlı yazısını təqdim edir.


Bakıda taksi sürücüsü olmaq, Sovet dövründən fərqli olaraq, hörmətli peşə deyil, üstəlik, heç kim “böyüyəndə taksi sürücüsü olmaq istəyirəm” arzusu ilə yaşamır. Bu ölkənin adamları hər şeydən əlini üzəndə taksi sürücüsü olmaq qərarına gəlir. Ki, barı, evinə beş-on manat çörəkpulu aparsın.

Əlində beş-on mini olan maşın alıb, olmayan da kiminsə maşınını kirayəyə götürüb taksiçilik etmək istəyir və edir də. İndi taksi sürmək üçün şəhəri tanımaq lazım deyil. Ağıllı naviqatorlar var. Əksəriyyət naviqatorla işləyir. Bir gözü naviqatorda, bir gözü yolda.

Adam var idi ki, 2008-ci ilin “Prius”unu icarəyə götürmüşdü. 5 il... Cəmi iki ayı qalmışdı ki, tam ödəsin, maşın qalsın ona. Qəfil qərarla adamın bütün əməyi puç olmuşdu. Oturub ağlayırdı ki, bu qədər əziyyət çəkmişdim, indi nə edim? Bu maşını satıb nə alım?

Taksidən tez-tez istifadə edirəm, hələ bir sürücüdən eşitməmişəm ki, işindən razılıq edə. Hamı, aşağı-yuxarı, mənim yazdıqlarımı deyir. Düzdür, hərdən belə də olur: alverçi icarə puluna işləyir, taksi sürücüsü benzinə, maşın xərcinə. Mırta işləyirlər yəni. Və qəfil görürsən ki, alverçi Məmməd özünə təzə "Prado" alıb, sürücü Əhməd də maşını dəyişib.

Nəzərə alsaq ki, indi “Bolt”, “Uber” kimi şirkətlər var, məsələ bir az da hədəqəsindən çıxır. Ona görə ki, bu proqramı çox rahat şəkildə aldatmaq mümkündür. Sifarişi götürüb sərnişinə ləğv etdirmək, faizdən yayınmaqdan tutmuş başqasının adı ilə qeydiyyatdan keçib işləməyə qədər. Bir də görürsən ki, sifarişi götürən Əlövsət adlı kubik bığılı bir kişidir. Taksi gəlir, məlum olur ki, nə maşın o maşındır, nə də sürücü o sürücü. Qarmaqarışıq bir sistemdir.

Üstəgəl, son zamanlar taksi əlçatanlığını itirib. Taksi gözləmək qadının toya gedəndə bəzənib evdən çıxmasını gözləmək qədər ağır və sıxıcı prosesə çevrilib. Az qala, dəli olursan. O götürür, ləğv edir, bu götürür, ləğv edir. Qiymət və məsafə sərf eləmir.

Müşahidə etmişəm, nə vaxt ki, sürücü ilə dialoq yaranır, o sürücü söhbəti mütləq hərləyib-fırlayıb qiymətlərə gətirir. Soruşur ki, 5 manata filan yerə getmək insafdandır? Hətta üstünə bir az da qoyub sənin vicdan hissinlə oynamağa çalışır:

“Vallah, elə müştərim olur ki, 5 manatlıq yola 10 manat verir. Başa düşür ki, qəpik-quruşa işləyirik..."

Sən bu sözlərdən sonra qalırsan düşüncə haça-paçalığında: “Proqram 5 manat 60 qəpik yazıb, görəsən, 6 manat verib düşsəm, əclaf olmaram ki? Görəsən, haqqımda nə fikirləşər?”.

Başlayırsan vird eləməyə. Yolun bitməyini istəmirsən. Bu yolun sonunda mən 5 manat 60 qəpiklik yola 6 manat verdiyim üçün oğraş çıxacam axı.

Taksi sürücülərinin söhbətlərini kitaba köçürsən, bestseller olar. Ciddi sözümdür. Elə təkcə bu ölkənin taksi sürücüləri oxusa, bəs edir ki, 10 min tirajı 1 aya satıb qurtarasan. Doğrudan a! Bəlkə, elə özüm yazdım. Nə isə.

"BYD" maşınının uçmaqlığı da vəziyyətin necə kritik olduğunu göstərdi. İndilik belə bir fakt var əlimizdə. Ki, sürücü hansısa anlaşılmaz vəziyyətdə olub, qəribə səslər çıxarıb qəza anında. Hər halda sərnişin belə deyib. Onun ayağında azadlığını məhdudlaşdıran elektron qolbağın olduğu da deyilir. Hətta deyilir ki, maşın da özünün deyil, “Bolt”da da öz adı ilə işləmirmiş. Yuxarıda qeyd etdiyim məsələlərdən bir neçəsi bu hadisədə də ön plana çıxır.

Amma məni narahat edən nə bu qəzadır, nə bu qəza haqqında yazılan düşüncələr, nə də başqa şey. Mən Azərbaycan insanının bu halına yanıram. Düşünürəm ki, qəzaya uğrayan maşınlar deyil, adamlardır. Biri ailə qurmaqla, o biri universitet oxumaqla, bir başqası dost dediyi adamlara görə qəzaya uğrayıb. Hərə bir cür qəzalıdır bu məmləkətdə.

Hər gün səhər saat 7-dən gecə saat 12-yə kimi sükan arxasında ömür sürən adamlar da, əslində, elə o sükan arxasına oturanda qəzaya uğrayıblar. Sadəcə, kimisi uçub sağ qalır, kimisi də uçub gedir...

# 904 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
#
#
# # #