23 sentyabr məşhur amerikalı blüz ifaçısı, pianoçu Rey Çarlzın doğum günüdür.
Kulis.az bu münasibətlə müğənninin həyatı, yaradıcılığı haqqında maraqlı faktları və ifaçının dünya şöhrətli "Hit The Road Jack" hitini təqdim edir.
Rey Çarlz musiqi janrları arasında sərhəd tanımayan, hər ifasında eyni ustalıq və duyğu ilə dinləyicisini valeh edən bir sənətçidir. Qospel, blüz, caz, ritm-end-blüz Rey Çarlz bütün bu üslublarda öz möhürünü qoymuş, istedadı ilə dünya musiqi tarixində silinməz iz buraxmışdır.
17 dəfə “Qremmi” mükafatına layiq görülən, 70-dən artıq studiya albomu yazan və Rey Çarlzın lent yazıları bu gün ABŞ Konqresinin kitabxanasında qorunur. Bu, yalnız musiqi deyil – mədəniyyətin bir parçasıdır.
Rey Çarlz Robinson 1930-cu il sentyabrın 23-də Corciya ştatının Olbani şəhərində anadan olub. Ailəsi ağır maddi şəraitdə yaşayırdı. Uşaqlığı Cənubi Floridada keçən Rey beş yaşında qardaşı Corcun boğularaq vəfat etməsinin şahidi oldu.
Bu faciəvi hadisədən sonra onun gözləri zəifləməyə başladı və yeddi yaşında tamamilə görmə qabiliyyətini itirdi.
Onun korluğunun səbəbi tam müəyyənləşdirilməsə də, qlaukomanın ağır forması olduğu ehtimal edilir. Korluq Reyə ağır zərbə oldu, lakin musiqi onu bu qaranlıqdan çıxaran bir işıq oldu.
Musiqi qabiliyyəti hələ üç yaşında hiss edilən Rey Çarlz kar və kor uşaqlar üçün məktəbdə təhsil aldı. Piano, orqan, klarnet, saksofon, trombon kimi alətlərdə ifa etməyi öyrəndi və Brayl əlifbasında oxumağı bacardı.
İlk musiqi qrupunu 17 yaşında Sietldə qurdu – “MacSon Trio”. 1952-ci ildə “Atlantic Records”la əməkdaşlığa başlayan Reyin karyerasında dönüş nöqtəsi yaşandı. Məhz burada onun musiqi üslubu tam formalaşmağa başladı.
1955-ci ildə yayımlanan “I Got a Woman” mahnısı Rey Çarlzı məşhurlaşdırdı. Bu mahnı soul janrının ilk nümunəsi sayılır və onun irqi baryerləri aşaraq “qara musiqi”ni ümumxalq musiqisinə çevirdiyini sübut etdi.
Onun 1962-ci ildə çıxardığı “Modern Sounds in Country and Western Music” albomu isə Rey Çarlzı kantri musiqisinin liderlərindən birinə çevirdi.
Qaradərili bir ifaçının kantri janrında bu qədər sevilməsi həmin dövr üçün inqilabi hadisə idi.
Rey Çarlz bütün ömrü boyu irqi ayrı-seçkiliyə qarşı çıxıb. 1961-ci ildə Corcia ştatında ağ və qaraların ayrılıqda oturması tələb olunan konsertdə səhnəyə çıxmaqdan imtina etdi. Bundan sonra həmin ştata 20 il səfər etmədi.
Onun “Georgia On My Mind” ifası bu ştatın rəsmi himni kimi qəbul olundu.
Ancaq Reyin həyatında qaranlıq səhifələr də olub. Uzun illər heroinə aludə olmuşdu. 1965-ci ildə həbs olunduqdan sonra müalicə almağa qərar verdi və ömrünün sonuna qədər narkotiklərdən uzaq yaşadı.
Bu dönüş onun musiqi üslubuna da təsir etdi – daha çox pop və kantri janrlarına yönəldi.
1980-ci illərin sonlarından etibarən Rey Çarlz gənc nəslin diqqətini cəlb etmək üçün duetlərə və müxtəlif eksperimentlərə başladı. 1984-cü ildə yayımlanan “Friendship” albomu böyük uğur qazandı. 1985-ci ildə isə prezident Reyqanın inauqurasiya mərasimində çıxış etdi – bu addım bəziləri tərəfindən tənqid olunsa da, onu yenidən gündəmə gətirdi.
2003-cü ildə 1000-ci konsertini keçirən Rey 2004-cü ilin aprelində sonuncu dəfə səhnəyə çıxdı. O, həmin il iyunun 10-da, 73 yaşında Beverli-Hillzdə dünyasını dəyişdi. Ölüm səbəbi qaraciyər xərçəngi idi.
Rey Çarlz ömrünün son günlərinə qədər işləməyə davam etdi. Onun sonuncu albomu ölümündən iki ay sonra yayımlandı və 8 “Qremmi” mükafatına layiq görüldü.
İki dəfə evli olan Rey Çarlz 12 uşağın atası idi.
O, musiqini həyatının mərkəzinə qoymuşdu və demişdi: “Musiqi yer üzündə lap çoxdan var və məndən sonra da olacaq. Mən sadəcə olaraq, yaxşı bir iş görməyə, musiqidə öz izimi qoymağa çalışmışam”.
Rey Çarlz, sözün əsl mənasında, musiqi tarixinin əbədi yolçusudur.