#

Ləzgi kişilər, yumru kənd, hindu molla - Sərdar Aminin atasının yasından reportaj

Ləzgi kişilər, yumru kənd, hindu molla - Sərdar Aminin atasının yasından reportaj
30 yanvar 2023
# 09:00

Kulis.az Vüqar Vanın "Ölümün fabulası ətrafında" adlı yazısını təqdim edir.

Atasının vəziyyətinin pis olduğunu deyəndə yoldaydım. Telefonu söndürüb, ürəyimdə anamın uşaqlıqda mənimçün qoşduğu şeiri oxudum.

Vuquşumun yaşına,
Kirpiyinə, qaşına.
Kim dolanar başına?
Quşlar dünən dedi ki,
Ana dönsün başına.

Şeirin sözlərini addımlarımın ritmi ilə tarazladım. Əgər axırıncı söz sağ ayağıma düşsə, demək, hər şey yaxşı olacaq. Yox, sol ayağıma düşsə, pis olacaq. Birinci dəfə, sol ayağıma düşdü. Cığallıq edib, təzədən oynadım. Yenə sol ayağıma düşdü. Məqsədsiz, çaşqın halda neyləcəyimi, hara gedəcəyimi bilmədim, qəlbimdə narahatlıq, hiddətli tələskənliklə yerin altına girdim. Metronun boğanaq havasında adamlar bir-birini itələyir, quduzlaşmış halda ora-bura soxulur, harasa can atır, zamanı qabaqlamağa çalışırdılar.

***
Sərdarın atası öldü. Onu şəkillərdə görmüşdüm. Yaşı yetmişdən çox idi. Adama elə gəlirdi ki, pis dolanışıqla, cismani xəstəliklərlə hər bir çarpışma, sərgərdanlıq illər ərzində sifətində silinməz izlər qoymuşdu. Möhkəm bədənli, şux qamətli, üstündə mövqe möhürü olmayan bu adam bütün həyatını ala-babat rifah içində keçirmiş, əsl təminatdan, rahatlıqdan çox uzaq yaşamışdı. Onun sifəti deyirdi ki, həyatını xəstəliklər, iş yerini itirmə, qocalığın özünü yetirməsi, uşaqlarının yerbəyer olmağının narahatlığı altında yaşayıb. Baş verə biləcək ən xırda fəlakət qarşısında bir an da qorxusuz, nigaran olmayıb, amma hər dəfə o fəlakətlərdən necəsə yayınıb.

***
Mən, İlham Əziz, Orxan Saffari, Emil Musayev, Alik Əlioğlu səhər 8-də Bakıdan Qusarın Aşağı Ləgər kəndinə yola düşdük. Yoldakı ləngimələrlə dörd saata yas yerinə çatdıq. Saat on ikini keçmişdi. Günortaya az qalırdı. Kəndin torpaq yolları ilə döngələri sağa-sola burula-burula ucsuz-bucaqsız mavi səmanın par-par yanan günəşi zərif ulduzlartək parıldayırdı. Kənd daha sərin, az qala soyuq idi. Amma köhnə evlərə, yam-yaşıl ağaclara, siqaret çəkən kişilərə və güllü corablar geyinmiş kənd arvadlarına baxdıqca yaz sevinci, bahar ənginliyi duyurdum. Adamların ayaqqabılarının altı seyrək, ehtiyatlı səslər çıxarırdı. Gözümü səma ilə tarlaların kəsişdiyi nöqtəyə dikəndə, ürəyimə güclü sevinc, zəfər duyğusu dolurdu. Yollarda hər şey gözümə girdə dəyirdi. Düz xətlər və künc yox idi.

Hər cür bədbəxtlik və xoşbəxtlik zamanı yerin altından da olsa, çıxıb gələn kənd adamları artıq evin ətrafına toplaşmışdılar. Sərdarla bilmirdim necə görüşəm. Onunla həmişə şən, gözəl günlərdə görüşmüşdük. Aramızdan ancaq ikimizin başa düşəcəyi incə bir yumor simi keçirdi. Ona baxanda dodağım qaçmışdı, him-cimlə zarafatlaşmışdıq. İndi də ağzımda həmin hiyləgər, bic gülüşü gizlədib, dostlarla birgə evin həyətinə girdik. Görüşmək və başsağlığı mərhələsi gözlədiyimdən asan keçdi. Qucaqlaşdıq. Əlimi belinə vurub, “Allah rəhmət eləsin” dedim. Emil və Orxanla həyətin bir qırağına çəkilib kənd adamlarına baxmağa başladıq. Taxta oturacaqların üstünə oturmuş bığlı kişilər ləzgi dilində danışırdılar. İlk dəfə idi ləzgicə sözlər eşidirdim. Nə qədər diqqətlə qulaq assam da, danışıqlarından heç nə başa düşmədim.

Həyət üzü aşağı meyllənmişdi. Elə bilirdim, indi torpaq uçacaq, hamımız aşağıya sürüşəcəyik. Ortada qalın, düyün-düyün olmuş iki kötük yandırmışdılar. Külək alovun hisini hərdən bizim üstümüzə vururdu. Molla kök, qıvraq, dolu bədənli bir kişi idi. Yasa gələn hər təzə adam üçün fatihə verirdi. Qalın səsi ilə əl-Fatihə deyərkən, həyətdə toplaşmış adamların qır-qırı kəsilir, bəziləri dodağının ucunda surəni vagirə edir, bəziləri əlini dua eləyirmiş kimi açır, bəziləri də lal-dinməz surənin bitməyini gözləyirdi.

Sərdar yorğun görünürdü. Gələn-gedən adamlarla salamlaşıb-sağollaşırdı. Bəzən qalıb dostlarla nəsə danışırdı. Əllərini cibinə salmışdı. Həyətdə gördükləri adamlar ona ləzgi dilində belə baş sağlığı verirdilər:

"Аллагьди регьметрай"

"Аллагьди сабур гурай"

Kəndin arvadları utana-utana kişilərin içindən keçib evə girirdilər. Ən yaşlıları qabaqda gedirdi. Hamısı qaloş geyinmişdi. Bir azdan meyiti basdırmaq üçün evdən çıxarıb, dəmir xərəyin üstünə qoydular. Arvadlar həyətə düşmüşdü, kişilər də əllərini qarınlarının üstündə birləşdirib, günahkarlıq hissi ilə tamaşa edirdilər. Evin qabağında mollanın başçılığı ilə Sərdar və qardaşı dini ritualları yerinə yetirdilər. Dəmir xərəyi göyə qaldırıb, həyətdən çıxardılar.

Qəbiristanlığın yolları palçıqlı idi. Təxminən on dəqiqəlik yoldan sonra qəbiristanlığa çatdıq. Qəbir daşlarının arasından keçib geniş əraziyə çıxdıq. Ölünü bir təpənin üstünə qoydular. Meyitdən əlli-altmış metrlik məsafə ilə yarımdairə şəklində dayanmışdıq. Molla da təpədə, ölünün yanında dayanmışdı. Özümü hindu qəbilələrindən bəhs edən filmlərdəki kimi hiss edirdim. Başçımız hindu molla idi. Döyüşə hazır dayanmışdıq.

Molla bir neçə cümlə dedi. Beş-altı adamla cənazə namazı qılındı. Yenidən dəmir xərək çiyinlərə qalxıb, qazılmış məzarın yanına gətirildi. Orxanla qabaqda gedib düz məzarın başında dayandıq. Sərdar və qardaşı qəbirin içinə tullandılar. Meyiti ehtiyatla qəbrin içinə yerləşdirdilər. Həyatın nə qədər mənasız bir şey olduğunu düşündüm. Üstünü daşla örtdülər. İşlərini bitirib qəbirdən çıxdılar. Birdən tozanaq qalxdı və beş-altı kişi bellərini əlinə alıb qəbirin içinə torpaq atmağa başladılar. Bu, bir anın içində baş verdi. Qabağımızdakı kişi beli qoyub arxaya çəkildi. Orxanla bir-birimizə baxdıq. Tez beli əlinə alıb torpaq atmağa başladı. Bir neçə əl atmışdı ki, arxadan kimsə “ay oğul, bəsdir, keç” dedi. Ondan sonra mən beli götürdüm. Sərdarla paralel şəkildə dayanmışdıq. Onun gözləri qızarmışdı. Bir-iki bel torpaq da mən atdım, beli təhvil verib, arxaya keçdim.

Mərasim bitdi. Camaat yavaş-yavaş seyrəlib, azaldı. Axırda İlham Əziz, Orxan, Emil, Sərdar və mən qaldıq. Məzarın ətrafına toplaşıb bir siqaret çəkə-çəkə xoş və işıqlı xatirələrdən danışdıq.

***

Bakıya girəndə qaranlıq düşmüşdü. İki dəfə yatıb-durmuşdum. İşıqforda dayanmışdıq. Budur, yaşıl işıq təzədən yandı, küçənin bağırsağı təmizləndi və qızğın maşın dəstələri dəli arılar kimi oyana-buyana hərəkət etməyə başladı. Şəhərin neon işıqlarına baxa-baxa meyiti darvazadan çıxararkən Sərdarın bacısının ağlaya-ağlaya dediyi sözü fikirləşirdim:

– Sağ ol, papa...

# 4881 dəfə oxunub

Oxşar xəbərlər

İki övladını birdən itirmiş, anası tərəfindən lənətlənən Nuriyyə Əhmədova haqqında maraqlı faktlar

İki övladını birdən itirmiş, anası tərəfindən lənətlənən Nuriyyə Əhmədova haqqında maraqlı faktlar

21:00 23 mart 2023
Xalq hərəkatına qoşuldu, nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?

Xalq hərəkatına qoşuldu, nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?

15:30 23 mart 2023
"Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olunacaq

"Kod adı: V.X.A" tamaşası növbəti dəfə nümayiş olunacaq

14:45 23 mart 2023
Mollalıq eləyən jurnalistlərimiz - Ulucay Akif yazır...

Mollalıq eləyən jurnalistlərimiz - Ulucay Akif yazır...

14:40 23 mart 2023
Oqtay Əliyev "Qurd qapısı"nda dəfn olunacaq

Oqtay Əliyev "Qurd qapısı"nda dəfn olunacaq

12:32 23 mart 2023
Mehriban Zəkinin səhhəti ilə bağlı vəziyyəti açıqlandı

Mehriban Zəkinin səhhəti ilə bağlı vəziyyəti açıqlandı

10:27 23 mart 2023
# # #